Sülh bəşəriyyət üçün gərəkli olan dəyərdir, əmin-amanlığa, dinc yanaşı yaşamağa çağırışdır. Dünyada sülh gününün keçirilməsi sülhsevər xalqların bir araya gələrək bəşəriyyətin xilası üçün birlik nümayiş etdirməsidir.
İnsanlar bəşəri rəmzə çevrilən sülhə can atır. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci il 21 sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul edib. BMT həmin günü dünyanın bütün qaynar nöqtələrində atəşkəsin gözlənilməsini tələb edir. Bu bayram BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə bütün dünya tərəfindən 1982-ci ildən qeyd olunmağa başlayıb. Həmin vaxtdan etibarən, hər il BMT-nin Baş katibi dünya xalqlarına müraciət edir. 1954-cü ildə BMT-nin Nyu-Yorkdakı qərargahının həyətində Yaponiya tərəfindən bağışlanmış "Sülh Zəngi" quraşdırılıb. Bu zəngin gövdəsi dünyanın bütün qitələrini təmsil edən 60 ölkənin uşaqları tərəfindən toplanaraq, Xirosima və Naqasaki faciələrinin baş verdiyi Yaponiyaya göndərilən metal pulların, yüzlərlə döyüşçüyə məxsus orden və medalların ərintisindən hazırlanıb. Bu gün hər il məhz "Sülh Zəngi"nin çalınması ilə başlayır. Məhz bu gündə həmin zəng çalınaraq döyüşləri 24 saat ərzində dayandırmağa, münaqişə və müharibələr zamanı həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasına çağırış edir.
Sülh bugünki dünyanın, zamanın tələbinə çevrilib. Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginliklər məhz sülhün bərqərar olunmasını tələb edir.
Sülh Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir və bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilən bu siyasət Azərbaycanın beynəlxalq aləmdə imicini artırır.
Dünyada baş verən neqativ hadisələr fonunda Azərbaycan digər ölkələrin nümunə götürəcəyi müsbət bir modeldir. Azərbaycanda müxtəlif dinlərə mənsub və fərqli adət-ənənələri olan xalqların nümayəndələri əsrlərdir ki, mehriban və sülh şəraitində birgə yaşayır.
Bütün dinlərin tarixi dini abidələri dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət öz vəsaiti hesabına bu abidələrin bərpasını təmin edir. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar tikilir, təmir edilir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik. Bütün dini icmalar bunu birlikdə qeyd edir.
Bu gün Azərbaycan yaşından, irqindən, milliyyətindən, dinindən və cinsindən asılı olmayaraq, hər kəsi sülhə səsləyir. Dünyada analoqu olmayan bir faciəni - Xocalı faciəsini yaşayan bir xalq dünyada belə bir soyqırımının təkrarlanmasını istəmir, torpaq uğrunda şəhidlər verən Azərbaycan dünyaya sülh toxumu səpir.
Qloballaşan dünyada sülhün olması və qorunması vacib hesab olunur. Sülh bugünki dünyanın, zamanın tələbinə çevrilib. Sülh əlbəttə ki, dövlətlərin bir-biri ilə münasibətlərində anlaşma və qarşılıqlı münasibətlər fonunda yaranır və dərinləşir. Müharibələr, zorakılıq, dini zəmində qarşıdurmalar, kəskin münaqişələrin yaranması sülhün pozulmasına rəvac verir. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Bu baxımdan, müasir dövrdə Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanaraq, sülhsevər siyasətini həyata keçirir. Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.
Müasir və modernləşən Azərbaycan bu gün sülhməramlı niyyəti ilə dünyaya nümunədir. Ölkəmizdə hökm sürən əmin-amanlıq mühiti, sülh və həmrəylik, birgəyaşayış, tolerantlıq mühiti bəşəriyyətə sülh şəraitində yaşamaq üçün bir mesajdır.
Tövsiyə edilən ədəbiyyat: