Tarixdən səhifələr

Naxçıvan MSSR-in Konstitusiyasının qəbulu (1937-ci il)

Dünyada azsaylı muxtariyyətlər vardır ki, onlar beynəlxalq müqavilələr əsasında yaradılıb. Qədim və zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarının muxtariyyət statusunun əsası da 1921-ci il Moskva və Qars müqavilələri ilə qoyulmuş və  sözügedən müqavilələrlə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olduğu, onun heç bir zaman digər ölkəyə verilməyəcəyi təsdiq edilərək ərazi hüdudları dəqiqləşdirilmişdir. Moskva və Qars müqavilələri ilə Naxçıvana muxtariyyət statusu verilsə də, onun Azərbaycan SSR-in tərkibində muxtar respublika hüququnun qanuni yolla təsbit edilməsi 1924-cü il 9 fevral tarixli dekreti ilə müəyyən edilmişdir. Belə ki, Naxçıvan Muxtar Diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi təsdiq olunmuş, bununla da bu diyarın statusu müəyyənləşdirilmişdir. Beləliklə, Naxçıvan 1921-ci il martın 16-dan Naxçıvan SSR, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan Diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan MSSR, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb. Bu illər ərzində qəbul olunmuş konstitusiyaların (1926,1937,1978 və 1998-ci illər konstitusiyaları) hər biri Naxçıvanın muxtariyyət statusuna aid normaları da özündə ehtiva etmişdir ki, bu da muxtar ərazi statusunun möhkəmləndirilməsində xüsusi əhəmiyyət daşımışdır.

Naxçıvanın Konstitusiyasının işlənib hazırlanması onun muxtar respublika kimi formalaşması zərurətindən qaynaqlanmışdır. Bu baxımdan Naxçıvan MSSR-in ilk Konstitusiyası 1926-cı ildə qəbul edilmişdir. 4 bölmədən və 62 maddədən ibarət olan bu Konstitusiyaya görə, Naxçıvan MSSR ərazisində ali hakimiyyət orqanı Naxçıvan Sovetlər Qurultayı idi. Qurultaylararası müddətdə onun səlahiyyətlərini Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi həyata keçirirdi. Lakin Naxçıvan Mərkəzi İcraiyyə Komitəsi (MİK) Naxçıvan Sovetlər Qurultayından fərqli olaraq ali qanunverici, sərəncamverici və nəzarətedici orqan idi.

Naxçıvan Sovetlər Qurultayının və MİK-in səlahiyyətinə Naxçıvan MSSR Konstitusiyasına dəyişikliklər və əlavələr etmək, muxtar respublikanın ərazisinin ümumi inzibati bölgüsünü aparmaq, büdcəyə baxmaq və onu qəbul etmək, Xalq Komissarları Soveti heyətini və ya ayrı-ayrı hökumət üzvlərini təyin və azad etmək məsələləri daxil idi. Bundan əlavə, Konstitusiyada Naxçıvan MSSR-də Azərbaycan SSR-in gerb və bayrağından istifadə edilməsi, həmçinin paytaxtın isə Naxçıvan şəhəri olması təsbit edilmişdir.

1936-cı ildə SSRİ-nin yeni Konstitusiyası qəbul olundu və  bütün müttəfiq və muxtar respublikalar öz konstitusiyalarını ona uyğunlaşdırmaq məcburiyyətində qaldılar. X Fövqəladə Ümumnaxçıvan Sovetlər Qurultayı 18 sentyabr 1937-ci ildə Naxçıvan MSSR-in ikinci Konstitusiyasını qəbul etdi. 7 aprel 1941-ci il tarixli qanunla Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilən bu Konstitusiya Azərbaycan SSR-in 1937-ci il Konstitusiyası əsasında hazırlanaraq onun əsas prinsiplərini özündə əks etdirməklə, 11 fəsil və 115 maddədən ibarət idi. Naxçıvan MSSR-in 1937-ci il Konstitusiyasında Naxçıvan MSSR Azərbaycan SSR-in tərkibinə muxtariyyət hüquqlarında daxil olan sosialist dövləti elan edilmişdir.

Azərbaycan SSR-in növbəti Konstitusiyası 1978-ci ildə, 1977-ci il SSRİ Konstitusiyası əsasında qəbul edildi. Bu Konstitusiyanın hazırlanması və qəbulu o zaman Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin iştirakı ilə həyata keçirilmişdir. İlk dəfə olaraq ölkəmizin Konstitusiya tarixində “xalq hakimiyyəti” və “demokratiya” terminləri məhz bu Konstitusiyada qəbul olunmuşdur. Burada deyilirdi ki, Azərbaycan SSR-də bütün hakimiyyət xalqa məxsusdur. O da qeyd edilməlidir ki, 1978-ci ildə qəbul edilən yeni Konstitusiyada dil məsələsi əsas prinsiplərdən olmuşdur. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ulu Öndərin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri idi və bununla da Ümummilli Lider gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuş oldu.

Beləliklə, 1977-ci ildə qəbul edilən SSRİ Konstitusiyası muxtar respublika konstitusiyalarını təsdiq etmək hüququnu yenidən Naxçıvanın özünə verdi. 30 may 1978-ci ildə Naxçıvan MSSR-in üçüncü Konstitusiyası qəbul edildi. 10 bölmə, 16 fəsil, 163 maddədən ibarət olan bu Konstitusiyanın hüquqi əsasını SSRİ Konstitusiyasının 18-ci və Azərbaycan SSR Konstitusiyasının 8-ci fəsilləri təşkil edirdi. Naxçıvan MSSR-in ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının səlahiyyətlərinə Konstitusiyanı qəbul etmək və onda dəyişikliklər aparmaq, Konstitusiyaya əməl olunmasına nəzarət etmək, Naxçıvan MSSR qanunvericiliyini, dövlət asayişini, vətəndaşların hüquq və azadlıqlarını qorumaq, sosial-iqtisadi, xalq maarifi, mədəniyyət, səhiyyə və sair sahələrin inkişafını təmin etmək, respublika əhəmiyyətli digər məsələləri həll etmək daxil idi.

1978-ci il Naxçıvan MSSR Konstitusiyasına görə, Naxçıvan MSSR-in ali dövlət hakimiyyəti orqanı 5 il müddətinə seçilən 110 nəfərlik deputat korpusu ilə təmsil olunan Naxçıvan MSSR Ali Soveti idi. Qanunlar Naxçıvan Ali Soveti tərəfindən qəbul edilirdi və bütün muxtar respublika ərazisində məcburi hüquqi qüvvəyə malik idi.

Naxçıvan MSSR-in ali icraedici və sərəncamverici orqanı Naxçıvan MSSR Nazirlər Soveti, muxtar respublikanın səlahiyyətinə aid edilən bütün idarəetmə məsələlərini həyata keçirməklə yanaşı, Naxçıvan MSSR Ali Soveti qarşısında məsul idi və ona hesabat verirdi.

Tarixi proseslər, o cümlədən 80-ci illərin sonlarında başlayaraq  respublikada mürəkkəbləşən siyasi vəziyyət Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxmasına gətirib çıxardı. Bu çətin dövrdə Ümummili lider Heydər Əliyevin Naxçıvana gəlməsi, Azərbaycan və Naxçıvan parlamentlərinə deputat və sonrakı mərhələdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi və fəaliyyəti bu qədim diyarı xilas etdi. Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərmiş və Azərbaycanı müstəqilliyə sürətlə yaxınlaşdırmışdır. O günlərdə üçrəngli bayrağımızın ilk dəfə Naxçıvan Ali Məclisində qaldırılması, muxtar respublikanın adından “sovet, sosialist” sözlərinin çıxarılması Ulu Öndərin xalqımız qarşısında misilsiz tarixi xidmətləri idi. 1995-ci il noyabrın 12-də referendumla qəbul olunmuş ilk  milli Konstitusiya Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən daha da  möhkəmləndirdi.

Azərbaycan Respublikasının 1995-ci il 12 noyabr tarixli Konstitusiyasının qəbulu Naxçıvan Muxtar Respublikasında yeni Konstitusiyanın qəbulunu yenidən zəruri etdi. Belə ki, həmin Konstitusiyada “Naxçıvan Muxtar Respublikası” başlıqlı VIII fəsil nəzərdə tutulmuş, həmin fəsil daxilindəki 134-cü maddədə muxtar respublikanın Azərbaycan Respublikasının tərkibində muxtar dövlət olması təsbit edilmiş, bütün bunlar isə muxtar respublikanın Əsas Qanununun qəbul edilməsini şərtləndirmişdir. Nəticədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə muxtar respublikada yeni Konstitusiya layihəsi hazırlayan komissiya yaradıldı.Muxtar respublikanın yeni Konstitusiya layihəsi Azərbaycan Respublikası Konstitusiya layihəsini hazırlayan komissiyada 4 dəfə müzakirə olunmuş və 1998-ci il aprelin 28-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilərək həmin il dekabrın 29-da təsdiq edilmişdir. 50 maddədən ibarət olan Konstitusiya əvvəlkilərdən həm formasına, həm də məzmununa görə əsaslı şəkildə fərqlənir.

Naxçıvanın keçdiyi qədim və uzun tarixi inkişaf yolunun hər bir səhifəsi aydın sübut edir ki, bu diyar ən qədim zamanlardan türk yurdu kimi Azərbaycana məxsus olmuşdur, onun ayrılmaz tərkib hissəsidir və Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biridir.

Azərbaycan torpağı olan Naxçıvan bu gün dinamik inkişaf edən, Azərbaycan Respublikasının tərkibində dünya birliyinə uğurla inteqrasiya edən çox önəmli bir bölgədir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Naxçıvan Muxtar Respublikası konstitusiyalarda / tərt., mətnin müəl. E. Y. Cəfərli, red. F. Y. Səfərli.- Bakı: Elm və Təhsil, 2014.- 208 s.
  2. Hüseynov, Sahil Zahir oğlu. Dövlət ərazi quruluşunun hüquqi tənzimlənməsi problemləri / S. Z. Hüseynov; elmi red. N. Cəfərli.- Bakı: Elm və təhsil, 2022.- 216 s.
  3. Nağıyev, Fəxrəddin Tağı oğlu. Konstitusiya hüququ: mühazirə mətnləri: dərs vəsaiti / F. T. Nağıyev; elmi red. Z. A. Əsgərov.- Yenidən işlənmiş və təkmilləşdirilmiş II nəşri.- Bakı: Qanun, 2011.- 240 s.
  4. Quliyev, Cəmil Bahadur oğlu. Sovet Naxçıvanı / C. B. Quliyev, Q. Ə. Mədətov, A. A. Nadirov; red. E. Y. Salayev.- Bakı: Azərnəşr, 1984.- 136 s.
  5. Naxçıvan Muxtar Sovet Sosialist Respublikası / Azərbaycan SSR EA; red. heyəti: A. A. Hüseynov [et al.]; baş red. H. B. Abdullayev; red.: M. Ə. Qaşqay, M. A. Dadaşzadə.- Bakı: Elm, 1975.- 359 s.