Tarixdən səhifələr

Milli Musiqi Günü

Azərbaycan xalqı çox qədim musiqi sənətinə malik bir xalqdır. Bu qədim xalqın belə zəngin musiqiyə malik olması heç də təsadüfi deyil. Belə ki, xalqımız olduqca uzun bir tarixi inkişaf yolu keçmişdir. Bu müddət ərzində musiqimiz getdikcə inkişaf etmiş, gündən-günə zənginləşmişdir. Qədim musiqimiz haqqında ilkin məlumatlar Qobustan (e.ə XVII-III minilliklər) və Gəmiqaya (e.ə III-I minilliklər) qayaüstü rəsmlərində öz əksini tapmışdır. Bundan başqa “Kitabi Dədə Qorqud” və “Koroğlu” dastanlarında, eyni zamanda Nizami, Füzuli, Əbülqadir Marağai, Mir Möhsün Nəvvabın əsərlərində zəngin musiqi sənətimiz haqqında geniş məlumat verilir.

XIX yüzilliyin axırlarından etibarən Azərbaycanın bir sıra şəhərlərində musiqi məclisləri, cəmiyyətləri, dərnəkləri təşkil olunurdu ki, bu da musiqimizin inkişafına böyük təkan olmuşdur. XIX əsrin 80-ci illərində M. M. Nəvvab və Hacı Hüsnü tərəfindən “Musiqiçilər məclisi” təşkil olunmuşdu ki, bu məclisdə muğam sənəti müzakirə olunurdu. Məşədi Cəmil Əmirov, İ.Abdullayev, S.Şuşinski, Sadıqcan kimi tanınmış incəsənət nümayəndələri bu məclisin iştirakçıları idilər. Bu sənətkarların xidmətləri musiqimizin hazırki səviyyəyə çatmasında böyük rol oynamışdır.

Azərbaycan musiqisinin dünya səviyyəsində şöhrət tapmasında Şuşa kanservatoriyasının xüsusi rolu var. Cabbar Qaryağdı oğlu, Mir Möhsün Nəvvab, Xarrat Qulu, Hacı Hüsü, Sadıqcan, Məşədi İsi, Əbdülbağı Zülalov, Cabbar Qaryağdıoğlu, Keçəci oğlu Məmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev, Seyid Şuşinski, Bülbül, Zülfi Adıgözəlov, Xan Şuşinski, Məşədi Cəmil Əmirov, Qurban Pirimov, bəstəkarlardan Üzeyir Hacıbəyli, Zülfüqar Hacıbəyli, Fikrət Əmirov, Niyazini, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyov, Əşrəf Abbasov, Süleyman Ələsgərov, müğənni Rəşid Behbudov məhz Şuşa məktəbinin yetirmələridir. Azərbaycan musiqisi məhz bu insanların sayəsində şöhrət tapmış, bütün dünyaya səs salmışdır.

Musiqimizin inkişafında dünya şöhrətli bəstəkarlarımızın rolu xüsusilə vurğulanmalıdır. Belə ki, musiqimizin dünya səviyyəsində tanınmasında Üzeyir bəy Hacıbəyli kimi bir şəxsiyyətin nailiyyətləri danılmazdır. Bəstəkar sadəcə ölkəmizdə deyil, eyni zamanda bütün yaxın şərqdə operanın əsasını qoymuşdur. Ü.Hacıbəylinin simfonik əsərləri bir sıra ölkələrdə səslənmiş və yüksək qiymətləndirilmişdir. Milli musiqi gününün qeyd olunması da məhz Üzeyir bəy Hacıbəylinin adı ilə bağlıdır. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoymuşdur. Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Üzeyir bəyin doğum gününün musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını almışdır. 1995-ci ildə isə Ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır.

Bu gün Azərbaycan musiqisi əsl çiçəklənmə dövrünü yaşayır. Ölkəmizdə davamlı olaraq keçirilən beynəlxalq musiqi festivalları, müxtəlif müsabiqələr bütövlükdə, Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin daha geniş miqyasda təbliğinə xidmət edir.

Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyli Azərbaycanda peşəkar musiqinin banisidir, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır, Şərqdə operanın, operettanın əsasını qoyub, dövlət xorunu, simfonik orkestri yaradıb, dünya musiqi xəzinəsini ölümsüz əsərləri ilə zənginləşdirib.

Üzeyir Hacıbəylinin ədəbi irsi çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salmış, marş, kontata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərlərini yazmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnləri dahi sənətkara məxsus olmuşdur.

Üzeyir Hacıbəyli yaradıcılığının kulminasiya mərhələsi "Koroğlu" operası ilə başladı. "Koroğlu" təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən birinə çevrildi. Üzeyir Hacıbəyli təkcə musiqi bəstələmirdi, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəslə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayırdı. Onun 1945-ci ildə nəşr edilmiş "Azərbaycan xalq musiqisinin əsasları" adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim kimi mükəmməl fəaliyyətinin yadigarı olaraq bu gün də musiqi dərsliyi kimi istifadə edilir.

Üzeyir musiqisinin bənzərsizliyindən və ölümsüzlüyündən, xalqın, dövlətin isə qədirbilənliyindəndir ki, hər il sentyabrın 18-də keçirilən Üzeyir Musiqi günləri ənənə halını alıb. Həmin gün ölkəmizin hər yerində bu münasibətlə müxtəlif tədbirlər keçirilir, bu tədbirlərə dünyanın məşhur sənət adamları qatılır.

Ümummilli Lider Heydər Əliyevin mədəniyyət xadimlərinə göstərdiyi qayğının davamı kimi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı da göz qabağındadır. Onların rəhbərliyi ilə bir neçə dəfə Üzeyir Hacıbəylinin yubileyi UNESCO səviyyəsində qeyd edilib.

Bu gün ölkəmizdə musiqi sənətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Hər il ölkəmizdə yeni musiqi məktəbləri inşa olunur, konsert salonları təmir edilir və yenidən qurulur, maddi-texniki bazaları gücləndirilir, milli musiqiçi kadrların yetişdirilməsi istiqamətində uğurlu layihələr həyata keçirilir. Son illər beynəlxalq səviyyəli musiqi festivallarının keçirilməsi ölkəmizdə musiqi mədəniyyətinin inkişafından xəbər verir. “Qarabağ xanəndələri” albomunun, “Üzeyir Hacıbəyov Ensiklopediyası”nın və “Muğam Ensiklopediyası”nın nəşr olunması Azərbaycan muğamının, aşıq sənətinin, tar ifaçılığı sənətinin, kamançanın UNESCO tərəfindən “Bəşəriyyətin qeyri-maddi mədəni irsi reprezentativ siyahısı”na daxil edilməsi isə qədim musiqi mədəniyyətimizə verilən qiymətin daha bir ifadəsidir.

Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.


Tövsiyə edilən ədəbiyyat:

  1. Azərbaycan musiqi dünyası = Azerbaijan music world / red. S. Firudinli ; tərc. G. Pənahi. - Bakı : Nurlar NPM, 2001. - 463 s.
  2. Məmmədova, Rəna Azər qızı. Azərbaycan muğamı / R. A. Məmmədova ; elmi red. : E. Babayev. - Bakı : Elm, 2002. - 280 s.
  3. Əhmədov, Əhsən Allahverdi oğlu. Muğam operalarının qürubu / Ə. A. Əhmədov. - Bakı : Avropa nəşriyyatı, 2013. - 206 s.
  4. İsmayılzadə, Nuridə Cəfər qızı. Azərbaycan musiqi tarixində maarifçilik təmayyülləri: XIX əsrin sonu - XX əsrin əvvəlləri : monoqrafiya / N. C. İsmayılzadə ; red. G. A. Abdullazadə ; Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası. - Bakı : Elm və təhsil, 2021. - 164 s.
  5. Hacıbəyli, Üzeyir Əbdülhüseyn oğlu. Azərbaycan xalq musiqisinin əsasları / Ü. Ə. Hacıbəyli ; ideya müəl., tərt., məsul red. T. Məmmədov ; red. heyəti: F. Bədəlbəyli [et al.] ; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. - Bakı : Şərq-Qərb, 2019. - 360 s.
  6. Səfərova, Zemfira Yusif qızı. Azərbaycanın musiqi elmi: XIII-XX əsrlər /Z. Səfərova ; red. S. Aslanova. - Bakı: Azərnəşr, 2006. - 544 s.
  7. Сафарова, Земфира Юсиф кызы. Музыкальная наука Азербайджана (XIII-XX века): [монография] /З. Сафарова ; НАН Азерб., Ин-т Архитектуры и Искусства. - Баку:Азернешр, 2013. - 431 с.