Tarixdən səhifələr

Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olması

Xarici siyasət hər bir dövlətin, o cümlədən müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasının siyasi iradəsinin göstəricisi olmaqla yanaşı, onun beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini və möhkəmlənməsini, iqtisadi, siyasi və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını və inkişafını, milli təhlükəsizlik sahəsində mənafelərinin ödənilməsini, regional və beynəlxalq problemlərin birgə səylərlə aradan qaldırılmasını nəzərdə tutur.

Hazırda dövlətimiz dünyanın bir sıra mötəbər beynəlxalq təşkilatlarının tamhüquqlu üzvüdür. Bu təşkilatlardan biri Müstəqil Dövlətlər Birliyidir.
Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlər arasında qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır.

Azərbaycan müstəqilliyə qədəm qoyduğu ilk zamanlardan yeni qurulmuş gənc dövlət olaraq bir çox çətinliklərlə üzləşmişdir. Belə ağır vəziyyətdə respublikamız hüquq sisteminin inkişafı ilə birlikdə həm də xarici əlaqələrə, eləcə də beynəlxalq və regional təşkilatlarla münasibətlərə və digər dünya dövlətləri arasında beynəlxalq nüfuzuna xüsusi önəm vermişdir.

Azərbaycan müstəqilliyə gedən yolda dəfələrlə qondarma Ermənistanın yalançı ərazi iddialarına və işğalçı hücumlarına məruz qalmışdır. Bu hücumlar nəticəsində Azərbaycan ərazisinin 20% -i işğal edilmiş, 1 milyon vətəndaşımız qaçqın və məcburi köçkün düşmüş, çoxlu sayda şəhidlər verilmişdir. Məhz bu səbəb 1990-cı illərin ilk yarısında Azərbaycanı həm müstəqilliyini möhkəmləndirmək, həm də ərazilərinin Ermənistan tərəfindən işğalı probleminin ədalətli həllinə nail olması üçün çoxşaxəli və effektiv münasibətlər qurmağa vadar edirdi. Təsadüfi deyil ki, bu baxımdan Müstəqil Dövlətlər Birliyi ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir.

Ulu öndər Heydər Əliyevə qədər hakimiyyətdə olan AXC və onun liderləri Azərbaycanın MDB-yə üzv olmasının qəti əleyhinə idilər. Onlar Azərbaycanın MDB-yə üzv olduğu təqdirdə öz müstəqilliyini tam qoruya bilməyəcəyini və müəyyən qərarların verilməsində MDB-dən asılı olacağını düşünürdülər. Lakin, Ümummilli liderimizin düzgün və uzaqgörən siyasətinin nəticəsi olaraq, Azərbaycanın MDB-yə tam hüquqlu üzv kimi daxil olması Azərbaycan parlamentinin president səlahiyyətlərinin Heydər Əliyevə verilməsi qərarından sonra baş vermişdir.

Azərbaycanın keçmiş ittifaqa daxil olan dövlətlərin yaratdığı Müstəqil Dövlətlər Birliyində uğurlu təmsilçiliyi xalqımızın Ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi sayəsində baş tutub. Heydər Əliyev 10 oktyabr 1993-cü il tarixdə andiçmə mərasimində çıxış edərkən MDB-nin əhəmiyyətindən də bəhs etmişdir. "Biz əminik ki, Azərbaycanın MDB-yə daxil olması respublikanın iqtisadiyyatının inkişaf etməsi üçün yaxşı şərait yaradacaq və biz bu imkanlardan səmərəli istifadə etməliyik”.

Müstəqil Dövlətlər Birliyi 8 dekabr 1991-ci ildə Belarus Respublikası, Rusiya Federasiyası və Ukrayna tərəfindən Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılmasına dair Saziş” əsasında təsis edilmişdir. 24 sentyabr 1993-cü il tarixində MDB dövlət başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə daxil olmasına dair qərar qəbul olunmuşdur.

1993-cü ildə eyni zamanda MDB-nin Nizamnaməsi qəbul edilmişdir. Nizamnamədə dövlətlərin aşağıdakı birgə fəaliyyət sahələri vurğulanır:

- İnsan hüquq və azadlıqlarının təmin olunması;

- Xarici siyasət fəaliyyətinin əlaqələndirilməsi;

- Ümumi iqtisadi məkanın formalaşdırılmasında, nəqliyyat və rabitə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi;

- Əhalinin sağlamlığının və ətraf mühitin qorunması;

- Sosial və immiqrasiya siyasəti məsələləri;

- Mütəşəkkil cinayətkarlıqla mübarizə;

- Müdafiə siyasətində və xarici sərhədlərin mühafizəsində əməkdaşlıq.

Beləliklə, nizamnamə MDB üzvü olan dövlətlərin bir araya gəlməsi üçün əsas məqsədləri müəyyən etmişdir. MDB-nin fəaliyyəti ərzində yüzlərlə saziş qəbul edilmiş və nəticədə böyük bir hüquqi massiv yaradılmışdır.

Azərbaycan Respublikası öz növbəsində MDB-yə daxil olduqdan sonra milli qanunvericilik sistemində mühüm islahatlar gerçəkləşmiş və MDB ilə birgə fəaliyyət üzrə çoxsaylı yeni qanunlar qəbul edilmişdir.

Azərbaycan Respublikası MDB çərçivəsində Ermənistan istisna olmaqla, digər bütün üzv ölkələrlə müxtəlif sahələrdə, xüsusən mədəniyyət, humanitar, elm və digər sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Azərbaycan MDB daxilində aparılan əməkdaşlıq çərçivəsində öz milli maraqlarını rəhbər tutur.

Azərbaycan Respublikası hər il keçirilən MDB Dövlət Başçıları Şurası, Hökumət Başçıları Şurası, İqtisadi Şura, Xarici İşlər Nazirləri Şurası və üzv olduğu digər orqanların iclaslarında fəal şəkildə iştirak edir.

Müstəqil Dövlətlər Birliyinin Əsasnaməsində təşkilatın dövlətlər arasında dostluq əlaqələrinə, mehriban qonşuluq münasibətlərinə, millətlərarası həmrəyliyə, etimada, qarşılıqlı anlaşmaya, əməkdaşlığın inkişafına və gücləndirilməsinə xidmət etdiyi vurğulanır.

Sergey Lebedev 5 oktyabr 2007-ci ildən etibarən MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib vəzifəsində fəaliyyət göstərib, 2023-cü il yanvarın 1-dən isə MDB-nin Baş katibi vəzifəsini icra etməkdədir. (2023-cü il yanvarın 1-dən MDB-nin Dövlət Başçıları Şurasının qərarı ilə MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib vəzifəsinin adı dəyişdirilərək MDB-nin Baş katibi adlandırılıb.)

Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfiri Azərbaycan Respublikasının MDB-nin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsidir.
MDB-nin əsas məqsədləri siyasi, iqtisadi, ekoloji, humanitar, mədəni və digər sahələrdə əməkdaşlıqdan və üzv-dövlətlərin ümumi iqtisadi məkanda, dövlətlərarası kooperasiya və inteqrasiya şəraitində hərtərəfli inkişaf etdirilməsindən ibarətdir.

MDB çərçivəsində əsasən 9 əməkdaşlıq istiqaməti mövcuddur və təşkilatın ümdə məqsədi iqtisadi, hərbi-siyasi və humanitar sahələrdə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir.

Hal-hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanları və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir.

Təşkilatın ali orqanı burada təmsil olunmuş ölkələrin Dövlət Başçıları Şurasıdır. Şura təşkilatın fəaliyyətilə bağlı prinsipial məsələləri müzakirə edir və qərarlar çıxarır.

Respublikamızın MDB ilə əlaqələri, o cümlədən də quruma daxil olan ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətləri qarşılıqlı hörmət prinsipinə əsaslanır və milli maraqlara xidmət edir.

Azərbaycanın MDB ilə əməkdaşlığı müxtəlif istiqamətləri əhatə edir.

Müstəqil Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün MDB ölkələri ilə azad ticarət rejimi yaradıb, eləcə də respublikamızla digər MDB dövlətləri arasında sərbəst sərmayə üçün möhkəm hüquqi baza formalaşıb.

MDB Dövlət Başçıları Şurası 2023-2025-ci illər üçün Terrorizm və Ekstremizmlə Mübarizə üzrə Əməkdaşlıq Proqramını təsdiqləyib.

Beləliklə, bu gün də Azərbaycan–MDB əlaqələri inkişaf edir. Respublikamız keçmiş sovet respublikaları ilə ikitərəfli münasibətlərlə yanaşı, həmçinin MDB çərçivəsində bu dövlətlərlə çoxtərəfli əməkdaşlığa böyük önəm verir və buna parallel olaraq qanunvericlik sistemi inkişaf etdirilir.

 

Tövsiyə edilən ədəbiyyat:

  1. İsaməddin, Səyid oğlu Osmanov. MDB Dövlətlərinin iqtisadi-sosial coğrafiyası / İ.O. Osmanov.-Bakı: BDU nəşriyyatı, 2004.- 342 s.
  2. Mirabdullayev, Adil Mirabdulla oğlu. Müstəqil Dövlətlər Birliyi müasir beynəlxalq münasibətlərdə : monoqrafiya / A. M. Mirabdullayev ; elmi red. H. C. Əlibəyli. - Bakı : Elm, 2012. - 196 s.
  3. Əliyev, Həmzə Hüseyn oğlu. Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyi ilə münasibətləri /H. H. Əliyev ; baş red. İ. Zeynalov. - Bakı: RENESSANS, 2005. - 164 s.
  4. Əliyev, Həmzə Hüseyn oğlu.XXI əsr: Azərbaycan - MDB ölkələri: humanitar əlaqələr, 1991-2005-ci illər /H.Əliyev; Elmi red. S.Sayadov; AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu. - Bakı: Ulu, 2008. - 316 s.
  5. Шакирзаде, Незрин. Содружество Независимых Государств / Н. А. Шакирзаде ; Институт философии, политических и правовых исследований НАНА. Азербайджанская Республика во внешнеполитических и внешнеэкономических процессах : 1991-2006 гг.: монография. - Баку : Сада, 2007. - 512 с.
  6. Азербайджанская Республика в Содружестве Независимых Государств / Секретариат Президента Азербайджанской Республики. - Баку : Nurol, 2001. - 287 с.
    Мамед-заде, Наргиз Сабир кызы. Взаимоотношения Азербайджанской Республики со славянскими странами СНГ и Восточной Европы: монография / Н.С. Мамед-заде.- Баку: Ганун, 2006. - 200 с.