“Azərbaycan” qəzeti Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin orqanı olaraq əvvəlcə Gəncədə, sonralar isə Bakıda Azərbaycan və rus dillərində nəşr olunmuşdur. İlk 4 nömrəsi Gəncədə, sonrakı nömrələri isə Bakıda nəşr edilmişdir. Qəzetin ilk nömrəsi 1918-ci il sentyabrın 15-də Gəncə qubernatorunun mətbəəsində çap edilmişdir. Dörd səhifədən ibarət olan bu nömrənin iki səhifəsi Azərbaycan, iki səhifəsi isə rus dilində buraxılmışdır. Gəncədə buraxılan axırıncı (dördüncü) nömrənin üç səhifəsi rus, bir səhifəsi isə Azərbaycan dilində idi. Qəzetin birinci nömrəsində Bakının azad edilməsi ilə bağlı xəbərlər daha çox diqqəti cəlb edir: “Dünən gecə Azərbaycan Cümhuriyyəti Hökuməti adına Qafqaz İslam Ordusunun komandanı Nuru paşa həzrətləri tərəfindən belə bir teleqram gəlmişdir: “Bismillahir rəhmanir rəhim! Bakı şəhəri 15.09.1918, saat 9-a işləmiş igid ordu hissələrimiz tərəfindən zəbt olundu. Qafqaz İslam Ordusunun komandanı Fərrux Nuri”.
“Azərbaycan” qəzetinin həmin nömrəsində Azərbaycan Cümhuriyyəti Hökumətinin sədri Fətəli xan Xoyskinin adından Nuru paşaya cavab teleqramı da dərc olunmuşdur.
“Azərbaycan” qəzetinin Bakıda Azərbaycan dilində nəşr olunmuş beşinci nömrəsi 1918-ci il oktyabrın 3-də, rus dilində isə oktyabrın 7-də buraxılmışdır. Bu nömrədən etibarən qəzetin adı altında “Gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsidir” sözləri yazılmağa başlamışdır. Qəzet Azərbaycan dilində çıxan altıncı nömrəsindən, rus dilində isə beşinci nömrəsindən “mühərrirləri (redaktorları): Ceyhun bəy Hacıbəyli və Şəfi bəy Rüstəmbəyli” imzaları ilə buraxılmışdır. Həmin il noyabrın 28-dən isə Azərbaycan dilində olan nömrələr Ceyhun bəy Hacıbəylinin, rus dilində olan nömrələr Şəfi bəy Rüstəmbəylinin redaktorluğu ilə nəşr edilmişdir.
1918-ci il dekabrın 31-nə qədər “Azərbaycan” qəzetinin Azərbaycan dilində 75 nömrəsi, rus dilində isə 70 nömrəsi işıq üzü görmüşdü.
1919-cu il yanvarın 16-da buraxılmış 89-cu nömrəsindən etibarən “Azərbaycan” qəzetini Üzeyir bəy Hacıbəyli imzalamışdır. Həmin il iyulun 4-də çapdan çıxmış 216-cı nömrəsindən qəzetə “müvəqqəti müdir Xəlil İbrahim” rəhbərlik etmişdir. 1919-cu il sentyabrın 3-dən 1920-ci il aprelin 28-nə kimi Üzeyir bəy Hacıbəyli yenidən qəzetin redaktoru olmuşdur. “Azərbaycan” qəzetinin 1918-ci il sentyabrın 15-dən 1919-cu il dekabrın 31-nə qədər 358 nömrəsi, 1920-ci il yanvarın 1-dən aprelin 28-nə qədər isə 85 nömrəsi çap olunmuşdur. Bütövlükdə 1918-20-ci illər arasında qəzetin cəmi 443 nömrəsi çıxmışdır.
Paris sülh konfransında (1919-20-ci illər) iştirak etmək üçün Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin tərkibinə müşavir kimi “Azərbaycan” qəzetinin redaktoru Ceyhun bəy Hacıbəyli də daxil edilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərar, sərəncam, fərman və digər normativ sənədlərinin xüsusi nəşrlərdə verilməsi “Azərbaycan” qəzetinin səhifələrində daha çox nəzəri məqalələrin, Azərbaycana, həmçinin dünya və region ölkələrinə aid geniş xəbərlərin, oxucuları maraqlandıran başqa yazıların dərc edilməsinə şərait yaradırdı.
Öz işini 1918-ci il noyabrın 16-da yenidən bərpa edən Azərbaycan Milli Şurasının, xüsusilə onun Azərbaycan Parlamentinin çağırılması sahəsindəki fəaliyyəti “Azərbaycan” qəzetinin səhifələrində geniş işıqlandmlırdı. Qəzetdə Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin Parlamentin çağırılması ilə əlaqədar noyabnn 19-da “Bütün Azərbaycan əhalisinə müraciət”i, Şurada gedən müzakirələrin materialları və qəbul olunmuş qərar da dərc edilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1918-ci il dekabrın 7-də işə başladıqdan sonra qəzet onun fəaliyyətini geniş işıqlandırmış, Parlamentin mühüm iclaslarından stenoqrafık hesabatları “Azərbaycan Məclisi-Məbusanında" rubrikası altında dərc etmişdir. Bundan başqa, qəzetdə “Rəsmi xəbərlər”, “Teleqraf xəbərləri”, “Rusiyada”, “Ermənistanda”, “Gürcüstanda”, “Türkiyədə”, “İrəvan müsəlmanlarının halı”, “Teatr və musiqi” və digər daimi rubrikalar da var idi.
“Azərbaycan” qəzetinin səhifələrində Məhəmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Xəlil İbrahim, Fərhad Ağazadə, Hacı İbrahim Qasımov, Məhəmməd ağa Şahtaxtlı, Adil xan Ziyadxanov, Əlabbas Müznib, Şəfiqə Əfəndizadə, İstanbulda təhsil alan Əmin Abid və başqalarının Azərbaycanın tarixinə, mədəniyyətinə, maarifinə, siyasi vəziyyətinə və s. aid silsilə məqalələri dərc olunurdu. Qəzetin səhifələrində Məhəmməd Hadi, Əhməd Cavad və b. şairlərin şeirlərinə də geniş yer verilirdi.
Qəzetdə erməni-daşnak qulduru Andranikin Zəngəzur, Naxçıvan və Qarabağda Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, vəhşiliklər, Ermənistan Respublikası ərazisində yaşayan azərbaycanlıların acı taleyi, onların kütləvi surətdə məhv edilməsi və ata-baba torpaqlarından qovulması haqqında çoxlu məlumatlar dərc edilmişdi.
1919-cu ilin mayında Azərbaycanın istiqlaliyyətinin elan olunmasının birinci ildönümü, həmçinin 1920-ci il yanvarın 11-də Paris sülh konfransının Ali Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibətilə “Azərbaycan” qəzetində çoxlu təbriklər, məqalələr və s. materiallar dərc olunmuşdu.
“Azərbaycan” qəzeti 1918-20-ci illər ərzindəki saylarında Azərbaycanın dövlət, ictimai-siyasi, iqtisadi və mədəni həyatını geniş əks etdirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti tarixinin öyrənilməsində “Azərbaycan” qəzetində dərc olunmuş materialların, ilk mənbə kimi əhəmiyyəti böyükdür.
“Azərbaycan” qəzeti XX əsrin əvvəllərində öz istiqlalına qovuşmuş Azərbaycan xalqının milli oyanışında çox mühüm rol oynamışdır.
Tövsiyə edilən ədəbiyyat: