Bakı Dövlət Universitetinin açılması Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm xidmətlərindən biri olmuşdur. Çar mütləqiyyəti dövründə Rusiya imperiyası tərkibində Cənubi Qafqazda ali məktəb açılmadı. 1917-ci ildə baş vermiş Fevral inqilabı nəticəsində yaradılmış Müvəqqəti hökumət Cənubi Qafqazda vahid və yeganə ali məktəbi - Tiflisdə “rus universiteti”ni açmaq niyyətində idi. Tiflisdə universitet açmaq üçün yerli Ali qadın kurslarının professorlarından ibarət komissiya yaradılmışdı. Komissiyaya sonralar Bakı universitetinin yaradılmasında mühüm rol oynamış professor V.İ.Razumovski başçılıq etdi. Komissiya universitetin layihə və smetasını hazırlayıb Zaqafqaziya Respublikası hökumətinin müzakirəsinə verdi.
Lakin hökumət bu məsələyə baxmağa imkan tapmadı. Zaqafqaziya Respublikası üç müstəqil respublikaya parçalandı. Buna baxmayaraq, 1918-ci ilin iyulunda Ali qadın kursları üç fakültədən - təbiət, tarix-filologiya və tibb fakültələrindən ibarət, tədrisin rus dilində aparıldığı Zaqafqaziya universitetinə çevrildi. V.İ.Razumovski universitetin rektoru seçildi. Lakin Zaqafqaziya universiteti yarandığı ilk günlərdən böyük maliyyə çətinlikləri ilə rastlaşdı və çox keçmədən məlum oldu ki, onun Tiflisdə fəaliyyət göstərməsi mümkün olmayacaqdır. Beləliklə, yenicə açılmış universitetin Yekaterinodar, İrəvan və ya Bakıya köçürülməsi məsələsi meydana çıxdı. Fətəli xan Xoyskinin başçılıq etdiyi Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakı şəhərində universitetin açılmasına böyük əhəmiyyət verirdi. Bu xətti Nəsib bəy Yusifbəyli Hökuməti də davam etdirdi.
Zaqafqaziya universitetinin Tiflisdə fəaliyyət göstərə bilməməsi professorlar şurasını qətiyyətli hərəkət etməyə vadar etdi. 1919-cu ilin martında rektor V.İ.Razumovski universitet şurasının iclasında Bakıya köçmək haqqında təklif irəli sürdü. Çünki Bakıdan alınmış təkliflər daha real və sanballı idi. Universitet şurasında əksəriyyət universitetin Bakıya köçürülməsi tərəfdarı idi. Lakin bir qrup, xüsusən ermənilər, bunun əleyhinə çıxdılar. Məsələnin qəti həlli üçün komissiya yaradıldı və N.A.Dubrovski, L.A.İşkov və İ.S.Sitoviçdən ibarət nümayəndə heyəti Cümhuriyyət Hökumətilə danışıqlar aparmaq, real vəziyyətlə yerində tanış olmaq üçün Bakıya göndərildi. Bakıda danışıqlar zamanı aydın olur ki, həm ictimai qüvvələr, həm də hökumət universitetin açılmasında çox maraqlıdır və onun normal fəaliyyəti üçün lazım olan hər cür fədakarlığa hazırdır.
Tiflisə qayıdan nümayəndə heyəti Universitet Şurası qarşısında danışıqların nəticələri barədə məlumat verib bildirir ki, köçmək haqqında təklif qəbul edilsin. Lakin məsələnin həlli bəzi professorlar tərəfindən yubadılır. Nəticədə, nəzərdə tutulan vaxtda – mayın 1-də Bakı heç bir cavab almadı. Elə həmin gün Azərbaycan Xalq Cümhuriyyəti maarif nazirinin müavini Həmid bəy Şahtaxtinski professor V.İ.Razumovskiyə teleqram göndərib bildirir ki, Bakıda yeni universitet açılır və hökumət ondan universitetin təşkilini öz üzərinə götürərək, bu məqsədlə komissiya yaratmasını xahiş edir. Beləliklə, Zaqafqaziya rus universitetinin Tiflisdən köçürülməsi məsələsi gündəmdən çıxmış olur. Buna görə də, V.İ.Razumovski teleqrafla Zaqafqaziya rus universitetinin rektoru vəzifəsindən imtina edib, Bakıya gəlmək barədə razılığını bildirir.
Az sonra Azərbaycan Xalq Maarifi Nazirliyi nəzdində universitet komissiyası haqqında əsasnamə qəbul edildi. 1919-cu il mayın 19-da Hökumət Xalq Maarifi Nazirliyi nəzdində universitet komissiyasını təsdiq etdi. Komissiyanın tərkibinə professor V.İ.Razumovski (sədr), professor A.M.Levin, professor N.A.Dubrovski, İ.A.Babuşkin (katib) ilə yanaşı Xalq Maarifi Nazirliyindən V.İrzayev, M.A.Şahtaxtinski, şəhər özünü-idarəsindən şəhər idarəsinin üzvü Əlicabbar Orucəliyev, “Neft sənayeçiləri qurultayı” şurasından A.N.Sarapov, M.Sultanov daxil idilər. Bundan başqa, Bakı müalicəxanalarının üç baş həkimi də məşvərətçi səslə komissiyanın fəaliyyətinə cəlb olundular. Kimyaçı L.Q.Qurviç, zooloq A.N.Derjavin, əczaçılıq magistri İ.K.Qolberq də universitet komissiyasının fəaliyyətinə cəlb olunmuşdular. Komissiyanın 1919-cu il mayın 21-də keçirilən birinci iclasında xalq maarifi naziri Rəşid xan Qaplanov çıxış edərək universitetin açılması barədə Azərbaycan Hökumətinin qəti qərarını bildirdi. Komissiyaya geniş hüquqlar verilmişdi. Komissiya üzvləri Hökumət başçısınadək hər bir yüksək vəzifə sahibinə birbaşa müraciət etmək səlahiyyətinə malik idi. Hökumət iyunun 16-da universitet komissiyasının ştatlannı təsdiq edib, maaşları müəyyənləşdirdi. Komissiya qısa müddətdə universitetin təsis edilməsi haqqında 1919-cu il 31 may tarixli bəyannaməni, qanun layihəsini, universitetin nizamnamə layihəsini, həmçinin, 1919-20-ci tədris ili üçün ştat və smeta layihəsini Hökumətə təqdim etdi. Hökumət komissiyanın təqdim etdiyi layihəni iyulun 7-də müzakirə etdi.
Ölkənin iqtisadi vəziyyətinin mürəkkəb olduğu bir şəraitdə universitet üçün tələb olunan maliyyə vəsaiti nəinki azaldılmadı, əksinə, 3,5 milyon manatdan 5 milyon manata qədər, müəllimlərin əmək haqqı isə, əlavə olaraq, nəzərdə tutulduğunun 1/3-i qədər artırıldı. 1919-cu il avqustun 21-də Parlamentdə universitetin təsis edilməsi haqqında qanun layihəsinin ilkin müzakirəsi göstərdi ki, universitetin açılmasına əksəriyyətin tərəfdar olması ilə yanaşı, bunun əleyhdarları da vardı. Onlar rus dilində açılacaq universitetin ruslaşdırma ocağı olacağından ehtiyat edirdilər. Universitet açılmasının əleyhdarlarının fikrincə, milliləşdirilən orta məktəblərin hamısı universitet açıldıqdan sonra ləğv olub gedəcəkdir. Universitet olmalıdır, lakin Azərbaycan dilində, həm də onun açılışı orta məktəblərin milliləşdirilməsinin başa çatması ilə bir vaxta salınmalıdır. Universitetin təsisi əleyhinə olan əsassız iddialar mütərəqqi və uzaqgörən Parlament üzvləri və qabaqcıl ziyalılar tərəfindən rədd edildi. Həmin ziyalılar rus dilində açılacaq universitetin tədriclə milliləşdirilməsi və türkləşdirilməsi tərəfdarı idilər. Universitetin açılmasında onun ilk təşəbbüsçüsü F.x.Xoyskinin, həmçinin, N.Yusifbəylinin, R.Qaplanovun, H.Şahtaxtinskinin, M.Ə.Rəsulzadənin böyük xidmətləri olmuşdur. 1919-cu il sentyabrın 1-də Parlament “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında qanun” qəbul etdi. Elə həmin iclasda Parlament 1919-20-ci dərs ilində 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrin ali məktəblərinə göndərilməsi üçün vəsait ayrılması barədə qərar qəbul etdi.
Universitetin açılması haqqında qanunda onun dörd fakültədən: tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət olduğu göstərilmiş, 1919-cu il sentyabrın 1-dən başlayaraq birillik müvəqqəti ştat və smeta cədvəli, universitet komissiyasına üç il müddətinə ilk rektor və dekanları, kollegiyaya isə professorları dəvət etmək, elmi şuraya idarə heyəti təşkil etmək hüququ verildiyi öz əksini tapmışdı. Qanunda 1919-20-ci dərs ilində tədrisin təşkili, zəruri avadanlıqlarla təchiz olunması üçün universitetə dövlət büdcəsindən 5 milyon manat vəsait ayrılması nəzərdə tutulmuş, xüsusi olaraq göstərilmişdi ki, Azərbaycan (türk) dili bütün fakültələrdə icbari fənn kimi tədris olunmalıdır. BDU 1919-cu il sentyabrın 1-dən etibarən fəaliyyətə başlamış sayılırdı. Universitetə həm kişilər, həm də qadınlar bərabər hüquqla qəbul olunurdular. Qəbulda Azərbaycan vətəndaşlarına üstünlük verilirdi.
Universitetin təşkilat komissiyası V.İ.Razumovskini yekdilliklə universitetin rektoru, görkəmli tarixçi, publisist N.A.Dubrovskini tarix-filologiya fakültəsinin, prof. İ.İ.Şirokoqorovu isə tibb fakültəsinin dekanı seçdi. İ.İ.Şirokoqorov bu zaman Bakıda olmadığına görə professor A.M.Levin tibb fakültəsinə müvəqqəti dekan seçildi. Sentyabrın 10-da universitet komissiyası A.A.Oşmanı, M.S.Milmanı, L.Q.Qurviçi, A.N.Derjavini tibb fakültəsinə, Y.İ.Baybakovu, L.A.İşkovu, L.Q.Lopatinskini, A.B.Selixanoviçi tarix-filologiya fakültəsinə professor vəzifəsində işə dəvət etməyi qərara aldı.
1919-cu il sentyabrın 15-də universitet komissiyasının son iclası oldu. İclasda Müvəqqəti Şura və Universitet İdarə Heyəti yaradıldı. 1919-cu il sentyabrın 29-da “Bakı Dövlət Universitetinin Nizamnaməsi” Parlament tərəfindən təsdiq edildi. Beş fəsildən, 72 maddədən ibarət nizamnamədə universitetin təşkilati quruluşu, onun elm və tədris sahələrinin fəaliyyəti, professor-müəllim heyətinin vəzifə və hüquqları müəyyənləşdirilmişdir. Çatışmayan işçiləri cəlb etmək üçün V.İ.Razumovski və N.A.Dubrovski 1919-cu ilin sentyabrında Rusiyanın cənub universitetlərinin fəaliyyət göstərdiyi şəhərlərə getdilər. Rostov-Donda, Yekaterinoslavda və Xarkovda bir sıra görkəmli alimlərin razılığını aldılar. Universitet komissiyasının üzvü professor B.K.Finkelşteyn avadanlıq, ədəbiyyat və s. almaq üçün Qərbi Avropaya getdi. 1919-cu il noyabrın 10-da Universitet Şurasının birinci iclası oldu. İclasda professorlann və başqa akademik heyətin tərkibi təsdiq edildi. 1919-cu il noyabrın 15-i universitetdə birinci dərs günü elan olundu.
İlk tədris ilində universitetdə təhsil alan tələbələrin sayı 877 nəfər idi. Bundan başqa, universitetə 217 azad dinləyici qəbul edilmişdi. BDU özünün ilk bəhrəsini 1922-ci ildə verdi: 30 nəfər gənc ali təhsilli həkim adına layiq olmaları barədə universitet diplomu aldı. Bu məzunların iki nəfəri azərbaycanlı qızlar idi: Ədilə xanım Şahtaxtlı tibb sahəsində ilk azərbaycanlı qadın elmlər doktoru, Cənnət xanım Sultanova isə respublikanın adlısanlı həkimi oldu.
Bakıda universitetin yaradılması böyük tarixi önəm daşıyırdı. Bununla xalqın elm, təhsil və mədəniyyətə olan marağı daha da artdı. Azərbaycanlılar müasir universitet təhsili almaq üçün imkan qazandılar. Azərbaycanda universitet təhsilinin təməli qoyuldu ki, bu da milli şüurun, müstəqil dövlətçilik hisslərinin gücləndirilməsinə təsir edirdi. Universitetin yaradılmasının əhəmiyyəti yalnız Azərbaycan çərçivəsi ilə məhdudlaşmırdı. Onun fəaliyyəti bütün müsəlman və türk dünyasına təsir göstərirdi.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı bir çox təsisatlar, dövlət rəmzləri və atributlarımız ləğv edilmiş, ilk müstəqil dövlətimizin özü kimi, bunlar da yalnız arxiv sənədlərində və vətənpərvər insanların xatirəsində yaşamalı olmuşdur. Xalq Cümhuriyyətinin yaratdığı möhtəşəm elm abidəsi – Bakı Dövlət Universiteti bu təzyiqlərə davam gətirmiş, uzun illərin sınağından alnıaçıq, şərəflə çıxmışdır. Bu dövr ərzində bir neçə dəfə adı dəyişdirilmiş, əməkdaşları repressiya və təzyiqlərə məruz qalmış, lakin mahiyyəti – vətən övladlarına ziya vermək amalı heç vaxt dəyişməmişdir.
Tövsiyə edilən ədəbiyyat: