Tarixdən səhifələr

Laçın rayonun işğaldan azad olunması

Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Ümumi sahəsi 1835 km2 olan Laçın rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ərazi çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon kimi təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olmuşdur.

Bеynəlxalq Əlillər Günü

Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi — ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir. Dünyada təxminən bir milyard əlil yaşayır və onlar cəmiyyətin həyatında tamhüquqlu üzv kimi iştirak etmək üçün fiziki, ictimai-iqtisadi və davranış məhdudiyyətləri ilə üzləşirlər.

Beynəlxalq Könüllülər Günü

Könüllülük Azərbaycanın qədim tarixi adət-ənənələrinə doğma olan bir xarakterdir. Könüllülər hərəkatının bizim üçün ən yüksək forması Vətəni könüllü müdafiə etməkdir. Könüllülər heç bir karyera düşünmədən Vətənin müdafiəsi uğrunda döyüşlərdə iştirak edərək şəhidlik zirvəsinə yüksəlmişlər. Ümumiyyətlə, Azərbaycan tarixində könüllü fəaliyyət zamanın hər bir dövrünə sirayət etmiş, özünü göstərmişdir. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətin bütün təbəqələrini əhatə etmiş, gənclərin həyat tərzinə çevrilmişdir.

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı

Azərbaycan milli rabitəsi özünəməxsus inkişaf tarixinə malikdir. Hələ 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən poçtun dövlət səviyyəsində təşkil edilməsinin təməli qoyulmuşdur. Azərbaycanda ilk rabitə müəssisəsinin - poçtun yaranması XIX əsrin əvvəlinə aid edilir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılmışdır. Bakıda ilk telefon rabitəsi isə, 1881-ci ildə yaradılmış, həmin il dekabrın 6-da "Nobel qardaşları" cəmiyyəti tərəfindən ilk telefon xətti çəkilmişdir. 1885-ci ilə qədər Bakıda artıq 14 telefon xətti mövcud olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin yaradılması

Azərbaycan Xalq Cümhuriyyəti və onun Parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. Rusiyada baş vermiş 1917-ci il fevral inqilabından sonra Zaqafqaziyda Dövlət Dumasına seçilmiş deputatlardan ibarət Zaqafqaziyanın idarəsi üzrə xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissariatı yaradılır. Zaqafqaziyadan Rusiyanın Müəssisələr Məclisinə seçilmiş və bolşeviklərin oktyabr çevrilişindən sonra orada iştirak edə bilməyən nümayəndələri 1918-ci il fevralın 14-də Tiflisdə toplaşırlar və Zaqafqaziyada ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradırlar.

İnsan Hüquqları Günü

“Bütün insanlar azad və bərabərdir” tezisinə əsaslanan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 10 dekabr 1948-ci ildə bu günü İnsan Hüquqları Günü olaraq qəbul etmişdi. İnsan hüquqlarının qorunmasının əhəmiyyəti o qədər böyükdür ki, BMT Baş Məclisi 1950-ci ildə bütün dövlətlərə və maraqlı təşkilatlara dekabrın 10-u gününü İnsan Hüquqları Günü kimi qeyd etməyi tövsiyə edib. Dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş, BMT-nin İnsan hüquqları haqqında Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara qoşulmuşdur.

Ümummilli lider Heydər Əliyevin anım günü

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir.

Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı

Müasir dövrdə çoxsaylı ekoloji problemlərin həlli üçün əsas baza bütövlükdə, iqtisadiyyatın tarazlı inkişafı, onun ekolojiləşdirilməsi səmərəli idarə olunması və ən əsası isə qorunması və təhlükəsizliyinin təmin edilməsidir. Bu mühüm və məsuliyyyətli işi isə, öz öhdəsinə FHN işçiləri götürmüşdür. Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il 16 dekabr tarixli Sərəncam imzalamışdır. Prezidentin 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən isə hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı

17 dekabr - Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi (MSN) əməkdaşlarının peşə bayramıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 10 noyabr tarixli Sərəncamı ilə hər il dekabrın 17-si MSN işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Azərbaycanda müdafiə sənayesinin inkişaf tarixi geniş və çoxşaxəli olmuşdur. Xalqımız dünya hərbi-sənaye elminin, texnikasının və istehsalın yüksək səviyyəyə çatmasında xüsusi əhəmiyyəti olan əksər yenilikçi işlərdə fəal iştirak etmişdir. Keçmiş SSRİ dövründə ilk sovet raketləri üçün bərk, qatılaşdırılmış raket yanacaqları hələ 1932-ci ildə Bakıda qatılaşdırılmış benzin əsasında yaradılmışdır.

Azərbaycanın Yeni Avropa üçün Paris xartiyasına qoşulması

ATƏT 1970-ci illərdə dünyada ağır ab-havanın hələ də mövcud olduğu, Qərblə Şərq arasında çoxtərəfli foruma, dialoqa ehtiyac duyulduğu bir zamanda yaradılmışdır. Əsası 1972- ci ilin sonunda qoyulmuş və rəsmi olaraq 3 iyul 1973-cü ildə açıq elan edilən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi istər sıralarında birləşdirdiyi dövlətlərin sayına, istərsə də əhatə etdiyi coğrafi məkanın ölçülərinə görə ən nəhəng regional təşkilatdır. Onun hüdudlarına Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri, habelə Şimali Amerikanın iki nəhəng ölkəsi daxildir. Bu təşkilat öz daxilində həm avro-atlantik, həm də avro-asiya məkanı ölkələrini cəmləşdirir.

Akademik Ziya Bünyadov

Ziya Musa oğlu Bünyadov1923-cü il dekabrın 21-də Azərbaycanın Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olub. O, on altı yaşında ikən Göyçay şəhərində orta məktəbi bitirib. 1941-ci ildə Bakı Hərbi Piyadalar Məktəbini bitirdikdən sonra leytenant Z.Bünyadov Böyük Vətən müharibəsi cəbhələrində vuruşub, Ukrayna, Moldova, Qafqaz, Belarus, Polşa və Berlin uğrunda döyüşlərdə fəal iştirak edib. O, iki dəfə yaralanıb və kontuziya alıb. Hərbi tapşırığı yerinə yetirərkən göstərdiyi şücaətə, qəhrəmanlıq və igidliyə görə 1945-ci il fevralın 27-də Z.Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Görkəmli dövlət xadimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dekabrın 24-ü doğum günüdür. İlham Heydər oğlu Əliyev 24 dekabr 1961-ci ildə Bakı şəhərində görkəmli dövlət və ictimai xadim Heydər Əliyevin ailəsində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil almışdır. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil almışdır. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olmuşdur. 30 aprel 1994-сü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Dövlət Neft Şirkətinin xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti təyin edilmişdir.

Beynəlxalq Kino Günü

Dekabrın 28-də dünyada Beynəlxalq Kino Günü qeyd olunur. Kino sənətinin yaranması XX əsrdə göstərilən "sehrli lampa" (lat. Laterna magica) ilə başlayır. Bu qurğu ilə şüşə üzərində çəkilmiş şəkil ardıcıllığını (diaprojektora oxşar olaraq) divara salmaqla göstərmək olurdu. Qurğu əl ilə işləyirdi. 1832-ci ildə alman Simon Ştamfer və belçikalı Yozef Platyo bir-birindən xəbərsiz eyni vaxtda "canlı çarx"ı düzəldirlər. Bu çarx sehrli lampanın prinsipi ilə işləyirdi. O fırlandıqda onun üzərindəki şəkillərin ardıcıl hərəkəti nəticəsində səlis hərəkətli kadrlar almaq olurdu. Mühəndis Frans fon Uxatius 1845-ci ildə bu iki qurğunun kombinasiyasına əsaslanan yeni qurğu ixtira edir.

“ASAN xidmət” işçilərinin peşə bayramı

Bu gün “ASAN xidmət” işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyev 2012-ci il dekabrın 29-da ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başladığını nəzərə alaraq, 2017-ci il dekabrın 29-da hər il həmin günün ölkəmizdə “ASAN xidmət” işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barəsində Sərəncam imzalayıb. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılıb. Mərkəz doqquz dövlət orqanının təklif etdiyi 23 xidməti həyata keçirməklə fəaliyyətə başlayıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Hər il dekabr ayının son gününün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə - müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir. Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası

Mühüm dövlətçilik təsisatlarından olan Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının yaradılması bilavasitə Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Akademiya Ümummilli lider Heydər Əliyevin 1 dekabr 1998-ci il tarixli 37 nömrəli Sərəncam ilə yaradılıb.Müstəqil dövlət quruculuğunda təhsilin, əvəzsiz rolu oldugunu dəqiq müəyyənləşdirən Heydər Əliyev zəngin yaradıcılıq irsi, dövlətçilik siyasəti və fəaliyyəti nəticəsində Azərbaycan təhsil sisteminin milliliyini qoruyub saxlamışdır.

ATƏT-in Lissabon Zirvə görüşü

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra, dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmiş oldu. Belə bir şəraitdə milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Əsas prioritet istiqamət isə hərbi işğal, etnik təmizləmə, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının kobudcasına pozulması, ölkənin böyük bir hissəsində tarixi və mədəni irsimizin ermənilər tərəfindən dağıdılması faktlarını dünya ictimayyətinə çatdırılması idi.

General Fərəc bəy Ağayev

General Fərəc bəy Ağayev Qarabağın Şuşa şəhərində 4 dekabr 1811-ci ildə bəy ailəsində dünyaya gəlib. İlk hərbi təhsilini Tiflis kadet korpusunda aldıqdan sonra 1837-ci ildə Qafqaz Əlahiddə Ordusunda müsəlman süvari polkunda xidmətə başlayıb. Xidmətinin yeddinci ilində ən yaxşı qvardiya rotmistri Fərəc bəy eskadron komandiri kimi Peterburqa göndərilir. Peterburqda o, birinci Nikolayın xüsusi qvardiya kazak polkunda leyb-qvardiya komandiri vəzifəsinə təyin olunur. Öz qeyri-adi hərbi qabiliyyəti, nizam-intizamı ilə Fərəc bəy I Nikolayın və onun arvadı Mariya Aleksandrovnanın diqqətini cəlb edir. Uzun müddət Peterburqda Rusiya imperatorunun şəxsi mühafizəçisi olur.

İctimai-siyasi xadim Teymur xan Makinski

Teymur xan Makinski 1874-cü ildə İrəvanda anadan olmuşdur. XX əsrin əvvəlində Azərbaycanda milli azadlıq hərəkatının fəal iştirakçılarından biri, ictimai-siyasi xadim olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Teymur xan Makinski İrəvan gimnaziyasını, 1916-cı ildə isə Varşava Universitetinin hüquq fakültəsini birinci dərəcəli diplomla bitirmişdir. Teymur xan Makinski XX əsrin əvvəlində Azərbaycanda milli azadlıq hərəkatının fəal iştirakçılarından biri olmuşdur. İctimai-siyasi xadim Teymur xan Makinski Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan sonra isə (1918, 26 may) Azərbaycan Milli Şurasının üzvü olmuşdur.

Görkəmli ictimai-siyasi xadim Əhməd bəy Ağayev (Ağaoğlu)

Əhməd bəy Mirzə Həsən oğlu Ağayev 1869-cu ildə Şuşada anadan olmuşdur. O, türkçülük hərəkatı ideoloqlarından biri, görkəmli ictimai-siyasi xadim, publisist, yazıçı, hüquqşünas, şərqşünas-islamşünas alim, jurnalist və pedaqoq idi. Qarabağ xanı Pənahəli хаnın nəslindəndir. İlk təhsilini Şuşadakı rus məktəbində və Tiflis gimnaziyasında almış, Peterburq Mühəndis-Texniki İnstitutuna daxil olub, lakin təhsilini yarımçıq qoyaraq 1888-ci ildə Parisə getmiş və orada hüquq məktəbini, sonra isə Sarbonna Universitetini bitirmişdir. Burada Şərq xalqlarının tarixini, ərəb, fars və türk dillərini mükəmməl öyrənmiş, 1890-cı ildə Şərq fəlsəfəsinə və ədəbiyyatına dair ilk elmi məqaləsini nəşr etdirmişdir.

Azərbaycan Respublikasında ilk bələdiyyə seçkilərinin keçirilməsi

Azərbaycanda ilk yerli özünüidarəetmə anlayışının formalaşması XIX əsrin ikinci yarısına təsadüf edir. 1878-ci ildə Bakı şəhərində ilk dəfə olaraq yerli özünüidarəetmə orqanı olan Bakı Şəhər Dumasına seçkilər keçirilir. Dumaya seçkilərdə hər kəs namizəd ola bilməzdi, seçkidə iştirak üçün bir sıra məhdudiyyətlər və ilkin şərtlər qoyulmuşdu. Duma üzvlüyünə iri neft sənayeçiləri, tacirlər, fabrik, gəmi sahibləri seçilirdilər. Qoyulmuş məhdudiyyətlərə əsasən Bakı Şəhər Dumasına seçilən Duma üzvləri arasında yalnız Həsən bəy Zərdabi, müəllim Həbib bəy Mahmudbəyov, Ə. M. Topçubaşov kimi barmaqla sayılacaq qədər az sayda ziyalılar yerli əhalini təmsil hüququ əldə etmişdilər.

Cənubi Azərbaycanda milli demokratik və azadlıq hərəkatı

İkinci dünya müharibəsi qurtarandan sonra keçmiş müttəfiqlər, birinci növbədə ABŞ və İngiltərə ilə SSRİ arasında getdikcə dərinləşən ziddiyyətlər onların İrandakı siyasətində də əksini tapdı. Onlar öz mənafelərinə uyğun olaraq İranda bu və ya digər qüvvələri hakimiyyətə gətirməyə çalışırdılar. Tehranın irticaçı dairələri milli-demokratik hərəkatın düşmənləri ilə əlbir olaraq əhalinin müxtəlif qrupları arasında toqquşmalar təşkil edirdilər. Hadisələrin gedişi Azərbaycan demokratlarını müdafiə tədbirləri görməyə məcbur etdi. 1945-ci ilin sentyabr ayında Azərbaycanın bir sıra yerlərində silahlı fədai dəstələri yaranmağa başladı.

Yeni Azərbaycan Partiyasının I Qurultayı

Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyasının yaradılması müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda hakimiyyətin milli maraqlara zidd siyasəti nəticəsində ölkədə ictimai-siyasi böhranın, iqtisadi tənəzzülün hökm sürdüyü dövrə təsadüf edir. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi.

Azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası (23 dekabr 1947-ci il)

1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası ermənilərin və onların havadarlarının İkinci Dünya müharibəsinin sonunda Sovet İttifaqının üstün mövqeyə çıxması ilə yaranan şəraitdən bəhrələnmək siyasətinin növbəti mərhələsi idi. 1945-ci il mayın 15-də Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Q.Arutinov məktubla SSRİ Xalq Komissarları Sovetinin sədri İ.Stalinə müraciət edərək, xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına “qaytarılması” haqqında qərarın qəbul edilməsini xahiş edir. İyunun 6-da İ.Stalin Kremldə Q.Arutinovu qəbul edir.

Georgiyevsk müqaviləsi (1802)

XVIII-XIX əsrin hüdudlarında Azərbaycanın daxili və beynəlxalq vəziyyəti çox mürəkkəb idi. Azərbaycan ərazisi xırda feodal dövlətlərə parçalanmışdı. Qonşu əraziləri ələ keçirmək uğrunda xanlar arasında ardı-arası kəsilməyən müharibələri, feodallarla kəndlilər arasında sinfi ziddiyətlərin güclənməsi, iqtisadi tənəzzül Azərbaycanın daxili vəziyyəti üçün səciyəvi hal idi. Rusiyanın Cənubi Qafqaz barəsindəki işğalçı niyyətləri, İran işğalçılarının viraneidici yürüşləri vəziyyəti daha da gərginləşdirirdi.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması

Neft sənayesi həyatımızda olduqca vacib bir rol oynayır. Neft Azərbaycan xalqının milli sərvəti olsa da, uzun illər boyu bu qiymətli sərvət əvvəllər Çar Rusiyasının, sonralar isə Sovet dövləti tərəfindən yetərincə istismar olunub. Lakin dövlət müstəqilliyimizi yenidən bərpa etdikdən sonra iqtisadiyyatı dərin tənəzzül keçirən Azərbaycan ilk növbədə məhz özünün zəngin karbohidrogen ehtiyatlarından Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yararlana bilib. 1990‐cı illərin əvvəllərində siyasi, iqtisadi və hərbi baxımdan çətin dövr keçirən Azərbaycan Heydər Əliyevin gərgin mübarizəsi nəticəsində “Əsrin müqaviləsi” nin imzalanmasına nail olur.