Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının təməl daşını təşkil edən “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başlandı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. “Əsrin müqaviləsi”nin mühüm tərkib hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edir. Ümummilli lider Heydər Əliyev bu məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ideyasını irəli sürdü. Bu ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cəhdlərinə baxmayaraq, Heydər Əliyevin səyi və gərgin keçən danışıqlar prosesinin məntiqi nəticəsi olaraq bu layihə həyata vəsiqə aldı. Belə ki, ATƏT-in 1999-cu il noyabrın 18-də İstanbulda keçirilən sammitində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bəyannamə imzalandı. Beləliklə də, Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradıldı. Daha sonra isə layihənin bəzi detallarının dəqiqləşdirilməsi, lazımi maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparıldı.
BP şirkəti layihənin operatoru seçildi və kəmərin tikintisi, istismarı üçün isə “BTC Ko.” şirkəti yaradıldı. Onun səhmdarları BP (30,1 faiz), SOCAR (25 faiz), “Chevron” (8,9 faiz), “Statoil” (indiki “Equinor”) (8,71 faiz), “TPAO” (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ConocoPhillips” (2,5 faiz) və “Amerada Hess” (2,36 faiz) şirkətləri oldu. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Bakı-Tbilisi-Ceyhan layihəsində iştirak etmək məqsədilə “AzBTC Co.” törəmə şirkətini təsis etdi və bu qurum layihənin iştirakçıları olan neft şirkətlərinin konsorsiumu tərəfindən yaradılmış “BTC Company” şirkətində 25 faizlik iştirak payı əldə etdi.
2002-ci il sentyabrın 18-də Bakıda - Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu. Bununla da, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının mühüm tərkib hissələrindən olan Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsinə başlanıldı. Kəmərin inşası üçün podratçı şirkətin müəyyən edilməsi məqsədilə beynəlxalq səviyyəli tender elan olundu. Tender prosesinin nəticəsi olaraq Yunanıstanın Konsolideytd Kontraktors Kompani (CCIC) şirkəti qalib elan edildi. 2003-cü ilin fevral ayında Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq kəmərin tikintisinə başlanıldı. 2004-cü ilin oktyabrında BTC-nin Azərbaycan hissəsi Gürcüstan ərazisindən keçən hissəsi ilə birləşdirildi.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 10 mart 2004-cü il tarixli fərmanı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə Heydər Əliyevin adı verilmişdir.
2005-ci il mayın 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir keçirildi. Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları İlham Əliyev, Mixeil Saakaşvili və Əhməd Necdət Sezər terminalda quraşdırılmış xüsusi qurğudakı sürgünü açdıqdan sonra kəmərlə ilkin neft axmağa başladı. BTC-nin Gürcüstan hissəsi 2005-ci ilin oktyabrında istifadəyə verildi.
2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyunun 14-də “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftin ilk partiyası Ceyhan dəniz terminalında “British Hawthorn” tankerinə yüklənərək dünya bazarına yola salındı. 600 min barrel xam neft yüklənmiş həmin tankerin Ceyhan limanından yola salınması ilə Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarına ixracı başlandı. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.
Xəzər dənizi ilə Aralıq dənizini birləşdirən bu yeni enerji dəhlizinin fəaliyyəti sayəsində Azərbaycan neftinin beynəlxalq bazarlara genişmiqyaslı nəqli və ölkədə çoxvariantlı ixrac strategiyasının həyata keçirilməsi üçün əlverişli imkan yarandı, eyni zamanda, ölkənin tranzit potensialı bir neçə dəfə artdı. Xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri “Əsrin müqaviləsi” çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunan xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilmiş boru nəqliyyat vasitəsidir. Kəmərin uzunluğu 1768 kilometrdir. Respublikamızın 13 rayonundan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafadan keçən kəmərin Azərbaycan hissəsinin uzunluğu 443 kilometrdir. BTC Gürcüstanda 7 və Türkiyədə 9 bölgədən keçir. Kəmərin qalan 249 kilometr Gürcüstanın, 1076 kilometr isə Türkiyənin ərazisindən keçir.
Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionunda mövqeyini xeyli gücləndirib, dövlətimizi Cənubi Qafqazın liderinə çevirib. Bu gün ulu öndər Heydər Əliyevin adını daşıyan BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihədir.
Tövsiyə edilən ədəbiyyat: