1952-ci ildə Azərbaycanda satirik jurnal olan “Kirpi”nin nəşrə başlaması zaman və dövrün tələbatı baxımından reallaşmışdır. Mövcüd nöqsanları ciddi tənqid etmək üçün “Molla Nəsrəddin” məktəbinin yeni məzmunda davamına, yeni satirik mətbu orqanına ciddi ehtiyac duyulduğu bir vaxtda oxucuları sevindirən jurnal dövrün neqativ hallarına qarşı barışmazlıq nümayiş etdirirdi.
“Kirpi” Respublika hökumətinin qərarı ilə ilk və yeganə rəsmi satira jurnalı olaraq yaradılmış və 1990-cı illərə kimi bu oxunaqlı jurnalın hər nömrəsi 400 min nüsxə ilə çap edilmişdir. “Kirpi” jurnalında bürokratizmə və rüşvətxorluğa qarşı mübarizə güclü idi. Mətbu orqan cəmiyyətin müxtəlif sahələrində rast gəlinən eybəcərlikləri ifşa etməli, həyatın inkişafına mane olan “yaramaz ünsürləri” kəskin tənqid atəşinə tutmalı idi. Müxtəlif vəzifə sahibləri “Kirpi”nin hədəfinə tuş gəlməkdən çəkinərdi. Jurnal mətbuatda Kommunist Partiyasının ideologiyası, siyasəti təbliğ olunduğu bir dövrdə öz kəskin yazıları, felyetonları, karikaturaları ilə tez bir zamanda sevilməyə başladı.
Jurnalın maraqlı və məzmunlu çıxması, gülməsi və güldürməsi, düşünüb-düşündürməsi oxucuların göndərdikləri məktublardan, qaldırdıqları məsələlərin dəyərindən, sanbalından, faydasından asılı idi. Fəaliyyətə başladığı ilk gündən jurnal öz qayəsini, məqsəd və məramını hamıya bildirmişdi: “Molla Nəsrəddin” ənənələrinə sadiq qalmaq, böyük Mirzə Cəlilin, dahi Üzeyir bəyin yolunu davam etdirmək!
Əvəz Sadıq, Qulam Məmmədli, Seyfəddin Dağlı, Salam Qədirzadə, Şamil Fərzəliyev, Eyvaz Borçalı və Polad Qasımov kimi müxtəlif ədəbi zövqə və qələmə məxsus ziyalılar ardıcıllıqla “Kirpi” jurnalının redaktoru olmuşdular. Jurnalın ilk redaktoru məşhur yazıçı-publisist Əvəz Sadıq idi. Öz kəskin felyetonları ilə tanınan Əvəz Sadıq dövrün, zamanın hadisələrinə ayna tutaraq öz yazılarında neqativ hallara qarşı mübarizə aparırdı. Onun konkret faktlara söykənən felyetonları geniş əks-səda doğurmaqla bərabər, nöqsanların aradan qaldırılmasında da təsirli rol oynamışdır. Satirik jurnalın son redaktoru isə Polad Qasımov idi. O, 1983-cü ildən “Kirpi” satirik jurnalında çalışırdı, 1995-ci ildən isə jurnalın baş redaktoru idi.
Nəşr olunduğu illər ərzində xeyli qələm sahibləri məhz bu jurnalda əsərlərini çap etdirərək satira - yumor sahəsində maraqlı bədii-publisistik əsərlər yaratmışlar. Azərbaycanın ünlü şair və yazıçıları, o cümlədən Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Süleyman Rəhimov, Sabit Rəhman, Əli Vəliyev, Rüfət Əhmədzadə və digərləri jurnalla müntəzəm əlaqə saxlamış, satirik şeir və hekayələrini dərgidə çap etdirmişlər. Hətta böyük Səməd Vurğunun “Çil toyuğun tək yumurtası” adlı satirik şeiri ilk olaraq “Kirpi” jurnalında dərc olunmuşdu.
“Kirpi” jurnalının nəşrə başlanması karikatura janrının inkişafında müstəsna rol oynamış və bu sahədə yeni ənənələrin yaranmasına təkan vermişdir. Jurnalda dərc olunan karikaturalar insanların həyatında, məişətində müşahidə olunan neqativ halların tənqid olunmasına xidmət edirdi. “Kirpi” jurnalının populyarlaşmasında xalq rəssamı İsmayıl Axundovun mühüm xidmətləri olmuşdur. “Kirpi” jurnalı müxtəlif nəsillərə mənsub olan peşəkar karikaturaçı rəssamları bir araya gətirməyi bacarmışdı ki, jurnalın oxunaqlı olması bu sahəyə peşəkar rəssamların axını ilə müşayiət olunmağa başlamışdı. Nəcəfqulu İsmayılov, Tahir Salahov, Ziya Kərimbəyli, Pyotr Şandin, Həsən Haqverdiyev, Sadıq Şərifzadə, Vsevolod Ternavski, Rizvan Quliyev, Ələkbər Zeynalov, Adil Quliyev, Oqtay Sadıqzadə, Güllü Mustafayeva, Hüseyn Əliyev, Arif Ələsgərov, Kazım Kazımzadə kimi görkəmli rəssam və karikatura ustalarımız yaratdıqları maraqlı əsərlərlə yadda qalmışlar.
“Kirpi” jurnalı 1952-ci ildən 1986-cı ilə kimi çoxminli oxucuların, peşə və sənət adamlarının ən çox oxuduğu və sevdiyi jurnal idi. Ulu Öndər Heydər Əliyev məcmuəyə çox həssaslıqla yanaşır, “Sağlam tənqid işə kömək edir. Tənqidi boğmaq, həqiqətin üstünü basdırmaq olmaz... Qoy, ədalət zəfər çalsın” - deyərdi. 1985-ci ildən başlayan proseslər, daha dəqiq desək, Mixail Qorbaçovun “yenidənqurma”sı, digər ictimai-siyasi, mədəni və təsərrüfat sahələrində olduğu kimi, ədəbi tənqidə, o cümlədən də “Kirpi” jurnalına mənfi təsir göstərdi. Belə ki, həmin dövrlərdən başlayaraq, jurnal ayda iki dəfə deyil, bir dəfə dərc olunmağa, siyasi və ictimai satiranın kəsəri azalmağa başladı. Ayda iki dəfə və ən azı 350 min tirajla dərc edilən jurnalın əvvəlki şöhrəti büsbütün itdi. İldə 3-4 nömrəsi cüzi tirajla buraxıldı. Jurnal rəhbərliyinin və əməkdaşların fədakarlıqları nəticəsində jurnal son illər qəzet köşklərində görünsə də əvvəlki şöhrətini bərpa edə bilmədi. Senzuranın ləğvi, mətbuatın loyallaşması kimi müstəqillik dövrünün tələbləri jurnalı daha operativ, daha çevik davranmağa sövq etsə də sovet dönəmindən miras qalmış astagəllik, ehtiyatlılıq onu miyanə mövqe tutmağa sürüklədi. 1990-cı illərin əvvəllərində çətin vaxtlarını yaşayan jurnal bir müddət çap olunmadı. Ömürlərini bu jurnala həsr etmiş, mərhum baş redaktor Polad Qasımov, jurnalın baş rəssamı Hafiz Nəsiroğlu jurnala ikinci ömür versələr də, 2017-ci ilin əvvəlindən - baş redaktor Polad Qasımovun vəfatından sonra onun nəşri dayandırıldı.
Tövsiyə edilən ədəbiyyat: