BMT Baş Assambleyasının 2013-cü il dekabrın 18-də qəbul etdiyi qətnaməyə əsasən hər il iyulun 30-u Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü kimi qeyd edilir. Dünyanın inkişaf etmiş əksər ölkələrində dövlət tərəfindən həyata keçirilən mühüm tədbirlərdən biri də insan alverinə qarşı mübarizədir.
Müasir dövr insan alverinin təhlükəliliyi onun müxtəlif formalarda həyata keçirilməsindədir. İnsan alverini yaradan səbəblərdən - əhalinin səmərəli məşğuliyyətinə məhdudiyyətlərin olması, qurbanların təhsil səviyyəsi, sosial müdafiəsi, yoxsulluğun mövcudluğu, əmək bazarında ayrı seçkilik, gender bərabərsizliyi və s. göstərmək olar. Ekspertlərin fikirlərinə görə daha çox qadınların bu cinayətlərin qurbanına çevrilməsinə təsir edən faktorlar sırasında yoxsulluğun, təhsilin davam etdirilməsinə və müvafiq işlə məşğuliyyətinə maneələrin olmasıdır.
Azərbaycan Respublikasının qanunvericiliyinə görə, insan alveri dedikdə, zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi başa düşülür. Azərbaycan digər dövlətlərlə insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq səviyyədə bir çox anlaşma, protokol, dövlətlərarası qarşılıqlı yardım sənədləri, konvensiya imzalayıb. Bütün sənədlərdə vurğulanır ki, bu cinayətə qarşı mübarizə aparmaq üçün dövlətlərin qarşılıqlı yardımlaşması labüddür. İnsan alveri insan hüquqlarını, ləyaqət və toxunulmazlığını birbaşa pozur.
Beynəlxalq normaların müddəaları nəzərə alınaraq Azərbaycan Prezidentinin 2004-cü il 6 may tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiq edilmiş, 2005-ci il iyunun 28-də insan alverinin profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsaslarını tənzimləyən “İnsan alverinə qarşı mübarizə haqqında” qanun qəbul olunmuşdur. Həmin il sentyabrın 30-dan Azərbaycanda insan alveri əməlinin cinayət kimi tanınması üçün qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilmişdir. Milli Fəaliyyət Planına əsasən, daxili işlər nazirinin 2004-cü il 19 may tarixli əmri ilə həmin planın həyata keçirilməsi üzrə məsul şəxs - Milli Koordinator təyin olunmuşdur. Həmin il nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bilavasitə tabe olan İnsan Alverinə Qarşı Mübarizə İdarəsi təsis edilmiş, sonradan bu işin əhəmiyyəti, beynəlxalq qurumların irəli sürdüyü tövsiyələr, habelə bir sıra Avropa dövlətlərinin təcrübəsi nəzərə alınaraq, ölkə Prezidentinin 2006 -cı il 1 avqust tarixli Fərmanı ilə DİN-in strukturunda müstəqil idarə - İnsan Alverinə Qarşı Mübarizə İdarəsi yaradılmışdır. Baş İdarə birbaşa İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatora tabe edilmişdir.
Azərbaycan Respublikası tərəfindən müxtəlif beynəlxalq sənədlərin ratifikasiyası, Dövlət Başçısının insan alverinə qarşı mübarizəyə dair 2004, 2009, 2014 və 2020-2024-cü illərdə dörd Milli Fəaliyyət Planı təsdiqləməsi, Dахili İşlər Nаzirliyinin strukturundа хüsusi pоlis qurumunun yaradılması, Milli Koordinator institutunun təsis edilməsi, qurbanlar üçün “Sığınacaq”, “Yаrdım Mərkəzi”, “Kömək Fоndu”, “Qaynar xətt” telefon xidməti, rəsmi internet səhifəsinin istifadəyə verilməsi, özündə 45 qеyri-hökumət təşkilatını birləşdirən İnsan Alvеrinə qarşı Qеyri-Hökumət Təşkilatları Kоalisiyası ilə əməkdaşlığa dair Anlaşma Mеmоrandumunun imzalanması, hökumət tərəfindən insan alveri qurbanlarının müəyyən edilməsi, sosial reabilitasiyası, xüsusi müəssisələrə yerləşdirilməsi, öz ölkələrinə repatriasiyası və Milli İstiqamətləndirmə Mexanizmi qaydalarının təsdiqlənməsi, eləcə də digər zəruri işlərin həyata keçirilməsi insan alverinə qarşı mübarizədə əhəmiyyətli irəliləyişlərin əldə olunmasını şərtləndirmişdir.
Bu gün ölkəmiz insan alverinə qarşı mübarizəyə yönəlmiş bütün beynəlxalq konvensiyalara qoşulmuşdur. Dövlət qurumları və qeyri-hökumət təşkilatları bu sahədə fəal iş apararaq, insan alverindən zərər çəkmiş şəxslərin reabilitasiyası üzrə layihələr həyata keçirir. Azərbaycan insan alverinə qarşı mübarizənin hüquqi müstəvidə həyata keçirilməsinə başlanıldığı 2004-cü ildən bugündək olan müddətdə əldə edilmiş müsbət nəticələrin davamlılığının təmin edilməsini qarşıda duran əsas məqsədlərdən biri hesab edir. Dünyəvi, dеmоkrаtik, hüquqi dövlət quruculuğu yolunu seçmiş, insan və vətəndaş hüquq və аzаdlıqlаrının təmin еdilməsini dövlət siyasətinin prioritet istiqaməti еlаn еtmiş Аzərbаycаn bеynəlхаlq səviyyədə insаn аlvеrinə qаrşı mübаrizəyə öz töhfəsini vеrməkdədir.
Tövsiyə edilən ədəbiyyat: