Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyulun 9-nun Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Diplomatiya gününün müəyyən olunması ilə bağlı bir neçə təkliflər nəzərdən keçirilib, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlə imzaladığı ilk müqaviləsi - Osmanlı Türkiyəsi ilə bağlanan müqavilə günü, Paris Sülh Konfransında Antanta dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanındığı gün və s. Lakin nəticədə qərara alınıb ki, arxivlərdən Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd 1919-cu il 9 iyul tarixli Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat olduğundan məhz bu tarix diplomatiya gününün əsasını təşkil etsin.
Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.
1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto tanınandan sonra Azərbaycan hökuməti tərəfindən Qərbi Avropa və Amerikada Azərbaycanın diplomatik nümayəndəliklərinin təsis edilməsinə dair qanun layihəsi hazırlanıb.
1922-ci il dekabrın 30-da Moskvada Birinci Ümumittifaq Sovetlər qurultayında SSRİ-nin yaradılması haqqında müqavilə imzalandı. Azərbaycanın müstəqil xarici siyasət fəaliyyəti tamamilə dayandırıldı. 1923-cü il oktyabrın 8-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin 529 saylı əmrinin birinci paraqrafı ilə Türkiyə və İran istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklər ləğv edildi.
Yalnız İkinci Dünya müharibəsinin sonlarına yaxın - 1944-cü ildə sovet hakimiyyəti özünün geniş strateji maraqlarını əsas götürərək digər respublikalarla yanaşı, Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığını da yaratdı. Lakin bu orqan uzun illər boyu yalnız formal mövcud oldu.
Ötən əsrin 70-80-ci illərində Azərbaycanın beynəlxalq əlaqələri əvvəlki illərə nisbətən genişləndi. 1978- 1979-cu illər İran inqilabı və 1979-cu ildə SSRİ-nin Əfqanıstana müdaxiləsindən sonra Azərbaycan sovet dövlətinin Şərq siyasətində yenidən mühüm rol oynamağa başladı. Azərbaycanın əhəmiyyəti artdı. Respublikanın paytaxtı bir çox beynəlxalq toplantıların keçirildiyi yerə çevrildi. Azərbaycan 70-ci illərdə Müsəlman Şərqinə təsir edən respublika oldu. Həmin illərdə Azərbaycanın beynəlxalq iqtisadi, mədəni, elmi-texniki və b. əlaqələrinin coğrafiyası daha da genişlənmişdi. 70-ci illərdə SSRİ XİN sistemində 40-a yaxın azərbaycanlı diplomat çalışırdı.
1991-ci il oktyabrın 18-də Azərbaycan yenidən müstəqilliyini elan etdikdən sonra onun beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən tanınması prosesi başlandı. Azərbaycan Respublikası 8 dekabr 1991-ci ildə İslam Əməkdaşlıq Təşkilatına, 30 yanvar 1992-ci ildə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, 2 mart 1992-ci ildə BMT-yə üzv qəbul edildi. 4 aprel 1992-ci ildə isə Birləşmiş Millətlər Təşkilatı yanında Azərbaycan Respublikasının daimi nümayəndəsi təyin edildi.
İlk olaraq, 14 yanvar 1992-ci ildə Türkiyə Cümhuriyyəti ilə diplomatik əlaqələr quruldu.
Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 9 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında yeni Əsasnamə təsdiq edilmişdir.
1993-cü ildə ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə həyata keçirilən milli dövlətçiliyin qurulması prosesi Xarici İşlər Nazirliyi sistemini də əhatə edib. Ulu Öndər Azərbaycanın xarici siyasətinin strateji ana xəttinin konturlarını cızıb.
Heydər Əliyev tərəfindən formalaşdırılan xarici siyasət strategiyası, ilk növbədə, respublikamızın milli maraqlarının aydın və dəqiq şəkildə müəyyən edilməsini, bərabərhüquqlu, daxili işlərə qarışmamaq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında qonşu dövlətlər və dünya birliyi ilə mehriban münasibətlərin qurulmasını, eyni zamanda, Avratlantik inteqrasiya xəttinin tutulmasını, uğurlu enerji və nəqliyyat infrastrukturları diplomatiyası vasitəsilə uzunmüddətli perspektivdə davamlı inkişafın əldə edilməsini, xarici siyasətimizin manevr imkanlarının və strateji dərinliyinin artırılmasını, ən əsası Ermənistanın Azərbaycana qarşı təcavüzünün məhəlli səviyyədən çıxarılaraq beynəlmiləlləşdirilməsini, işğalın nəticələrini aradan qaldırmaq üçün Ermənistana qarşı beynəlxalq siyasi təzyiqin gücləndirilməsini və son hədəf olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının təmin olunmasını özündə ehtiva edib.
Ümummilli liderin xarici siyasət xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini uğurla müdafiə edir.
Azərbaycanın beynəlxalq və regional problemlərin həllində rolu və nüfuzu getdikcə artır. Regionun lider dövləti olan Azərbaycan dünya miqyasında öz sözünü deyən ölkələrdəndir. Təsadüfi deyildir ki, bu gün Azərbaycan öz milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün nadir əməkdaşlıq məkanına çevrilib. Qazanılmış uğurlar vahid strategiya çərçivəsində ölkə rəhbərliyinin müəyyən etdiyi prioritet vəzifələrə uyğun olaraq Azərbaycan Respublikası tərəfindən həyata keçirilən müstəqil xarici siyasətin səmərəliliyini, təsir qüvvəsinin genişliyini və tarazlılığını bir daha təsdiq edir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində Ermənistanın 30 ilə yaxın işğalı altında saxladığı torpaqlarımız düşmən tapdağından azad edilib. Bu haqq savaşında dünyanın bir sıra dövlətləri Azərbaycana siyasi dəstəyini nümayiş etdirib. Müharibədən sonra dövlət başçısının apardığı siyasətin nəticəsində bir sıra ölkələr Qarabağdakı yenidənqurma işlərində iştiraka hazır olduqlarını bəyan ediblər.
Hazırda Azərbaycan Respublikasının 183 xarici ölkə ilə diplomatik əlaqələri qurulmuşdur. Azərbaycanın 59 ölkədə səfirliyi, 9 şəhərdə baş konsulluğu, 17 ölkədə fəxri konsulluğu fəaliyyət göstərir. Azərbaycanın 19 beynəlxalq təşkilat yanında nümayəndəliyi mövcuddur. Eyni zamanda, Azərbaycanda 66 ölkənin səfirliyi və 3 ölkənin 4 baş konsulluğu, 13 ölkənin fəxri konsulluğu fəaliyyət göstərir. Azərbaycanda 21 beynəlxalq təşkilatın nümayəndəliyi fəaliyyət göstərir.
Bu gün 1000-ə yaxın peşəkar diplomat ölkə daxilində və xarici dövlətlərdə, beynəlxalq və regional təşkilatlarda Azərbaycanın milli maraqlarının qorunması, ölkəmizin beynəlxalq aləmdə layiqincə təmsil olunması və xarici siyasət xəttinin müvəffəqiyyətlə həyata keçirilməsi yolunda fəaliyyət göstərir.
Tövsiyə edilən ədəbiyyat: