Tarixdən səhifələr

Azərbaycan Polisi Günü

İyulun 2-də Azərbaycanda polis günüdür. Ümummilli lider Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan polisi günü elan edilib.

Azərbaycanda ilk dəfə müstəqil polisin yaranması Azərbaycan Demokratik Cumhuriyyətinin yaranması ilə birbaşa bağlıdır.

1918-ci il may ayının 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılmışdır. 1918-ci il iyunun 24-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti “Hökumət müəssisələrinin öz vəzifələrini tərk etmiş qulluqçuları haqqında” 178 №-li 42-a bəndli qərar qəbul etdi. Qərarının əməli həyata keçirilməsi üçün daxili işlər naziri B.Cavanşirin məruzəsi üzrə 2 iyul 1918-ci ildə Gəncə quberniyasında müstəqil polisin yaradılması haqqında, yeni ştatlar və əməkhaqqının artırılmasını nəzərdə tutan və bunu təsdiq edən xüsusi bir qərar qəbul etdi. Bu, müstəqil Azərbaycan polisinin yaranmasını hüquqi cəhətdən özündə təsbit edən dövlət qanunvericilik aktı idi. Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri və daxili işlər naziri vəzifəsini Fətəli xan Xoyski tutmuşdur (28.05.1918 – 17.06.1918). Fətəli xan Xoyskidən sonrakı daxili işlər nazirləri Cavanşir Behbudxan(17.06.1918 – 26.12.1918), Xəlil bəy Xasməmmədov (26.12.1918 – 16.06.1919), Nəsib bəy Usubbəyov (16.06.1919 – 22.12.1919), Məmmədhəsən Hacınski (22.12.1919 – 15.02.1920) və Mustafabəy Vəkilov (15.02.1920 – 28.04.1920) olmuşdur. 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə, nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin ön sıralarında olmuşdur.

1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə İttifaq Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan SSR Daxili İşlər Nazirliyi sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan orqan idi. Lakin buna baxmayaraq, həmin dövrdə Azərbaycanın daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində böyük təcrübə qazanmış, yüksək bilik və peşə hazırlığı əldə etmiş, respublikada asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanmış, təşkilati cəhətdən möhkəmlənmişdir. Sovet Azərbaycanının ilk daxili işlər naziri Həmid Sultanov (28.04.1920 – 01.06.1921) olub. Polisin adı da dəyişdirilərək milis adlandırılıb. Pristavlar işdən götürülüb, onların yerlərinə komissarlar təyin olunmuşdur.
1941-45-ci illərdə faşizm ilə mübarizədə Azərbaycan polisinin 800 nəfərə yaxın əməkdaşı rəşadətlə vuruşmuş, qəhrəmanlıq, igidlik nümunələri göstərərək yüksək orden və medallara layiq görülmüşlər.

1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görülüb.

Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra ölkə daxilində hakimiyyət uğrunda gedən mübarizənin yaratdığı vətəndaş qarşıdurması, xarici qüvvələrin dəstəklədiyi Ermənistanın Azərbaycana qarşı təcavüzü respublikanı uçuruma doğru sürükləyirdi. Belə bir zamanda, xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından, yəni 1993-cü ilin iyun ayının 15-dən sonra xaosdan qurtuluşa keçidin əsası qoyuldu, ölkənin ictimai-siyasi həyatında və kriminogen durumda köklü müsbət dəyişikliklər baş verdi. İntensiv surətdə həyata keçirilən tədbirlərdən biri də hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının sıralarının saflaşdırılması, dövlətə, xalqa sədaqətli şəxsi heyətin formalaşdırılması, peşə borcunu, qanunun aliliyini hər şeydən üstün tutan əməkdaşların xidmətə cəlb edilməsi idi.

Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” Fərmanla cinayətkarlığa qarşı mübarizə işinin konseptual əsasları yaradıldı. Ölkədə sabitlik bərqərar edildi və cinayətkarlığın artan dinamikasının qarşısı alındı. Xüsusilə mütəşəkkil cinayətkar qruplaşmalara qarşı kəsərli tədbirlər həyata keçirilməyə başlandı.

Cəmiyyətdə ictimai-siyasi sabitlik, əmin-amanlıq tam bərpa edilərək dönməz xarakter aldı, kriminogen durum nəzarətə götürüldü. İnsanların polisə və bütövlükdə dövlət strukturlarına inamı və etimadı artdı. Sonrakı dövrlərdə daxili işlər orqanlarının normativ-hüquqi bazasının və təşkilati əsaslarının yaradılması üçün qanunlar qəbul edildi, fərmanlar, sərancamlar verildi. Nazirlik sistemində müasir dövrün tələblərinə uyğun islahatlar aparılaraq yeni struktur qurumlar yaradıldı, daxili işlər orqanları əməkdaşlarının sosial müdafiəsinə yönəlmiş bir sıra fərman və sərəncamlar imzalandı.

2003-cü ilin oktyabrında İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu, ictimai-siyasi sabitliyin, asayişin təmin olunması gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrildi. Dövlətimizin başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Ötən illər ərzində xidməti fəaliyyətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalanıb. O cümlədən nazirliyin strukturunun və normativ-hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb.

Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz vətənpərvərliklərini və şücaətlərini şanlı Vətən müharibəsində də nümayiş etdirdi. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcək.


Tövsiyə edilən ədəbiyyat:

  1. Әлијарлы, Илтифат Муса оғлу. Мүстәгил Азәрбајҹан полисинин јаранмасы вә фәалијјәти : 1918-1920-ҹи илләр / И. М. Әлијарлы, Т. Р. Беһбудов ; елми ред. А. Пашајев. - Бакы : н. ј., 1998. - 160 с.
  2. Polis Akademiyasının tarixi : 1921-2001 / Azərbaycan Respublikası DİN-in Polis Akademiyası ; tərt.: R. İ. Rəsulov, N. H. Cəfərli ; red. U. H. Canıyeva. - Bakı : Novruz-94 nəşriyyatı, 2001. - 120 s.
  3. Əliyarlı, İltifat Musa oğlu. Azərbaycan Daxili İşlər Orqanlarının tarixi : ensiklopedik soraq kitabı / İ. M. Əliyarlı, T. R. Behbudov ; elmi red. İ. Ö. Vəliyev. I kitab: Xronoloji toplu : 1840-2003-cü illər. - Bakı : Azərbaycan Milli Ensiklopediyası NPB, 2003. - 248 s.
  4. Qarayev, Faiq Sarı oğlu. Polis mənəvi ideyanın gerçəkliyidir : monoqrafiya / F. S. Qarayev ; elmi red. A. İ. Tağıyev. - Bakı : Mütərcim, 2017. - 312 s.
  5. Əliyarlı, İltifat Musa oğlu. Azərbaycan Polisinin yaranması və təşəkkülü tarixindən : 1918-1920-ci illər: qısa tarixi tədqiqat / İ. M. Əliyarlı ; elmi red. Ş. Qasımov. - Bakı : Mütərcim, 2018. - 128 s.
  6. Məmmədov, Tohid Dilən oğlu. Azərbaycan Respublikasının Beynəlxalq Cinayət Polisi Təşkilatı və onun "İnterpol" sistemində fəaliyyəti / T. D. Məmmədov ; layihənin rəh. Y. M. Mahmudov ; elmi red. H. C. Əlibəyli ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Elm və təhsil, 2020. - 528 s.