Tarixdən səhifələr

Dünya Azərbaycanlıların III qurultayı

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ötən dövr ərzində milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirmiş, iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun şəksiz lider dövlətinə çevrilmişdir. Əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin möhkəmlənməsinə, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuş, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmış, ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün zəmin yaratmışdır.

Dünya azərbaycanlılarının I qurultayı 2001-ci il noyabrın 9-10-da ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə keçirilmişdir. Məhz bu qurultay xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etmiş, milli diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Qurultay müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyi və fəallığının artmasına ciddi təsir göstərmişdir.

Azərbaycan Prezidentinin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması həmin il dekabrın 27-də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının təşkilatlanması prosesini daha da gücləndirmişdir.

Ümummilli liderimizin ideya və prinsiplərinə sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyev də ulu öndərin bu siyasətini uğurla davam etdirir. Dövlətimizin başçısının Azərbaycan həqiqətlərinin daha geniş coğrafiyada dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində qarşıda duran vəzifələri müzakirə etmək məqsədi ilə 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq həmin il martın 16-da Bakıda Dünya azərbaycanlılarının II qurultayı keçirilmişdir. Bu mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuşdur.

Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzalamışdır. 2008-ci il dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edilmişdir.

"Dünya azərbaycanlilarının III Qurultayının keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü ilə bağlı Tədbirlər Planı"na əsasən III Qurultay 2011-ci il iyul ayının 5-6-da Bakı şəhərində keçirilmişdir.

III qurultayda 42 ölkədən seçilmiş 600 nümayəndədən 579 nəfəri, habelə dünyanın 30 ölkəsindən 211 nəfər qonaq qismində iştirak etmişdir. Ən çox nümayəndə və qonaqlarla təmsil olunan ölkələr sırasında Rusiya Federasiyası 155, Türkiyə 101, Ukrayna 49, Almaniya 43, Gürcüstan 41, ABŞ 28, İsveç Krallığı 23, Niderland Krallığı 21, İsrail 17, Özbəkistan 13, Fransa 12, Böyük Britaniya və Şimali İrlandiya Krallığı 11, Kanada 10 nəfərlə təmsil olunmuşlar. Ümumilikdə qurultayda 1872 nəfər iştirak etmişdir.

Qurultay nümayəndələrinin 182 nəfəri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin rəhbərləri olmuşdur.

Qurultayda Azərbaycan Respublikasının bütün bölgələrindən olan nümayəndələr də iştirak etmişdir. Azərbaycan Respublikasının dövlət və hökumət strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumlar və siyasi partiyalardan 677 nümayəndə və 405 qonaq qurultayda iştirak etmişdir. Qurultaya ümumilikdə 13 ölkənin parlamentindən 37 deputat qatılmışdır.

Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə malik olan bu qurultayın işini 21 xarici ölkədən 37 nəfər, eyni zamanda, respublikamızda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin 163 nümayəndəsi işıqlandırmışdır. Bu mötəbər tədbirdə xarici ölkələrdən nümayəndə və qonaq qismində 102 nəfər gənc iştirak etmişdir.

Dünya Azərbaycanlılarının III Qurultayının yekununda bir sıra qərarlar qəbul edilib. Qəbul edilən sənədlər arasında qurultayın ümumi müraciəti, qurultayın dünya azərbaycanlılarına, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici ölkə parlamentlərinə müraciətləri də var.

Həmçinin Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının fəaliyyətinin yenidən təşkili ilə bağlı məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Qurultayda Şuranın fəaliyyətini davam etdirmək barədə qərar qəbul edilmişdir. Şuranın tərkibində Rəyasət Heyəti ləğv olunaraq, İcra Katibliyi yaradılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev yenidən Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri isə icra katibi seçilmişdir. Əlaqələndirmə Şurası üzvlərinin sayı 107-dən 115-ə çatdırılmışdır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Arzumanlı, Vaqif Minad oğlu. Azərbaycan diasporu : reallıqlar, qayğılar, problemlər: monoqrafiya / V. M. Arzumanlı ; elmi red. V. Həbiboğlu ; AMEA Beynəlxalq Münasibətlər İnstitutu. - Bakı : Qartal, 2001. - 800 s.
  2. Dünya Azərbaycanlılarının III Qurultayı : Bakı. 5 iyul 2011-ci il / Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ; tərt. L. Həmzəyeva [et al.] ; red.: N. Qurbanov, E. Miraləm ; bur. məsul N. İbrahimov. - Bakı : Adventa MMC, 2011. - 240 s.
  3. Hüseynzadə, Fuad Abı oğlu. Dünya azərbaycanlılarının palitrası / F. A. Hüseynzadə ; red. N. Əliyev. - Bakı : Apostrof, 2016. - 436 s.
  4. Dünya Azərbaycanlıları: məlumat kitabı / tərt. M. N. Bağıyeva [et al.] ; red. Q. M. Əliyev ; elmi red. Ə. M. Həsənov. I cild. - Bakı : Azərbaycan nəşriyyatı, 2006. - 424,[4] s.
  5. Azərbaycan diasporu : transmilli əlaqələr / M. H. Seyidbəyli, R. Cəfərova, X. C. Qəhrəmanova [et al.] ; elmi red. M. H. Seyidbəyli ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Avropa nəşriyyatı, 2018. - 200 s.
  6. Hüseynzadə, Fuad Abı oğlu. Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi / F. A. Hüseynzadə ; red. V. Zifəroğlu ; Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi. - Bakı : Apostrof-A, 2020. - 180 s.
  7. Исмајылов, Исрафил Закир оғлу. Дүнја азәрбајҹанлылары XX әсрдә : мүхтәсәр очерк / И. З. Исмајылов. - Бакы : [s. n.], 1997. - 270 с.