Almaniyanın təslim olmasından sonra Avropada dinc tənzimləmə məsələlərini müzakirə və həll etmək üçün ABŞ, İngiltərə və SSRİ arasında Berlində konfrans keçirtmək haqqında qərar qəbul edildi.
SSRİ, ABŞ və İngiltərə rəhbərlərinin iştirakı ilə Berlin konfransı şəhərin yaxınlığındakı Potsdamda keçirildiyinə görə həm də Potsdam konfransı adlanır, şərti adı isə «Terminal» («Sonuncu stansiya») idi. Konfrans Stalin, Çörçill və Trumen başda olmaqla 1945-ci il iyulun 17-dən avqustun 2-dək oldu. Konfransın gedişində Çörçilli seçkilərdə qələbə qazanmış leyborist partiyasının lideri K.Ettli əvəz etdi.
Konfransda müharibədən sonrakı Avropanın quruluşu və keçmiş düşmən dövlətlərlə sülh müqaviləsinin hazırlanması məsələsi müzakirə olundu. Dövlət başçıları bu məqsədlə ABŞ, İngiltərə, SSRİ, Fransa, Çin xarici işlər nazirlərinin Şurasını təsis etdilər. Şuranın birinci vəzifəsi sülh müqavilələrini işləyib hazırlamaq idi.
Konfransda əsas yeri Almaniya məsələsi tutdu. Müttəfiq dövlətlərin rəhbərləri Almaniya ilə davranmağın siyasi və iqtisadi prinsiplərini qəbul etdilər. Almaniyaya münasibətdə əsas prinsiplər onun demilitarizasiyası, demokratikləşdirilməsi idi. Almaniya tam tərksilah olunmalı, hərbsizləşdirilməli, bütün hərbi sənayesi tamamilə ləğv edilməli, nasional-sosialist partiyası məhv edilməli, Almaniya həyatı demokratik əsasda dinc əməkdaşlıq üçün qurulmalıdır. Almaniyada nəzarət mexanizmini dörd dövlətin silahlı qüvvələrinin ali baş komandanı həyata keçirməlidir.
Konfransda Almaniyanın ödəyəcəyi təzminat məsələsi müzakirə edildi. Almaniyanın ödəyəcəyi təzminat barədə xüsusi saziş imzalandı. Bu məsələdə Krım konfransının qərarı əsas götürüldü. Sovet İttifaqı təzminatlar hesabına öz işğal zonasındakı sənaye avadanlığını, həmçinin qərb zonalarından mühüm sənaye avadanlıqlarının 25 faizini alırdı. ABŞ, İngiltərə və başqa ölkələr öz təzminat iddialarını qərb işğal zonaları və xaricdəki alman aktivləri hesabına həyata keçirirdilər.
Konfransda Almaniyanın hərbi-dəniz və ticarət donanmasının bölüşdürülməsi barədə qərar qəbul olundu. Alman hərbi-dəniz gəmiləri 1946- cı il fevralın 15-dək bölüşdürülüb başa çatdırılmalı idi. Alman hərbi-dəniz və ticarət donanması üç dövlət arasında bərabər bölündü. İngiltərə təkid etdi ki, Almaniyanın sualtı qayıqlarının çox hissəsi batırılsın. Ticarət gəmilərinin verilməsi isə Yaponiyaya qarşı müharibə başa çatdıqdan sonra olmalı idi. Potsdam konfransının qərarına görə Keniqsberq rayonu SSRİ-yə verildi.
Konfransda Polşanın dövlət sərhədi məsələsi həll olundu. Polşa və Almaniya arasındakı sərhəd Oder və Qərbi Neyse çayları boyu müəyyənləşdirilir, Şərqi Prussiyanın bir hissəsi və Dantsiq şəhəri Polşaya keçirdi. Müttəfiqlər alman əhalisinin bir hissəsinin Polşadan, Çexoslavakiyadan və Macarıstandan Almaniyaya köçürülməsi barədə qərar qəbul etdilər.
Konfransın qərarı ilə müharibə günahkarlarını cəzalandırmaq üçün Beynəlxalq hərbi tribunal yaradıldı.
Potsdam konfransında Almaniya tərəfindən döyüşən Avropa dövlətləri ilə sülh bağlamaq və onları BMT-ə daxil etmək haqqında məsələ kəskin mübahisələr yaratdı. Məsələnin müzakirəsi nəticəsində “Sülh müqavilələrinin bağlanması və BMT-ə daxil olma” adlı saziş imzalandı. Sazişə görə İtaliya, Bolqarıstan, Finlandiya, Rumıniya və Macarıstanla sülh müqavilələri bağlanmalı və onların BMT-ə üzvlüyü məsələsinə baxılmalı idi.
Dunayda və Reyndə üzgüçülük məsələlərini həll etmək üçün müvəqqəti naviqasiya orqanı yaradılması haqqında təklif xarici işlər nazirləri şurasının müzakirəsinə verildi.
Konfransda Türkiyə məsələsi, eləcə də Qara dəniz boğazlarında sovet bazasının yaradılması imkanları qaldırılmışdı. SSRİ həmçinin Rusiyada vətəndaş müharibəsi bitdikdən sonra iki dövlət arasında çəkilmiş sərhədi ədalətsiz hesab edirdi. Lakin sovet bazaları və Sovet-Türkiyə sərhədində dəyişikliklərlə bağlı təkliflər rədd edildi.
Konfransda həmçinin Tancer beynəlxalq zonası, Avropada daxili nəqliyyat, İrandan qoşunların çıxarılması və başqa məsələlər müzakirə olundu.
Konfransın gedişində, iyulun 26-da ABŞ, İngiltərə və Çin Yaponiyadan müqaviməti dayandırıb təslim olması haqqında bəyannaməni imzaladılar. Bəyannamənin bir surəti məlumat üçün SSRİ nümayəndə heyətinə göndərildi. Sovet hökuməti bu bəyannaməyə avqustun 8-də qoşuldu. Potsdam konfransının nəticəsində avqustun 1-də üç dövlət başçısı protokol və konfrans haqqında məlumat imzaladılar. Potsdamda qəbul edilən əsas sazişlərə Fransa hökuməti də qoşuldu.
Konfransın böyük tarixi əhəmiyyəti var idi. O, Avropada təhlükəsizliyin başlıca şərti kimi alman militarizminin və nasizminin kökünün kəsilməsini irəli sürdü, dövlətlərarası münasibətlərin suverenlik, milli müstəqillik, bərabər hüquqluq və daxili işlərə qarışmamaq, demokratik prinsiplər əsasında qurulmasını vacib hesab etdi. Potsdam konfransında qəbul olunmuş qərarların həm Avropada, həm də bütün dünyada müharibədən sonrakı dinc nizamlama üçün vacib əhəmiyyəti vardı.
Tövsiyə edilən ədəbiyyat: