Tarixdən səhifələr

Azərbaycanın görkəmli memarı Əcəmi Naxçıvani

Əcəmi Əbubəkr oğlu Naxçıvani – Azərbaycanın görkəmli memarı, Naxçıvan memarlıq məktəbinin banisidir. Əcəmi orta əsr Azərbaycan memarlığına yeni istiqamət vermiş, özünün sənət dühası ilə Səlcuqilər dövrü memarlığının bir qədər ağır və sərt üslubuna böyük incəlik və dinamiklik gətirmiş, Yaxın Şərq memarlığına güclü təsir göstərmişdir. Şərqin böyük dühaları ona "Şeyxül-mühəndis" (mühəndislərin başçısı) fəxri adı vermişdilər.

Əcəminin yaradıcılığı XII əsrdə qüdrətli Azərbaycan Atabəyləri dövlətinin paytaxtı Naxçıvanla bağlı olmuşdur. Mühüm beynəlxalq ticarət yolları qovşağında yerləşən, Azərbaycanın siyasi, iqtisadi, mədəniyyət, sənətkarlıq mərkəzi olan Naxçıvanda geniş abadlıq və tikinti işləri aparılırdı. Əcəminin yaratdığı ilk məlum abidə Yusif Küseyir oğlu türbəsidir. Naxçıvan şəhərinin mərkəzində yerləşən və el arasında “Atababa günbəzi” adı ilə tanınan bu türbə 1162-ci ildə tikilmişdir. Səkkizbucaqlı gövdədən, qülləvarı günbəzdən, bucaqlarda qoyulmuş dayaqlardan ibarət həmin abidə kərpicdən hörülmüş, divarları quraşdırma həndəsi ornamentlərlə örtülmüşdür. Burada bədiiliklə memarlığın tektonikası ahəngdar şəkildə birləşmişdir. Abidənin giriş qapısından soldakı kitabədə memarın adı yazılmışdır: "Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməli”. Təkcə Azərbaycanda deyil, islam aləmində ən hündür və incə kompozisiyalı türbələrindən sayılan Mömünə xatun türbəsini Əcəmi 1186-cı ildə Naxçıvanın qərb hissəsində ucaltmışdır. El yaddaşında “Atabəy günbəzi” adı ilə qalan bu türbə Atabəy Şəmsəddin Eldənizin arvadı, Məhəmməd Cahan Pəhləvanın anası Mömünə xatunun şərəfinə tikilmişdir. Türbə özünün iri ölçüləri, monumental biçimləri, dinamik silueti ilə böyük bir memarlıq kompleksinin dominantı idi. Memarlıq prinsiplərinin təkmilləşməsi və mürəkkəbləşməsi əsasında yaradılmış onguşəli Mömünə xatun türbəsi monumental abidədir. Türbə yeraltı hissəsinin quruluşu, xarici səthlərinin və bu səthləri bir-birindən ayıran tillərin memarlıq bölgülərinin həlli, eləcə də həndəsi ornamentlərin tərtibi cəhətdən misilsiz sənət nümunəsidir. Əcəmi Mömünə xatun türbəsinin ornamentlərini həndəsi sistemləri xatırladan mürəkkəb naxış şəbəkəsi ilə hörmüş, kufi xətli kitabələri ornament bəzəklərinə uyğunlaşdıraraq, abidənin ümumi kompozisiyasına daxil edilməsinə ustalıqla nail olmuşdur.

Əcəminin yaratdığı tikililərdən biri də qoşa minarədən və bunları birləşdirən baştağdan-portaldan ibarətdir. Bu abidə, Mömünə xatun türbəsi də daxil olmaqla, böyük bir memarlıq kompleksinin giriş hissəsidir. Bu kompleksə daxil olan və XIX əsrə kimi dağınıq halda qalmış Naxçıvan Cümə məscidi, mənbələrdə adı çəkilən “Darülmülk” - Eldənizlər sarayı və "Dövlətxana"-hökumət binası da Əcəmi sənətinin nümunələridir. Tədqiqatçılar Əcəminin bu abidələrdən başqa, Atabəylər paytaxtında-Naxçıvanda daha bir çox binalar tikdiyini qeyd edirlər. Lakin bu abidələr haqqında hələlik məlumat yoxdur.

Əcəmi yaradıcılığı Azərbaycan və Yaxın Şərq ölkələri memarlığına böyük təsir göstərmişdir - Marağadakı Göy günbəz (1196), Naxçıvan yaxınlığındakı Gülüstan türbəsi (XIII əsr), Qarabağlar türbəsi (XII-XIV əsrlər), Bərdə türbəsi (XVI əsr),türk memarı Sinanın (XVI əsr) İstanbulda tikdiyi türbələrdə Əcəmi ənənələri yaşayır. 1926-ci ildə Gəncədə Nizaminin məzarı üstündə abidə qoyularkən Əcəmi irsindən istifadə edilmiş, Nizami türbəsi Əcəmi dühası ruhunda tikilmişdir. 
Bakıda ucaldılmış Nizami heykəlinin kürsü hissəsində, Şuşadakı Vaqif türbəsində, Naxçıvan şəhərindəki Hüseyn Cavid məqbərəsində Əcəminin memarlıq irsinin təsiri aydın hiss olunur. Məşhur sənətşünas Ernest Dits qeyd edirdi ki, Sinanın İstanbulda tikdiyi türbələr Naxçıvan türbələrinin təsiri altında yaranmışdır. E. Dits yazırdı ki, Sinan ordu mühəndisi kimi 1535-36 illərdə İran səfəri zamanı Naxçıvana gəlib, Əcəminin memarlıq məktəbi ilə tanış olmuşdur.

Əcəminin yaradıcılığı XII əsr Azərbaycan mədəniyyəti və ictimai fikrindəki intibahın parlaq təzahürlərindəndir. Abidələrindəki zəriflik, memarlıq bölgülərinin quruluşu, ornament bəzəklərinin oynaqlığı orta əsr anlayışı çərçivəsinə sığmayan bədii təfəkkürün məhsuludur. Onun ornament kompozisiyaları bədiiliklə riyazi fikrin vəhdətinə əsaslanır.

Əcəmi memarlıq sənətinin başlıca problemlərindən olan tektonikliyin (arxitektonika) dünya memarlığında az təsadüf edilən parlaq həllini tapan mühəndis və sənətkar olmuşdur. Onun yüksək mühəndislik qabiliyyəti Qərbi Avropa memarlarından bir əsr əvvəl Mömünə xatun türbəsinin sərdabəsində qurduğu nervürlü tağlar sistemində və onun oturacağındakı mürəkkəb ornamentlərin əvvəlcədən hazırlanmış tavalar şəklində tərtibində, Cümə məscidinin nəhəng günbəzində və qoşa minarələrdə özünü göstərir.

H. İbrahimovun “Əsrin onda biri” romanı Əcəmiyə həsr edilmişdir. 1976-cı ildə anadan olmasının 850 illiyi geniş qeyd olunmuşdur. Naxçıvan şəhərində Əcəmi Naxçıvaninin büstü ucaldılmışdır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Əliyeva, Rahibə Şanxay qızı. Memar Əcəmi Əbubəkr oğlu Naxçıvani = Архитектор Аджеми Абубекр оглу Нахичевани / R. Ş. Əliyeva ; layihənin rəh. E. Ə. Qasımzadə ; Azərbaycan Respublikasının Memarlar İttifaqı. - Bakı : Şərq-Qərb, 2013. - 76 s.
  2. Səfərli, Hacı Fəxrəddin Yəhya oğlu. Naxçıvanın epiqrafik abidələrində görkəmli şəxsiyyətlər : monoqrafiya / F. Y. Səfərli ; elmi red. İ. M. Hacıyev ; AMEA Naxçıvan bölməsi. - Naxçıvan : Əcəmi NPB, 2016. - 144 s.
  3. Əliyev, Qadir. Memar Əcəmi Naxçıvani yaradıcılığında ahəngdarlıq /Q. Əliyev; elmi red. və ön söz müəl. C. Qiyasi. - Bakı: Şərq-Qərb, 2007. - 159 s.
  4. Yılmaz, Reha. Tariximizdə iz qoyanlar / R. Yılmaz ; tərc. A. Mabudova ; red. R. Səfiyev. - Bakı : Xəzər nəşriyyatı, 2008. - 204 s.