Müasir dövrdə ombudsman hüquqi dövlətin mühüm atributlarından bin kımı çıxış edir. Bu gün müxtəlif ölkələrdə müxtəlif adlarla fəaliyyət göstərdiyinə baxmayaraq, insan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxs hər bir məkanda ümumqəbul olunmuş Ombudsman adı ilə tanınır. “Ombudsman” İsveç mənşəli söz olub, “ombud və ya umbud” sözündən götürülmüşdür. İsveçlilər və digər skandinav xalqları “ombudsman” sözünü “inanılmış”, “vəkil edilmiş şəxs” kimi tərcümə edirdilər. Əvvəlcə, ombudsmanlar mütləq monarxiya dövründə ali hakimiyyətin adından məmurların və hakimlərin fəaliyyətinə nəzarət etməli olan taxt-tac adamları idi. Konstitusiyalı monarxiyaya keçidlə əlaqədar ombudsman parlament orqanı olmuşdur, bu isə öz əksini İsveçin 1809-cu il konstitusiyasında tapmışdır.
Ombudsman təsisatlarının dünya ölkələrində yayılması 1976-cı ildə Beynəlxalq Ombudsmanlar İnstitutunun yaradılmasına zəmin yaratmışdır. Bu institut tərkibində 50-dən çox milli institutları cəmləşdirərək təhqiqatlar, maarifləndirmə, nəşrlərin yayılması, informasiya mübadiləsi, həmçinin regional və beynəlxalq konfranslar vasitəsi ilə ombudsman konsepsiyasının inkişafına səy göstərir.
1982-ci ildə İnsbruq Universitetinin (Avstriya) əməkdaşları ombudsman institutları üzrə tədqiqatların aparılması məqsədi ilə Avropada elmi cəmiyyətin yaradılması təşəbbüsü ilə çıxış etmişlər. Artıq 1988-ci ildə bu cəmiyyət beynəlxalq ictimai təşkilat statusunu almış və hal-hazırda Avropa Ombudsmanlar İnstitutu kimi tanınır.
1997-ci ildə Avropa Şurasına üzv olan dövlətlərin başçılarının Strasburqda keçirdiyi zirvə toplantısında Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı vəzifəsinin yaradılması qərara alınmışdır.
Azərbaycan XX əsrin sonlarında öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra beynəlxalq hüququn bərabərhüquqlu subyekti kimi ümumbəşəri dəyərlərə əsaslanaraq demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmiş, lakin müstəqilliyinin ilk illərində çox böyük çətinliklərlə qarşılaşmışdır.
Yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra bu sahədə kompleks tədbirlər həyata keçirilmiş və insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.
Dünyanın qabaqcıl ölkələrinin müsbət təcrübəsi nəzərə alınmaqla insan hüquq və azadlıqlarının müdafiəsində səmərəli mexanizm kimi çıxış edən Ombudsman təsisatının yaradılması da məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndərin ölkə Prezidenti kimi imzalamış olduğu "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 1998-ci il 22 fevral tarixli Fərmanında, eyni zamanda, bundan irəli gələn məqsəd və vəzifələri nəzərə alaraq 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq etdiyi "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nda ilk dəfə olaraq Azərbaycanda insan hüquqları üzrə səlahiyyətli müvəkkil təsisatının yaradılması ilə bağlı müddəalar öz əksini tapmışdır.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü, diqqət və qayğısı nəticəsində ölkəmizdə məhkəmədənkənar hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılaraq səmərəli fəaliyyət göstərməsi üçün hüquqi və maddi-texniki bazanın formalaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.
Belə ki, Ombudsman təsisatının yaradılması ilə bağlı hüquqi və maddi-texniki bazanın formalaşdırılması istiqamətində həyata keçirilmiş islahatlar nəticəsində 2001-ci il 28 dekabr tarixində "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya Qanunu qəbul olunmuşdur. 5 mart 2002-ci ildə isə ölkə başçısı tərəfindən bu Qanunun tətbiq edilməsi haqqında Fərman imzalandı və beləliklə də təsisatın yaradılması və fəaliyyət göstərməsi üçün hüquqi baza yaradıldı. Azərbaycan Respublikasının ilk Ombudsmanı 2002-ci il iyulun 2-də Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Prezidentinin təqdim etdiyi üç namizəd arasından 111 səslə (112 səsdən) seçildi. 2002-ci il 28 oktyabr tarixindən isə Ombudsman Aparatında müraciətlərin qəbuluna başlanılmışdır.
Ombudsmanın fəaliyyətini tənzim edən qanunvericilik aktının ən yüksək və birbaşa hüquqi qüvvəyə malik Konstitusiya Qanunu olması isə dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin bariz təzahürüdür. Bu, həm də insan hüquqları sahəsində əhəmiyyətli rola malik olan Ombudsman təsisatının siyasətsizləşdirilmiş, dövlətlə cəmiyyət arasında vasitəçilik funksiyasını yerinə yetirən müstəqil və qərəzsiz bir qurum olduğunu göstərir.
Konstitusiya Qanununa əsasən Müvəkkil müstəqildir və yalnız Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına tabedir. Bununla belə, dəyişilməzliyi, toxunulmazlığı, hər hansı dövlət və ya yerli özünüidarə orqanı, vəzifəli şəxs tərəfindən onun fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi, maddi və sosial təminatlar onun müstəqilliyini şərtləndirən təminatlar sırasındadır. Hətta fövqəladə və ya hərbi vəziyyətin elan edilməsi Müvəkkilin fəaliyyətini dayandırmır və ya məhdudlaşdırmır.
Müstəqil məhkəmədənkənar hüquq müdafiə mexanizmi kimi ölkəmizin Konstitusiyasında və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqlarının və azadlıqlarının bərpa edilməsi və Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün yaradılmış Ombudsman təsisatı dövlətimizin ali məqsədinin təmininə xidmət edir.
Ombudsmanın əsas fəaliyyət istiqamətləri sırasına "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını həyata keçirmək, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkmək, informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin "İnformasiya əldə etmək haqqında" Qanunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirmək, fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli, regional və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı ölkə Prezidentinə təkliflər vermək, Milli Məclisə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunların qəbul edilməsinə, ləğv edilməsinə və ya qanunlarda dəyişikliklər edilməsinə dair, amnistiya elan edilməsi barədə təklif vermək, məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, həmçinin məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq və digər sahələr üzrə məsələlər daxildir.
İnsan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda, onların bərpası üçün səlahiyyətlərində olan təsir imkanları kifayət etmədikdə ölkə Prezidentinə müraciət etmək, Milli Məclis qarşısında məruzə ilə çıxış etmək, dövlət və ya yerli özünüidarə orqanının, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək, şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda, Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək Ombudsmanın səlahiyyətlərinə aiddir.
Polis bölmələri, müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları, cəzaçəkmə müəssisələri, qarnizon hauptvaxtları ilə yanaşı, psixiatriya və sosial xidmət müəssisələrindəki, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərdəki şəxslərin hüquq və azadlıqlarının qorunmasına, qanuni mənafelərinin təmin olunmasına xüsusi önəm verən Ombudsman tərəfindən mütəmadi olaraq həmin müəssisələrə başçəkmələr həyata keçirilir. Bu zaman orada saxlanılan şəxslərlə görüşülərək onların saxlanma şəraiti, şikayətləri yerində araşdırılır və müraciətlərin təmini məsələləri aidiyyəti qurumlar qarşısında qaldırılır.
Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu siyasi kurs bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın isə fəal dəstəyi ilə yeni dövrün prioritet çağırışlarına uyğun şəkildə davam etdirilir. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan insan hüquqları sahəsində mühüm nailiyyətlər əldə edərək bir çox parametrlər üzrə inkişaf edən ölkələr sırasında layiqli yerlərdən birini tutmuşdur.
Aparılan hüquqi islahatlar çərçivəsində ötən dövr ərzində ölkəmizin hərtərəfli, daha dinamik inkişafına xidmət edən yeni dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar, strateji yol xəritələri kimi mühüm sənədlər təsdiq edilərək icra olunmuş, dövlətimiz insan hüquq və azadlıqları sahəsində çoxsaylı beynəlxalq müqavilələrə tərəfdar çıxmış və bu proses hazırda da davam etdirilməkdədir.
Bu baxımdan Ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın məntiqi davamı olaraq, ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2006-cı ildə "İnsan hüquqlarının müdafiəsi üzrə ilk Milli Fəaliyyət Planı"nın, 2011-ci ildə isə "İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın təsdiq edilməsini xüsusilə vurğulamaq lazımdır.
Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə Ümummilli lider Heydər Əliyev tərəfindən ölkəmizdə ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edildiyi 18 iyun tarixinin Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis olunması müstəqil dövlətimizin insan hüquqlarına verdiyi yüksək qiymətin növbəti bir bariz nümunəsidir.
Hüquqi islahatlar fonunda ölkə Prezidenti İlham Əliyevin fəal dəstəyi ilə yeni dövrün tələbləri və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər nəzərə alınmaqla mütəmadi şəkildə inkişaf etdirilən Ombudsman təsisatı hazırda ölkəmizdə və beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır.
Tövsiyə edilən ədəbiyyat: