1929-1933-cü illərdə baş verən iqtisadi böhranlar dünya iqtisadiyyatındakı tarazlığı pozmuşdur. Minlərlə banklar müflisləşmiş, əmanətlərin qaytarılması ümid itmiş, kənd təsərrüfatı məhsullarının qiymətləri maya dəyərindən aşağı düşmüş, torpağın qiyməti azalmış, zavodlar dayanmış, işsizlik artmışdır. Bütün bunlarla yanaşı beynəlxalq maliyyə sistemində, valyuta birjalarında da tarazlıq kökündən pozulmuşdur. Kağız pullara olan inamın azalması qızıla olan tələbatı artırırdı. Odur ki, maliyyə orqanlarında olan qızıl ehtiyatı da çoxalırdı. Bu vəziyyətin təsiri altında başda Böyük Britaniya olmaqla bəzi dövlətlər qızıl standartından imtina etmişlər (hər vahid valyutanın dəyəri müəyyən qədər qızılı əks etdirirdi).
Ayrı-ayrı dövlətlər arasındakı mübadilə münasibətlərində pul vahidlərinin mübadiləsində qızıl standartından imtina edən və imtina etməyən ölkələrin olması, vahid sistemin olmaması ümumi vəziyyəti mürəkkəbləşdirirdi. Bəzi hökumət orqanları milli pul vahidlərinin xarici pullara dəyişdirilməsini kəskinləşdirərək barter mübadiləsinə üstünlük verirdilər.
Pul ilə əmtəələrin dəyəri arasındakı nisbət əsaslı surətdə pozulmuşdur. 1929-1932-ci illərdə dünya üzrə qiymətlər 48%, dünya üzrə ticarətin həcmi isə 63% azalmışdır. Belə vəziyyətdə hər hansı bir yarımçıq qərar kifayət etmirdi. Burada bütün millətlərin birliyinin, daha yeni valyuta sistemi və beynəlxalq maliyyə institutlarının yaradılması, güclü maliyyə nəzarətinin olması tələb edilirdi.
Dünya valyuta sistemi məsələlərinin həllinə dair 30-cu illərdə bir neçə dəfə beynəlxalq konfranslar keçirilsə də müəyyən nəticələr əldə edilməmişdi.
1940-cı ilin əvvəllərində ABŞ-dan Harri Dekster Uayt və Böyük Britaniyadan Con Meynard Keyns demək olar ki, eyni vaxtda çox cəsarətli addım ataraq BVF-nin konsepsiyasına dair təkliflər vermişlər.
Uayt və Keynsin təklifləri BMT çərçivəsi daxilində müzakirə olundu. BMT-nin komissiyası 22 iyul 1944-cü ildə Beynəlxalq İnvestisiya Bankı və Tənzimləyici fondun yaradılmasını qəbul etdi və bu məsələyə baxılmaq üçün Bretton-Vuds konfransına üzv olan dövlətlərin iştirakçılarına təqdim olundu. Konfrans beynəlxalq maliyyə təşkilatlarının ancaq adı dəyişilməklə yaradılmasını təsdiq etdi. Razılaşmanın imzalanması nəticəsində Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Valyuta Fondu (BVF) yaradıldı.
BVF 1946-cı ilin may ayından fəaliyyətə başlamışdı. Mənzil-qərargahı Vaşinqton şəhərində yerləşir. 190 dövlət BVF-nin üzvüdür.
Nizamnaməyə görə BVF-in quruluşu aşağıdakı orqanlardan ibarətdir.
— Müdirlər Şurası, Müvəqqəti Komitə, İnkişaf Komitəsi;
— İcraiyyə Şurası;
— BVF-in Statistika Komitəsi;
— Bölüşdürücü direktor.
Müdirlər şurası fondun ali rəhbər orqanı hesab edilir. Bu şura üzv olan ölkələrin nümayəndələrindən (Maliyyə Nazirləri və yaxud Mərkəzi Bankın müdirləri və müavinlərindən ibarətdir) təşkil olunur. Bu şura beş illiyə seçilir. İldə bir dəfə yığıncaq keçirirlər.
Müdirlər şurası öz üzvlərindən ibarət Müvəqqəti Komitə yaradır.
Fondun əməli fəaliyyəti İcraedici şura (Direktorlar Şurası) tərəfindən həyata keçirilir. İcraedici şura 24 icraedici direktordan ibarətdir. Bunlardan 7-si üzv dövlətlər tərəfindən (ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, Çin və Səudiyyə Ərəbistanı), digər 17 nəfər isə idarə şurası tərəfindən seçilir. İcraedici Şura sərəncam verən direktor seçir (bu, bir qayda olaraq avropalı olmalıdır), o, Şuranın sədri şəxsində çıxış edir.
İnkişaf Komitəsinə Birləşmiş Nazirlər Komitəsi də deyilir. Bu komitə Müvəqqəti Komitə ilə birlikdə Müdirlər şurası üçün fond ehtiyatı barədə tövsiyə və məruzə hazırlayır və bəzi ölkələrə göstərilən yardımların əsas istiqamətini göstərir.
BVF-in tərkibində Statistika Komitəsi də fəaliyyət göstərir. Bu komitə dövlətlərin tədiyyə (ödəniş) balansları ilə bağlı vəziyyəti öyrənir.
Bölüşdürücü direktor da BVF-in orqanlarından biri kimi fəaliyyət göstərir. İcraiyyə şurasında 24 icraçı direktorla yanaşı bir bölüşdürücü direktor - sədr də mövcuddur. Bu bölüşdürücü direktor ənənəyə görə Avropanı təmsil edir. O, İcraiyyə şurası tərəfindən təyin edilir və fondun gündəlik fəaliyyətinə rəhbərlik edir.
BVF -in tərkibi 5 departamentdən ibarətdir:
1. Vergi məsələləri üzrə;
2. Hüquqi məsələlər üzrə;
3. Üzvlük məsələləri üzrə;
4. Əməliyyat, hesablaşma xidməti məsələləri üzrə;
5. Valyuta və valyuta mübadiləsi məsələləri üzrə.
BVF tənzimləmə, nəzarət, məsləhət və müxtəlif maliyyə funksiyalarını həyata keçirən universal təşkilatdır. BVF-nin tənzimləmə funksiyası üzv ölkələrin siyasətinin təşkilata daxil olarkən üzərilərinə götürdükləri öhdəliklərə uyğunluğuna nəzarət yolu ilə həyata keçirilir. Üzv ölkələrin siyasətinə nəzarət müntəzəm, adətən hər il BVF-nin heyəti ilə onların iqtisadi siyasət məsələləri üzrə rəsmi nümayəndələri arasında ikitərəfli məsləhətləşmələr çərçivəsində aparılır.
BVF üzv dövlətlərə effektiv siyasətin işlənilməsi və aparılması potensialının möhkəmləndirilməsində kömək məqsədilə texniki dəstək göstərir və kadrların təkmilləşdirilməsi işini aparır.
Azərbaycan BVF-yə 1992-ci ilin 18 sentyabr tarixində üzv olmuşdur.
Tövsiyə edilən ədəbiyyat: