Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və sonradan inkişaf etdiriməsi birbaşa neft daşınması ilə əlaqədar olmuşdur.
Abşeronda neftin olması qədim zamanlardan bəlli idi. Bakı nefti uzun müddət sistemsiz üsulla çıxarılmış və əsasən Azərbaycanda, onun daşındığı Yaxın və Orta Asiya ölkələrində, Rusiya və Hindistanda işıqlandırma və müalicə üçün istifadə edilmişdir. 1871-ci ildə ilk qazma quyusunun meydana gəlməsi,neftin qazma üsulu ilə çıxarılmasının daha da inkişaf etdirilməsi, xüsusən XIX əsrin 70-ci illərinin əvvəllərində alış-veriş sisteminin ləğvi ilə əlaqədar neftçıxarma kəskin surətdə artdı. Neftçıxarmanın gur şəkildə artdığı bir şəraitdə neft daşınmasının təkmilləşdirilməsi məsələsi aktual şəkil aldı.
Əsas neftçıxarma rayonlarından (Sabunçu, Suraxanı, Balaxanı) neftin Bakı neftayırma zavodlarına və Xəzər dənizi vasitəsilə Rusiyanın mərkəzi rayonlarına daşınması olduqca primitiv üsulla, karvan üsulu ilə, ağac çənlərdə və tuluqlarda icra edilirdi ki,onların da sayı 10 minə çatırdı.
Belə bir üsul olduqca baha başa gəlirdi və neft işinin gələcək inkişafına ciddi maneə,əngəl yaradırdı. Bakının neft sənayeçiləri daha çox gəlir götürmək üçün dəmir yolu xəttlərinin və boru kəmərlərinin çəkilməsində olduqca maraqlı idilər. Beləliklə,mübaliğəsiz demək olar ki, Bakıda və Azərbaycanda dəmir yolunun çəkilməsinin əsil səbəbkarı Bakı nefti və onun sənaye emalı məsələsi olmuşdur. Belə ki, neft sahibkarlarının mədənlərlə neftayırma zavodları arasında dəmir yolunun çəkilməsi haqqında dəfələrlə Nazirlər Komitəsinə müraciətlər etmişdilər. Nəhayət ki, onların təkidli tələbləri öz bəhrəsini verir. Nazirlər Komitəsinin çar II Aleksandrın iştirakı ilə 1878-ci il iyunun 16-da keçirilən iclasında neft sahəsində dəmir yolunun tikintisi layihəsi təsdiq olunur. 25, 2 verst uzunluğunda olan dəmir yolunun çəkilməsi isə “Poti-Tiflis” dəmir yolu cəmiyyətinə həvalə edilir. Cəmiyyət bir il altı ay ərzində xətlərin inşa edilməsini üzərinə götürür. Tikintiyə rəhbərlik mühəndis Krubetsə tapşırılır. Az bir vaxtda Bakıya tikinti üçün lazım olan materiallar və avadanlıqlar göndərilir.
1878-ci ilin dekabr ayında Krubetsin şəhər rəhbərliyinə göndərdiyi məktubda bildirir ki, Qara şəhərdə avadanlıqların saxlanılması üçün əlavə anbarların tikinlməsinə böyük ehtiyac var.
Dəmir yolunun çəkilməsi üçün əsas vəzifələrdən biri tez bir zamanda Balaxanı, Suraxanı zolağına düşən ərazilərin özgələşdirilməsi prosesini həyata keçirmək idi. Şəhər rəhbərliyi bu torpaqların qiymətləndirilməsini xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin rəhbərlik etdiyi ictimai komissiyaya tapşırır. Komissiya araşdırma apararaq 21 desyatindən çox olan özgələşdirilən torpaq sahələrini 34 580 rubl miqdarında qiymətləndirir. Bütövlükdə neft sahəsində dəmir yolu xətlərinin tikinti xərcləri isə 784 min 872 rubl təşkil edirdi. Dəmir yolunun inşasına 1878-ci ildə başlanılır və 1879-cu ildə başa çatır. Dekabrın 17-dən etibarən Balaxanı, Suraxanı, Sabunçu stansiyalarında daşınmaq üçün yüklər qəbul edilir.
20 yanvar 1880-ci ildə dəmir yolunun rəsmi açılışı olur. Dünyada ilk dəfə olaraq neft məhz bu yolla sisternalarla daşınmağa başlanır. Həmin gün Azərbaycanda dəmir yolunun yaranma tarixi hesab olunur. Əvvəlcə Bakı–Sabunçu–Suraxanı dəmir yolu yalnız neftin nəqli üçün istifadə edilirdi. Bu xətlə dünyada ilk dəfə neftin vaqon-sisternlərlə daşınmasına başlanıldı. Amma çox keçmədi ki, eyni marşrutla sərnişin daşınmasına da start verildi. Bakıdan Sabunçuya 50–60 dəqiqəyə, Bakıdan Suraxanıya 90 dəqiqəyə çatmaq olurdu. Abşeron yarımadasında boru kəmərləri şəbəkəsinin genişlənməsi ilə Bakı–Sabunçu–Suraxanı dəmir yolu xətti bütünlüklə sərnişinlərin xidmətinə verildi.
1883-cü ildə Bakı–Yelizavetpol (Gəncə) –Tiflis magistral dəmir yolu işə salındı. Azərbaycanın ilk yük stansiyası olan Bakı yük stansiyasından Tiflis istiqamətində dəmir yolu ilə ilk neft 1883-cü ilin mayın 8-də göndərildi. Tiflis şəhəri dəmir yolu vasitəsilə Poti şəhəri ilə bağlı olduğundan neft Qara dəniz sahillərinə qısa müddətdə çatdırılırdı. Lakin Poti limanı quruluşuna görə böyük həcmdə neftin aparılması üçün yararlı deyildi. Ona görə daha əlverişli olan Batum limanı qısa müddətdə iri həcmdə neft daşınması üçün lazımi avadanlıqla təchiz edildi və Tiflisdən Batuma dəmir yolu çəkildi. Bakı–Yelizavetpol–Tiflis magistral dəmir yolunun davamı Tiflis–Qori–Kutaisi–Poti–Batum yolu olduğundan dəmir yolu vasitəsilə Xəzər dənizi ilə Qara dəniz sahilləri birləşdirildi.
1884-cü ildə Bakıda “Tiflis vağzalı” istifadəyə verildi. İlk vağzal binası, əsasən, neft mədənləri və neft limanına fəhlələrin daşınması üçün nəzərdə tutulduğundan turist qismində gələn sərnişinlərin, eləcə də Tiflis–Bakı marşrutu ilə təşrif gətirən Rusiya məmurları və xarici iş adamlarının qəbulu üçün yararlı deyildi. Sürətlə inkişaf edən Bakı şəhərinin vizit kartı rolunu oynaya biləcək müasir dəmir yolu vağzalına ehtiyac var idi. “Tiflis vağzalı” adını almış Bakı dəmir yolu stansiyasının vağzal layihəsi 1882-ci il noyabrın 10-da təsdiqləndi. Layihənin müəllifi Bakı–Tiflis dəmir yolunun memarı vəzifəsində çalışan Xrisanf Konstantinoviç Vasilyev idi. Vağzalın təntənəli açılışı 1884-cü il yanvarın 10-da keçirildi. “Tiflis vağzalı” imperiyanın ən gözəl vağzallarından sayılırdı.
1896-cı ildə Port-Petrovsk(Maxaçqala)–Dərbənd, 1897-ci ildə Bakı–Dərbənd dəmir yollarının inşasına icazə verildi. Xəttin texniki-iqtisadi əsaslandırmasında xüsusilə qeyd olunurdu ki, Bakıda istehsal olunan malların Rusiyaya çıxarılması üçün qısa yola ehtiyac böyükdür. 1900-cu ildə Azərbaycan ərazisi Rusiya imperiyasının dəmir yolu şəbəkəsi ilə birləşdirildi və həmin ildə Bakı–Biləcəri–Dərbənd–Port-Petrovsk (Maxaçqala) dəmir yolu inşa olundu. Bakı–Dərbənd yolu inşa olunandan sonra şimala göndərilən neftin həcmi artdı: 1883-cü ildə Bakıdan şimala 12,5 mln. pud (205 min ton) neft, 1901-ci ildə isə 51,6 mln. pud (845 min ton) neft daşınmışdır.
Azərbaycan Demokratik Respublikası dövründə dəmir yolunun inkişafı onun Türkiyə Respublikası ilə qarşılıqlı elmi-texniki əlaqəsi ön plana çəkilmişdir. Bu dövrdə ən nəhəng işlərdən biri Ələt-Culfa dəmir yolu xəttinin çəkilişinin bərpa olunması idi. Bu yolun çəkilişinə hələ 1916-cı ildən başlanmışdır. Ələt-Culfa dəmir yolu həm də böyük iqtisadi və hərbi-strateji əhəmiyyət kəsb edirdi. Bu yol Bakını Təbrizlə birləşdirməli idi. Lakin Rusiyadakı Oktyabr inqilabı bu işi dayandırdı, dəmir yolunun çəkilişini Azərbaycan əməkçiləri öz daxili maddi-texniki bazası əsasında davam etdirdi və bu tikinti ADR dövründə daha böyük vüsət aldı. Azərbaycan Xalq Cümhurriyətinin hökuməti dəmir yol stansiyaları və xətlərinin mühafizəsinə xüsusi diqqət göstərərək 1919-cu il sentyabrın 4-də “Hərbi dəmiryolçular məktəbini” təsis etdilər və ilk qrupda 20 nəfər olmaqla fəaliyyətə başladı. Türkiyə dövləti ilə ADR arasında qarşılıqlı sıx əlaqələrin olduğunu nəzərə alaraq, 1918-ci ilin iyulunda iki dövlət arasında müqavilə bağlanır. Müqaviləyə görə Azərbaycan dəmir yolları sisteminə maddi-texniki kömək göstərmək və onu himayə etmək 5 il müddətinə Türkiyənin öhdəsinə keçir. Respublikamızda Sovet hakimiyyətinin qurulması ilə Azərbaycan dəmir yolu yenidən Rusiya dəmir yolu şəbəkəsinə qoşulur. 14 aprel 1921-ci ildən Zaqafqaziya Respublikalarının Dəmir Yolu Birliyinə daxil olur.
1924 -cü ilin fevralında Bakıda tramvay xətti işə salındı. Tramvayın ucuz nəqliyyat növü olması Bakıətrafı ərazilərə də elektrik dəmir yolunun çəkilməsi ideyasının yaranmasına səbəb oldu. Bakı Soveti bu qərarı 1924-cü il fevralın 29-da qəbul etdi. Fövqəladə səylər hesabına bütün tikinti işləri 18 ay əvəzinə 14,5 aya yerinə yetirildi. 1926-cı il iyulun 6-da Azərbaycanda Bakı-Sabunçu-Suraxanı ilk elektrikləşdirilmiş dəmir yolu işə başladı. Elektrik dəmir yolunun üstünlükləri o dərəcədə aşkar idi ki, əhali məmnuniyyətlə ondan istifadə edirdi. 1926–1931-ci illərdə Bakı–Sabunçu–Suraxanı xətti ilə 10 milyon sərnişin daşınmışdı.
Bakı-Sabunçu-Suraxanı elektrik dəmir yolu xətti nəinki Azərbaycanda, bütün SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu xətti olub.
Tövsiyə edilən ədəbiyyat: