Fərman Qurban oğlu Salmanov 1928-ci il iyulun 28-də Azərbaycan Respublikasının Şamxor (indiki Şəmkir) rayonunun Morul kəndində anadan olub. Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Sənaye İnstitutunda ali təhsil alaraq, 1954-cü ildə həmin institutun geoloji kəşfiyyat fakültəsini bitirmişdir.
F.Salmanov institutu bitirəndən sonra Bakıya təyinat alır, lakin neft sənayesi naziri N.K.Baybakova məktub yazıb, Sibirə işə göndərilməsini xahiş edir. Gənc neftçinin arzusu yerinə yetirilir və F.Salmanov 1955-1957-ci illərdə Kemerovo vilayətində Plotnikovo neft kəşfiyyatı ekspedisiyasının rəisi və Qryaznen neft kəşfiyyatı ekspedisiyasında baş geoloq işləyir.
F.Salmanov Kuzbasda neft axtarışını perspektivsiz hesab edərək son dərəcə riskli addım atır. 1957-ci ilin avqustunda kəşfiyyat işləri aparmaq üçün rəhbərliyin razılığını almadan öz briqadası ilə Surquta yollanır. Onun bu məsləhətsiz addımı narahatçılığa səbəb olur. Onu işdən çıxarmaq, haqqında cinayət işi qaldırmaq istəyirlər. Bundan xəbər tutan işçiləri Fərman Salmanovun həbs olunacağı təqdirdə tətilə çıxmaq barədə qərar qəbul edirlər. Rəhbərlik kollektivin bu addımının SSRİ-nin beynəlxalq imicinə zərbə vuracağından ehtiyat edərək, köhnə tarixə əmr hazırlayır, onun Surquta gedişini rəsmləşdirir. Bununla da Fərman Salmanovun qarşısında öz neft möcüzəsini reallaşdırmaq üçün əlverişli fürsət yaranır. Xoşbəxtlikdən Magion kəndi yaxınlığında aylardan bəri qazıntısı davam etdirilən ilk kəşfiyyat quyusu - “Megiyon” yatağı 1961-ci il martın 21-də fantan vurur. Bu zaman Salmanov əleyhdarlarına belə bir məktub yazır: “Möhtərəm yoldaşlar, Megiyonda 2180 metr dərinlikdən neft fışqırır. Aydındırmı?”
Fərman Salmanovun SSRİ Geologiya Nazirliyindəki əleyhdarları onun bu uğuruna cavab olaraq bildirdilər ki, bu, təbiətin anomaliyasıdır, iki həftədən sonra quyu quruyacaq. Qərbi Sibirdə böyük neft ola bilməz. Bundan sonra Ust-Balık rayonunda ikinci quyu fontan vuranda F.Salmanov rəhbərliyə radioqramma göndərdi: “Quyu bütün qaydalara uyğun olaraq əməlli-başlı fontan vurur”. N.S.Xruşşova isə bu məzmunda teleqram göndərdi: “Mən nefti tapdım. Bax belə! Salmanov”.
Sonra kəşflər bir-birinin ardınca davam etdi: Mamontov, Megion, Pravdin və digər nəhəng neft yataqları. 1962-ci ildən F.Salmanov Ust-Balıkda baş geoloq, Pravdin neft kəşfiyyatı ekspedisiyasının rəisi olur.
F.Salmanov ümumilikdə Tümenin şimalında 130-dan çox neft və qaz yatağını kəşf edib və açılışların iştirakçısı olub. Onların sırasında yuxarıda qeyd edilən unikal, tanınmış və böyük yataqlar, habelə neft-qaz kompleksinin etibarlı bazası olan Surqut, Fyodrov, Urenqoy, Yamburq və bir çox digərləri olub. F.Salmanov Qərbi Sibirdə 30 ildən çox işləyib.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 1966-cı il 4 iyul tarixli Fərmanı ilə geoloji kəşfiyyat işlərinin inkişafı, faydalı qazıntı yataqlarının kəşfiyyatı və açılışı üzrə yeddiillik planın yerinə yetirilməsində əldə edilmiş mühüm uğurlara görə F.Salmanova Lenin ordeni və “Çəkic və oraq” qızıl medalı ilə birgə Sosialist Əməyi Qəhrəmanı adı verilib.
F.Salmanov 1970-ci ildə Tümen istehsalat-geologiya baş idarəsinin neft və qaz üzrə baş geoloqu, rəis müavini, 1978-ci ildə “Qlavtümengeologiya”nın rəisi təyin edilib.
F.Salmanov 1987-ci ildə Moskvaya köçüb. 1987-1991-ci illərdə SSRİ geologiya nazirinin birinci müavini olub. 1992-ci ildən “Rospan İnterneşnl” QSC-nin prezidenti, 2002-ci ildən “İtera” Neft-Qaz Şirkəti MMC-nin direktorlar şurasının sədri, “Yuqneftqaz” MMC-nin direktorlar şurasının sədri olub.
F.Salmanov bazar münasibətləri hüdudunda öz biliyi və intuisiyası nəticəsində əvvəllərdə olduğu kimi Qərbi Sibirin perspektivini görürdü. Onun rəhbərliyi altında “Rospan İnterneşnl” MMC-də Novo-Urenqoy və Şərqi-Urenqoy yataqlarında qaz, kondensat və neft verən qatlar ilk dəfə tədqiq edildi və əlavə kəşfiyyat aparıldı, “İtera” NQŞ MMC Kalmıkiya Respublikasında neft və qaz axtarışı və kəşfiyyatını həyata keçirdi.
F.Salmanov geologiya-mineralogiya elmləri doktoru (1972), Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1991), “Geologiya nefti i qaza” elmi-texniki jurnalının baş redaktoru olub. İri neft və qaz yataqlarının formalaşması və bölüşdürülməsi problemlərinə həsr edilmiş fundamental elmi işlərin müəllifidir. 160-dan çox məqalə və 10 monoqrafiya nəşr etdirib.
F.Salmanov Lenin (1966), Qırmızı Əmək Bayrağı (1971, 1976), Oktyabr inqilabı (1983), Azərbaycanın “Şöhrət” (2001) ordenlərinin kavaleridir. Bir neçə medal, o cümlədən “Qərbi Sibirin yeraltı sərvətlərinin mənimsənilməsi və neft-qaz kompleksinin inkişafına görə” medalı ilə təltif edilib. Ona “Yataqları kəşf edən” (1970 - Ust-Balık, 1986 - Fyodrov) diplomu verilib. Lenin mükafatı laureatı (1970), İ.M.Qubkin adına mükafatın laureatıdır. O “Rusiya Federasiyasının Əməkdar Geoloqu”, “Neft və Qaz Sənayesi Əməkdar İşçisi” fəxri adlarına layiq görülüb, Rusiya Elmlər Akademiyasının fəxri üzvü olub.
F.Salmanov Surqutun ilk fəxri vətəndaşı (1968), Xantı-Mansı və Yamalo-Nenets muxtar dairələrinin, Texas ştatının (ABŞ), Tszinçjou şəhərinin (Çin) fəxri vətəndaşı olub.
Fərman Qurban oğlu Salmanov 31 mart 2007-ci ildə vəfat etdi. Fərman Salmanov öz vəsiyyətinə əsasən, Moskvanın Vaqankovo qəbiristanında, oğlunun məzarı yanında dəfn edildi.
F.Salmanovun xatirəsinə Moskvada, Bakıda, Surqutda, Salexardda, Xantı-Mansıda abidə və büstlər qoyulub. Surqutda gimnaziya və küçə onun adını daşıyır, adına neftqazkondensat yatağı, teploxod və təyyarə var. 2008-ci ildə “Sibir elmi-analitik mərkəzi” şirkətlər qrupu tərəfindən keçirilən gənclərin elmi-praktik konfransı “Salmanov qiraəti” adını alıb. F.Salmanovun həyatı və şəxsiyyəti haqqında “Riskin strategiyası” bədii filmi çəkilib (1978). Onun haqqında digər sənədli və bədii filmlər, o cümlədən “Sibiriada” çəkilib.
2019-cu ilin may ayından etibarən Rusiyanın Surqut hava limanına görkəmli azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib.
Tövsiyə edilən ədəbiyyat: