TÜRKSOY təşkilatı, türkdilli xalqların, ortaq türk mədəniyyətini, dilini, tarixini, incəsənətini, adət - ənənələrini, mədəni irsini araşdırılması, qorunması, inkişaf etdirilməsi, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə yaradılmışdır. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində müstəqil dövlətlər yarandı. Sözügedən dövlətlərdən (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan) beşi türkdilli idi. TÜRKSOY-un yaradılması haqqında ilkin fikirlər hələ 1992-ci ildə irəli sürülmüşdür. Bu təşkilatın yaradılması ilə bağlı Bakı və İstanbul şəhərlərində bir sıra görüşlər keçirilmişdir. Türk Kültür və Sənətləri Ortaq Yönətimi (TÜRKSOY) Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin təşəbbüsü ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan respublikaları mədəniyyət nazirlərinin görüşləri gedişində əldə edilmiş razılaşmalar əsasında 1993-cü il iyulun 12-də Qazaxıstan Respublikasının keçmiş paytaxtı Almatı şəhərində imzalanmışdır. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır.
TÜRKSOY-un yaradılmasında əsas məqsəd türkdilli ölkələrin daxili və xarici siyasətindən, dövlət strukturlarının siyasi yönümündən asılı olmayaraq, onların mədəniyyət və incəsənət sahəsində regional birliyini həyata keçirməkdir.
TÜRKSOY-un əsas üzvləri Qazaxıstan, Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızıstan və Türkmənistandır. Sonrakı illərdə Rusiya Federasiyasının Altay, Başqırdıstan, Tatarıstan, Tuva, Xakas və Saxa-Yakut respublikaları, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi və Şimali Kipr Türk Respublikası təşkilata üzv olublar. Buna baxmayaraq, bu üzvlər də əsas üzvlər kimi eyni hüquqa və səlahiyyətə malikdilər. Ümumiyyətlə, TÜRKSOY-un fəaliyyətində demokratik prinsiplər əsas götürülür. Yəni səsvermədə 8 müşahidəçi ölkə də əsas 6 üzvlər kimi eyni səsvermə hüququna malikdirlər.
TÜRKSOY-un ən yüksək orqanı üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasıdır. Təşkilatın qərarları ölkələrdə növbə ilə keçirilən mədəniyyət nazirlərinin Daimi Şurasının toplantısında təsdiq olunur. Toplantılararası müddətdə təşkilata nazirlər sırasından seçilmiş baş katib rəhbərlik edir. Təşkilarda baş katibin işçi qrupundan əlavə hər ölkədən bir nümayəndə fəaliyyət göstərir. TÜRKSOY-un mənzil-qərargahı Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində yerləşir; rəsmi dili türk dilidir. Təşkilat struktur etibarı ilə iki komitəyə bölünüb: Mədəniyyət və incəsənət tədbirlərinin birgə keçirilməsi üzrə Komitə, inzibati və hüquqi təmsilçilər üzrə Komitə. Baş katib TÜRKSOY-un bütün fəaliyyətinə cavabdehlik daşıyır, onu beynəlxalq tədbirlərdə təmsil etmək, müqavilələr imzalamaq hüququna malikdir.
TÜRKSOY türk mədəniyyətini, ədəbiyyatını, incəsənətini tanıtmaq məqsədilə möhtəşəm işlər görüb. 1994-cü ildən başlayaraq zəngin ümumtürk mədəniyyətinin təbliği və dünyaya tanıdılması istiqamətində mühüm layihələrə imza atıb. Bu illər ərzində rəssamlar, yazıçılar, şairlər, heykəltəraşlar, fotoqraflar, teatr və kino sənətçiləri, incəsənət nümayəndələri TÜRKSOY-un tədbirlərində bir-birilərilə tanış olub, əlaqələr qurublar. Sibirdən Balkanlara qədər ortaq mədəniyyətimiz dünyada təmsil və təbliğ edilir. 1994-cü ilin 21-23 martında Türkiyədə geniş miqyasda qeyd olunan Novruz bayramı böyük maraqla qarşılandı və hər ilin martında müntəzəm olaraq keçirilməkdədir. YUNESKO-nun xətti ilə gerçəkləşən dahi Azərbaycan şairi Füzulinin 500 illik yubileyi TÜRKSOY-un təşəbbüsü ilə bütün Türk Dünyasında təntənəli şəkildə qeyd olundu. Məhəmməd Füzulinin yubileyi təkcə Azərbaycanda deyil, həm də Türkiyədə, Rusiyada, İraqda, İranda, Dağıstanda, Parisdə – YUNESKO-nun baş qərargahında keçirilmiş, bütün dünyada Azərbaycanın şöhrətini daha yüksəklərə qaldırmış, türk xalqlarının əlaqələrinin gücləndirilməsi işinə layiqli xidmət göstərmişdir.
Təşkilatın Nazirlər Şurası 1995-ci ilin 29-30 iyununda Manas eposunun 1000 illiyinə həsr olunmuş beynəlxalq simpoziumda bu ədəbi abidənin ümumtürk konteksində tədqiq olunmasının əhəmiyyətindən bəhs edilmişdi. Həmin ilin 24-31 avqustda Manas eposunun 1000 illiyinə həsr olunmuş Bişkekdə keçirilən təntənəli şənliklərdə iştirak edən TÜRKSOY bu tarixlə əlaqədar olaraq nəfis tərtibatlı “Manas” kitabını nəşr etdirmişdir.
Regional mədəni inteqrasiya modeli kimi analoqu olmayan TÜRKSOY bir çox beynəlxalq təşkilatların diqqətini cəlb edib. 1996-cı il iyulun 7-də İstanbul şəhərində TÜRKSOY-la YUNESKO arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. TÜRKSOY-un təklifi ilə YUNESKO-nun baş fəaliyyət proqramına daxil olunması təklif edilib; 1)1999-cu ildə dünya və türk ədəbiyyatının əvəzsiz nümunəsi olan “Dədə Qorqud” eposunun 1300 illik yubileyinin keçirilməsi, bu məqsədlə də 1999- cu ilin “Dədə Qorqud ili” adlanması, 2)Türk Dünyasının tarixi mədəni mərkəzlərindən biri olan Türküstan şəhərinin 1500 illiyinin qeyd olunması, 3)Böyük Türk Xaqanlığının 1450 illiyinə həsr olunmuş təntənəli mərasimlərin keçirilməsi proqramı. TÜRKSOY-un YUNESKO qarşısında qaldırdığı bütün bu təkliflərin sonradan yüksək səviyyədə reallaşması təşkilatın beynəlxalq nüfuzunu daha da artırdı.
TÜRKSOY-un fəaliyyətinin tərkib hissəsi kimi müxtəlif kitab və məcmuələrin nəşr olunmasını göstərmək olar: Qırğızıstanın xalq eposu “Manas”, Abayın seçilmiş əsərləri, Altaydan Dunaya qədər türk mədəniyyətinin ümumi motivləri, Başqırd xalq eposu “Ural Batır”, Türkmənistan poeziyasının antologiyası, Türkdilli ölkələrin memarlıq abidələri, Böyük Türk Xaqanlığının tarixi, Muxtar Auezovun seçilmiş əsərləri, Tatar xalq dastanı “İdigey”, ”Dədə Qorqud” ensiklopediyası, Bulqar-tatar sivilizasiyasının abidələri, və s.
TÜRKSOY-un “Türk dünyası mədəniyyət paytaxtları” layihəsinin məqsədi isə zəngin mədəni irsə malik olan ölkələrimizi, şəhərlərimizi dünyaya tanıtmaqdır. TÜRKSOY-un bu təklifi 2011-ci ildə İstanbulda keçirilən türkdilli ölkələrin dövlət rəhbərlərinin Zirvə Toplantısında dəstək gördü və ilk olaraq 2012-ci il Astana şəhəri Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olundu.
TÜRKSOY ölkəmizlə bağlı çoxsaylı birgə layihələr həyata keçirib. Bu tədbirlər sırasında 2012- ci il “Mirzə Fətəli Axundzadə ili” 2016-cı ildə Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, 2017-ci ildə TÜRKSOY tərəfindən elan olunan “Molla Pənah Vaqif ili”nin uğurla keçirilməsini, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 oktyabr Sərəncamı ilə, 2018-ci il TÜRKSOY tərəfindən böyük Azərbaycan bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi şərəfinə “Qara Qarayevin xatirə ili” elan edilib. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi TÜRKSOY-da qeyd edilib. 2018-ci ildə xalq yazıçısı, görkəmli ictimai xadim və ədib, Yazıçılar Birliyinin Sədri Anar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) “Şərəf” medalı ilə təltif olunmuşdur. 2017–ci il 7 dekabrda Azərbaycan Dövlət Pedaqoji Universitetində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) kafedrası açılmışdır.
Prezident İlham Əliyevin 6 dekabr 2022-ci il tarixli sərəncamı ilə Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib və bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunub.
TÜRKSOY Türk xalqlarının qardaşlığını, dil birliyini, ortaq Türk mədəniyyətini gələcək nəsillərə çatdırmaq üçün önəmli bir missiya həyata keçirir. Ortaq mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın tariximizin zənginləşməsində, yalnız türk coğrafiyasında deyil, bütün dünyada tanıdılmasında, dostluq və qardaşlıq bağlarının qurulmasında TÜRKSOY əvəzsiz xidmətlər göstərir.
Tövsiyə edilən ədəbiyyat: