Tarixdən səhifələr

Beynəlxalq Şahmat Günü

Şahmat oyunu bəşəriyyət tarixinin ən qədim, eyni zamanda ən mükəmməl stolüstü strateji oyunlarından biri hesab olunur. İnsan zəkasının yaradıcılıq məhsulu olan şahmat bu gün yalnız sadəcə bir oyun kimi deyil, həm də dünya mədəniyyətinin maraqlı bir sahəsi kimi yüksək qiymətləndirilir. Beynəlxalq Şahmat Federasiyası (FİDE) 1924-cü il iyulun 20-də, Yay Olimpiya Oyunları dövründə təsis edilib. 1966-cı ildə UNESCO hər il iyulun 20-sini Dünya Şahmat Günü kimi qeyd olunması haqqında qərar qəbul edib. FİDE (fr. Fédération Internationale des Échecs, FIDE) — beynəlxalq şahmat federasiyası, idman təşkilatının əsası Parisdə qoyulmuşdur. FİDE yaradılan vaxt 14 ölkəni əhatə edirdi. Hazırda 173 – dən çox ölkəni əhatə edən milli federasiya, o cümlədən Azərbaycan Şahmat Federasiyası, o vaxtdan etibarən daim genişlənməkdədir. Bayrağı, himni və devizi ("Gens una sumus" –"Biz hamımız bir ailəyik") vardır. Mənzil qərargahı Afinadadır. Rəsmi dilləri: fransız, rus, ingilis, ispan və almandır.

Şahmatın vətəni Hindistan hesab edilir. Nə vaxt meydana gəldiyi indiyədək müəyyən edilməmişdir. Bu məsələdə təqdiqatçılar müxtəlif mövqe tuturlar. Y.Roxlin, İ.M.Linder, Z.Xocayev və F.Dümmel təqribən 1500 il, M.S.Koqan və V.Panov isə 2000 ildən çox olmasını göstərirlər. Hind tarixçisi T.Krişnamaçar şahmatın tarixini b.e.ə. V-VI əsrlərə, yəni təqribən 2500 il bundan əvvəlki dövrlərə aid edir. İran tarixçisi Murtuza Ravəndi isə 1924-cü ildə Hindistanın Aşağı Sind əyalətinin qərbində aparılan qazıntı zamanı miladdan 3000-4000 il əvvəllərə aid edilən şahmat daşları tapıldığı haqda məlumat verir.

Orta əsrlərdə şahmat böyük bir məşhurluq qazandı. Şahmatın mükəmməl və maraqlı oyun olması, onun tez bir zamanda dünyaya yayılmağına səbəb oldu. İslam alimlərindən bəziləri onun müxtəlif strateji və riyazi əlamətlərilə maraqlanırdılar. Oyun Moğol İmperiyasının hakimiyyəti dövründə Asiyaya həmçinin, Avropa və Afrika qitələrinə yayıldı. Şahmat, Renessans dövründə Avropada böyük bir zirvəyə çatdı. Oyunun qaydaları, strategiyaları və turnir təşkilatları inkişaf etdi. 19-cu əsrin sonlarına doğru isə modern şahmat oyunu qaydaları müəyyənləşdi.

Şahmatın Azərbaycana ilk gəlişi haqqında dəqiq məlumatlar olmasa da, islamiyyətdən sonrakı dövrlə bağlı olduğu məlumdur. 9-cu yüzillikdə Orta Asiyada gözəl oyunu ilə hamını heyran edən, tarixdə ilk qeyri-rəsmi şahmat ustası Cəlaləddin Naxçıvani və Xoca Əli Təbrizi Azərbaycan şahmatçılarının ilk görkəmli nümayəndələridir. Orta əsr səyyah və tarixçiləri Azərbaycanda 17 idman növünün mövcud olduğunu qeyd edirlər. İntibah dövrü Azərbaycanının görkəmli nümayəndələri Xaqani Şirvani, Nizami Gəncəvi  və Orta dövr klassikləri İmadəddin Nəsimi və Məhəmməd Füzuli kimi dahilər öz şeirlərində şahmatı tərənnüm etmiş, oyun haqqında mənalı, çox dərin fikirlər söyləmişlər.

Şahmat oyunu bütün dünyada olduğu kimi Azərbaycandan da, 19-cu əsrdən etibarən daha geniş yayılmağa başladı.1926-cı ildə şahmat üzrə Bakı, 1934-cü ildə isə ilk Azərbaycan çempionatı keçirilmişdir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə 70-ci illərindən başlayaraq, Azərbaycanda şahmata dövlət səviyyəsində xüsusi qayğı göstərilməyə başladı. Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev, respublikada digər sahələr kimi, idmanın da maddi-texniki bazasının gücləndirilməsi yolunda çox böyük işlər gördü və 60-a yaxın uşaq-gənclər şahmat məktəbinin tikilib istifadəyə verilməsinə nail oldu. Sovet İttifaqı dövründə şahmat tacının Azərbaycana gətirilməsində – H.Kasparovun dünya çempionu adını qazanmasında da görkəmli dövlət xadimi Heydər Əliyevin əvəzsiz xidmətləri olub.
 
1993-cü ildən etibarən şahmatın inkişafı müstəqil dövlət siyasətinin tərkib hissəsinə çevrildi. Müstəqillik dövründə yenidən hakimiyyətə qayıdan Prezident Heydər Əliyev ölkədəki xaosu sabitliyə çevirəndən sonra, tezliklə idmanı yenə diqqət mərkəzinə gətirdi. İslam dünyasında qadınlar arasında ilk beynəlxalq qrossmeyster, 2002-2007-ci illərdə Azərbaycan Şahmat Federasiyasının prezidenti olmuş Aynur Sofiyeva, eləcə də qrossmeysterlər Firuzə Vəlixanlı, İlahə Qədimova beynəlxalq şahmat dairələrində tanınmış qadın simalar olmuşdur.

Müstəqillik dövründə Azərbaycan şahmatçıları dünya şahmat tarixinə ilkləri ilə imza atmağa başladılar və Azərbaycan şahmatı tarixində ilk dəfə olaraq ölkəyə birinci qızıl medalı Qədir Hüseynov gətirdi. 1994-cü ildə o, 8 yaşındaykən Ruminiyada keçirilən uşaqlar arasında Avropa çempionatında birinci yeri tutduqdan sonra dünyanın ən gənc 10 FİDE ustası kimi “Ginnesin Rekordlar kitabı” na düşdü. Prezident Heydər Əliyevin “Azərbaycan uşaq şahmatçıları Teymur Rəcəbov və Vüqar Həşimova dövlət qayğısının artırılması haqqında” və “Azərbaycan uşaq şahmatçılarına dövlət qayğısının artırılması haqqında” 1998-ci ilin fevralında və yenə həmin ilin sonlarında iki sərəncam imzaladı. 2001-ci ildə Teymur Rəcəbov 14 yaşındaykən dünyanın ən gənc qrossmeysteri rekordunu yenilədi. O, şahmat vunderkindi hesab olunur. Teymur Rəcəbov 2003-cü ildə Harri Kasparova qalib gələrək dünya çempionunu məğlub edən ən gənc şahmatçı kimi şahmat tarixinə düşmüşdür.
Azərbaycan şahmatına böyük uğurlar qazandıran mərhum şahmatçımız Vüqar Həşimov dünyanın ən qabaqcıl, Azərbaycan tarixinin ən böyük şahmatçılarından biri olub. 2009 -cu ildə dünya şahmatçılarının reytinq siyahısında 6-cı pilləyədək irəliləmiş, dəfələrlə ilk onluğa daxil olaraq planetin ən güclülərindən biri olmağı bacarmışdı. 2009-cu ildə kişilərdən ibarət Avropa çümpionatında qalib gələrək birinciliyi əldə etmişdi.

Bu gün Azərbaycanda şahmat ən populyar idman növlərindən biridir. Prezident İlham Əliyevin idmana qayğısı hələ Azərbayacan Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi dövrdən (1997 – 2003) başlayaraq bu günə qədər olan dövrü əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şahamata göstərdiyi qayğı nəticəsində Azərbaycan bir çox nəaliyyətlərə imza atmışdır. 2002-ci ildə şahmat üzrə avropa çempionatı, 2003-cü ildə Naxçıvan-da gənclər arasında dünya çempionatı, 2008-ci ildə Bakıda FIDE-nin Qran-pri seriyasının Heydər Əliyevin xatirəsinə həsr olunmuş turniri, mərhum şahmatçımız, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan, 2014-cü ildən etibarən ənənəvi olaraq təşkil edilən və dünyanın ən güclü şahmatçılarını bir araya toplayan “Shamkir Chess” super-turniri, şahmat üzrə 2015-ci il Dünya kuboku və 2016 - cı ildə Ümumdünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi Beynəlxalq Şahmat Fedarasiyasının ölkəmizə göstərdiyi yüksək etimadın bariz nümunələrindəndir.  Bakının ev sahibliyi etdiyi 2016-cı il 42-ci Ümumdünya Şahmat Olimpiadası indiyədək Azərbaycanda keçirilən ən kütləvi yarış kimi tarixdə qalıb. Bu mötəbər yarışda 176 ölkədən 181 kişi və 142 qadın komandası mübarizə aparıb. Bu da iştirakçı ölkələrin sayına görə rekord göstərici hesab olunur.

Azərbaycan Şahmat Federasiyası (AŞF) ilə Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə növbəti dəfə “Baku Open - 2024” beynəlxalq şahmat festivalı təşkil edilib. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 100 illiyinə həsr edilən turnir İsveçrə sistemi üzrə 9 turdan ibarətdir. İştirakçıların son siyahısı iyunun 15-də müəyyən edilib. Bakı İdman Sarayının ev sahibliyi edən festivalın ümumi mükafat fondu 50 000 ABŞ dollarına bərabərdir. İyunun 29-da start götürən “Baku Open - 2024” beynəlxalq şahmat festivalı iyulun 7-də yekunlaşdı.

Görülən işlərin nəticəsidir ki, bu gün respublikamızın adı şahmatın ən yüksək səviyyədə inkişaf etdiyi ölkələr sırasında çəkilir. Azərbaycan şahmat məktəbinin yetirmələri istər uşaq və yeniyetmələr, istərsə də gənclər və böyüklər arasında bir çox mötəbər beynəlxalq yarışlarda, o cümlədən Avropa və dünya çempionatlarında, klublararası qitə birinciliklərində qalib və mükafatçılar sırasında yer tutur, fəxri kürsüdə təbriklər qəbul edirlər. Onların qələbələri şərəfinə müxtəlif ölkələrdə Azərbaycan bayrağı yüksəklərə ucaldılır, istedadlı şahmatçılarımızın yüksək səyləri nəticəsində dövlət himnimiz dünyanın müxtəlif ölkələrində səsləndirilir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Quliyev, Şəhriyar Paşa oğlu. Şahmat tariximizdən səhifələr /Ş. Quliyev ; red. Z. Vəlibəyov, A. Əliyev. - Bakı: Azərnəşr, 1966. - 111 s.
  2. Quliyev, Şəhriyar Paşa oğlu. Azərbaycanda şahmatın tarixi : ədəbi və tarixi qaynaqlar əsasında araşdırma /Ş. P. Quliyev ; red., tərtib edən, ön sözün və əlavələrin müəllifi Q. Şəhriyar. - Bakı: [s. n.], 2012. - 319 s.
  3. Əliyev, Akif. Azərbaycan milli idman oyunlarının tarixi: dərs vəsaiti /A. Əliyev; elmi red. Y. Talıbov ; rəyçilər. S. Onullahi, X.Qurbanov, K. Rzayev. - Bakı: Şərq-Qərb, 2001. - 124 s.
  4. Bayramov, Oqtay Nəsib oğlu. Heydər Əliyev və Azərbaycan şahmatının zəfər salnaməsi/O. Bayramov; red. İ. Abbasov ; dizayn: F. Əhmədov, R. Məhərləmov. - Bakı: Zərdabi LTD MMC, 2018. - 95 s.