Azərbaycan KP Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən Plenumu Azərbaycan üçün böyük tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisə idi. Plenumda Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi.
Heydər Əliyev Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi seçilən vaxt respublika iqtisadiyyatı dərin iqtisadi böhran mərhələsinə qədəm qoymuşdu. 60-cı illərdə iqtisadiyyatın inkişafında mənfi meyllər özünü göstərirdi. Bir sıra obyektiv və subyektiv səbəblərə görə Azərbaycanın sosial-iqtisadi inkişafdan geridə qalması artıq nəzərə çarpırdı.
Sovet sisteminin bütün xüsusiyyətlərinə dərindən bələd olan Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi geriliyinin aradan qaldırılması istiqamətində mühüm addımlar atmağa başladı. 1960-cı illərin sonlarına qədər respublikamızda əsasən neft sənayesinin inkişafında müəyyən irəliləyişlər olsa da, iqtisadiyyatın digər sahələrində çatışmazlıqlar mövcud idi. Azərbaycan sovetlər ittifaqının karbohidrogen xammalı istehsal edən əsas respublikası olaraq qalırdı. Neft və onunla bağlı olan sahələr respublikamızın xalq təsərrüfatına ümumi kapital qoyuluşunun böyük bir hissəsini özünə cəlb etsə də, istehsal və sosial infrastruktur zəif inkişaf etmişdi. SSRİ-nin tərkibində olan Azərbaycanın iqtisadi inkişafını müstəqil şəkildə müəyyənləşdirmək səlahiyyəti yox idi. Buna görə də uzun illər respublika iqtisadiyyatı yalnız neft-qaz hasilatı və onunla əlaqədar sahələrin inkişafından asılı olmuşdu.
1950-1960-cı illərdə SSRİ-nin digər regionlarında zəngin neft ehtiyatlarının aşkar olunub istifadəyə verilməsi isə Azərbaycan neftinə marağı xeyli azaltdı ki, bu da bütövlükdə respublika iqtisadiyyatının artım sürətinə mənfi təsir göstərdi. Həmin dövrdə qara metallurgiya, neft kimyası, kimya, elektrotexnika və cihazqayırma kimi sənaye sahələrinin yaradılması üçün müəyyən tədbirlər görülsə də, bu istiqamətdə işlər çox ləng aparılırdı. İri müəssisələrin əksəriyyəti əsasən Bakı və Sumqayıt şəhərlərində tikilir, digər şəhər və rayonlarda onların tikintisinə biganə yanaşılırdı ki, bu da əmək ehtiyatlarından istifadə dərəcəsini aşağı salır, işçi qüvvəsinin kütləvi şəkildə regionlardan paytaxta gəlməsinə səbəb olurdu. Nəticədə Bakı şəhərində mənzil və digər sosial obyektlərə tələbatların təmin olunmasında ciddi problemlər yaranırdı. Kiçik şəhərlərin, inzibati rayon mərkəzlərinin əmək ehtiyatlarından səmərəli istifadə olunması, orada yaşayan əhalinin mədəni-məişət şəraitinin yaxşılaşdırılması lazımi səviyyədə deyildi.
Azərbaycanın bütün sahələrini əhatə edən dinamik inkişafa nail olmaq üçün Heydər Əliyev çevik və ardıcıl siyasət apardı, sənayenin, aqrar-sənaye kompleksinin ixtisaslaşmış sahələrinin inkişafı məqsədilə müxtəlif proqramlar həyata keçirdi. 1969-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə SSRİ hökuməti Azərbaycanın xalq təsərrüfatının və onun ayrı-ayrı sahələrinin inkişafına dair mühüm qərarlar qəbul etdi. Həmin sənədlərdə sosial-iqtisadi inkişafı nəzərdə tutan əsas məqsədlər öz əksini tapdı. Onlara nail olunması yönündə görülmüş təşkilati-iqtisadi tədbirlərin nəticəsində respublikanın hərtərəfli inkişafı üçün böyük istehsal potensialı yaradıldı. Azərbaycan elektrik enerjisi, neft-mədən avadanlığı, kimya məhsulları, üzüm şərabı, meyvə-tərəvəz konservi, pambıq mahlıcı, ipək sap, yaşıl çay və digər məhsulların istehsalına görə SSRİ-yə daxil olan respublikalar arasında qabaqcıl yer tutdu. Azərbaycanın sənaye və kənd təsərrüfatı üzrə istehsal göstəriciləri yüksəldi, ümumittifaq əmək bölgüsündə payı artdı.
Heydər Əliyevin qətiyyətli və prinsipial fəaliyyəti nəticəsində SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri Azərbaycanda tikildi. 1975-ci ildə Bakı Məişət Kondisionerləri zavodu fəaliyyətə başladı. Hər il zavodda layihə gücündən artıq, 430 min kondisioner istehsal olunaraq, dünyanın 60-dan çox ölkəsinə göndərilmişdir. Bununla yanaşı, "Ozon” Elmi-İstehsalat Birliyi, Elektron Hesablayıcı Maşınlar zavodu, Sumqayıt Kompressor zavodu, Üst Trikotaj Fabriki, Bakı Tikiş və Ayaqqabı fabriki, Gəncə Əlvan Metallar Emalı zavodu, Naxçıvan Şüşə Qablar zavodu, Əli-Bayramlı Məişət Cihazları zavodu kimi iri sənaye müəssisələri tikilərək istifadəyə verilmişdir.
SSRİ rəhbərliyi respublikamızda maşınqayırma, kimya, neft kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, toxuculuq, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq verdi. 1969-1982-ci illərdə Azərbaycanda yeni sənaye sahələri yaradılmış, müxtəlif elektrik cihazları istehsal edən zavodlar inşa olunmuşdur. Həmin dövrdə respublikamızda 250-dən çox sənaye müəssisəsi fəaliyyətə başladı. Azərbaycan sənaye məhsulunun artım sürətinə görə SSRİ-nin respublikaları arasında ən qabaqcıl mövqelərdən birini tutdu. 1969-1982-ci illərdə neft sənayesi üçün müxtəlif təyinatlı 400-dən çox gəmi alındı. 1978-ci ildə Bakı Dərin Özüllər Zavodunun təməli qoyuldu.
Sənayenin inkişafı istehsal müəssisələrinin yeni texnologiyalar əsasında qurulmasına böyük təkan verdi, on minlərlə yeni iş yeri açıldı. Bakı və Sumqayıtla yanaşı, Gəncə, Mingəçevir, Şəki, Lənkəran kimi orta və kiçik şəhərlərdə tikinti materialları, yüngül və yeyinti sənaye müəssisələri, iri maşınqayırma zavodlarının filialları fəaliyyətə başladı. 1980-ci illərdə istehsaldan gələn milli gəlirin 20 faizindən çoxu sənayenin payına düşürdü. Həmin dövrdə milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı, həmçinin əmək məhsuldarlığı 2 dəfə, xalq istehlakı mallarının istehsalı isə 3 dəfə artmışdı. Kənd təsərrüfatında məcmu məhsul 2,7 dəfə artmış, bu sahədə məhsuldarlıq isə 2 dəfədən artıq çoxalmışdı. SSRİ-nin bir çox məhsullara, xüsusilə neft sənayesində işlənən avadanlıqlara tələbatının 70 faizə yaxınını Azərbaycan təmin edirdi. Sənaye müəssisələrinin yenidən qurulması və müasirləşməsi istehsalın texniki səviyyəsini xeyli yüksəltdi.
1969-1982-ci illərdə respublikamızda əmək məhsuldarlığının yüksəlməsi iqtisadiyyatın inkişafına güclü təsir göstərən faktor oldu. Əsaslı vəsait qoyuluşunun artımı nəticəsində Azərbaycan böyük tikinti meydançasına çevrildi. Həmin illərdə yeni texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətə başlaması sənayenin maddi-texniki bazasını möhkəmləndirdi. Elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqi nəticəsində elektron maşınqayırması, radio-sənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıqların istehsalı kimi yeni mütərəqqi sənaye sahələri yaradıldı. Respublikamızda neft emalı sənayesi tarixində ilk dəfə olaraq neftin ikiqat emalı üçün qurğu və avadanlıqlar quraşdırıldı, qaz sənayesinin inkişafında ən yüksək nəticələr əldə olundu. Azərbaycanın energetika sisteminin təkmilləşməsi Cənubi Qafqazın enerji sisteminin formalaşmasında, həmçinin SSRİ-nin vahid enerji şəbəkəsi ilə əlaqəsinin möhkəmlənməsində mühüm əhəmiyyət daşıdı.
Həmin dövrdə üzümçülük, baramaçılıq, tütünçülük, çayçılıq və çayın emalı, pambıqçılıq kompleksləri əsasında yüngül və yeyinti sənaye məhsulları istehsalının həcmi əhəmiyyətli dərəcədə artdı. Respublikamız istehsal etdiyi bir çox əsas məhsullarla özünün yerli tələbatını ödəməklə yanaşı, həm də xeyli sayda müxtəlif məhsullar ixrac etməyə başladı. SSRİ üzrə üzüm və tütün istehsalının həcminə görə Azərbaycan birinci, barama istehsalına görə üçüncü, pambıq istehsalına görə dördüncü yeri tutdu.
Sovet dövründə hakim ideologiyanın qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərin tərkib hissələrindən olan ana dilinin inkişafı məqsədilə əhəmiyyətli addımlar atılmışdır. Azərbaycan SSR-in 1978-ci ildə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması barədə maddənin öz əksini tapması milli şüurun inkişafına mühüm təkan vermişdir.
Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə apardığı siyasət elm və təhsilin inkişafında mühüm rol oynamışdır. Azərbaycan Elmlər Akademiyasında, ali məktəblərdə və digər elmi mərkəzlərdə fundamental elmlərin inkişafı üçün yeni texnologiyalarla təchiz olunmuş maddi-texniki baza yaradılmışdır.
1970-1980-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə elm və təhsil sahəsində ciddi islahatlar aparıldı. Həmin dövrdə respublika üzrə ümumtəhsil məktəblərinin sayı 765-dən 2117-yə çatdı. Azərbaycanda 350 mindən çox şagird yeri olan 849 ümumtəhsil məktəbi tikildi, məktəbəqədər tərbiyə müəssisələrinin sayı artdı. 1969-cu illə müqayisədə 1982-ci ildə ali təhsil müəssisələrinin sayı 12-dən 21-ə, ali məktəb tələbələrinin sayı isə 70 min nəfərdən 100 min nəfərə çatdı. SSRİ-nin nüfuzlu ali məktəblərində oxumağa göndərilən azərbaycanlı gənclərin sayı Heydər Əliyevin təşəbbüsü ilə artırıldı. Əgər 1960-cı illərdə SSRİ-nin müxtəlif yerlərində oxumaq istəyənlər üçün cəmi 50 yer ayrılırdısa, 1980-ci illərin əvvəllərində bu göstərici 1000 nəfərdən çox idi.
Heydər Əliyev respublikamızda milli hərbi kadr hazırlığı üçün 1971-ci ildə C.Naxçıvanski adına Hərbi Məktəbi yaratmışdır. Məlumdur ki, SSRİ-də hərbi məktəblər əsasən Rusiya, Ukrayna və Belorusiyada fəaliyyət göstərirdi, müsəlman-türk respublikalarında isə bu cür təhsil müəssisələri mövcud deyildi. Azərbaycan yenidən dövlət müstəqilliyini əldə etdikdən sonra C.Naxçıvanski adına Hərbi Məktəb milli ordu quruculuğu üçün hərbi kadr hazırlığında mühüm tədris bazası rolunu oynadı. Elm və təhsillə bağlı Heydər Əliyevin həyata keçirdiyi siyasət gələcəkdə milli dövlətçilik arzularının reallaşmasında və xalqımızın onun ətrafında səfərbər olmasında böyük əhəmiyyət daşımışdır.
Heydər Əliyevin yüksək işgüzarlığı, rastlaşdığı problemləri peşəkarlıqla aradan qaldırması, SSRİ respublikaları arasında sosial-iqtisadi inkişafına görə axırıncı yerlərdən birini tutan Azərbaycanı ön sıralara çıxarması SSRİ-nin siyasi elitasının böyük marağına səbəb olmuşdu. Bunun nəticəsində Heydər Əliyev 1982-ci ildə SSRİ kimi nəhəng dövlətin Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Ulu Öndər həmin vəzifədə işləyərkən yenə də xalqımızın milli maraqlarını ifadə edən siyasət aparmış, Azərbaycana daim dəstək vermişdir.
Heydər Əliyevin yüksək idarəçilik bacarığının sayəsində respublikamızın iqtisadiyyatı və onun müxtəlif sahələri sürətli inkişaf yolu keçmişdir. Bunun nəticəsidir ki, həmin dövrdə Azərbaycan da Rusiya və Ukrayna kimi ittifaq büdcəsindən dotasiya almırdı.
1969-1982-ci illərdə Azərbaycanın iqtisadi sahədə əldə etdiyi uğurlar sonralar xalqımızın siyasi müstəqilliyi yolunda mühüm təməl rolunu oynadı.
Tövsiyə edilən ədəbiyyat: