Tarixdən səhifələr

Milli Mətbuat Günü

Ölkədə ilk mətbuat orqanın - əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

Azərbaycanın ictimai həyatının ən mühüm hadisələrindən biri olan milli mətbuatın formalaşması XIX əsrin ortalarına təsadüf edir. Azərbaycan və eləcə də bütün Şərq aləmi üçün tamamilə yeni siyasi, mədəni və elmi ünsiyyət vasitəsi olan mətbuatın yaranması əslində ölkədə gedən mühüm ictimai-siyasi, iqtisadi və mədəni proseslərlə, o cümlədən maarifçilik hərəkatının, dünyəvi teatrın və yeni tipli məktəbin təşəkkül tapması ilə sıx bağlıdır.

1832-ci ildə "Tiflis əxbarı" qəzeti və 1845-ci ildə "Zaqafqazski vestnik" qəzetinə "Qafqazın bu tərəfin xəbəri" adlı azərbaycanca buraxılan əlavə milli mətbuatın yaradılması istiqamətində atılmış ilk addımlar olmuşdur. Rəsmi bülleten xarakteri daşıyan həmin nəşrlər sözün əsl mənasında hələ qəzet adlandırıla bilməzdi.

Milli mətbuatımızın bünövrəsi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli maarifçilik hərəkatının banilərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəlmisində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur.

1877-ci ildə "Əkinçi" qəzeti bağlandıqdan sonra müxtəlif səylər göstərilməsinə baxmayaraq ölkəmizdə bir müddət azərbaycanca mətbu orqan çıxmamışdır. Ölkədə cərəyan edən ictimai proseslər və cari məsələlər bir müddət yerli rusdilli mətbuatda öz əksini tapırdı. Bakıda rus dilində çıxan ilk qəzet isə birinci nömrəsi 1871-ci ilin mart ayında işıq üzü görən "Bakinski listok" olmuşdur. 1876-cı ildə ikinci rusdilli qəzet "Bakinskiye izvestiya" nəşrə başlamışdır. Rusdilli qəzetlər içərisində daha uzunömrlü olmuş "Kaspi"nin 1897-ci ildən etibarən nşirliyini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüş və təxminən həmin dövrdən onun redaktoru Əlimərdan bəy Topçubaşov, sonralar isə Əlibəy Hüseynzadə olmuşdur. Rus dilində nəşr edilən qəzetlər Azərbaycan səhifəsi yaratmaq təşəbbüsü göstərsələr də buna nail ola bilməmişlər.

1879-cu ildə Hacı Səid Əfəndi Ünsizadə Tiflisdə "Ziyayi-Qafqaziyyə" qəzetini çıxarmağa nail olmuşdur. Qəzetin cəmi 104 nömrəsi çıxdıqdan sonra 1880-ci ildə o, çapını dayandırmışdır. 1883-1891-ci illərdə Tiflisdə "Əkinçi" üslubunu davam etdirən "Kəşkül" qəzeti və jurnalı çıxırdı.

XX əsrdə isə Azərbaycan dilində çıxan ilk qəzet Məmmədağa Şaxtaxtinskinin 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti olmuşdur. Qəzetin Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi yeri olmuşdur. Qəzetdə dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı. "Şərqi-rus" qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Ömər Faiq Nemənzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Əli Nəzmi kimi böyük maarifçiləri öz ətrafında birləşdirə bilmişdi.

Artıq "Şərqi-rus" qəzeti ətrafında formalaşmış yaradıcı heyət Azərbaycanda mətbuatın inkişafının yeni mərhələsinin başlanması üçün zəmin yaratdı. Cəlil Məmmədquluzadənin təşəbbüsü, redaktorluğu və naşirliyi ilə 1906-cı il aprelin 7-də Tiflisdə həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı - "Molla Nəsrəddin" işıq üzü gördü. 1918-ci ilədək Tiflisdə nəşr olunan jurnal 1921-ci ildə Təbrizdə, 1921-1931-ci illərdə isə Bakıda çap olunmuşdur.

Azərbaycanda uşaq və valideynlər üçün "Dəbistan", "Rəhbər", "Məktəb" kimi jurnalların buraxılması ilə də əlamətdar idi. Azərbaycan ziyalılarının fəal iştirakı ilə nəşr olunan "Həyat", "Füyuzat", "Təzə həyat", "Şəlalə", "Açıq söz", "Dirilik" kimi qəzet və jurnalların da mətbuatımızın inkişafında böyük rolu olmuşdur.

Azərbaycanın 1918-ci il mayın 28-də öz müstəqilliyini qazanmasında milli mətbuatın da mühüm rolu olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ümummilli platformadan çıxış edən "Azərbaycan" qəzetinin dahi Üzeyir bəy Hacıbəyov tərəfindən nəşr edilməsi ictimai-siyasi proseslərin milli mədəniyyətin inkişafı ilə nə qədər bağlı olduğunun ən bariz nümunəsidir. Əslində Cümhuriyyət dövrü mətbuatının fəaliyyəti Həsən bəy Zərdabi ideyalarının, "Əkinçi" prinsiplərinin həyata keçirilməsinin yeni və çox mühüm mərhələsi idi. Təəssüf ki, bu mərhələnin ömrü az oldu.

XX əsrin 70 ildən artıq dövri sovet mətbuatının fəaliyyət göstərdiyi illərə təsadüf edir. Bu dövrün də xüsusi yeri vardır. Məhz bu illərdə qəzet və jurnalların şəbəkəsi genişlənmiş, mətbuat kütləvi informasiya vasitələrinin yeni növləri hesabına zənginləşmişdir. Jurnalistikanın çeşidki növləri meydana çıxmışdır. Mətbuat daha çox partiyalı, sinifi olsa da, vətənpərvər jurnalistlərimiz öz qələmlərini daim xalqın xidmətində işlətmiş və bu yolda bəzən təqiblərə də məruz qalmışlır.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra mətbuatın inkişafı daha çox partiyalı mövqe ilə bağlı idi. Respublikanın "Kommunist" (ilk nömrəsi 1919-cu ildə çıxmışdır), "Bakinskiy raboçiy" (1906-ci ildən çıxır), "Vışka" (1928-ci ildən çıxır), "Azərbaycan gəncləri", "Molodyoj Azerbaydjana" (ilk nömrələri 1919-cu ildə çıxmışdır), "Bakı", "Baku" (1958-ci ildən çıxır), "Ədəbiyyat və incəsənət" (1934-cü ildən çıxır) və sair tanınmış mətbuat orqanlarında kommunist ideologiyası ilə bağlı məsələlərlə yanaşı respublikanın iqtisadi, elmi, mədəni inkişafı ilə əlaqədar problemlər də öz əksini tapırdı. Bu qəzetlərin xalqımızın dil, ədəbiyyat və mədəniyyətinə həsr etdiyi, azərbaycançılıq ideyasına xidmət edən yazıları bu gün də aktual olaraq qalır və totalitar rejim şəraitində belə Azərbaycan jurnalistikasının mövqeyini nümayiş etdirir.

Milli mətbuatımızın inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı. 1998-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi. Ümummilli lider Heydər Əliyevin fərman və sərəncamları ilə mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilmiş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur.

Ulu Öndərin mətbuata və mətbuat nümayəndələrinə göstərdiyi diqqət və qayğı Ümummilli liderin layiqli varisi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.
İkinci Qarabağ müharibəsi zamanı və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin əvəzolunmaz fəaliyyəti danılmazdır. Onların peşəkarlığı, fədakarlığı və çevikliyi sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi İrəvanın törədiyi hərbi cinayətlər haqqında dolğun məlumatlar çatdırıldı.

Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar.

Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbәşәri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir.

 

Tövsiyə edilən ədəbiyyat:

  1. Azərbaycan mətbuatı tarixi : dərslik / tərt.-red. A. Şahverdiyev. - Bakı : Təhsil EİM, 2006. - 252 s.
  2. Ağayev, İslam Məmməd oğlu. Ədəbiyyat, mətbuat və publisistika problemləri : seçilmiş məqalələr / İ. M. Ağayev ; elmi red. A. H. Rüstəmli ; AMEA Nizami adına Ədəbiyyat İnstitutu. - Bakı: Elm, 2008. - 504 s.
  3. Aşırlı, Akif. Azərbaycan mətbuatı tarixi / A. Aşırlı ; red. A. Bayramoğlu. I hissə 1875-1920. - Bakı : Elm və təhsil, 2009. - 296 s.
  4. Aşırlı, Akif. Azərbaycan mətbuatı tarixi / A. Aşırlı. II hissə : 1920-1990 / elmi red. C. Məmmədli. - Bakı : Elm və təhsil, 2010. - 227 s.
  5. Rəhimzadə, Vüqar Gəncəli oğlu. Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi : Azərbaycan təcrübəsi: monoqrafiya / V. G. Rəhimzadə. - Bakı : Mars-Print NPF, 2016. - 304 s.
  6. Azərbaycan mətbuatı tarixi : dərslik / tərt.-red. A. Şahverdiyev. - Bakı : Təhsil EİM, 2006. - 252 s.
  7. Azərbaycan çap mətbuatı tarixinin inciləri : 1875-1920 = Historical Gems of Azerbaijani Press : 1875-1920. - Bakı : Şərq-Qərb, 2020. - 160 s.
  8. Şuşa ABŞ və Böyük Britaniya mətbuatında : 1827-1915-ci illərə aid qəzet materialları əsasında / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası ; layihənin rəh., ön sözün müəl. K. M. Tahirov; tərc.: E. Nəciyev, Ə. İsmayılova; red. G. Nəciyeva. - Bakı : Zərdabi Nəşr MMC, 2022. - 84 s.
  9. Həsən bəy Zərdabi və "Əkinçi" : bioqrafik məqalələr, məktublar, xatirələr, tədqiqatlar / Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası, Söz Azadlığını Müdafiə Fondu ; red. heyəti: M. Yaqub [et al.]. - Bakı : [n. y.], 2010. - 225 s.