Tarixdən səhifələr

Azərbaycanın Xəzəryanı əyalətlərinin Rusiya tərəfindən işğalı (1722-1723)

Cənubi Qafqaz, xüsusilə də Azərbaycan özünün zəngin təbii sərvətləri, xammal ehtiyatları, həmçinin mühüm strateji coğrafi mövqeyi ilə hər zaman diqqət mərkəzində idi.

İqtisadi-təsərrüfat əhəmiyyəti ilə yanaşı, Qafqaz keçidində mühüm mövqe tutan Azərbaycan Avropa və Asiyanı birləşdirən körpü rolunu oynamaqla mühüm strateji maraq kəsb edirdi. Azərbaycan ərazisindən son dərəcə mühüm hərbi-strateji və ticarət yolları keçirdi. Burada Rusiyanın şərq ölkələrinə çıxması üçün vacib olan dəniz limanları da var idi. Azərbaycanın xüsusilə də onun Xəzəryanı əyalətlərinin Osmanlı imperiyası tərəfindən işğal edilməsi Rusiyanın bir sıra şərq ölkələrinə çıxışını bağlaya bilərdi. Rusiya üçün bu, eyni zamanda, onu Səfəvilər dövləti ilə birləşdirən mühüm kommunikasiya xəttindən məhrum edilməsi demək idi.

XVIII əsrin əvvəllərində, Xəzər Rusiyanın azad çıxışa malik olduğu yeganə cənub dənizi idi. I Pyotr Rusiyanı Şərq-Qərb ticarətində vasitəçi dövlətə çevirməyə çalışırdı.

1721-ci ilin avqustunda Hacı Davudun başçılıq etdiyi Şirvan üsyançıları və müttəfiqləri Surxay xan Qazıqumuqlu Şamaxı şəhərini alarkən şəhərdə olan 5 rus taciri öldürülmüş və əmlakları qarət olunmuşdu.

Azərbaycan və Səfəvi dövlətinin bir sıra başqa ərazilərini ələ keçirməyə fürsət axtaran rus çarı I Pyotr üçün Şamaxıda rus tacirlərinin qətl-qarətə məruz qalması əlverişli bəhanə oldu.

Pyotr Xəzəryanı əyalətlərin sakinləri arasında yürüşün səbəbini “izah etmək” məqsədilə “Manifest” çap etdirib, rus ordusu hərəkət edəcəyi istiqamətdə yerləşən şəhər və kəndlərə göndərdi. “Manifesf’də yürüşün əsl səbəbi ört-basdır edilir və göstərilirdi ki, rus ordusunun bu yürüşdə məqsədi Şirvan üsyanı zamanı Şamaxıda qətl-qarətə məruz qalmış rus tacirlərinin intiqamını almaq, habelə Rusiya dövlətinin dostu olan İran şahına qarşı qalxan üsyançılara, xüsusilə Hacı Davuda və Surxay xana cəza verməkdən ibarətdir. I Pyotr "Manifesf'ində yerli əhaliyə həmçinin əmin-amanlıq vəd edirdi. “Manifest” Azərbaycan dilində də çap olunmuşdu.

1722-ci ilin avqustun 23-də rus qoşunları heç bir müqavimətə rast gəlmədən Dərbənd şəhərinə daxil oldular. Şəhərin naibi İmamqulu vəzifəsində qalmaq xatirinə Dərbənd qalasının iki gümüş açarını I Pyotra təqdim etdi. Avqustun 30-da rus ordusu Dərbənddən Bakıya doğru yeridi. Lakin bir sıra səbəblərə görə I Pyotr yürüşünü dayandırıb sentyabrın 5-də Dərbəndə döndü. Sentyabrın 7-də isə polkovnik Yungerin başçılığı ilə qarnizonu burada qoyub Rusiyaya qayıtdı.

I Pyotr hərbi ekspedisiyalar göndərməklə Xəzər sahilinin qərbində və cənubunda yerləşən əyalətlərin işğalını davam etdirmək qərarına gəldi. 1722-ci ilin oktyabr ayında İsfahanı ələ keçirmiş əfqanların yaxın vaxtda Gilana yürüşü gözlənildiyindən ruslar tez-tələsik oranı zəbt etdilər. 1722-ci ilin dekabrında başda polkovnik Şipov olmaqla rus eskadrası Ənzəli limanına daxil olub heç bir müqavimətə rast gəlmədən Rəşt şəhərini ələ keçirdi.

Səfəvi imperiyasının dağılma prosesindən istifadə edən Osmanlı imperiyası da öz qoşunlarını Cənubi Qafqaza doğru yeritdi. Qərbi Avropa dövlətlərinin diplomatları sultanı inandırmağa çalışırdılar ki, ruslar Şirvan, İrəvan vilayətlərini alacaqları təqdirdə Osmanlı hakimiyyəti altında olan gürcülər və ermənilər “Rusiyanın təbəəliyini qəbul edəcəklər”.

Osmanlı dövləti tərəfindən bütün Cənubi Qafqazın tutulması təhlükəsi I Pyotru Bakını işğal etməyə tələsdirdi. 1723-cü il iyulun 21-də rus donanması Bakı limanına daxil oldu. Ciddi müqavimət göstərməsinə baxmayaraq, Bakı qarnizonu çoxsaylı orduya və hərbi texnikaya malik olan düşmənin hücumuna tab gətirmədi və artilleriya bombardmanı nəticəsində şəhərdə baş verəcək yanğının, tələfatın qarşısını almaq məqsədilə qalanı general Matyuşkinin başçılıq etdiyi yadelli işğalçılara təslim etməyə məcbur oldu. Bakı sultanı Məhəmməd Hüseyn bəy qardaşları ilə birlikdə tutulub Rusiyaya sürgün edildi. Polkovnik Baryatinski şəhərə komendant təyin olundu.

Bakıdan sonra ruslar asanlıqla Salyan şəhərini işğal etdilər.

Rus qoşunları Xəzəryanı əyalətlərin bir hissəsini işğal etdikdən sonra I Pyotr, II Təhmasib tərəfindən səlahiyyətlərindən məhrum edilmiş İranın sabiq elçisi İsmayıl bəyə Dərbənddən Gilana qədər olan torpaqları, habelə Şamaxı, Mazandaran və Astrabadı İran dövlətinin Rusiyaya güzəştə getməsi barədə müqavilə təklif etdi. 1723-cü il sentyabrın 12-də göstərilən şərtlər əsasında Peterburqda Rusiya ilə müqavilə imzalandı. Bunun əvəzində Rusiya Səfəvi şahına öz hakimiyyətini qorumaq üçün hərbi yardım göstərməyi öhdəsinə götürürdü. II Təhmasib isə əvvəlcədən hüquqi əsasdan məhrum olan bu müqaviləni təsdiqləməkdən qəti boyun qaçırdı. İsmayıl bəy vətən xaini elan olundu və geri qayıtmağa cəsarət etməyib, ömrünün sonunadək Rusiyada qaldı.

Osmanlı qoşunlarının Azərbaycanın ərazisinə daxil olub şərqə doğru hərəkət etməsi Xəzəryanı əyalətlərdə yerləşən rus qoşunları ilə toqquşma təhlükəsi yaradırdı.

Lakin osmanlılarla müharibəyə girmək istəməyən Rusiya Osmanlı imperiyasına bu bölgəni bölüşdürmək barədə müqavilə bağlamağı təklif etdi. Uzun danışıqlar və mübahisədən sonra tərəflər Səfəvi irsini bölüşdürmək barədə razılığa gəldilər. 1724-cü il iyulun 12-də İstanbulda Rusiya ilə müqavilə imzalandı. Müqaviləyə əsasən Osmanlı tərəfi Rusiyanın işğal etdiyi Xəzəryanı əyalətləri “İran tərəfindən Rusiyaya güzəşt edilmiş kimi” təsdiq etdi. Rusiya isə öz növbəsində Qərbi Qafqazın və Cənubi Azərbaycanın osmanlılar tərəfindən işğalına etiraz etməyəcəyini bildirdi. İstanbul müqaviləsinin maddələrindən birinə görə Xəzəryanı əyalətlər istisna olmaqla, Şirvanın qalan hissəsi sultanın ali himayəsi altında xanlıq kimi tanınırdı.

Bununla da, Xəzəryanı bölgələrin Rusiya tərəfindən işğalının ilk mərhələsi yekunlaşmışdır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Quliyev, Ə. N. Azərbaycan-Rusiya münasibətləri tarixindən : XV-XVIII əsrlər / Ə. N. Quliyev ; bur. məsul V. Bəhmənli ; red. Ə. Əsədzadə ; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası. - Bərpanəşr. - Bakı : Renessans-A, 2015. - 56 s.
  2. Nəcəfli, Güntəkin Cəmil qızı. XVIII əsrdə Azərbaycan ərazisində erməni dövləti yaradılması cəhdləri : monoqrafiya / G. C. Nəcəfli ; elmi red. T. T. Mustafazadə ; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu. - Bakı : Nurlan, 2007. - 248 s.
  3. Baxşəliyev, Tahir Şamil oğlu. Rusiya tarixi ən qədim zamanlardan günümüzədək : bakalavr pilləsi üçün dərslik / T. Ş. Bəxşəliyev ; elmi red. C. M. Cəfərov ; Bakı Dövlət Universiteti. - Bakı: Təhsil, 2021. - 808 s. 
  4. Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı: "Elm", 2007. - 592 s.
  5. Шишов, Алексей Васильевич. Схватка за Кавказ: XVI - XX века / А. В. Шишов. - М. : ИД Вече, 2005. - 448 с.
  6. Куликов, Анатолий Сергеевич. Все кавказские войны России : самая полная энциклопедия / А. С. Куликов, В. А. Рунов; отв. ред. А. Климова. - М.: Яуза : Эксмо, 2013. - 608 с.
  7. Курукин, И.В. Персидский поход Петра Великого. Низовой корпус на берегах Каспия (1722-1735 гг.) / И.В. Курукин– М. Квадрига; Объединённая редакция МВД России, 2010. - 381 с.