Tarixdən səhifələr

Ümumdünya Əhali Günü

11-iyul Ümumdünya Əhali Günü 1989-cu ildə BMT-nin əhali problemlərinin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilat olan Əhali Fondu tərəfindən təsis edilib. Bu gün ilk dəfə 1990- cı ildə 90-dan artıq ölkədə qeyd edilib. Əhali Fondunun məqsədi insan hüquqları, qadın sağlamlığı, ailə planlamasının əhəmiyyəti, gender bərabərliyi kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır.

Dünya Əhali Günü 2005-ci ildən etibarən Azərbaycanda geniş şəkildə qeyd olunmağa başlanılıb.

Azərbaycan tarixən uzun ömürlülər diyarı kimi şöhrət qazanıb. Ölkəmizin coğrafi iqlim şəraiti, xalqımızın sağlam həyat tərzi və özünəməxsus ailə-məişət xüsusiyyətləri burada yaşayan bütün xalqlar üçün örnək olmuş, onların sakit ömür sürməsinə zəmin yaratmışdır. Azərbaycanın havası, suyu, torpağı, təbii nemətləri burada yaşayan insanların Vətənə, elə-obaya və doğmalara məhəbbət hissini və həyat eşqini daim gücləndirmişdir. Ulu öndərimiz Heydər Əliyev azərbaycanlılara və azərbaycanda yaşayan bütün millətlərə daim qayğıyla yanaşmışdır. Onun “XXI əsrin, üçüncü minilliyin qarşılanması ilə bağlı tədbirlər planı haqqında” 26.01.2001-ci il tarixli 596 saylı sərəncamında bir sıra tədbirlərlə yanaşı, yaşı 100-dən çox olan Azərbaycan sakinləri haqqında sorğu-ensiklopedik kitabın hazırlanması da nəzərdə tutulmuşdu. Ahıllara, o cümlədən 100 ildən çox ömür sürən ölkə sakinlərinə göstərilən qayğı Azərbaycan Prezidenti Heydər Əliyevin daim diqqət mərkəzində olmuş və sorğu kitabının hazırlanması bu münasibətin bariz təcəssümüdür.

Ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanda MDB məkanında ilk dəfə olaraq elmi əsaslarla işlənilmiş, əhali sakinliyi və demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən «Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası» nı təsdiq edib. Prezident İlham Əliyevin 25 iyul 2006-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı” təsdiq edilib, proqram çərçivəsində dövlət başçısının 19 mart 2007-ci il tarixli Fərmanına əsasən Dövlət Miqrasiya Xidməti yaradılıb. 28 dekabr 2006-cı il tarixdə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı təsdiq edilib.

1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi ilə ölkədə dövlət quruculuğu üçün zəruri hüquqi baza formalaşdı. Ölkəmizin daxili və xarici siyasət konsepsiyası beynəlxalq hüquq normalarına uyğun olaraq quruldu. Bu illər ərzində Azərbaycanda bütün istiqamətlərdə dövlət quruculuğu prosesi uğurla həyata keçirilmiş, dövlətçilik ənənələri zənginləşdirilmişdir. Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ölkəmizin həyatında müstəsna əhəmiyyət daşıyır. İkinci Vətən müharibəsində qazandığımız zəfər və eyni zamanda müxtəlif ictimai-siyasi hadisələr, müstəqillik illərində Azərbaycan Respublikasının keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətlər azərbaycan əhalisinin dеmoqrafik səviyəsinin artmasına gətirib çıxarmışdır. Beləliklə sosial-iqtisadi amillərlə yanaşı yaşadığımız cəmiyyətin bu günkü psixoloji durumu ölkədəki demoqrafik göstəricilərə və bioloji həyat müddətinə ciddi təsiri etmişdir . Azərbaycan xalqının artımı və inkişafı Azərbaycanda yaşayan vətəndaşların yüksək rifah, firavanlıq, təhlükəsizlik şəraitində yaşaması Azərbaycan Respublikasının daim inkişafda olmağının və hər zaman hər bir sahədə yüksələcəyinin bariz nümunəsidir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Muradov, Şahbaz Musa oğlu. İnsan potensialı : əsas meyllər, reallıqlar, problemlər: monoqrafiya / Ş. M. Muradov ; red. A. A. Nadirov. - Bakı : Elm, 2004. - 660 s.
  2. Əlirzayeva, Təranə Əli qızı. Əhalinin gəlirləri və istehlakının maliyyə mexanizmləri : monoqrafiya / T. Ə. Əlirzayeva, Ə. Q. Əlirzayev ; elmi red.: N. M. Allahverdiyev, S. M. Yaqubov. - Bakı : Elm, 2007. - 248 s.
  3. Qasımova, Təzəgül. Qlobal problemlər sosial idarəetmə çərçivəsində : monoqrafiya / T. Qasımova ; elmi red. R. S. Mirzəzadə ; AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu. - Bakı : Elm, 2014. - 116 s.
  4. Şükürov, Kərim Kərəm oğlu. Azərbaycan əhalisi : qədim zamanlardan müasir dövrədək: öyrənilməsi tarixi və qaynaqları = Население Азербайджана : с древних времен до современности6 : история изучения и источники = Population of Azerbaijan : since ancient history up to the present : history of studyind and sources / K. K. Şükürov ; elmi red. Y. M. Mahmudov. - Bakı : Elm, 2004. - 974 s.
  5. Muradov, Şahbaz Musa oğlu. Azərbaycan Respublikası əhalisinin dinamikası və quruluşu: əsas demoqrafik və etno-demoqrafik dəyişikliklər : 1897-2007-ci illər: monoqrafiya = The Dynamics and Structure of the Population of the Republic of Azerbaijan : Main Demographic and Ethno-Demographic Changes: 1897-2007 years = Динамика и структура населения Азербайджанской Республики : основные демографические и этно-демографические изменения: 1897-2007 гг. / Ş. M. Muradov ; red. A. Q. Gözəlova ; rəy.: S. H. Haqverdiyeva, G. Z. Yüzbaşova. - Bakı : Elm, 2008. - 240 s.