25 May Beynəlxalq İtkin Düşmüş Uşaqlar Günü (International Missing Children’s Day) ilk dəfə ABŞ-da qeyd olunub. 1983-cü ildə ABŞ prezidenti Ronald Reyqan bu günün milli səviyyədə qeyd edilməsi haqda göstəriş verib. 25 may gününün təsis edilməsinə səbəb, 1981-ci ildə Florida ştatının Hollivud şəhərindəki ticarət mərkəzinlərindən birində altı yaşlı Adam Uolşun oğurlanması, öldürülməsi və 1979-cu ildə Amerika ştatlarından birində altı yaşlı İtan Patsin oğurlanması kimi hadisələrə görə yaradılıb. Peşəkar fotoqraf olan Evianın atası oğlunun fotoşəkillərini “İtkin uşaq” başlıqlı flayerlər və süd qutuları üzərində çap etmək üçün düzəldir. Eyni zamanda Evianın şəkli Tayms Meydanında ekranlarda illərlə yayımlanır. Uşaq bir neçə il axtarılır, lakin bütün cəhdlərə baxmayaraq, Evian tapılmır. O dövrdə ABŞ-da itkin düşən uşaqları axtaran rəsmi təşkilat olmadığı üçün ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1984-cü ildə İtkin düşən və İstismar edilən Uşaqların Axtarış Milli Mərkəzi (NCMEC) yaradılır. Əsasən Birləşmiş Ştatların Ədliyyə Departamenti tərəfindən maliyyələşdirilən NCMEC itkin düşən uşaqların tapılmasına kömək etmək və uşaq oğurluğunun qarşısının alınması yolları haqqında ictimaiyyəti məlumatlandırmaq üçün valideynlər, uşaqlar, hüquq-mühafizə orqanları, məktəblər və icmalar üçün məlumat klirinq mərkəzi və resurs kimi çıxış edir.
Qısa müddətdə digər Avropa ölkələri ABŞ-a qoşulur. 1997-ci ildə Beynəlxalq itkin düşmüş və istismar olunan uşaqlar mərkəzi (ICMEC) yaradılır. ICMEC 30 ölkədən ibarət qlobal itkin düşən uşaqlar şəbəkəsini idarə edir. ICMEC 121 ölkədən hüquq-mühafizə orqanları əməkdaşlarına təlim keçmiş, 100-dən çox ölkədə hüquq-mühafizə orqanları ilə işləyir və uşaqların istismarı ilə mübarizə aparan yeni qanunların qəbulu üçün 100 ölkənin qanunverici orqanları ilə əməkdaşlıq edir. 2008-ci ilin avqustunda ICMEC-ə BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) tərəfindən uşaqların cinsi istismarı və uşaq oğurluğu ilə bağlı ekspertizasına kömək etmək üçün “Xüsusi Məsləhətçi Status” verilmişdir. ICMEC həmçinin hökumətlərarası təşkilat INTERPOL , qitələrarası təşkilat Amerika Dövlətləri Təşkilatı (OAS) və Beynəlxalq Şəxsi Hüquq üzrə Haaqa Konfransı ilə işləyir.
Dünyada uşaqların müdafiəsi üçün bir çox orqan və təşkilatların olmasına baxmayaraq, hər il dünyada milyonlarla uşaq fiziki, cinsi, emosional və iqtisadi cəhətdən bir çox fərqli istismara məruz qalırlar. Bəzi ölkələrdə uşaq istismarının ört-basdır edilməsi obyektiv araşdırmaların qarşısını alır və görülən tədbirlərə baxmayaraq, istismar dərəcələri gündən-günə artmağa davam edir. Avropa Şurasına görə, Avropada hər 5 uşaqdan 1-i cinsi zorakılıqla qarşılaşır. İngiltərədə yerləşən Uşaq İşgəncələrinin Qarşısını Alma Milli Birliyinin (NSPCC) məlumatına görə, ölkədə 20 uşaqdan 1-i cinsi istismara məruz qalır. İsveçrənin 9,5 milyon əhalisinin olmasına baxmayaraq, hər il təxminən 11 min uşaq istismarı hadisəsi qeydə alınır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 2017-ci ildə aparılan bir araşdırmaya görə dünya miqyasında uşaqların 23% -i fiziki istismara, ümumilikdə 26% -i cinsi istismara, 36% -i mənəvi istismara məruz qalır.
İnsan alveri, uşaq əməyinin istismarı, orqan alveri kimi mənfi tendensiyalar günümüzdə bəşəriyyətin üzləşdiyi ən qlobal problemlər sırasındadır. Hər nə qədər qeyd edilən neqativ hallara qarşı beynəlxalq səviyyədə mübarizə aparılsa da, ümumilikdə bu problemləri tamamilə aradan qaldırmaq mümkün olmur. Araşdırmalar göstərir ki, bütün dünya üzrə itkin düşən uşağın izi ən çox orqan mafiyasında axtarılır. Çünki orqan mafiyası yiyəsiz uşaqlarla daha çox maraqlanır. Ən gəlirli, qeyri-qanuni biznes sayılan orqan mafiyasının uşaqları hədəf seçməsi isə onların əzalarının “bazar”da sürətlə və yüksək qiymətə satılmasıdır. İnsan alveri kimi xüsusilə də uşaq əməyinin istismarı da günümüzdə dünya üzrə geniş yayılmaqdadır. Bu gün dünyada 5-17 yaş arası 218 019 (13.8%) milyon uşaq məşğulluğu var. Dünyada uşaq məşğulluğunun regional bölgüsü üzrə 1-ci yeri Afrika, 2-ci yeri Asiya və Sakit Okean, 3-cü yeri Amerika, 4-cü yeri Avropa və Orta Asiya, 5-ci yeri isə Ərəb ölkələri tutur.
Dövlət müstəqilliyimizə çox mürəkkəb ictimai-siyasi və hərbi vəziyyətdə nail olmağımıza baxmayaraq, dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub. Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. I Qarabağ müharibəsi zamanı 210 uşaq öldürülmüş, 270 uşaq sağlamlığını itirmiş, 92 uşaq girov götürülmüşdür. Həmçinin 3393 uşaq valideynlərindən birini, 120 uşaq isə hər ikisini itirmişdir. 44 gün ərzində davam edən II Qarabağ Vətən Müharibəsində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı terorçu təxribatları, işğalçı rejimin döyüş bölgələrindən uzaq məsafədə yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı tətbiq etdiyi hərbi cinayətlər nəticəsində 12 uşaq amansızcasına qətlə yetirilib, 35 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 181 uşaq valideynlərindən birini, 5 uşaq hər iki valideynini itirib, bir ailə isə tamamilə məhv edilib. Eyni zamanda, müharibə zamanı Ermənistan dövlətinin işğalçı siyasi əməlləri bununla bitməyib. Belə ki, döyüş bölgəsində ordusunun məğlubiyyətə məruz qaldığını görən Ermənistan rəhbərliyi ratifikasiya etdiyi “Uşaq hüquqları haqqında Konvensiya”ya, Uşaqların silahlı münaqişələrdə iştirakı ilə əlaqədar Fakultativ Protokoluna məhəl qoymadan 15 yaşına çatmayan uşaqları hərbi əməliyyatlara cəlb etmiş, əsgər qismində istifadə olunmalarına razılıq vermişdir.
Bu gün Azərbaycan dünyanın çarəsiz qaldığı uşaqlara qarşı istismar məsələsində öz qanunvericiliyi və dövlət qurumlarının aktiv müdaxiləsi ilə örnək mübarizə elementləri formalaşdırıb. Azərbaycanda həmişə uşaqlara məhəbbətlə yanaşılır, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradılır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra bu siyasətin uğurlu fəaliyyəti üçün daha ciddi addımlar atılmışdır. Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu illərdə uşaq siyasətinin daha güclü təməllər üzərində qurulması və həyata keçirilməsi üçün fəaliyyətinin mühüm istiqamətlərini bu məsələyə yönəltmişdir. Azərbaycan 1992-ci ildə BMT-nin "Uşaq hüquqları haqqında Konvensiya”nı ratifikasiya etmişdir. Bu Konvensiya dövlətimizin qəbul etdiyi uşaq hüquqlarını müdafiə edən ən əhəmiyyətli beynəlxalq sənədlər siyahısındadır. Azərbaycan, eyni zamanda, müvafiq Konvensiyanın iki əlavə protokoluna, eləcə də "Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında”, "Uşaqların kənd təsərrüfatında işə buraxılmasının minimum yaşı haqqında”, "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair”, "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasına (Lanzarotta) və digər Konvensiyalara da qoşulmuşdur. Dövlət tərəfindən ratifikasiya edilmiş konvensiyalara əsasən daxili qanunvericilikdə mühüm islahatlar aparılmışdır. 19 may 1998-ci ildə qəbul edilən "Uşaq hüquqları” haqqında qanun Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, ailə, cəmiyyət və uşaq münasibətlərinin əsas istiqamətlərini tənzimləyir.
Azərbaycan Repsublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daim uşaq və gənclər üçün yaradılan imkanlar genişləndirilir. Bu imkanların reallaşması üçün müasir tipli məktəblər, tibb ocaqları, idman kompleksləri tikilir və ya təmir edilir. 2009-cu ilin dövlətimiz tərəfindən "Uşaq ili” elan edilməsi bu istiqamətdə mühüm tədbirlərin həyata keçirilməsinə, dövlət orqanlarının və vətəndaş cəmiyyətinin diqqətinin uşaq problemlərinin həllinə yönəldilməsinə xidmət edir. Uşaqların öz hüquqlarını bilməsi, ictimai həyatda iştirakçılığının artırılması istiqamətdə Ümumrespublika Uşaq Forumlarının xüsusi rolu vardır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə UNİCEF-in birgə təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Uşaq Forumları uşaqların hərtərəfli inkişafı, elmi-mədəni biliklərə yiyələnməsi, liderlik keyfiyyətlərinin formalaşması üçün stimul olmuşdur. Forumlarda idarəetməni uşaqlar həyata keçirir, onları düşündürən bütün məsələlər barədə müvafiq dövlət rəsmiləri ilə dialoq qurur, öz problemlərinin həlli ilə bağlı aidiyyəti dövlət orqanlarına təkliflərlə çıxış edirlər. Uşaqların hüquqlarının dayanıqlı şəkildə müdafiəsini təmin etmək günümüzün ən vacib məsələlərindən biridir. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Bu məsələlər nəzərə alınaraq, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilərək valideyn məsuliyyəti artırılmışdır. Gələcəyimizin qarantı olan ən qiymətli xəzinəmiz - övladlarımızı vətənini, millətini sevən, dövləti üçün çalışan bir şəxsiyyət kimi yetişdirmək, həyatın bəxş etdiyi çətinliklərin öhdəsindən gəlməyi bacaran, özünəinamlı, özü qərar verə bilən, təşəbbüskar, geniş düşüncəli, fədakar və istedadlı bir gənc kimi yetişmələrini təmin etmək hər bir Azərbaycan vətəndaşının ümumi vəzifəsi və məqsədidir.
Tövsiyə edilən ədəbiyyat: