Tarixdən səhifələr

Azad Şuşada ilk Xarıbülbül Musiqi Festivalı

Xarıbülbül Musiqi Festivalı — Şuşa şəhərində keçirilən beynəlxalq musiqi festivalıdı.

Festivalın keçirildiyi məkan kimi Şuşa şəhərinin seçilməsi heç də təsadüfi deyil. Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, bir çox görkəmli sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərin vətənidir.

Xarıbülbül Beynəlxalq Folklor Festivalının missiyası: Milli mədəni ənənələri canlandırmaq və qorumaq; Müxtəlif xalqların yaşayıb yaratdığı Azərbaycanın multikultural mühitini nümayiş etdirmək; ənənəvi və müasir musiqi janrlarını bir araya gətirməklə Istedadların aşkarlandığı, peşəkar təcrübənin paylaşıldığı, yeni bədii dəyərlərin meydana çıxdığı yaradıcı bir mühit formalaşdırmaq; Azərbaycan mədəniyyətinin mərkəzi hesab olunan Şuşa şəhərin işğaldan azad edildikdən sonra dünya mədəniyyətinə töhfəsini təşviq etmək məqsədilə beynəlxalq mədəni dialoq məkanına çevirmək.

Şuşa şəhərində ilk “Xarıbülbül” musiqi festivalı 1989-cu ilin mayında məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar keçirilmişdi. Festivalda yerli ifaçılarla yanaşı, Qırğızıstan SSR, Qazaxıstan SSR, Başqırdıstan SSR, Litva SSR və Belarus SSR-dən musiqi kollektivləri də iştirak edirdi. Ümumilikdə festivala 100-ə yaxın iştirakçı qatılmışdı. Konsertlər Cıdır düzü meydanında tikilmiş 7 məkanda keçirilib. Festival Cıdır düzü meydançasında “Qarabağ şikəstəsi” muğamı ilə açılmışdı. Tədbirin ilk günündə Qarabağ atlarının yarışları və həmçinin güləş yarışları da keçirilmişdi. Birinci festivalın tamaşaçıları əsasən Şuşa sakinləri idi.

1990-cı ildə “Xarıbülbül” festivalı beynəlxalq status almışdır. İkinci festivalda ittifaq respublikaları ilə yanaşı, Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, Hollandiya, İtaliya, İspaniya, Avstriya və Əfqanıstandan nümayəndələr iştirak edib. Qarabağ münaqişəsinin başlaması ilə bağlı Şuşada ağır vəziyyət yarandığından əsas konsert Ağdamda keçirilmiş, həmçinin Bərdə və Ağcabədidə də bəzi konsertlər baş tutmuşdur. Ümumilikdə festivala dünyanın müxtəlif ölkələrindən 170-ə yaxın iştirakçı qatılmışdı. Beynəlxalq status daşıyan festival yalnız Azərbaycanda deyil, SSRİ-də mühüm mədəniyyət tədbirlərindən biri sayılırdı.

Üçüncü festival 1991-ci ildə Ağdam şəhərində baş tutdu. Bu tədbirə 25 ölkədən 300-ə yaxın iştirakçı qatılmışdı. Əvvəlki illərin iştirakçı ölkələri sırasına Amerika və Avstraliyadan olan rəssamlar da əlavə edilmişdi. Tamaşaçıların çoxluğu səbəbindən festival çərçivəsində stadionlarda konsertlər keçirilirdi. 1990-1991-ci illərdə (ikinci və üçüncü festivallar) festivalın final konsertləri Bakıdakı Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) təşkil olunmuşdur.

Dördüncü festival 1992-ci ildə mayın 15-də başlamalı, o zamanadək keçirilənlərin ən möhtəşəmi olmalı idi. Dünyanın 30-dan çox ölkəsindən 500 nəfərin iştirakı nəzərdə tutulmuşdu. Lakin həmin ilin 8 mayında Şuşa şəhəri Ermənistan hərbi birləşmələri tərəfindən işğal edildi. “Xarıbülbül” musiqi festivalını o il Şuşada təşkil etmək mümkün olmadı. Festival yalnız qısa müddətdə Ağdam şəhərində, İmarət kompleksində keçirildi.

Şuşa ənənəvi festivallı günlərinə qayıtmaq üçün uzun illər gözləməli oldu. 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüz bərpa ediləndən, Şuşa şəhəri Ermənistanın işğalından azad olunandan sonra, Dövlət başçısı İlham Əliyev 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etdi. Bu Sərəncamla “Xarıbülbül” festivalı bərpa olundu. Bununla da Şuşanın, bütövlükdə Qarabağ torpağının mənəvi dirçəlişinin əsası qoyuldu. 2021-ci il mayın 12-si və 13-də işğaldan azad olunandan sonra ilk dəfə Şuşada “Xarıbülbül” festivalı baş tutdu. Şuşanın Cıdır düzündə keçirilən sayca IV festivalın ilk günündə milli rəqs, muğam sənəti təqdim olunmuş, Azərbaycanın müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilmiş, müxtəlif illərdə Şuşada lentə alınmış Azərbaycan xanəndələrinin ifalarından ibarət videoçarxlar nümayiş etdirilmişdir. Festivalın ikinci günündə Azərbaycan bəstəkarlarının klassik musiqi əsərləri təqdim olunmuşdur. Konsertdə Azərbaycan Dövlət Simfonik Orkestrinin və Azərbaycan Dövlət Xoru, həmçinin tanınmış vokal ifaçıları və digər solistlər çıxış etmişdir. Tədbirə dəvətlilər arasında bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər olmuşdur.

2022-ci il 12-14 may tarixində Şuşa şəhərində keçirilmiş V Xarıbülbül Beynəlxalq Folklor festivalında etno elektronik musiqi, folk-caz, folk-rok, folk-pop və mütəlif zəngin dünya musiqi janrlarından ifalar təqdim edilmişdir. Şuşa şəhərində iki müxtəlif məkanda – Əsas və Kiçik səhnələrdə təşkil olunmuş festivalda 9 müxtəlif ölkədən rəqs və musiqi kollektivləri çıxış etmişdirlər. Belə ki, festivalda Azərbaycanın Dövlət Rəqs Ansamblı, Dövlət Mahnı və Rəqs Ansamblı, müxtəlif yerli regional kollektivlər, Türkiyə, Mali, Tunis, Gürcüstan, Özbəkistan, Pakistan, Bolqarıstan, Misir, Fransa kollektivləri konsert proqramları ilə çıxış etmişdirlər.

2023-cü il mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində VI “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçirilib.

Festival günlərində TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak ediblər. Festivalda Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumu (Qaqauz Yeri), Özbəkistan, eləcə də Özbəkistanın Qaraqalpaqıstan Muxtar Respublikası, Rusiya Federasiyasının Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarıstan, Tıva respublikaları, Şimali Kipr Türk Cümhuriyyəti, Türkiyə, Türkmənistan təmsil olunub.

Festival günlərində müxtəlif məkanlarda “Bayraq”, “Qəhrəmanlıq”, “Qarabağ məclisi”, “Poeziya”, “Dədə Qorqud”, “Dərvişlər”, “Molla Nəsrəddin” mövzularında guşələr də yaradılıb. Bu guşələrdə müxtəlif bədii təqdimatlar, tamaşalar göstərilib. Eləcə də Cıdır düzü, Üzeyir Hacıbəylinin heykəlinin qarşısı, Bülbülün ev-muzeyi və Şuşanın digər məkanlarında müxtəlif konsert proqramları, sərgilər və film nümayişləri olub.

Bu gün Şuşa beynəlxalq aləm tərəfindən musiqi festivallarının, şeir bayramlarının keçirildiyi, əlamətdar beynəlxalq tədbirlərin baş tutduğu, tarixi bəyannamələrin imzalandığı mühüm məkan kimi tanınır, artıq bütün dünya Şuşanı Azərbaycanın zəfər, sülh, tərəqqi və mədəniyyət rəmzi sayır.

Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisələrindən biri olmaqla yanaşı, böyük tarixi Qələbənin təntənəsi oldu.


Tövsiyə edilən ədəbiyyat:

  1. Şuşa tarixin obyektivində / layihənin müəl., tərt. T. Axundov ; red. G. Mehdiyeva. - Bakı : Təhsil NPM, 2022. - 256 s.
  2. Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı = Shusha - the Cultural Capital of Azerbaijan / Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi [et al.] ; red. heyyəti: R. Ənvərli [et al.] ; ideya müəl. A. Kərimov ; layihənin rəh. A. Cəfərli. - Bakı : n. y., n. i. y. - 203 s.
  3. Əhmədov, Elçin İldırım oğlu. Şuşa - Azərbaycanın tarixi və strateji əhəmiyyəti, mədəniyyət paytaxtı / E. İ. Əhmədov ; elmi red. K. K. Şükürov ; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. - Yeniləşdirilmiş və təkmilləşdirilmiş II nəşr. - Bakı : Aspoliqraf, 2022. - 472 s.
  4. Zeynalov, Fazil. Şuşa - müqəddəs Azərbaycan şəhəri / F. Zeynalov ; red. C. Ə. Bəhramov. - Bakı : Azərnəşr, 2022. - 172 s.
  5. Şuşa Azərbaycanın tarix və mədəniyyət incisidir / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ; tərt.: Z. Abbasov, M. Çəmənli ; elmi məsl. Y. M. Mahmudov ; məsl. B. Səfərov. - Bakı : Təhsil, 2012. - 48 s.