Tarixdən səhifələr

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı

23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) əməkdaşlarının peşə bayramıdır. Nazirlik ölkəmiz müstəqillik əldə etdikdən sonra Ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə yaradılıb. ETSN əməkdaşlarının peşə bayramı isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 may 2007-ci il tarixli Sərəncamı ilə təsis edilib.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülüb. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar uğurla yerinə yetirilib. Hazırda ətraf mühitin sağlamlaşdırılması və ekoloji tarazlığın qorunması sahəsində ardıcıl quruculuq işləri davam etdirilir. Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir.

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi ekoloji siyasət bu gün öz bəhrəsini verir. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Ulu Öndər Heydər Əliyev ətraf mühitin mühafizəsinə və insanların sağlamlığına təminat yaradan mütərəqqi texnologiyaya malik yeni müəssisələrin tikilməsinə, o cümlədən köhnə texnologiyaların yenisi ilə əvəz olunmasına, yaşıllıqların və parkların salınmasına xüsusi diqqət yetirib. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə ekoloji şəraitin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində uğurlu nəticələr əldə olunub. Məhz Ulu Öndərin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra paytaxt Bakının yaşıllaşdırılmasına, ekoloji tarazlığın bərpasına start verildi.

Bu gün Azərbaycanda ekoloji problemlər dövlət səviyyəsində həll olunur. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi proqramlarda ekoloji mühitin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün zəruri vəzifələr müəyyənləşdirilib, biomüxtəlifliyin mühafizəsi, meşəçiliyin inkişafı, yaşıllıqların artırılması və su ehtiyatlarının davamlı idarə edilməsi sahəsində müsbət nəticələr əldə olunub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına, hidrometeorologiyanın inkişafına dair milli proqramlar uğurla yerinə yetirilir. Dövlət başçısının “Ekologiya ili” elan etdiyi 2010-cu ildə bu sahəyə diqqət daha da artırılıb, görülən işlər bütün ölkəni əhatə edib və davamlı xarakter alıb.

Son zamanlar ətraf-mühitin mühafizəsi istiqamətində IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin fəaliyyəti danılmazdır. Təşkilat 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamışdır. Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün realizə üsullarını tapmaqdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas prioritetlərindən biri də azad edilmiş ərazilərdə meşəbərpa işlərinin aparılması və həmin istiqamətdə həyata keçirilən layihələrdir.

Ölkəmizdə həyata keçirilən reintroduksiya layihələri azad edilmiş ərazilərdən də yan keçməyib. Nadir və nəsli kəsilməkdə olan növlərin reintroduksiyası layihəsi çərçivəsində, həmçinin işğaldan azad edilmiş ərazilərdə də bioloji müxtəlifliyin bərpası istiqamətində gələcəkdə bəzi heyvan növlərinin reintroduksiyasının həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin azad edilmiş ərazilərdə su bioresurslarının ehtiyatlarının artırılması məqsədilə Bəsitçay, Həkəri çaylarına, Xaçınçay və Suqovuşan su anbarlarına və Qaragölə indiyə kimi minlərlə çəki, qızıl xallı forel balıqlarının körpələri buraxılıb. Bu il də həmin fəaliyyətin davam etdirilməsi planlaşdırılır.

İşğaldan azad edilmiş ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 43 min hektar təşkil edir. Həmin təbiət əraziləri Bəsitçay və Qaragöl Dövlət Təbiət qoruqları, Qubadlı, Arazboyu, Laçın, Daşaltı Dövlət Təbiət yasaqlıqlarıdır. Hazırda həmin xüsusi mühafizə olunan təbiət ərazilərinin bərpası istiqamətində müəyyən işlər görülür. Ölkə başçısının Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı müvafiq Sərəncamı var. Ötən dövr ərzində qoruğun sərhədlərinin dəqiqləşdirilməsi işləri başa çatıb. Bununla yanaşı, ərazidə yerləşən təbiət obyektlərinin inventarizasiyası işlərinə başlanılıb. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri mütəmadi olaraq ərazidə fauna və floranın müşahidəsi üçün birgə monitorinqlər həyata keçirirlər.

Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdən hesab olunur. Ölkəmizdə "yaşıl enerji"nin istehsalı sahəsində böyük imkan və resurslar var. Bu istiqamətdə xarici şirkətlərlə böyük müqavilələr bağlanılıb. Qonşu ölkələrin və Avropa dövlətlərinin "yaşıl enerji" ilə təmin olunması üçün böyük layihələr işlənilir. Belə ki, ölkəmizdə keçiriləcək COP29 "yaşıl enerji" siyasətimizin dünya ictimaiyyətinə təqdimatı baxımından da çox önəmli beynəlxalq platforma olacaq. BMT-nin ən irimiqyaslı tədbiri olan COP29-un ölkəmizdə keçirilməsi Azərbaycanın "yaşıl enerji" sahəsində qazandığı uğurlardan bələd olmasından xəbər verir. Bu həmçinin bərpaolunan enerji məsələlərində ölkəmizə olan etimadın əyani sübutudur. COP29 Azərbaycan üçün qlobal miqyaslı ekoloji problemlərin müzakirə platforması olmaqla yanaşı, həm də ölkəmizin iqlim dəyişmələri ilə mübarizəyə verə biləcəyi töhfələri nümayiş etdirəcək.

Ölkəmizdə hazırda yaşıl kənd təsərrüfatı, yaşıl nəqliyyat layihələri də uğurla tətbiq edilir. Azərbaycan dünyada neft hasilatında nüfuz qazanmış dövlətlərdən olsa da, "yaşıl enerji" ilə bağlı kifayət qədər layihələr həyata keçirir.

Azərbaycan Respublikasında yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir.

Bu gün peşə bayramlarını qeyd edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları hər zaman olduğu kimi, qarşıdakı illərdə də öz ənənələrinə sadiq qalaraq ətraf mühitin mühafizəsi – havanın, suyun, torpağın təmizliyinin, insanların sağlamlığının qorunması üçün əllərindən gələni əsirgəməyəcək, uğurlu nəticələrə öz töhfələrini verəcəklər.


Tövsiyə edilən ədəbiyyat:

  1. Məmmədov, Qərib Şamil oğlu. Ekologiya və ətraf mühitin mühafizəsi / Q. Ş. Məmmədov, M. Y. Xəlilov. - Bakı : Elm, 2005. - 880 s.
  2. Abbasov, Mehman Salman oğlu. Əsrimizin qlobal ekoloji problemləri / M. S. Abbasov ; elmi red. Q. Ş. Məmmədov. - Bakı : Elm, 2006. - 420 s.
  3. Qurbanzadə, Ağazeynal Alı oğlu. Ekologiya : sosial-iqtisadi əsasları: monoqrafiya / A. A. Qurbanzadə ; elmi red. Z. S. Məmmədov. - Bakı : Elm, 2010. - 159 s.
  4. Qurbanov, Sadiq Haqverdi oğlu. Davamlı inkişaf kontekstində ekoloji siyasətin prioritet istiqamətləri və "Yaşıl" iqtisadiyyat : monoqrafiya / S. H. Qurbanov ; elmi red. Ə. C. Muradov ; Azərbaycan Dövlət İqtisad Universiteti, Gəncə Dövlət Universiteti. - Bakı : İzə, 2023. - 271 s.