Tarixdən səhifələr

Ümumdünya Mətbuat Azadlığı Günü

İnsanlar həmişə informasiya almağa can atıblar. Onlar gorüb - eşitdiklarini bir-birinə danışır, beləliklə də hər hansi xəbər az müddətdə geniş yayılırdı. İnformasiyaların bu cür ötürülməsində carçılardan, tacirlərdən, səyyahlardan, elçilərdən, hətta göyərçinlərdən istifadə olunurdu.

İnformasiyaların çoxalması, həm də ona olan marağın getdikcə artması gipsdən hazırlanmış informasiya lövhələrinin yaranmasına gətirib çıxardı. Belə lövhələr qədim Romada Yuli Sezarın göstərişi ilə hazırlanırdı. Onun tapşırığı ilə hazırlanmış lövhələrdə “Asta senatus” və “Asta diurna populi Romani” adlı məlumatlar toplusu uzun illər fəaliyyət göstərmişdir. Bu lövhə forumun binasında asılırdı va elitar “qəzet” sayılırdı.

Lövhələr əsasən şəhər xəbərlərinə həsr olunurdu. Onu da qeyd edək ki, müasir qəzetlərin sələfi olan bu topluların sürətini çıxarıb yayırdılar. Bu, bizim indi başa düşdüyümüz tirajlanma idi. О vaxt “Asta diurna”yada material toplayanlar diurnalist adlanırdı. Tədqiqatçılar bela hesab edir ki, “jurnalist” sözü də məhz həmin sözdən yaranıb. Bizim eranın 15-ci ilində imperatoru tənqid etdiyi üçün “Asta senatus”u qadağan edirlər. Bu dünya jurnalistikasi tarixində mətbuatın qadağan olunmasi, həm də ilk senzuranın təzahürü idi.

Avropada intibah dövrünün başlanmasi ilə əlaqədar informasiya mərkəzləri də yaranırdı.

Bu dövrdə ticarət məsələlərinə həsr olunmuş əlyazma halında buraxılan qəzetlərdə başqa informasiyalara da yer verilirdi. Qəzet sözü də həmin dövrdə meydana gəlib. Bu ad Venetsiyada işlənən pul vahidinin adından götürülmüşdür. İnformasiyalar həmin pula, yəni qazettaya satılırdı.

XV əsrin axırı, XVI əsrin əvvələrində poçt yaranır. Əsası alman Frans fon Taksis tərəfindən qoyulan poçt Nürünberklə Venetsiya arasında vaxtaşırı əlaqə yaradır. Bu poçtu “taksis poçtu” və ya “taksi” də adlandırırdılar.

1445-ci ildə alman alimi İohan Qutenberqin ixtira etdiyi çap maşını Avropada sivilizasiyanın inkişafına kömək etdi. Yeni ixtira mətbəələrin yaranmasına səbəb oldu. Avropada 1500-cu ildə 30, 1600-cu ildə 285, 1700-cu ildə isə 500 min adda kitab çap olunurdu.

Artıq XVII əsrin əvvəllərində Avropanın bir sıra şəhərlərində dövrü mətbuat yaranır. Avropada ilk jurnal “Journal des Savants”dır (Alimlər üçün jurnal). 1665–1828-ci illərdə fəaliyyat göstərən jurnalın yaradıcısı Fransanın Maliyyə naziri Jan-Batist Kolber olub.

1689-cu ildə İngiltərə parlamenti «Hüquqlar Haqqında Qanun» (Bill of Rights) qəbul edir. Qanun (Bill) həmçinin mətbuat azadlıgı konsepsiyasının əsasını qoydu. Bu о demak idi ki, mətbuatın fəaliyyətini ancaq parlament tənzimləyə bilər, dövlət və kilsənin nəzarəti ləğv edilir, iqtisadi azadlığı olan hər bir kəs qəzet buraxa bilərdi.

İnsan hüquqlarının qorunması və demokratiyanın inkişafında XX əsr həlledici rol oynadı.

Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi İnsan Hüquqları Bəyannaməsi (1948), Məbuat Azadlıgı Xartiyası (1987), İohannesburq prinsipləri (1995), Müstəqil va Pluralist informasiya vasitələrinin möhkəmləndirilməsinə dair Sofiya Bəyannaməsi (1997) və sair sənədlərdə qeyd olunan “mətbuat azadlığı xalqın azadlığını təmin edir” fikri ön plana çəkilir.

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1993-cü il 20 dekabr tarixli qərarı ilə hər il may ayının 3-ü Beynəlxalq Mətbuat və Söz Azadlığı Günü kimi qeyd olunur. Müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur.

Ölkəmizdə söz azadlığının və müstəqil mətbuatın yaradılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Heydər Əliyev hələ Azərbaycana rəhbərliyinin birinci dövründə cəmiyyət həyatının digər əhəmiyyətli sahələri kimi Azərbaycan mətbuatında da ardıcıl inkişaf proqramlarını həyata keçirmişdir. Kütləvi informasiya vasitələrinin maddi-texniki bazası yaxşılaşdırıldı. Ötən əsrin 70-ci illərində tikilərək istifadəyə verilən "Azərbaycan" nəşriyyatının binası ulu öndər Heydər Əliyevin sovet dövründə milli mətbuatımıza göstərdiyi diqqət və qayğının təzahürüdür.

Müstəqil Azərbaycan Respublikasının Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və qəbul edilən ilk Konstitusiyanın 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək hüquqları təsbit olundu. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycanda kütləvi informasiya vasitələri azaddır.

Görkəmli dövlət xadiminin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı ölkəmizdə söz, fikir və mətbuat azadlıqlarının təminatına əlverişli şərait yaratmış, senzura ləğv olunmuş, dövlətin mətbuat üzərində nəzarətinə son qoyulmuşdur. 1999-cu il dekabrın 7-də qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu isə bu sahədə fəaliyyəti tənzimləyən əsas hüquqi sənəd olmuş, Azərbaycan Respublikasının Konstitusiyasında söz, fikir və mətbuat azadlığı təsbit olunmuşdur.

Azərbaycanın 2001-ci ilin yanvarında tam hüquqlu üzv kimi Avropa Şurasına qəbulu milli mətbuatımızın inkişafı istiqamətində növbəti əhəmiyyətli addım oldu. Avropa Şurası qarşısında götürülmüş öhdəliklərə uyğun olaraq "Kütləvi informasiya vasitələri haqqında" Qanunda edilən əlavə və dəyişikliklər kütləvi informasiya vasitələrinin təsis olunması və onlardan istifadə imkanlarını qat-qat asanlaşdırdı. 2003-cü ilin martın 15-də Azərbaycan Jurnalistlərinin I Qurultayında Mətbuat Şurası yaradıldı.

Bu gün ulu öndərin əsasını qoyduğu mütərəqqi siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2005-ci il mayın 31-də Milli mətbuatımızın 130 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı bu sahəyə olan diqqət və qayğının bariz nümunəsi olmuşdur.

Ölkəmizdə qəbul edilmiş 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” mətbuat-dövlət münasibətlərini tənzimlənməsində baza rolunu oynayır.  Dövlət başçısının 2009-cu il aprelin 3-də imzaladığı “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” Fərmanı da bu istiqamətdə atılmış mütərəqqi addımlardan biridir. Dövlətimizin başçısının 2010-cu il aprelin 22-də imzaladığı “Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AZƏRTAC-ın) Fəaliyyətinin Təkmilləşdirilməsi haqqında” Sərəncamı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mətbuatın fəaliyyətinin yüksək qiymətləndirilməsinə nümunədir.

Ölkə başçısının sərəncamı ilə dövlət orqanlarından, kütləvi inflormasiya vasitələrindən və jurnalist təşkilatlarından hər birindən 3 nəfər olmaqla 9 nəfər müəyyənləşdirilərək KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası yaradıldı. Fond KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşmasına kömək göstərməkdədir.

Azərbaycanda fəaliyyət göstərən jurnalistlər cəmiyyətin informasiyaya olan ehtiyacının dolğun ödənilməsində səylə çalışır, ölkəmizin sosial-iqtisadi və ictimai-mədəni həyatının, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğinə öz töhfələrini verirlər. Müdrik ulu öndər deyirdi: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. O, həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”.

 

Tövsiyə edilən ədəbiyyat:

  1. Rüstəmov, Akif Rüstəm oğlu. Jurnalistikanın əsasları / A. R. Rüstəmov ; elmi red. N. A. Əhmədli. - Bakı : AzTU-nun nəşri, 2011. - 350 s.
  2. "Azərbaycanda söz və mətbuat azadlığı yerli və beynəlxalq qanunlar kontekstində" : Bakıda keçirilən Beynəlxalq konfransın materialları: 19-20 noyabr, 2007-ci il / Söz Azadlığını Müdafiə Fondu. - Bakı : [n. y.], 2007. - 191 s.
  3. Yusifov, Tofiq. Açıq cəmiyyət və mətbuat / T. Yusifov ; ön sözün müəl. Q. M. Məhərrəmli ; red. Ə. Yusifzadə. - Bakı : Apostrof, 2012. - 220 s.
  4. Mətbuat tarixi və publisistika məsələləri / İ. Ə. Həbibbəyli [et al.] ; tərt. A. H. Rüstəmli ; elmi red. İ. Ə. Həbibbəyli. - Bakı : Ozan, 2016. - 184 s.
  5. Rəhimzadə, Vüqar Gəncəli oğlu. Söz və mətbuat azadlığı demokratik inkişafın əsası kimi : Azərbaycan təcrübəsi: monoqrafiya / V. G. Rəhimzadə. - Bakı : Mars-Print NPF, 2016. - 304 s.