Tarixdən səhifələr

Azərbaycan parlamentinin ilk sədri, diplomat Əlimərdan bəy Topçubaşov

Əlimərdan bəy Ələkbər oğlu Topçubaşov 1862-ci ilin may ayının 4-də Tiflisdə doğulmuşdur. Siyasi və dövlət xadimi, publisist alim. İlk təhsilini I Tiflis gimnaziyasında almışdır. 1884-cü ildə oranı müvəffəqiyyətlə bitirərək Pеtеrburq Univеrsitеtinin tarix-filologiya fakültəsinə daxil olmuşdur. Lakin birinci sеmеstrdən sonra o, hüquq fakültəsinə kеçmişdir. 1888-ci ildə oranı müvəffəqiyyətlə bitirərək hüquq еlmləri namizədi adını almışdır.

Universitetdən sonra Ə. Topçubaşov Tiflisdə hakim köməkçisi, vəkil işləmiş, Bakıda publisistika ilə məşğul olmuşdur. 1898-ci ildə "Kaspi" qəzetini alaraq ona rəhbərlik etmişdir. Maarifçiliklə məşğul olaraq teatr həyatını işıqlandırmış və Azərbaycan ədəbiyyatını təbliğ etmişdir. Rus dilli "Bakinskiy Torqovo-promışlennıy listok" qəzetini redaktə etmişdir. XX əsrin əvvəlində Bakı şəhər dumasına seçilmiş, bir qədər sonra onun sədri olmuşdur. 1905-ci ilin avqustun 15-də Oka çayında "Qustav Struve" gəmisində "Ümumrusiya müsəlmanlarının qurultayını çağırmışdır. Müsəlmanların qurultayı mərkəz Bakıda olmaqla Ə. Topçubaşovu sədr seçmişdir. O, Rusiya müsəlmanlarını qurultayda birləşməyə çağırmışdır. Sonra Ə. Topçubaşov daha iki qurultay keçirmişdir. 1907-ci ildə Ə. Topçubaşov Bakı qəzasından Rusiya Dövlət Dumasına deputat seçilmişdir. Dumada o Rusiyada bütün azsaylı xalqların avtonomiyasını tələb edən, "Narodnaya volya"çıların fraksiyasına qoşulmuşdur. Ə. Topçubaşov dumada çıxış edərək Rusiyanın kapitalist siyasətini kəskin tənqid etmişdir. Bu illərdə o çar hökumətinin "Qara siyahısı"na düşərək polisin məxfi nəzarətinə götürülmüşdür.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Yeni yaranmış Müstəqil Azərbaycan Cümhuriyyətinin bütün dünyada tanıdılmasında Əlimərdan bəyin xidmətləri əvəzsizdir. F.X.Xoyskinin 1918-ci il iyunun 17-də Gəncədə təşkil etdiyi ikinci hökumətdə əvvəlcə portfelsiz nazir, avqustun 20-dən isə Xarici İşlər Naziri vəzifəsini tutan Ə.Topçubaşov avqustun 23-də Azərbaycan Cümhuriyyəinin fövqəladə elçisi və səlahiyyətli naziri kimi İstanbula yola düşmüşdü. Lakin, ondan asılı olmayan səbəblərə görə o, yolda ləngiyərək Tiflis və Batumda qalmalı olmuş və yalnız sentyabrın 28-də İnstanbula gedib çıxa bilmişdi. İnstanbula gələn kimi Əlimərdan bəy qızğın diplomatik fəaliyyətə başlamışdır. 1918-ci il oktyabrın 2-dən 1919-cu il yanvarın 16-dək o, İstanbulda 36 rəsmi görüş keçirmiş, danışıqlar aparmışdır. İstanbulda Ə. Topçubaşov əsas vəzifəsindən əlavə Azərbaycanda baş verən hadisələrlə bağlı kitab nəşr etdirmişdir.

1918-ci il dekabr ayının 7-də təntənəli şəraitdə öz işinə başlayan Cümhuriyyətin Parlamentinin ilk iclasında M.Ə.Rəsulzadənin təklifləri ilə həmin vaxt İstanbulda olan Əlimərdan bəyi qiyabi olaraq sədr seçilmişdir. Sədr burada olmadığı üçün parlamentin işini onun birinci müavini seçilən Həsən bəy Ağayev idarə edirdi.
Elə həmin il dekabr ayının 28-də isə Ə.Topçubaşov, Paris Sülh Konfransına göndəriləcək Azərbaycan Cümhuriyyətinin nümayəndə heyətinə sədr təyin olunur və İstanbuldan birbaşa Parisə gedir.

Böyük çətinliklərdən sonra, nəhayət, 1919-cu il mayın birinci on günlüyündə Parisə gəlib çatan nümayəndə heyətinin apardığı intensiv diplomatik görüşlər, danışıqlar getdikcə öz bəhrəsini verməyə başlamışdı. ABŞ Prezidenti V.Vilsonun təşəbbüsü ilə İngiltərə, Fransa və İtaliya dövlət başçıları səviyyəsində Azərbaycan məsələsinin gündəliyə salınaraq, müzakirə olunduğu yığıncaqda bilavasitə Prezident Vilsonun Ə.Topçubaşovu Azərbaycan nümayəndə heyətinin başçısı olaraq tanıması və Azərbaycanın Paris Sülh Konfransına qatılması təklifı qəbul edilmişdi. 1919-cu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının birinci ildönümü günü ABŞ prezidenti V.Vilson başda Topçubaşov olmaqla, Azərbaycan nümayəndə heyətini qəbul etmişdi.

Konfrans zamanı Ə.Topçubaşovun rəhbərliyi altında nümayəndə heyəti Azərbaycanın tanıdılması naminə müstəsna səylər göstərmişdir. Nəticədə 1920-ci il yanvarın 15-də Azərbaycan nümayəndə heyəti Fransa Xarici İşlər Nazirliyinə dəvət olunmuş, yanvarın 11-də Ali Şura üzvləri və müttəfiq dövlətlər tərəfindən Azərbaycanın dе-fakto tanındığını bildirmiş və Ə.Topçubaşova Paris sülh konfransının rəsmi sənədi vеrilmişdir.

Müstəqilliyimizin tanınması Ə.Topçubaşovun rəhbərliyi ilə çox gərgin fəaliyyət göstərmiş Azərbaycan nümayəndə heyətinin böyük qələbəsi idi. Aprel işğalından sonra Parisdə qalıb, mühacir həyatı yaşamağa məcbur olan Topçubaşov siyasi fəaliyyətini dayandırmamış, sovet nümayəndə heyətinin etirazlarına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ona verdiyi mandatla 1920-ci ilin noyabrında Millətlər Cəmiyyətinin Cenevrə toplantısında, 1920-ci ildə London və Genuya, 1923-cü ildə isə Lozanna konfranslarında iştirak etmiş, Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunduğu və bolşeviklərin Azərbaycanda törətdikləri cinayətlər haqqında geniş məlumat vermişdir.

Ə.Topçubaşov siyasi fəaliyyətini digər Qafqaz respublikaları nümayəndələrinin fəaliyyəti ilə əlaqələndirməyə çalışmışdır. Bu məqsədlə onlar 1921-ci il mayın 8-də Parisdə bir araya gələrək, Qafqaz Konfederasiyası yaradılması məsələsini müzakirə etmiş, iyunun 10-da isə üç Qafqaz respublikasının səlahiyyətli nümayəndələri Ə.Topçubaşovun sədrliyi ilə keçirilən iclasda siyasi və iqtisadi ittifaq yaratmaq haqqında razılığa gəlmişdilər. Topçubaşov 1934-cü ildə, ölümündən bir qədər əvvəl Gürcüstan və Şimali Qafqaz xalqları təmsilçilərinin iştirakı ilə Brüsseldə "Qafqaz Konfederasiyası bəyannaməsi"ni imzalamışdı.

Ə.Topçubaşov xaricdəki digər siyasi mühacirlərlə birlikdə Azərbaycanın müstəqilliyinin bərpa olunması yolunda fəaliyyətini ömrünün sonuna qədər davam etdirmişdir.
Parisdə elmi publisistik fəaliyyətlə məşğul olmuş, burda kitablar nəşr edərək dünya ictimaiyyətinə bolşevik Rusiyasının onun xalqına qarşı kolonial siyasət yürütdüyünü çatdırmışdır.

Ə.Topçubaşov 1934-cü il noyabrın 5-də Parisin Sen-Deni rayonunda vəfat etmiş və Müqəddəs Kloud qəbiristanlığında dəfn olunmuşdur.

 

Tövsiyə edilən ədəbiyyat:

  1. Azərbaycan Cümhuriyyəti - 100 / A. C. İsgəndərov [et al.] ; elmi red. F. F. Əhmədova ; "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi. - Bakı : Elm və təhsil, 2018. - 520 s.
  2. Azərbaycan Paris Sülh Konfransında : 1919-1920 = Azerbaijan at Paris Peace Conference : 1919-1920 = D'Azerbaïdjan à la Conference de Paix à Paris : 1919-1920 / tərc., tərt. V. M. Quliyev. - Bakı : Ozan, 2008. - 244 s.
  3. Topçubaşov, Əlimərdan bəy Ələkbər oğlu. Azərbaycanın yol göstərəni = Маяк Азербайджана / Ə. Ə. Topçubaşov ; tərt., tərc. V. M. Quliyev, elmi red. K. M. Abdullayev ; Bakı Slavyan Universiteti. - Bakı : Kitab aləmi NPM, 2010. - 96 s.
  4. Topçubaşı, Əlimərdan bəy Ələkbər oğlu. Azərbaycan Cümhuriyyətinin yaradılması / Ə. Ə. Topçubaşı. - Bakı : Təknur MMC, 2013. - 55 s.
  5. Topçubaşov, Əlimərdan bəy Ələkbər oğlu. ... Xalqımızın müstəqil yaşayacağına inanırdıq : [məqalələr, səfər qeydləri, nitqlər, diplomatik məktublar, publisistika] / Ə. Ə. Topçubaşov ; tərt., tərc. V. M. Quliyev ; red. A. Məsud ; Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi. - Bakı : Azərbaycan Tərcümə Mərkəzi, 2018. - 688 s
  6. Topçubaşov, Əlimərdan bəy Ələkbər oğlu. "Kaspi"dən seçmələr : [məqalələr] / Ə. Ə. Topçubaşov ; tərt., rus dilindən tərc. V. M. Quliyev. - Bakı : Zərdabi LTD MMC, 2018. - 126 s.