Azərbaycanda Dövlət Himninin yaradılması sahəsində ilk cəhd Azərbaycan Xalq Cümhuriyyəti dövründə edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən digər dövlətçilik atributları ilə yanaşı, dövlət himnimizin yaradılması sahəsində də müəyyən addımlar atılmış, qərarlar qəbul edilmiş, müstəqil Azərbaycan Respublikasının dövlət himninin layihəsi 1919-20-ci illərdə hazırlansa da, о dövrün tarixi-siyasi hadisələri onun qanunvericilik səviyyəsində qəbuluna imkan verməmişdir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin 14 noyabr 1919-cu il tarixli sayında Xalq Maarif Nazirliyi tərəfindən hökumətə milli himnin və dövlət gerbinin hazırlanmasının təşkili məsələsi haqqında rəsmi təkliflərin təqdim edildiyi xəbər verilir. Məlumatda həmçinin о da bildirilir ki, Xalq Maarif Nazirliyi himnin yaradılması üçün müsabiqə elan edilməsini, müsabiqəyə himn layihələrinin 1920-ci il fevralın 1-nədək təqdim olunmasını, əп yaxşı himnə görə isə 15 min rubl miqdarında mükafat verilməsini məqsədəuyğun hesab etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Maarif Nazirliyinin həmin təklifinə baxaraq 1920-ci il yanvarın 30-da "Azərbaycan Respublikasının milli himni, dövlət gerbi və möhürü, hərbi ordenlərinin layihələrinin hazırlanması haqqında" qərar qəbul etdi. Hökumət qərarına görə, milli himnin, dövlət gerbi və möhürünün hazırlanması üzrə müsabiqə elan edilməsi Xalq Maarif Nazirliyinə, hərbi ordenlər üzrə isə Hərbi Nazirliyə həvalə edildi. Həmçinin hökumət qərarı ilə milli himnin yaradılması məqsədilə müsabiqə qalibinə 50 min rubl vəsait ayrılması nəzərdə tutulmuşdu. Bu qərarı əsas tutaraq 1920-ci il fevralın 19-da Xalq Maarif Nazirliyi "Azərbaycan" qəzetində milli himn, dövlət gerbi və möhürünün hazırlanması üçün müsabiqə elan etdi. Müsabiqənin şərtlərinə görə müsabiqədə iştirak edən şəxslər milli himnin layihəsini (eləcə də dövlət gerbi və möhürünün) bağlı konvertdə, həmçinin təqdim edilən layihənin əsasını təşkil edən tarixi, milli-mənəvi, siyasi amilləri geniş şərh etməklə Xalq Maarif Nazirliyinin dəftərxanasına 1920-ci il mayın 1-nədək təqdim etməli idi. Bu atributların Azərbaycan İstiqlalının ikinci ildönümünədək (28 may 1920-ci il) qanunvericilik səviyyəsində qəbul edilməsi nəzərdə tutulurdu. Lakin 1920-ci il aprelin 27-də Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalı nəticəsində milli dövlətçiliyin süqutu Azərbaycan Xalq Cümhuriyyətinin dövlət himninin qəbul olunmasına imkan vermədi.
Azərbaycan SSR-in 1921-ci il, 1927-ci il və 1937-ci il konstitusiyalarında bayraq və gerb haqqında maddələr olsa da, dövlət himni barədə maddə olmamışdır.
Yalnız 1944-cü ildə Azərbaycan SSR-in Dövlət Himni qəbul olunmuşdu. Himnin musiqisi Üzeyir Hacıbəyliyə, sözləri isə Səməd Vurğun və Süleyman Rüstəmə məxsus idi. 1978-ci ildə Azərbaycan SSR-in yeni Konstitusiyası qəbul edilərkən himnin mətnində Hüseyn Arif müəyyən dəyişiklik etmiş, Niyazi isə musiqi redaktəsi aparmışdı. 1978-ci il Konstitusiyanın 182-ci maddəsinə görə Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət Himninin Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən təsdiq edilməsi müəyyənləşdirilmişdi.
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi yenidən bərpa olunduqdan sonra yeni himn qəbul edilməsi tarixi zərurəti yaranmışdı. Həmin dövrdə yeni himn yaratmaq təşəbbüsü olsa da, hamı belə bir tarixi həqiqəti qəbul etdi ki, Üzeyir Hacıbəylinin Cümhuriyyət dövründə bəstələdiyi "Azərbaycan marşı" bu baxımdan əvəzedilməz sənət əsəridir. Azərbaycan Respublikasının Ali Soveti həmin marşı özünün iclasında geniş müzakirə etdi və qəbul etdiyi "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" 27 may 1992-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə musiqisi Üzeyir Hacıbəylinin, mətni Əhməd Cavadın olan "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq olundu. Azərbaycan Respublikasının 1993-cü il 2 mart tarixli 525 nömrəli Qanunu ilə “Azərbaycan Respublikasının Dövlət Himni haqqında Əsasnamə” təsdiqlənmişdir.
Azərbaycan Respublikasının Dövlət Himni onun əsas dövlətçilik atributlarından biri olub Vətənimizin dövlət müstəqilliyinin və ölkəmizin milli birliyinin müqəddəs rəmzidir. Dövlət Himni dövlət müstəqilliyinin musiqi və sözlə ifadə edilən müqəddəs simvolu, rəmzi, atributu olaraq milli və dövlət bayramlarında, tarixi günlərdə, rəsmi mərasimlərdə, beynəlxalq tədbirlərdə, təhsil müəssisələrində və mövcud qanunvericiliklə müəyyən edilən digər hallarda həmişə ayaqüstə, böyük coşqu ilə, milli qürurla oxunur və dinlənilir.
Tövsiyə edilən ədəbiyyat: