Metrologiyanın insan fəaliyyətinin bütün sahələrində, eləcə də dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında aparıcı rolu danılmazdır. Metrologiya ölçmə haqqında elmdir. İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada ölçmənin nəticələrindən istifadə edilməsin. İctimai əməyin təqribən 15%-i ölçmələrin yerinə yetirilməsinə sərf olunur. Dünyada hər saniyə milyardlarla ölçmə əməliyyatları yerinə yetirilir. Onların nəticələri buraxılan məhsulun keyfiyyətinin və texniki səviyyəsinin təmin edilməsində, nəqliyyatın təhlükəsiz və qəzasız işləməsində, tibbi və ekoloji diaqnozların əsaslandırılmasında, məlumat axınlarının analizində geniş istifadə edilir. Dünyada ticarətin qloballaşdırılması, malların beynəlxalq səviyyəli birgə istehsalı, əhalinin sağlamlığı və təhlükəsizliyi naminə artan qayğı, ətraf mühit problemləri bütün bunlar müasir mərhələdə ölçmələrin vəhdətinin təmin edilməsi məsələlərini beynəlxalq səviyyədə daha da aktuallaşdırmışdır.
Məhz bu zərurəti nəzərə alaraq 1875-ci ilin 20 mayında 17 inkişaf etmiş ölkənin hökumət nümayəndələri Parisdə məşhur Metrik Konvensiyasını imzalamış və bununla da hər il bütün dünyada qeyd olunan Ümumdünya Metrologiya gününün əsası qoyulmuşdur. Hal-hazırda bu konvensiyaya əllidən çox dövlət qoşulub. Bu konvensiya, onu imzalamış dövlətlərin beynəlxalq əlaqələrini müəyyənləşdirir. Bu məqsəd üçün Ölçülərin və Çəkilərin Beynəlxalq Bürosu (Bureau İnternational des Poids et Mesures) yaradıldı. Büro (ÖÇBB), Paris yaxınlığındakı Sevr şəhərində yerləşib. Büronun məqsədi ölçmələrin beynəlxalq eynicinsliyini və onların Beynəlxalq Simmetriya sisteminə uyğunluğunu təmin etməkdir. Büro ölçmə ilə əlaqəli tədqiqatları yerinə yetirir, milli etalonların beynalxalq müqayisəsini təşkil edir, üzv ölkələr üçün kalibrləməni yerinə yetirir. ÖÇBB-nun fəaliyyəti metrik konvensiyanın üzvü olan ölkələr tərəfindən maliyyələşdirilir. Konvensiyaya uyğun olaraq ÖÇBB-nin fəaliyyətinə rəhbərlik etmək üçün Ölçü və Çəkilərin Beynəlxalq Komitəsi (ÖÇBK) (Comitee İnternational des Poids et Mesures) yaradılıb. Baş Konfrans hər dörd ildən bir, üzv dövlətlərin hökümətlərinin nümayəndələrinin iştiraki ilə, ÖÇBK-nin üzvlərini seçir. ÖÇBK-nin nəzdində müəyyən məsləhət komitələri fəaliyyət göstərir. Bunlar uzunluq, kütlə, vaxt, elektrik kəmiyyətləri vahidlərini, fotometriya və radiometriya vahidlərini, şualanma ionlaşdırılması vahidlərini və kimyəvi kəmiyyətlərin ölçülməsi üçün vahidləri müəyyənləşdirən komitələrdir.
Beynəlxalq Qanunverici Metrologiya təşkilatı (BQMT) (İnternational Orqanization of Leqal Metrology) 1955-ci ildə yaradılıb. BQMT-nın ali orqanı Qanunverici Metrologiyanın Beynəlxalq Konfransıdır. Bu konfrans 4 ildən bir çağrılır. BQMT-nin qərarları məsləhət xarakteri daşıyır və onların yerinə yetirilməsi konkret dövlətin istəyindən asılıdır. Hal-hazirda BQMT 80 çox dövlət birləşdirir.
Qafqaz ölkələri içərisində ilk dəfə olaraq Bakıda 1906-cı ildə ölçmə və çəki vasitələrinin yoxlanması məntəqələri təşkil olunmuşdur. Sovet respublikaları içərisində bir ilk olaraq tarixə düşən hadisələrdən biridə, elektrik sayğaclarının dəqiqliyinin məcburi yoxlanması barədə qərar olub. 1931-ci ildə ölçmə və çəki vasitələrinin yoxlanması palatası Standartlaşdırma üzrə Büro şəklində təşkil olunub və yeni laboratoriyalar yaradılıb. 1966-cı ildə Azərbaycan SSR Nazirlər Soveti tərkibində yaradılmış standartlaşdırma üzrə Komitəsinə respublika əhəmiyyətli standartlara və ölçmə vasitələrinə dövlət nəzarəti laboratoriyası, eyni funksiyalı Gəncə şəhəri laboratoriyası və 39 müvəqqəti məntəqə daxil idi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra standartlaşdırma və metrologiya sahəsinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlətinin diqqətində olan ən vacib məsələlərdən biri müəyyən edilmiş metroloji norma və qaydalara riayət edilməsidir. Ümummilli lider Heydər Əliyev tərəfindən 13 iyun 2000-ci ildə təsdiq olunmuş “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanun qəbul edildi. Bununla yanaşı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il 27 dekabr tarixli, 623 saylı fərmanı ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradıldı. "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 noyabr 2008-ci il tarixli sərəncamı ilə Dövlət Agentliyinin bazasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradıldı. 2012-ci il 04 aprel tarixli fərman ilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yanında dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanılmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təmin edən Dövlət Metrologiya Xidməti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1234 nömrəli Fərmanına əsasən ləğv edilən Dövlət Metrologiya Xidməti bazasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu yaradılmışdır. Prezident İlham Əliyevin 2018-ci il 20 aprel tarixli 5 nömrəli sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilərək Azərbaycan Metrologiya İnstitutu adə altında texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Əqli Mülkiyyət Agentliyinə verilmişdir.
Metrologiya ölkənin həyat səviyyəsinin yüksəldilməsində, ətraf mühitin və istehlakçı hüquqlarının qorunmasında, insanların təhlükəsizliyinin təmin edilməsində, elmi-texniki tədqiqatlarda mühüm rol oynayır. Regional Metrologiya Təşkilatları tərəfindən silsilə tədbirlərlə qeyd edilən bu əlamətdar gün hər il fərqli bir mövzuya həsr edilir. Hər il bu günün müxtəlif mövzularda keçirilməsində məqsəd elmi-texniki tərəqqinin inkişafına, istehlakçıların tələblərinə uyğun olan məhsulların layihələndirilməsinə və effektiv istehsalın təmin olunması xidmət göstərir. Bu baxımdan metrologiya elmi ölçmə meyarlarından və tətbiq sahəsindən asılı olmayaraq müasir cəmiyyətdə müstəsna rol oynayır. Metrologiya təbiət və texniki elmlərin inkişafı üçün də böyük əhəmiyyət kəsb edir. Çünki ölçmələrin dəqiqliyini artırmaq insanın təbiəti dərk etməsini, kəşfləri və dəqiq biliklərin praktiki tətbiqini təkmilləşdirməyin yollarından biridir. Elmi-texniki tərəqqiyə nail olmaq üçün metrologiya öz inkişafında elm və texnikanın digər sahələrini qabaqlamalıdır. Bu gün Azərbaycanda bu sahədə mühüm işlər görülür və İnstitut tərəfindən Respublikamızda metrologiya sahəsində səmərəli ardıcıl işlər aparılmaqdadır. Dövlətimizdə metroloji normalara və qaydalara əməl olunması, dövlət standartlarına uyğunlaşdırılması işləri davamlı olaraq diqqətdə saxlanılır. Həqiqətən, metrologiya, ölçü elmi olaraq elmi kəşflər və yeniliklər, sənaye istehsalı və beynəlxalq ticarətdə, həyat keyfiyyətinin yaxşılaşdırılmasında və qlobal mühitin qorunmasında əsas rol oynayır. Dövlətimizin göstərdiyi qayğı nəticəsində Azərbaycan Metrologiya İnstitutunun rəhbərliyi və əməkdaşları tərəfindən göstərilən fəaliyyətlər metrologiya sahəsinin inkişafına, əhalinin rahat və təhlükəsiz həyatının təmin olunmasına xidmət edir.
Tövsiyə edilən ədəbiyyat: