Tarixdən səhifələr

Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü

17 may bütün dünyada Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edilir.

Bu ümumbəşəri tarixin qeyd olunması Beynəlxalq Teleqraf  İttifaqının əsasının qoyulması ilə bağlıdır. 1865-ci ilin may ayının 17-də Parisdə həmin dövrə məxsus teleqraf əlaqələri üçün vahid standartların müəyyən edilməsi məqsədilə Beynəlxalq Teleqraf İttifaqının əsası qoyulub və 1932-ci ildən Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) adlandırılıb.

2005-ci ilədək bu tarix Beynəlxalq Telekommunikasiya Günü kimi qeyd edilib.

İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 2005-ci ildə Tunisdə keçirilən ikinci mərhələsi çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına 17 may tarixinin “Beynəlxalq İnformasiya Cəmiyyəti Günü” elan edilməsi ilə bağlı müraciət qəbul edilib və 27 mart 2006-cı ildə 17 may tarixi “Beynəlxalq İnformasiya Günü” elan edilib.

Daha sonra, Beynəlxalq Telekommunikasiya İttifaqı 2006-cı ilin noyabrında 17 may tarixini “Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü” kimi qeyd etməklə bağlı qərar qəbul edib.

Ənənəvi olaraq BMT və BTİ baş katibləri bu gün ilə əlaqədar illik müraciətlə çıxış edirlər.

Artıq uzun illərdir ki, beynəlxalq səviyyədə dünyanın əksər ölkələrində 17 may tarixi ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsi ənənə halını alır.

Azərbaycan 1992-ci ildən BMT-nin İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə ixtisaslaşmış agentliyi – Beynəlxalq Telekommunikasiya İttifaqının üzvüdür.

Təşkilatla əməkdaşlıq çərçivəsində müəyyən olunmuş bütün tələb və tövsiyələrə əməl olunur. Bu istiqamətdə Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü də ölkəmizdə geniş qeyd olunur.

Bu günün əsas məqsədi informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin genişləndirilməsi, eyni zamanda rəqəmli fərqliliyin aradan qaldırılması üçün məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdir.

İnformasiya cəmiyyətinin inkişaf etdirilməsi Azərbaycan Respublikasının dövlət siyasətinin əsaslarından, strateji hədəflərindən biridir. Bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz onun Sərəncamı ilə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)” təsdiq edilmişdir. Həmin strategiyanın həyata keçirilməsi ilə ölkəmizdə informasiya cəmiyyətinin əsaslarının yaradılması üçün zəruri islahatlar aparılmış, müvafiq hüquqi, iqtisadi, texnoloji və kadr bazası formlaşdırılmışdır.

Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasına dövlət qayğısı, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, onun xalqımızın rifahına xidmət edən aparıcı amilə çevrilməsi ölkəmizin gələcək perspektivlərinə hesablanmış siyasətin tərkib hissəsidir.

Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda həmin tədbirlərin davamı olaraq ölkədə ən son texnoloji yeniliklər tətbiq edilmiş, internetə simli, simsiz, mobil texnologiyalarla çıxış imkanları yaradılmışdır. Bunun sayəsində əhalinin 75 faizi internet, onların 65 faizi isə genişzolaqlı internet istifadəçisinə çevrilmişdir. Evlərdə, iş yerlərində istifadə edilən kompüterlərin sayı artmışdır. Mobil sektor sürətlə inkişaf etmiş, 3G və 4G xidmətləri tətbiq olunmuşdur. İlk telekommunikasiya peyki “Azerspace-1” və yer səthinin müşahidə peyki “Azersky” orbitə çıxarılmış və bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşulmuşdur. İKT üzrə yüksəkixtisaslı kadr hazırlığı genişləndirilmiş, “elektron hökumət” üzrə genişmiqyaslı layihələr həyata keçirilmiş və cəmiyyət üçün vacib olan elektron xidmətlər təşkil edilmişdir.

Dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsinin təşkilinə və vətəndaşların dövlət orqanlarının göstərdiyi elektron xidmətlərdən “bir pəncərə” prinsipi əsasında istifadəsinə şərait yaratmaq məqsədilə www.e-gov.az “elektron hökumət” portalı yaradılaraq istifadəyə verilmişdir.

Ölkəmizdə informasiya cəmiyyətinin, elektron hökumətin, informasiya və biliklər iqtisadiyyatının dayanıqlı inkişafı istiqamətində genişmiqyaslı kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlərin nəticəsi olaraq, Azərbaycanda genişzolaqlı internet infrastrukturu inkişaf etdirilmiş, vətəndaşların təhlükəsiz, keyfiyyətli və ucuz internet xidmətlərindən istifadəsinin təmin olunması istiqamətində bir sıra layihələr həyata keçirilmişdir. "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş və strategiyada bu sahənin inkişafı üzrə 2020-ci ilə kimi konkret məqsəd və vəzifələr müəyyən edilmişdir. Bu strategiya informasiya cəmiyyətinin əsaslarının yaradılması, vətəndaşlar, cəmiyyət, özəl sektor və dövlət orqanları tərəfindən İKT-dən geniş istifadə, növbəti mərhələdə fəaliyyət istiqamətlərinin planlaşdırılması üçün əlverişli şərait yaratmış oldu.

Azərbaycanda İKT-nin inkişaf etdirilməsi üçün görülən işlər nəticəsində ölkənin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (e-hökumət, e-ticarət, distant təhsil və s.) təşəkkül tapması, informasiya və bilik bazarının yaradılması, iqtisadiyyatın müxtəlif sahələrində səmərəliliyin artırılması, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Niyazov, Xalid Qüdrət oğlu. Dövlət informasiya siyasəti və informasiya hüququ : monoqrafiya / X. Q. Niyazov ; elmi red. A. İ. Mustafazadə ; AMEA Hüquq və İnsan Haqları İnstitutu. - Bakı : Elm və təhsil, 2017. - 412 s.
  2. Əliquliyev, Rasim Məhəmməd oğlu. İnformasiya cəmiyyəti : maraqlı xronoloji faktlar / R. M. Əliquliyev, P. M. Salmanova ; elmi red.: Z. Q. Cəbrayılova, R. Mahmudova ; AMEA İnformasiya Texnologiyaları İnstitutu. - Bakı : İnformasiya Texnologiyaları nəşriyyatı, 2013. - 169 s. 
  3. Əliquliyev, Rasim Məhəmməd oğlu. İnformasiya cəmiyyətində bazar iqtisadiyyatının transformasiyası məsələləri : ekspress-informasiya / R. M. Əliquliyev, R. Ş. Mahmudov ; elmi red. Y. N. İmamverdiyev ; AMEA İnformasiya Texnologiyaları İnstitutu. - Bakı : İnformasiya Texnologiyaları nəşriyyatı, 2013. - 58 s.