8 may Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günü, Qırmızı Xaç Təşkilatının təşəbbüskarı isveçrəli yazıçı, Nobel Sülh mükafatı laureatı Anri Dünanın şərəfinə təsis edilib. Qırmızı Xaç Hərəkatının banisi, Solferino döyüşünün dəhşətlərindən təsirlənən Anri Dünan Fransa və Avstriya arasında 1859-cu ildə baş vermiş Salferino döyüşünün şahidi olur. O burada qalaraq 40 min yaralıya yerli kəndlilərlə birlikdə yardım edir. İsveçrəyə qayıdan Anri Dünan 1862-ci ildə özünün “Solferino Xatirələri” adlı kitabında döyüşün ağır nəticələrindən bəhs edən kitab yazır. Müharibənin amansız reallığını dünyanın diqqətinə çatdırmaq, yaralılara yardım və qayğı göstərmək və beynəlxalq səviyyəli cəmiyyətin yaradılması məqsədilə Dünan öz kitabını Avropadakı hərbi liderlərə, siyasətçilərə, xeyriyyəçilərə göndərir. 1863-cü il fevral ayının 17-də ilk komissiya çağırılır və bu komissiya Yaralılara Yardım üzrə Beynəlxalq Komitə (Qırmızı Xaç) adlandırılır. Beləliklə Beynəlxalq Qızıl Xaç Komitəsinin təməli 1863-cü ildə qoyulub.Təşkilatın emblemi qismində rənglərinin yer dəyişdiyi İsveçrə bayrağı istifadə olunur – xaç ağ yerinə qırmızı, fon isə qırmızı yerinə ağ rənglə boyanıb. Lakin Türk-Rus müharibəsi (1877-1878) zamanı Osmanlı İmperiyası qırmızı xaçın müsəlman əsgərlərində səlibçılərlə bağlı mənfi assosiasiya yaratdığını hesab edərək qırmızı aypara emblemindən istifadə edib. Bundan sonra əhalisinin çox hissəsi müsəlmanlardan ibarət olan digər ölkələr də bu emblemdən istifadə etməyə başlayıb. 1986-cı ilin oktyabrında keçirilən Qırmızı Xaçın 25-ci beynəlxalq konfransında təşkilatın yeni adı – Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı olaraq təsdiq edilib. Anri Dünanın ölkədə könüllülərin cəmiyyətini yaratmaq ideyası ilk Milli Cəmiyyətlərin yaradılması ilə nəticələnib. İlk Milli Cəmiyyət Belçika Qızıl Xaç Cəmiyyəti olub.
Dünyanın ən böyük humanitar təşkilatı olan Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara hərəkatının məqsədi əsasən silahlı münaqişələr və digər fövqəladə vəziyyətlər zamanı insan iztirabının yüngülləşdirilməsi, insanların həyatı və sağlamlığının qorunması və insan ləyaqətinin müdafiəsidir. Bu təşkilata dünyanın 190 ölkəsi üzvdür. Hərəkatın üç tərkib hissəsi var: Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətləri federasiyaları, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Qırmızı Xaç və Qızıl Aypara milli cəmiyyətləri daxildir.
Beynəlxalq Qızıl Xaç Komitəsi - Hərəkatın əsasını qoyan təşkilatdır. Müstəqil bir təşkilat kimi beynəlxalq və regional səviyyədə münaqişə yaşanan, düşmən mövqedə duran ölkələr arasında və daxili zorakılığın mövcud olduğu hallarda neytral vasitəçi kimi çıxış edir. Beynəlxalq zorakılığın mövcud olduğu hallarda Komitə Hərəkatın qanunlarında öz əksini tapmış humanitar yardım hüquqlarından istifadə edir. Qızıl Xaç Komitəsi Hərəkatın Fundamental psinsiplərinin keşikçisidir. Rəsmi olaraq dünyanın harasında üzv olmasına baxmayaraq yeni yaranmış Milli Cəmiyyətlərin tanınması ilə məşğuldur.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası – Milli Cəmiyyətlərə dəstək olur, işlərini koordinasiya edir və onların beynəlxalq nümayəndəsi kimi çıxış edir.
Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri – Cenevrə Konvensiyasına üzv olan dövlətlərdə mövcud olan humanitar təşkilatlardır. Bir ölkənin yalnız bir Milli Cəmiyyəti ola bilər.
Hərəkatın qanunları 1928-ci ildə qəbul edilmişdir. Bu qanunlara ilk dəfə 1958-ci ildə, sonra isə 1986-cı ildə Cenevrədə keçirilən beynəlxalq konfransda dəyişikliklər edilib. Qanunlar hər biri ayrı-ayrılıqda müstəqil qurum statusuna malik olan Komitə, Federasiya və Milli Cəmiyyətlərin tərkibini və öhdəliklərini müəyyənləşdirib.
Azərbaycanın Qızıl Aypara Cəmiyyəti böyük və zəngin tarixə malikdir. 1920-ci il martın 10-da Azərbaycan Xalq Cümhuriyyətinin müdafiə naziri səlahiyyətlərini icra edən general-leytenant Əliağa Şıxlinski Azərbaycan Qızıl Aypara Cəmiyyətinə maddi yardım göstərilməsi üçün hökumətə müraciət edir. Bu müraciətin əsasında ilk dəfə hökumət tərəfindən müvafiq qərar qəbul olunub.
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra milli Qızıl Aypara Cəmiyyəti də öz inkişafının yeni dövrünə qədəm qoyub. 1994-cü il noyabrın 25-də Prezident Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “Azərbaycan Qızıl Aypara Cəmiyyətinin işinin yaxşılaşdırılması haqqında” qərar qəbul edib. Bu qərarla Azərbaycan Qızıl Aypara cəmiyyəti yeganə rəsmi təşkilat – Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara hərəkatının tərkib hissəsi kimi tanınıb. 1995-ci il noyabrın 26-da Azərbaycan Qızıl Aypara cəmiyyəti Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətləri federasiyasının tamhüquqlu, daimi və bərabərhüquqlu üzvü seçilib. Azərbaycan Qızıl Aypara Cəmiyyəti dünyanın ən böyük humanitar şəbəkəsi olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) ilə birlikdə Azərbaycanda və bütün dünyada əhalinin həssas qruplarına daxil olan milyonlarla insanına dəstək və humanitar xidmətlərlə təmin edir.
Hərəkatın əsas məqsədi insanların bütün imkanlarından səmərəli istifadə edərək humanitar sahədə insanların hər cür ehtiyaclarını qarşılamaq, humanitar prinsiplərə və beynəlxalq humanitar hüquqa hörmətlə yanaşmaq, bütün üzvlərin maksimum səviyyədə əməkdaşlıq edə biləcəyi güclü bir Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı yaratmaqdır. Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı müharibədən, təbii və texnogen fəlakətlərdən zərər çəkənlərə, əhalinin sosial cəhətdən qayğıya möhtac təbəqələrinə yardımını əsirgəməmiş, eyni zamanda, insanlara mənəvi dəstək vermiş və inam hissi aşılamışdır. Hərəkat milliyyətinə, irqinə, dini inanclarına, sinfinə və ya siyasi düşüncələrinə görə heç bir ayrı-seçkilik qoymadan insanlara humanitar yardım göstərir. Sosial məsələlərin həllinə yaxından köməklik göstərməsi və fəaliyyətinin başlıca qayəsini könüllülük, insanpərvərlik və xeyirxahlıq kimi nəcib keyfiyyətlərin təşkil etməsi bu hərəkata nüfuz qazandırmışdır.
Tövsiyə edilən ədəbiyyat: