Faşist Almaniyası 1939-cu il sentyabrın 1-də Polşaya hücum etdi. Bir gün sonra İngiltərə və Fransa hökumətləri Almaniyaya müharibə elan etdilər. İkinci dünya müharibəsi başlandı. Almaniya Sovet İttifaqı ilə 1939-cu il 23 avqust tarixli müqaviləni pozaraq 1941-ci il iyunun 22-də SSRİ-yə hücum etdi. “Barbarossa planı” na görə, alman ordusu qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmalı idi.
Azərbaycan Almaniyanın işğalçılıq planında xüsusi yer tuturdu. Onun sərvətləri, strateji və geosiyasi mövqeyi faşistlərın diqqətini cəlb edirdi. Almaniya Bakı neftindən istifadə etməklə bütün Şərqi istila edəcəyinə böyük ümidlər bəsləyirdi. Sovet İttifaqı üzərində qələbədən sonra türk xalqlarının yaşadığı ərazilərdə “Böyük Türküstan” dövlətinin yaradılması nəzərdə tutulurdu. Azərbaycan bütövlükdə bu dövlətin tərkibinə daxil edilməli idi.
Hələ 1941-ci ilin martında Almaniyanın “Kontinental neft cəmiyyəti”nə Bakı zəbt edildikdən sonra burada neftin hasilatı, emalı və daşınması tapşırılmışdı. Azərbaycandakı iri sənaye müəssisələrinə alman rəhbərlər təyin edilmişdi. Hitler Bakı alındıqdan sonra onu hərbi obyektə çevirmək haqqında tapşırıq vermişdi. Bakının və Abşeronun sənaye və hərbi əhəmiyyətli müəssisələrinin xəritələri də hazırlanmışdı. Faşistlərin Qafqaza “Edelveys” adlanan hücum planına görə, Bakı sentyabrın 25-də zəbt edilməli idi.
Müharibə illərində Azərbaycandan Sovet ordusu sıralarına təqribən 700 min nəfər, o cümlədən 10 mindən çox qadın səfərbər edildi. Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrında 223-cü, 1942-ci ilin mart–sentyabr aylarında 416-cı, avqust-sentyabrda isə 271-ci milli atıcı diviziyalar təşkil edildi. Krımın müdafiəsində şəxsi heyətinin çoxunu itirmiş 77-ci Azərbaycan diviziyası 1942-ci ilin mayında yenidən komplektləşdirildi.
Faşizmə qarşı mübarizədə Azərbaycan xalqı bütün qüvvələrini səfərbər edərək möhkəm arxa cəbhə yaratdı. Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsalına keçdi. Orduya səfərbər olunanların yerini qadınlar və yeniyetmələr tutdu. Qısa müddətdə 40 mindən çox ixtisaslı fəhlə hazırlandı. Neftçilər fədakarlıqla çalışaraq cəbhəni, xalq təsərrüfatını yanacaqla təmin edirdilər. 1941-1945-ci illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb.
Bakıda 130 növ silah və hərbi sursat hazırlanır, o cümlədən məşhur “Katyuşa” raketi, “YAK-3” qırıcı təyyarəsi yığılırdı. 1941-ci ildə böyük hərbi və təsərrüfat əhəmiyyəti olan Culfa–Mincivan, Salyan–Neftçala, Papanin (indiki Şirvan)–Hacıqabul və b. Dəmiryol xətləri istifadəyə verildi. Bakı avtomobil zavodunun əsası qoyuldu.
Azərbaycan xalqı 1941-43-cü illərdə müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş, 311 mln. manatlıq istiqraz verdi. Cəbhədə vuruşan əsgərlər üçün 1,6 mln. ədəd müxtəlif əşya, 125 vaqon isti paltar göndərildi.
Müharibənin ilk günlərindən minlərlə azərbaycanlı cəbhələrdə faşizmə qarşı mərdliklə vuruşurdular. Brest qalasının müdafiəsində 44 nəfər azərbaycanlı iştirak etmiş, son nəfəslərinə qədər qəhrəmanlıqla döyüşmüşdülər. Kiçik leytenant İsrafil Məmmədov 1941-ci ilin dekabrında Novqorod yaxınlığında Pustınka kəndi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərdi və azərbaycanlılar arasında ilk dəfə olaraq Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 1942-ci ilin qışında Stalinqrad cəbhəsində podpolkovnik Həzi Aslanovun tank polku böyük qəhrəmanlıq göstərdi. 1942-ci il dekabrın 22-də ona Sovet İttifaqı Qəhrəmanı adı verildi.
1944-cü il iyunun 23-30-da general-mayor Həzi Aslanovun 35-ci qvardiya tank briqadası Berezna çayını keçib Pleşşenitsı şəhərini və 508 yaşayış məntəqəsini azad etdi. Həzi Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif olunmağa təqdim edildi, lakin bu ad ona ölümündən sonra – 1991-ci ildə verildi. Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş yeganə azərbaycanlıdır.
Borodino çölündəki vuruşmada pulemyotçu İdris Vəliyev düşmənin 50-dən çox əsgərini, Leninqrad səmasında təyyarəçi Hüseynbala Əliyev isə 6 alman təyyarəsini məhv etdilər.
Müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit isə müxtəlif orden və medallarla təltif edilib.
Müharibə illərində Azərbaycanın elm və mədəniyyət xadimlərinin bütün qüvvələri səfərbər edilmişdi. Yeni strateji xammal yataqları kəşf edilir, neft emalında müasir texnologiyalar tətbiq olunurdu. Görkəmli kimyaçı alim Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya üçün yüksəkoktanlı benzin istehsalının yeni texnologiyası işlənib hazırlandı.
Məşhur cərrah Mustafa Topçubaşov hərbi cərrahiyyədə yeni müalicə metodları hazırlayaraq minlərlə əsgəri ölümdən xilas etdi. Respublikada 70 hərbi hospital fəaliyyət göstərirdi.
Azərbaycanlılar Avropa xalqlarının partizan və antifaşist müqavimət hərəkatlarında iştirak edirdilər. Polşada 1942-ci ilin yazında faşist hərbi əsir düşərgəsində azərbaycanlı əsirlər gizli təşkilat yaratmışdılar. Təşkilata zabitlər Hadı Qiyasbəyov və Mirzəxan Məmmədov rəhbərlik edirdilər. Təşkilatın köməyilə bir qrup əsir ölüm düşərgəsindən qaçaraq partizan hərəkatına qoşulmuşdu.
1942-ci ildə Fransadakı faşist həbs düşərgələrindən qaçıb partizanlara qoşulan Əhmədiyyə Cəbrayılov “Armed Mişel” adı ilə Fransanın müqavimət hərəkatında fəal iştirak etmiş, bu ölkənin ən yüksək mükafatı – Fəxri legion ordeni ilə təltif edilmişdi.
Stalinqrad döyüşləri vaxtı ağır yaralanaraq əsir düşən Mehdi Hüseynzadə sonradan Yuqoslaviya partizanlarına qoşulmuşdu. Faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmiş, 700 hərbi əsiri azad etmişdi. O, “Mixaylo” ləqəbi ilə Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyatçı-təxribat qrupuna rəhbərlik edərək 1000 nəfərdən çox alman zabitini məhv etmişdi. Mehdi Hüseynzadə 1944-cü ildə faşistlərlə döyüşdə xeyli düşmən məhv etmiş və ələ keçməmək üçün son gülləsini özünə vurmuşdur. 1957-ci ildə ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Dünyanın antifaşist qüvvələrinin səyi nəticəsində böyük qələbə əldə olundu, mayın 8-də Almaniya qeyd-şərtsiz təslim aktını imzaladı. 9 May 1945-ci il tarixə Qələbə günü kimi daxil oldu.
Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə xüsusi diqqət yetirib, onlara hərtərəfli qayğı ilə yanaşıb və sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atıb. Məhz Ümummilli liderin sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılıb və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May - Qələbə Günü qeyd olunur. Ümummilli Lider müharibə veteranlarını “Xalqımızın qızıl fondu” adlandırırdı.
Ümummilli liderin bu sahədəki siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində Prezident İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı alıb.
Hər il 9 May - Faşizm üzərində qələbə günü kimi geniş şəkildə qeyd olunur. Respublikamızda keçirilən tədbirlər 1941-1945-ci illərdə böyük şücaət, qəhrəmanlıq göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin mənəvi, hərbi vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilib.
Tövsiyə edilən ədəbiyyat: