Tarixdən səhifələr

Hənifə Məlikova-Zərdabi - Azərbaycanın ilk maarifçi qadınlarından biri

Hənifə Məlikova-Zərdabi (Hənifə Aslanbəy qızı Abayeva) 1856-cı il mayın 5-də Şimali Qafqazda, Nalçik şəhərində anadan olub. Təhsilini Tiflisdə “Müqəddəs Nina” qız məktəbində alıb.

Hənifə xanım Azərbaycanda maarifçilik hərəkatının öncüllərindən olan Həsən bəy Zərdabi ilə ailə qurub. Onların tanışlığının maraqlı tarixçəsi var. 1872-ci ildə Tiflisdə Müqəddəs Nina Qız Məktəbini bitirən qızların siyahısı “Qafqaz” qəzetində dərc olunduqdan sonra Hənifə xanım Abayevanın adını burada görən Həsən bəy Zərdabi təhsilli bir qızla ailə qurmaq istəyi ilə dərhal Tiflisə yola düşür. Hənifə xanımla tanışlıqdan sonra onunla həmfikir olduğunu başa düşən Həsən bəy onunla birgə həyat yoluna çıxmağa qərar verir. Evlənmək qərarı verən gənclər valideynləri uzaqda olduğu üçün evlilik xeyir-duasını da Müqəddəs Nina Qız Məktəbinin himayədarı, knyagina Olqa Fedorovnadan alırlar.

Hənifə xanımla evləndikdən sonra artıq onu anlayan, ona dəstək olan bir insanın varlığı Həsən bəyi daha da ruhlandırır. O, maarifçilik yolunda daha uğurlu, inamlı addımlar atır. 1873-cü ildə şagirdləri ilə birlikdə Bakıda türk dilində ilk teatr tamaşasını təşkil edir. Mirzə Fətəli Axundzadənin “Hacı Qara” əsəri səhnələşdirilir. 1875-ci il iyulun 22-də isə Azərbaycanda türk dilində ilk qəzet olan “Əkinçi”ni nəşr etdirir.

Hənifə xanım 1875-1877-ci illərdə Həsən bəylə birlikdə "Əkinçi" qəzetinin nəşrində yaxından iştirak edərək çox əziyyətlərə qatlaşır.

"Əkinçi" qəzetinin nəşri dayandığından sonra təqibə məruz qalan Həsən bəy müəllimlik fəaliyyətindən istefa verir, ailəsiylə Zərdaba köçür.

Hənifə xanım və Həsən bəy Zərdabda yaşadıqları dövrdə - 1880-ci ildən başlayaraq Hənifə xanımla birlikdə öz evlərində pulsuz məktəb açdı. Onlar təqib və təzyiqlərə baxmayaraq, heç bir təmənna ummadan uşaqlara savad öyrədirdilər. Hənifə xanım öz mənzilində uşaqlara dərs deməklə bərabər, oba-oba, ev-ev gəzib qadınlara biçib-tikmək, yazıb-oxumaq öyrədir, rus dilindən nağıllar tərcümə edib danışır, mənzil-mənzil dolaşıb uşaqları peyvənd edir, ayrı-ayrı obalarda qadın məsləhətxanaları təşkil edirdi.

Hənifə xanım 16 il yoldaşı ilə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşayandan sonra ailəsi ilə birgə yenidən Bakıya qayıdırlar.

Həsən bəy Zərdabi uzun illər Bakıda müsəlman qız məktəbinin açılmasını arzulayırdı. Hacı Zeynalabdin Tağıyevin sərmayəsi ilə bu təşəbbüs baş tutur. Məktəbin müdirəsi təhsilli türk xanımı olmalı idi və Hənifə xanım 1901–1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdirəsi vəzifəsini icra edib. Daha sonra o, 1909-cu ildən 1919-cu ilədək Bakı şəhər dövlət birinci rus-tatar qız məktəbində müdir vəzifəsində çalışıb.

Həsən bəyin ölümündən sonra da Hənifə xanım ictimai işlərə davam edir. 1908-ci ildə onun təşəbbüsü ilə Bakıda “Nicat” cəmiyyətinin bir şöbəsi olaraq “Bakı xanımlarının ilk təşkilatı” yaradılır. Bakı milyonçusu Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın sədrlik etdiyi təşkilat tezliklə böyüyüb Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilir.

1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifələrdə çalışır.

Hənifə xanım 1925-ci ildə Həsən bəy haqqında xatirələrini çap edir.

Hənifə Məlikova–Zərdabi 1929-cu ildə Bakıda vəfat etmişdir. Əvvəl şəhər qəbristanlığında dəfn edilmiş, sonralar cənazəsi həyat yoldaşı Həsən bəy Zərdabinin məzarının yaxınlığına – Fəxri Xiyabana köçürülmüşdür.


Tövsiyə edilən ədəbiyyat:

  1. Abbasova, Sevinc Zakir qızı. Nəsillərə örnək: Azərbaycan qadını : qədim dövr - orta əsrlər - XIX əsr / S. Z. Abbasova ; elmi red. F. F. Əhmədova ; red. V. Məmmədov. - Bakı : Elm və təhsil, 2014. - 160 s.
  2. Həsən bəy Zərdabi və "Əkinçi" : bioqrafik məqalələr, məktublar, xatirələr, tədqiqatlar / Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası, Söz Azadlığını Müdafiə Fondu ; red. heyəti: M. Yaqub [et al.]. - Bakı : [n. y.], 2010. - 225 s.
  3. Həsən bəy Zərdabi xatirələrdə : bioqrafik qaynaqlar / tərt. T. Aydınoğlu ; red. M. Çəmənli. - Bakı : Aspoliqraf, 2013. - 224 s.