Tarixdən səhifələr

Tanınmış maarif xadimi, dramaturq və etnoqraf Rəşid bəy Əfəndiyev

Rəşid bəy İsmayıl oğlu Əfəndiyev (Əfəndizadə) 1863-cü ildə Şəki şəhərində ruhani ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini Cümə məscidində yerləşən mollaxanada Əbdürrəzzaq Tahirzadə adlı bir müəllimdən almışdır.

Rəşid bəy Əfəndiyev 1873-cü ildə məscid məktəbini bitirib, təhsilini rus dilində əvvəl qəza məktəbində, sonra şəhər məktəbində davam etdirmişdir. O bu məktəblərdə hesab, coğrafiya, tarix, fizika, kimya elmlərini öyrənmiş, rus və Avropa yazıçılarının yaradıcılığı ilə tanış olmuşdur.

1879-cu ildə Rəşid bəy Əfəndiyev Cənubi Qafqaz (Qori) Müəllimlər Seminariyası nəzdində yenicə açılmış Azərbaycan şöbəsinə daxil olur. Şərq və rus dillərini yaxşı bilən, dini və dünyəvi elmlər haqqında kifayət qədər məlumatı olan R.Əfəndiyev şöbənin müfəttişi A.O.Çernyayevskinin diqqətini cəlb edir. Pedaqoq “Vətən dili” əlifba dərsliyinin I hissəsini hazırlayarkən tələbəsinin qüvvəsindən istifadə edir.

A.O.Çernyayevski dərsliyi 1881-ci ildə Tiflisdə Ünsizadə mətbəəsində litoqrafiya üsulu ilə nəşr etdirir.

Çernyayevski ilə əməkdaşlıq R.Əfəndiycvin inkişafına müsbət təsir göstərir. O, fəal yaradıcılıq işinə cəlb olunur. Tələbə öz müəlliminin sifarişi ilə ilk dəfə “Qan ocağı” komediyasının məscid məktəbini təsvir edən səhnəsini yazır və seminaristlərin qüvvəsi ilə pansionda tamaşaya qoyur. Rəşid bəy 1879-cu ildə Şəkidə 
M.F.Axundzadənin “Hacı Qara” komediyasını, sonralar Qori seminariyasında dramaturqun digər komediyalarını tamaşaya qoymuş, eyni zamanda baş rolları ifa etmişdir.

R.Əfəndiyev tələbə ikən “Şəkinin vəzi-halı” adlı şerini yazıb, “Ziyayi-Qafqaziyyə” qəzetinin redaksiyasına göndərir və rus şairlərindən tərcümə edir. Onun rus dilindən Azərbaycan dilinə çevirdiyi “Həndəsə” dərsliyi gürcü şairi Pazikaşvili-Vaja Pşavela tərəfindən Ş.Rustavelinin rus dilinə tərcümə olunmuş “Pələng dərisi geymiş pəhləvan” poeması ilə bərabər 1882-ci ildə Moskvada açılmış kənd təsərrüfatı sərgisində nümayiş etdirilir.
R.Əfəndiyev 1882-ci ildə seminariyanı bitirib, Qəbələ kənd ibtidai məktəbinə təyinat alır. O burada səkkiz il işləyir və 1890-cı ildə iş yerini bölgənin Xaçmaz kənd məktəbinə dəyişərək iki il də orada çalışır.

R.Əfəndiyev məktəblilərin mənəvi tələblərini təmin etmək üçün müntəzəm sürətdə çalışır, xalq ədəbiyyatı nümunələrini toplayıb, onların əsasında hekayələr, orijinal şeirlər yazmaqla, rus və fars ədəbiyyatından tərcümələr etməklə məşğul olurdu.

R.Əfəndiyev on il kənd məktəbində çalışdıqdan sonra 1892-ci ildə Tiflisə köçür. O, Qafqaz Müsəlmanları Ruhani İdarəsində katib müavini və müftinin himayəsi altında fəaliyyət göstərən “Ömər məktəbi”ndə müəllim işləyir. R.Əfəndiyev Tiflisdə yaşayarkən Aleksandrovsk Müəllimlər İnstitutuna daxil olub, “şəhər məktəblərində dərs vermək hüququna” malik olur.

Yazıçı Qəbələ vo Xaçmazda başladığı uşaq ədəbiyyatı yaratmaq sahəsində fəaliyyətini davam etdirir, dərsliklər üzərində çalışır. Müəllim 1898-ci ildə İstanbulda “Uşaq bağçası”, bir qədər sonra - 1902-ci ildə isə Bakıda “Bəsirətül-ətfal” dərsliyini nəşr etdirir. Onun tərtib etdiyi bu əlifba və ədəbi qiraət kitabları Azərbaycanda xalq maarifinin inkişafında, azərbaycanlı uşaqların savadlanmasında mühüm rol oynamışdır.

1900-cü ildə Tiflisdə Aleksandrovsk Müəllimlər İnstitutunu bitirən R.Əfəndiyev Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinə ana dili və şəriət fənləri müəllimi vəzifəsinə təyin olunur. Uzun illər seminariyada dərs deyən Rəşid bəy burada F.Köçərli və Ə.Muxtarovla çiyin-çiyinə çalışır, millətin övladlarının pedaqoji hazırlığı və təlim-tərbiyəsi işləri ilə yaxından məşğul olur.

Rəşid bəy Əfəndiyevin adı Mirzə Fətəli Axundzadənin dramaturgiya ənənələrini inkişaf etdirən komediyanəvislər arasında şərəfli yer tutur. Rus pedaqoqu K.D.Uşinskinin Azərbaycanda ilk ardıcılı, M.F.Axundzadə ədəbi məktəbinin yetişdirməsi və davamçısı olan Əfəndiyev elmi-pedaqoji, ədəbi və tərcüməçilik fəaliyyətinə hələ Qori seminariyasında oxuyarkən başlamışdı. XX əsrin əvvəllərindən isə yazıçı yaradıcılıq imkanlarını genişləndirir. O dövri mətbuatda müxtəlif mövzularda məqalələr dərc etdirməklə yanaşı, “Qan ocağı” (1904), “Rüstəm və Söhrab” (Firdovsidən tərcümə, 1906), “Saqqalın kəraməti” (1909), “Müxtəsər şəriət” (1910), “Arvad məsələsi” (1912), “Qonşu qonşu olsa, kor qız ərə gedər” (1913), “Pul dəlisi” (1918), “Bir saç telinin qiyməti”, “Tiflis səfərləri”, “Qızılgül” və b. kimi müxtəlif janrlarda yazdığı əsərlərini kitab halında nəşr etdirir. Əfəndiyevin “Arvad məsələsi” kitabı qızların təhsilinə və qadının cəmiyyətdə yeri probleminə həsr olunmuşdur.

R.Əfəndiyev 1916-cı ildə İrəvan quberniyası xalq məktəblərinin inspektoru vəzifəsinə təyin olunur. Pedaqoq burada təlim-tərbiyə işlərinin səmərəli təşkilinə böyük əmək sərf edir. O, İrəvan, Naxçıvan və Ordubad şəhərlərində müəllimlər üçün qısamüddətli kurslar yaradır. 1917-ci ilin əvvəlində çar hökuməti süquta uğradıqdan sonra quberniyada məktəblərin milliləşməsi işinə rəhbərlik edir.

R.Əfəndiyev 1918-ci ildə Bakıya gələrək, Azərbaycan Xalq Cümhuriyyətinin xalq maarifi sahəsində tədbirlərinin həyata keçirilməsinə yaxından köməklik göstərir, maarif nazirinin əmri ilə Bakı kişi seminariyasının direktoru təyin olunur. Maarif nazirliyi yanında əlifba komissiyasının tərkibində latın qrafikasına keçmək üçün təqdim olunmuş layihələrin müzakirəsində fəal iştirak edir.

R.Əfəndiyev sovet hakimiyyəti illərində də pedaqoji və elmi fəaliyyətini davam etdirmiş, Şəkidə pedaqoji məktəbin direktoru, etnoqrafiya cəmiyyəti Şəki şöbəsinin elmi katibi, SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının elmi işçisi olmuşdur.

Geniş yaradıcılıq diapazonuna malik pedaqoq olan Rəşid bəy Əfəndiyev həmçinin iki hissədən ibarət “Müxtəsər şəriət” dərsliyinin də müəllifidir. Eyni zamanda alim kimi tanınan Əfəndiyev etnoqrafiya (“Nuxada evlənmək adətləri”, “Qəbələ mahalı”, “Qutqaşen kəndi haqqında bir neçə məlumat” və s.), ədəbiyyatşünaslıq (“Azərbaycan türklərinə məxsus ədəbiyyat”, “Azərbaycan ədəbiyyatı nümunələri”, “Lev Nikolayeviç Tolstoy”, “Seyid Əzim Şirvani” və s.), publisistika (“İbtidai savad təlimi haqqında müsəlmanın rəyi”, “Bizə kitab” və s.) sahəsində do fəaliyyət göstərmişdir.

R.Əfəndiyev Azərbaycan xalq əfsanə və rəvayətləri, adət və ənənələri barədə, həmçinin xalq sənətkarlığı, coğrafiya və təbabətə aid məlumatlar toplayıb, “Сборник материалов для описания местностей и племен Кавказа” (CMOMПK) məcmuəsində çap etdirmişdir. Əfəndiyev 1924-cü ildə Azərbaycanın Birinci Ölkəşünaslıq Qurultayının nümayəndəsi və etnoqrafiya cəmiyyəti Şəki şöbəsinin elmi katibi seçilmişdir.

Rəşid bəy Əfəndiyev 1942-ci il avqustun 31-də Şəkidə vəfat etmişdir.

 

Tövsiyə edilən ədəbiyyat:

  1. Əfəndiyev, Rəşid bəy İsmayıl oğlu. Seçilmiş əsərləri / R. İ. Əfəndiyev ; tərt. A. Abdullayev ; red. M. M. Adilov ; bur. məsul Ə. Güləliyev. - Bakı : Şərq-Qərb, 2006. - 120 s.
  2. Əfəndiyev, Rəşid bəy İsmayıl oğlu. Bəsirətül-ətfal (Uşaqların idrakı) / R. İ. Əfəndiyev ; trans., ön sözün müəl. A. Məmmədova ; elmi red. M. Z. Nağısoylu ; AMEA M. Füzuli adına Əlyazmalar İnstitutu. - Bakı : Elm və təhsil, 2019. - 240 s.