Tarixdən səhifələr

İlk azərbaycanlı hərbi topoqraf, general İbrahim ağa Vəkilov

İbrahim ağa Vəkilov 1853-cü il mayın 7-də keçmiş Yelizavetpol quberniyası Qazax qəzasının Qırax Salahlı kəndində anadan olmuşdur. Atası Paşa ağa 1864-cü ildə vəfat etmişdir. İbrahim ağa Vəkilov 1866-cı il sentyabrın 6-da Tiflisdəki üçüncü Mejavoy Hərbi gimnaziyasına daxil olur. Orta məktəb həcmində təhsil verən bu məktəbdə doqquz il oxuduqdan sonra həmyerlisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin məsləhətilə İbrahim ağa Vəkilov Peterburqdakı hərbi topoqrafiya məktəbinə daxil olur. 1879-cu ildə İbrahim ağa Vəkilov həmin məktəbi müvəffəqiyyətlə bitirib, praporşik rütbəsi alır. Qulluq üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahı şöbəsində çalışır.

Xidmətinin ilk illərində Dağıstanda topoqrafik çəkilişlərlə məşğul olan İbrahim ağa Vəkilov 1883-cü ildə Rus-İran komissiyasının tərkibində Xəzər dənizindən Əfqanıstana qədər olan sərhədlərin dəqiqləşdirilməsində iştirak edir. Belə bir ciddi işi vaxtından əvvəl iki ilə müvəffəqiyyətlə yerinə yetirdiyinə görə, İbrahim ağa Vəkilovun xidməti İran hökumətinin ən yüksək "Şire-Xurşid" ordeninə layiq görülür. Beş il Qafqaz hərbi dairəsinin topoqrafiya şöbəsinə rəhbərlik edən İbrahim ağa Qafqazın və Krımın müxtəlif rayonlarında topoqrafik çəkilişlərlə məşğul olur. 1891-ci ildə Türkiyəyə ezam olunan İbrahim ağa Vəkilov dörd il rus səfirliyində yaşayaraq xüsusi tapşırığı yerinə yetirir. Mayor rütbəsində yenidən Qafqaz hərbi dairəsində mühüm işlər icraçısı işləyir. 1901-ci ildən şöbə rəisi podpolkovnik İbrahim ağa Vəkilov Qars vilayətinin Rus-Türk sərhədlərində topoqrafik çəkilişə rəhbərlik edir və Bosforun hərbi xəritəsini hazırlayır.

1912–1913-cü illərdə Rus-İran hökumətinin danışıqlarına əsasən polkovnik İ. Vəkilov Cənubi Azərbaycanın Təbriz, Urmiya və Xoy şəhərlərində keçirilən topoqrafik çəkilişlərə də başçılıq edir. Birinci Dünya müharibəsi illərində döyüşən ordu qərargahında fəaliyyət göstərən polkovnik İbrahim ağa Vəkilov 1917-ci il inqilabından sonra Tiflisə qayıdır.

İbrahim ağa Vəkilov Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyətdir. 
Bir müddət Tiflisdə Zaqafqaziya Federasiyasında və Zaqafqaziya Xeyriyyə Cəmiyyətinin sədri vəzifəsində çalışan İbrahim ağa sonralar Bakıda və Gəncədə fəaliyyət göstərir.

1918-ci ildə o, Azərbaycan Milli Ordusunun təşkilində fəal çalışanlardan olmuşdur. Bundan əvvəl Azərbaycan hökuməti onu Qazax qəzasına kənd və şəhər şuraların seçkilərinə rəhbərlik etməyə göndərmişdi. Vəkilovun nüfuzu yeni yaranan Azərbaycan Demokrat Cümhuriyyətinin bölgədə dərinləşməsinə güclü təkan vermişdi.

1918-ci il iyunun 23-də Respublika Daxili işlər nazirinin əmrilə polkovnik İbrahim ağa Vəkilov Gəncənin general-qubernatoru təyin olunur. Goran mahalında və ayrı-ayrı kəndlərdə sığınacaq tapmış daşnak tör-töküntülərinə divan tutan qubernator onları tərksilah etmişdi. Azərbaycan hökumətinin 1919-cu il 30 mart tarixli qərarı ilə uzun illər ordudakı nümunəvi xidmətinə görə İbrahim ağa Paşa ağa oğlu Vəkilova general-mayor rütbəsi verilmişdi.

6 may 1919-cu il tarixində general-mayor İbrahim ağa Vəkilov hökumətin 248 nömrəli əmri ilə Baş Qərargahda hərbi topoqrafiya şöbəsinin rəisi təyin olunmuşdu. O, aprel işğalına qədər bu vəzifədə çalışmışdı.

1919-cu ilin dekabr ayında ilk hərbi bayrağımızın təsdiq olunması haqqında Baş Qərargah İdarəsi qərar verdi. Bayrağın yaradıcısı hərbi topoqrafiya şöbəsinin rəisi general-mayor İbrahim ağa Vəkilov idi. İpək sapla işlənmiş bayrağın bir üzündə əski əlifba ilə "Azərbaycan", o biri üzündə isə Müqəddəs Qurandan: "Allahdan kömək və qələbə yaxındadır" ayəsi yazılmışdı. Baş Qərargah İdarəsinin verdiyi beş saylı qərarda göstərilir ki, süvari, piyada alaylarında, əlahiddə tabor və hərbi məktəblər üçün vahid formada bayrağın yaradıldığı elan olunur.

1920-ci ildə Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi və respublikamızda topoqrafiya məktəbinin yaradıcısı general-mayor İbrahim ağa Vəkilov olmuşdur.

Qırx ilə yaxın hərbi topoqraf kimi fəaliyyət göstərən İbrahim ağa Vəkilovun xidmətləri Müqəddəs Anna ordeninin üçüncü dərəcəsilə (1886), Müqəddəs Stanislav ordeninin ikinci dərəcəsilə (1894), Müqəddəs Anna ordeninin ikinci dərəcəsilə (1897), Müqəddəs Vladimir ordenin dördüncü dərəcəsilə (1903) qiymətləndirilib.

Sovet hakimiyyəti qurulduqdan sonra müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur, Respublika Xalq Torpaq Komissarlığı Topoqrafiya-Geodeziya İdarəsinin rəisi vəzifəsində, Azərbaycanın Qədim Dövr İncəsənət Abidələrini və Təbiəti Mühafizə Komitəsində çalışmışdır.

İbrahim ağa Vəkilov 1934-cü ildə 2 iyun tarixində vəfat etmişdir.

 

Tövsiyə edilən ədəbiyyat:

  1. Nəzirli, Şəmistan Əmiraslan oğlu. Topoqraf-general İbrahim ağa Vəkilov. Bakı, “Zaman” nəşriyyatı,- 2002. 296 səh. 
  2. Nəzirli, Şəmistan Əmiraslan oğlu. Güllələnmiş Azərbaycan generalları : portretlər, oçerklər, məqalələr, hekayələr / Ş. Ə. Nəzirli ; red. M. S. Süleymanov. - Bakı : Qələm, 2016. - 704 s.
  3. Назирли, Шамистан Амраслан оглы. Трагические судьбы Азербайджанских генералов / Ш. А. Назирли ; пер. Мираббаса ; ред.: И. Гусейнов, Ш. Рустамов. - Баку : ОКА Офсет, 2012. - 216 с. 
  4. Назирли, Шамистан Амраслан оглы. Расстрелянные генералы Азербайджана / Ш. А. Назирли ; пер.: Р. Бабаева, М. Мамедова, Э. Шарифова-Сейшельского ; авт. предисл. Ч. Мамедов ; ред. Ш. Рустамов. - Баку : Bizim kitab, 2015. - 576 с.