Tarixdən səhifələr

Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 1992-ci ildən etibarən hər il 5 may bütün dünyada “Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü” kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının qorunmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyasını gücləndirməkdir.

Ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra, bütün sahələrdə olduğu kimi, əlillərin hüquqlarının müdafiəsi, onların sağlamlığının qorunması istiqamətində də ardıcıl tədbirlər görülüb, bu sahədə zəngin qanunvericilik bazası yaradılıb. 1998-ci il iyunun 18-də “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi ölkəmizdə insan hüquqlarının qorunmasına göstərilən yüksək diqqətin ifadəsi olmaqla yanaşı, əlillərin hüquqlarının müdafiəsində də mühüm əhəmiyyətə malikdir.

Sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi və sosial məsələlərinin həllində yeni hüquqi imkanlar yaradan qanunvericilik aktlarının qəbul edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2006-cı il dekabrın 28-də “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı”, 2011-ci il dekabrın 27-də “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” təsdiq olunub, əlilliyi olan şəxslər üçün sosial, iqtisadi və hüquqi təminatlar müəyyən edən yeni normativ aktlar qəbul edilib.

Dövlət başçısının tapşırığına əsasən, əlillərin evlə təmin olunması istiqamətində də böyük işlər görülüb və görülməkdədir. Bu insanlar üçün hər il orta hesabla 700-dən çox mənzil tikilir. Əlillərin minik avtomobili ilə təminatı proqramı da həyata keçirilir. Minik avtomobili  ilə təmin olunan əlillərin sayı da il-ildən artır.
Dövlət başçısının müvafiq fərman və sərəncamlarına əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği də hər il artırılır. Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının statistikasına əsasən, Azərbaycan hazırda əmək pensiyasının baza hissəsinin məbləğinə görə MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Bütün bunlar isə ölkə əhalisinin, xüsusilə qayğıya daha çox ehtiyacı olan insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir.

44 günlük Vətən müharibəsində sağlamlığını itirmiş hərbçilərin sağlamlığının bərpası və normal həyata qayıtmağı üçün dövlətimiz tərəfindən addımlar atılır. 
Müharibənin qurtarmasından ötən müddət ərizində döyüş meydanında sağlamlığını itirmiş hərbçilərin sağlamlığının tam bərpası məqsədi ilə onlar 4-cü nəsil müasir protezlərlə təmin edilirlər.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə "YAŞAT" Fondunun yaradılması, bu Fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsinə başlanılması nəticəsində davamlı olaraq müharibə əlilləri və şəhid ailələrinin, o cümlədən müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən intensiv tədbirlər artıq öz təsirli nəticələrini verməkdədir. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri yüksək səviyyədə davam etdirilir. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2019-2021-ci illərdə Agentliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir olunaraq yenidən qurulub və ən müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbçilərimizin də yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatında mühüm bazadır.

Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Əlillərə mütəmadi olaraq yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər.

Əlilliyi olan şəxslərin aktiv məşğulluq proqramlarına cəlb olunması da geniş vüsət alıb. Belə proqramlardan biri olan özünüməşğulluq proqramına əlilliyi olan şəxslər cəlb edilərək onlar üçün kiçik müəssisə və təsərrüfatlar yaradılır.

Ümumilikdə əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası, onların sosial xidmətlərlə təminatı, peşə-əmək reabilitasiyası, paralimpiya hərəkatının genişlənməsi və s. istiqamətlərdə həyata keçirilən ardıcıl tədbirlər ölkəmizdə əlilliyi olan şəxslərin hüquqlarının etibarlı şəkildə təmin edildiyini, onların hərtərəfli qayğı ilə əhatə olunduqlarını göstərir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Həsənzadə, Səidə Bəhram qızı. Əlillərin sosial müdafiəsi sahəsində hüquq islahatlarının əsas istiqamətləri : monoqrafiya / S. B. Həsənzadə ; elmi red. M. N. Əliyev ; AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu. - Bakı : Təknur MMC, 2009. - 120 s.
  2. Əliyeva, Səbinə Yaşar qızı. Əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyası : monoqrafiya / S. Y. Əliyeva ; elmi red. Ə. İ. Əliyev. - Bakı : Red N Line, 2019. - 256 s.
  3. Mustafazadə, Aytən İnqlab qızı. Əlilliyi olan şəxslərin məşğulluğu problemləri : monoqrafiya / A. İ. Mustafazadə ; red. L. Əhmədova ; AMEA Hüquq və İnsan Haqları İnstitutu. - Bakı : Elm və təhsil, 2018. - 152 s.