Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir.
Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir.
Muzeylərin Beynəlxalq Şurası (ICOM) 1946-cı ildə yaradılıb. Bu gün keçmişin və gələcəyin maddi və qeyri-maddi, təbii və mədəni irsin qorunması və təbliğatı fəaliyyətini aparan muzeylər və muzey peşəkarlarını təmsil edən bir dünya təşkilatıdır. ICOM-a 138 ölkədən 45000 üzv daxildir.
Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.
1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd olunur. Həmin gün muzeylərdə”Açıq qapı” elan olunur. Bütün arzu edənlər pulsuz olaraq sərgi və ekspozisiyalara tamaşa edirlər.
Azərbaycanda muzeylərin təşəkkül tapmasının əsası XX əsrin əvvəllərində qoyulmuşdur. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin quruluşunun birinci ildönümü münasibətilə elə parlamentin binasında təşkil olunan İstiqlal Muzeyi cəmisi bir neçə ay fəaliyyət göstərmişdi. AXC-nin süqutundan sonra muzey fəaliyyətini dayandırdı.
Sovet Azərbaycanı dövründə “Doğma diyarın öyrənilməsi muzeyi” adlanan ilk muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaradılmışdır.
Azərbaycanın dəyərli eksponatları milli muzeylərimiz yaranana qədər Rusiya, Avropa, o cümlədən Böyük Britaniya muzeylərini bəzəsə də, bu gün tariximiz, incəsənət nümunələrimiz dövlət muzeylərimizdə nümayiş olunur. Azərbaycanda muzey fondu ölkə milyonçularının sovet hakimiyyətinin ilk illərində müsadirə edilmiş sənət əsərləri əsasında yaradılmışdır. H.Z.Tağıyev, M.Muxtarov, M.Nağıyev və digər Bakı milyonçularına məxsus qiymətli sənət əsərləri ilk muzeyimizin eksponatları olmuşdur. Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü – dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılmışdır. Bu muzeylər sırasında tanınmışlardan Nəriman Nərimanov, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Cəlil Məmmədquluzadə və digərlərinin ev-muzeyləri də vardır.
Azərbaycanda bir çox sahələr kimi muzey işinin, muzeyşünaslığın inkişafı da Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonrakı dövrlərə təsadüf edir.
1969-cu ilədək ölkəmizdə 29 muzey fəaliyyət göstərirdisə, Ümummilli liderin sovet dövründə respublikaya rəhbərliyi illərində 111 müxtəlif profilli muzey yaradılmışdır. Dahi lider ötən əsrin 70-80-ci illərində Azərbaycanda yeni muzeylərin yaradılması, onların bazasının möhkəmləndirilməsi, muzey fondlarının zənginləşdirilməsi və ekspozisiyaların müasir şəkildə qurulması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin edən vacib qərarlar qəbul etmişdir. Bu tədbirlərə uyğun olaraq ölkəmizdə Azərbaycan Muzeylər İdarəsi, Muzey İşi üzrə Respublika Elmi-Metodik Mərkəzi, Muzeylərin Bədii Tərtibatı Müəssisəsi, Muzey Sərvətlərinin və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi kimi qurumlar yaradılaraq fəaliyyətə başlamışdır. Qısa zaman ərzində Azərbaycanın 60-dək rayonunda tarix-diyarşünaslıq muzeyləri yaradılmışdır.
Ötən əsrin 90-cı illərində bu sahədə vəziyyət heç də ürəkaçan olmayıb. Azərbaycanda ictimai-siyasi gərginlik, xaos və anarxiya digər sahələrdə olduğu kimi, muzey işinə də öz mənfi təsirini göstərib. Yalnız 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur.
Təəssüflər olsun ki, uzun illər işğal altında qalmış tarixi abidə və muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən qarət olunub və dağıdılıb.
Canlı muzey olan və bu gün düşməndən azad edilən Şuşada 8 muzey fəaliyyət göstərib. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, görkəmli musiqiçi Qurban Pirimovun Ağdam rayonundakı xatirə, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi ermənilər tərəfindən tamamilə yerlə-yeksan olunub.
Ümummilli lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış müvafiq fərman və sərəncamlarla Neft Muzeyinin, Müasir İncəsənət Muzeyinin, İdman və Olimpiya Hərəkatı Muzeyinin yaradılması bu yüksək qayğının dolğun təzahürüdür.
Azərbaycan Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunan “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı” ölkəmizdə muzey işinin inkişafına yeni imkanlar açmaqla bərabər, onun gələcək inkişaf strategiyasının müəyyən edilməsində xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində “Şirvanşahlar Sarayı Kompleksi”, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılır.
Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilir.
Tövsiyə edilən ədəbiyyat: