Tarixdən səhifələr

Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü

Hər il mayın 21-də Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü qeyd olunur. Bu gün BMT Baş Məclisi tərəfindən 2002-ci ilin dekabrında təsis edilmiş, ilk dəfə 2003-cü il mayın 21-də keçirilmişdir.

Hazırda dünya mədəniyyətini çox müxtəlif amillər təhdid edir – bir halda milli özünəməxsusluğun həddən artıq qorunması müxtəlif azlıqların mədəniyyətləri üçün təhlükə yaradır, digər halda din mədəniyyətə təzyiq göstərir, üçüncü halda praktik olaraq dünyanın bütün ölkələrində qloballaşmanın təsiri altında dillər yox olur, ənənələr itirilir, zəif mədəniyyətlər kənarda qalır, bəlkə də tamamilə yox olur. Bütün bu faktların nəzərə alınması və onların əhəmiyyətinin dərk edilməsi 2001-ci ildə UNESCO-nun “Mədəniyyətlərin müxtəlifliyinə dair” bəyannaməsinin qəbul olunmasını zəruri etmişdir. Bu bəyannamənin həyata keçirilməsi üçün iyirmi əsas istiqamətdən ibarət Fəaliyyət Planı qəbul olunmuşdur. Bəyannamədə müxtəliflik, dialoq və inkişaf arasında əlaqənin yeni anlayışı irəli sürülür. UNESCO-ya üzv olan dövlətlər bu qurumun Bəyannaməsini təsdiqləməklə mədəni müxtəlifliklə əlaqədar dəyərlərin tanınmasını, qorunmasını və yerli, milli və beynəlxalq səviyyədə fəal təbliğ olunmasını öhdələrinə götürmüşlər.

2002-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən Dünya Mədəniyyətinin İnkişafı Gününü əvəzləyən Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Günü elan edilmişdir. 2003-cü ildə isə BMT Baş Məclisi qeyri-maddi mədəni irsin: bayramların, ənənələrin, adətlərin və dillərin qorunması haqqında Konvensiya qəbul etmişdir.

Dialoq və İnkişaf Uğrunda Dünya Mədəni Müxtəliflik Gününün əsas məqsədi insanlara mədəni müxtəlifliyin əhəmiyyətini və dəyərini dərindən dərk etməyə imkan vermək və dünya xalqları arasında əməkdaşlığı inkişaf etdirməyi öyrənməkdir. Bu günə həsr olunmuş tədbirlər mədəniyyətlərarası dialoqun vacibliyi haqqında məlumatlılığın qlobal səviyyəsini yüksəltməyə yönəlmişdir. Keçirilən tədbirlərin məqsədi gündəlik həyatda müxtəlifliyi dəstəkləməyə, müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələri arasında qarşılıqlı anlaşma və əməkdaşlığın yaxşılaşdırılması üçün stereotiplərlə mübarizə aparmağa cəhd göstərən insanların dünya cəmiyyətini formalaşdırmaqdır.

Azərbaycan çox qədimdən ən müxtəlif xalqların və mədəniyyətlərin vətəni olmuşdur. Şərq mədəniyyətinin dünya və Avropa mədəniyyətinə, yaxud əksinə keçid alması üçün Azərbaycan körpü rolunu oynamışdır. Tarixin bütün dövrlərində özünün rəngarəng tərkibli olması ilə fərqlənən Azərbaycanda bu müxtəlifliyin etnik-milli mənbələri mövcuddur. Azərbaycanda yaşayan onlarla etnik-dini birliklərin qarşılıqlı münasibəti və mədəniyyəti - folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s. müxtəlifliyin vəhdətini müəyyənləşdirmişdir.

Müstəqillik əldə etdikdən sonra bir çox region ölkələrindən fərqli olaraq, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti ölkə mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir.

Hazırda, Azərbaycanda onlarla milli azlığın nümayəndəsi yaşayır. Onlar öz dillərindən istifadə edir, maddi-mənəvi mədəniyyətlərini qoruyub saxlayır, özlərinin milli-mədəni birliklərini, assosiasiyalarını və ittifaqlarını yaradırlar. Belə təşkilatlardan Talış Mədəni Mərkəzi, Kürd Mədəni Mərkəzi (Ronai), Ləzgi Mədəni Mərkəzi (Samur), Ləzgilərin Mifologiyasını Öyrənən Mərkəz, "Saxur" Mədəni Mərkəzi, Şeyx Şamil adına Avar Cəmiyyəti, Udinlərin "Orayin" Mədəni Mərkəzi, tatların "Azəri" Mərkəzi, Buduq Mədəni Mərkəzi, Azərbaycan Slavyanlarının Mədəni Mərkəzi, Rus İcması Cəmiyyəti, Xınalıq Mədəni Mərkəzi, Azərbaycan Tatlarının İcması, Azərbaycan Gürcülərinin Cəmiyyəti, Azərbaycan Ukraynalılarının Cəmiyyəti, Azərbaycan Avropa Yəhudilərinin İcması, Almanların Milli - Mədəni Cəmiyyəti, Azərbaycan Yəhudiləri Cəmiyyəti, Beynəlxalq "İudaika" Cəmiyyəti, Məhsəti Türklərinin Vətən Cəmiyyətini göstərmək olar.

Milli azlıqların bu və ya digər strukturları dəfələrlə hökumətdən maliyyə yardımı alıblar. Eyni zamanda, yerləşdikləri binalara görə icarə haqqı vermirlər. Dövlət səviyyəsində milli-mədəni cəmiyyətlərlə görüşlər keçirilir və burada milli azlıqlarla bağlı konkret problemlər operativ həll olunur. Eyni zamanda, mütəmadi olaraq elmi-praktiki konfranslar keçirilir.

Milli mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikası vətəndaşlarının keçmişinə aid olan tikililər "tarix və mədəniyyət abidələri" kimi siyahıya alınaraq dövlət tərəfindən qorunur və bərpa olunur.

Azərbaycanın siyasi rəhbərliyi ölkəmizdə yaşayan bütün millətlərin və xalqların inkişafı üçün mühüm işlər görür. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə rəhbərliyi dövründə milli azlıqların mədəniyyətinə diqqət və qayğı xüsusi yer tutmuşdur. Bu fəaliyyət hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsində respublikamızda yaşayan müxtəlif millətlərin nümayəndələrinin Ermənistanın işğal altında qalan torpaqlarımızın azad olunması uğrunda birgə vuruşması da göstərdi ki, bölünməz Azərbaycan dinindən, dilindən asılı olmayaraq bütün ölkə vətəndaşları üçün müqəddəsdir, doğmadır. Milli mənsubiyyətindən asılı olmayaraq bütün xalqların dini bayramlarının, ayinlərinin keçirilməsi də ölkəmizdə multikultural dəyərlərə göstərilən diqqətdir. İşğaldan azad olunan ərazilərimizdə ermənilər tərəfindən dağıdılan, viran qoyulan dini abidələrin bərpası alban, udi xalqlarına məxsus kilsələrin də təmirinə diqqət göstərilməsi Azərbaycanın multikultural siyasətindən qaynaqlanan humanizmdir.

Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Müasir dövrdə Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti dövlətin tolerantlıq prinsiplərinə sadiq qalmasının bariz nümunəsidir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Kazımi, Gülçin Əliabbas qızı. Özünəməxsusluq və mədəniyyətlərarası münasibətlər mədəni müxtəliflik kontekstində: (monoqrafiya) /G. Kazımi ; elmi red. R. H. Abdullayeva ; [ön söz N. Abbasov] ; AMEA. - Bakı: ADMİU, 2020. - 190s.
  2. Paşayeva, Məhəbbət Tofiq qızı. Azərbaycan multikulturalizminin tarixi kökləri: [monoqrafiya] /M. Paşayeva ; elmi red. V. Həsənov ; Azərb. Resp. Təhsil Nazirliyi, Azərb. Dövlət İqt. Un-ti. - Bakı: İqtisad Universiteti, 2021. - 256 s.
  3. Niftiyev, Niyaz Məmmədəli oğlu. Azərbaycanda birgəyaşayış və multikulturalizm / N. M. Niftiyev ; elmi red. I. Abbasov ; ön sözün müəl. E. X. Nəsirov ; Bakı Beynalxalq Multikulturalizm Mərkəzi. - Bakı : n. y., 2015. - 408 s.
  4. Cultural diversity in cross-cultural settings: a global approach /edited T. Mammadova. - Cambridge: Cambridge Scholars Publishing, 2021. - 274 p.