Çobanzadə Bəkir Vahab oğlu – ədəbiyyatşünas, mətnşünas, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor.
Bəkir Çobanzadə 1893-cü il mayın 15-də Krım vilayəti Simferopol qəzasının Qarasubasar şəhərində anadan olub. Burada ibtidai təhsil alıb. 14 yaşında ikən qeyri-adi zəkası ilə diqqəti cəlb edib. Dini Xeyirxahlar Cəmiyyəti onu Türkiyəyə Qalatasaray liseyi – “Sultaniyyə”yə təhsilini davam etdirməyə göndərib (1908-1918). İlk şeirlərini, “Anan harda?” poemasını tələbəlik dövründə qələmə alıb. İstanbul Universiteti nəzdində olan üçillik ali kursda ərəb və fars dillərini mükəmməl öyrənib.
Türkiyədə “Müstəqil tatar Krımı” ideyaları ilə yaşayan gənclərdən ibarət "Krım-tatar tələbə cəmiyyəti”nin yaradıcılarından və rəhbərlərindən olub. Sonra Budapeşt Universitetinin tarix-filologiya fakültəsində türk, ərəb və macar filologiyası ilə yaxından tanış olub. Budapeştdə türk dilində çıxan “Şərq” qəzetinin redaktoru olub (1919). “Krım”, “Göy kitab” (İstanbul) məcmuələrində və “Şərq” qəzetində şeirləri dərc edilib (1918-1919). Bu dövrdə Türkiyə, Krım, Orta Asiya və Rusiya dövri mətbuatında ictimai-siyasi, elmi məqalələrini müxtəlif imzalarla çap etdirib. Sonralar “Türk ensiklopediyası”nda, “Çoban oğlu”, “Bəkir Baybək”, “Bəkir Cavbək”, “Bəkir Yaybək”, “Çoban oğlu Bəkir Sidqi” imzaları ilə məqalələri dərc olunmuşdur. O, 1920-ci ildə filologiya elmləri namizədi, 1922-ci ildə isə professor adına layiq görülmüşdür.
Vətənə qayıtdıqdan sonra 1920-1922-ci illərdə Krım inqilabi komitəsinin rəisi, Krım Maarif Komissarlığında tatar lisaniyyatı və ədəbiyyatı şöbəsinin müdiri olub, eyni zamanda ali məktəblərdə, elmi-tədqiqat institutlarında çalışıb. Krım Universitetində Şərq fakültəsinin professoru kimi krım-tatar dili və ədəbiyyatından mühazirələr oxuyub. Eyni zamanda Krım Mərkəzi İcraiyyə Komitəsinin üzvü kimi ictimai fəaliyyətini davam etdirib. Krım Universitetinin rektoru olub.
1928-ci ildə S.Ağamalıoğlunun dəvəti ilə Azərbaycanda yeni əlifba komitəsinin sədri, Yeni türk əlifbası Ümumittifaq Mərkəzi Komitəsinin rəhbəri təyin edilib. Orta Asiyada, Tatarıstanda, Başqırdıstan və Krımda latın əlifbasına keçidlə əlaqədar iş aparıb, eyni zamanda Tavrid, Bakı, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində türkologiyanın ayrı-ayrı problemlərinə dair mühazirələr oxuyub (1920-1936). Bu illərdə Britaniya və Ərdəbil nüsxələri əsasında Xətai divanının müqayisəli mətnini hazırlayıb. I Ümumittifaq Türkologiya qurultayının təşkilində fəal çalışıb (1926). Türk xalqlarının yeni əlifbaya keçməsində fəal mübarizə aparıb, Moskvada təlimatçı kurslarında mühazirələr oxuyub (1928).
1924-1929-cu illərdə Azərbaycan Baş Elmi İdarəsində terminologiya komitəsinə rəhbərlik etmiş, eyni zamanda Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində kafedra müdiri, dekan vəzifəsində çalışmışdır. 1928-ci ildə Moskvada Şərq Xalqları İnstitutunun həqiqi üzvü seçilmişdir.
1929-cu ildə Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspirantura şöbəsinin müdiri işləmişdir. 1932-ci ildə keçmiş SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin, 1935-ci ildə SSRİ EA Azərbaycan filialının həqiqi üzvü seçilmişdir.
Paris Dilçilik Cəmiyyətinin üzvü olub. Bir sıra Avropa yazıçıları onun tədqiqat və elmi maraq dairəsinə vüsət veriblər. Nəzəri-filoloji irsi zəngin və çoxcəhətli idi. Sovet Şərqində yaşayan türk xalqlarının bədii ədəbiyyatının, müasir ədəbi prosesin nəzəri problemlərinin tədqiqinə və dil tarixinin yaranmasında təqdirəlayiq xidmətləri olub. O, bir sıra monoqrafik əsərlərlə yanaşı, “Türk dilinin metodikası” (1932), “Elmi qramerin əsasları” (1932) kitablarını şərikli tərtib edib. Elmi məqalələri və bədii əsərləri dövri mətbuatda müntəzəm çap olunub. 1971-ci ildə ilk şeirlər məcmuəsi özbək dilində kütləvi tirajla buraxılmışdır.
Bəkir Çobanzadə 1937-ci il yanvar ayının 28-də Kislovodskun "Qornyak" (Dağ mədənçi) adlı sanatoriyasında həbs edilmiş, Pyatiqorsk türməsinə, oradan da Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığının təcridxanasına gətirilmişdir.
1937-ci il oktyabrın 12-də Matuleviç, Zaryanov və Jiqur üçlüyünün iştirakı ilə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyasının bağlı məhkəmə iclası keçirildi və saat 11.20-də başlanan iclas 11.40-da başa çatdı.
1937-ci il oktyabrın 12-də B. Çobanzadə ən ağır cəzaya – güllələnməyə məhkum edildi. Güllələnmə hökmü bir gün sonra, yəni 1937-ci il oktyabrın 13-də yerinə yetirildi.
Dəfn yeri məlum deyildir.
Tövsiyə edilən ədəbiyyat: