Tarixdən səhifələr

Batum müqaviləsi (1918)

1918-ci il martın 3-də Dördlər İttifaqı (Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı İmperiyası və Bolqar Çarlığı arasında bağlanmış hərbi ittifaq və Birinci dünya müharibəsi dövründə (1914-1918) Antanta dövlətlərinə qarşı vuruşmuş koalisiya) ilə Sovet Rusiyası arasında imzalanan Brest-Litovsk sülh müqaviləsinə görə Rusiya, rus qoşunlarının işğalı altında olan Şərqi Anadolu əraziləri ilə yanaşı, 1877-1878-ci il rus-türk müharibəsinin yekunlarına görə Osmanlı dövlətindən aldığı Qars, Ərdəhan və Batum vilayətlərini də dərhal boşaltmağı öz üzərinə götürdü. Müqaviləyə görə, Rusiya bu ərazilərin yeni idarə formasına və hüquqi durumlarına qarışmamalı və bu bölgələrin gələcək idarə forması qonşu dövlətlər və xüsusilə Osmanlı dövləti ilə razılaşacaq yerli əhali tərəfindən müəyyən edilməli idi. Lakin Rusiyada baş verən vətəndaş müharibəsi və anarxiya ilə əlaqədar olaraq 1918-ci il fevralın 23-də Cənubi Qafqazda yaranan Zaqafqaziya Seymi bolşevik hökumətinin hakimiyyətini tanımaqdan və onun imzaladığı Brest-Litovsk müqaviləsinin şərtlərini yerinə yetirməkdən imtina etdi. Buna görə də Osmanlı dövləti Şərqi Anadolu və Qars, Ərdəhan və Batum vilayətlərinin boşaldılaraq Türkiyəyə təhvil verməklə bağlı Brest-Litovskda Sovet Rusiyasına qəbul etdirdiyi müqavilə əsaslarını ayrıca Zaqafqaziya Seyminə də qəbul etdirməli oldu və bu münasibətlə tərəflər 1918-ci il martın 14-də Trabzonda sülh konfransına toplaşdılar.

Osmanlı dövləti, Trabzon danışıqlarında (14 mart-14 aprel 1918) Brest-Litovsk sülh müqaviləsinin Qafqaza aid maddələrini Zaqafqaziya Seyminə qəbul etdirib, onun əsasında sülh bağlamaq istəsə də, danışıqlar uğursuzluqla nəticələndi. Osmanlı dövləti Brest-Litovsk sülhü ilə əldə etdiyi Qars, Ərdəhan və Batum vilayətlərinə silah gücünə yiyələnməli oldu. Hərbi əməliyyatlarda məğlub olan Seym Osmanlı dövlətinin tələblərini qəbul edib, 1918-ci il aprelin 22-də Zaqafqaziya Demokratik Federativ Respublikasını müstəqil dövlət olaraq elan etdi və Brest-Litovsk sülhünün şərtlərini qəbul etdiyini açıqladı.

1918-ci il aprelin 28-də Osmanlı dövləti Zaqafqaziya Respublikasının müstəqilliyini tanıdı və sülh danışıqlarının Batumda keçirilməsinə razılıq verdi. Osmanlı dövləti ilə Zaqafqaziya Respublikası arasında Batum konfransı 1918-ci il may ayının 11-də açıldı və fasilələrlə iyunun 4-nə qədər davam etdi.

Zaqafqaziya hökumətinin sədri və xarici işlər naziri A.Çxenkelinin rəhbərlik etdiyi Zaqafqaziya nümayəndə heyətinə 45 nəfər daxil idi. Lakin nümayəndəlik 6 həlledici səsə malik üzvdən ibarət idi: gürcülərdən A.Çxenkeli və N.Nikoladze, azərbaycanlılardan M.Ə.Rəsulzadə və M.H.Hacınski, ermənilərdən R.İ.Kaçaznuni və A.İ.Xatisov. Osmanlı nümayəndə heyətinə ədliyyə naziri Xəlil bəy Menteşe rəhbərlik edirdi. Heyətə Qafqaz cəbhəsi Osmanlı ordularının Baş komandanı Mehmet Vehib paşa və başqaları da daxil idilər. Almaniya təmsilçisi Otto fon Lossov müşahidəçi statusu ilə konfransa qatılmışdı.

Cəmi bir rəsmi toplantısı keçirilən konfransda Türkiyə nümayəndə heyətinin başçısı Xəlil bəy Menteşe “Osmanlı imperiyası ilə Transqafqaz Konfederasion Respublikası arasında sülh və dostluq haqqında” müqavilə layihəsini müza¬kirəyə çıxardı. Osmanlı tərəfinin bir sıra yeni tələb və təkliflərini özündə əks etdirən bu sənədə münasibətdə Cənubi Qafqaz nümayəndəliyində fikir ayrılıqları yarandı və mövqelərin qütbləşməsi, xarici güclərə meyllənmənin qüvvət¬lənməsi baş verdi.

Azərbaycandan olan təmsilçilər Osmanlı layihəsini dəstəklədilər. Çünki onlar ermənilərin də yaşadıqları bəzi əra¬zilərin (Axalkalaki və Ahısqa qəzalarının bütünlüklə, Sürməli, Aleksandropol, Eçmiədzin qəzalarının isə müəyyən hissələrinin) Osmanlı dövlətinə güzəştə gedilməsinin Cənubi Qafqazda Azərbaycanın mövqelərini qüvvətləndirəcəyi qənaətində idilər. Qafqaz türklərinin yaşadıqları müxtəlif ərazilərdən Osmanlı dövləti ilə birləşməyə dair çağırışlar, azərbaycanlılara qarşı ermənilərin törətdiyi soyqırımları, Bakı Xalq Komissarları Soveti qoşunlarının Gəncəyə yürüşünün qarşısının alınması zərurəti, nəhayət, Türkiyəyə meylli siyasət də Xəlil bəyin mövqeyinin dəstəklənməsində az rol oynamadı.

Bu dövrdə Almaniya-Osmanlı münasibətlərində özünü göstərən gərginliyə ümid bağlayan ermənilər və gürcülər Almaniya nümayəndəliyinin konfransa daha yaxından cəlb edilməsinə yönəlmiş diplomatik gedişlərə əl atdılar. Bu, Cənubi Qafqaz nümayəndəliyinin Xəlil bəyin layihəsi müqabilində irəli sürdüyü təkliflər paketində özünü aydın göstərdi. Cənubi Qafqazın müqaviləni yalnız Türkiyə ilə deyil, Dördlər İttifaqının digər dövlətləri ilə də bağla¬ması təklifi və s. Almaniyanın maraqları baxımından cəlbedici idi. Çünki bu halda, birincisi, Ənvər paşanın Şərq siyasəti hər vasitə ilə əngəllənər, ikincisi, Şimali Qafqazı Almaniyaya tabe etmək imkanı yaranar, üçüncüsü, Gürcüstanda Almaniyanın təsiri qüvvətlənər, dördüncüsü, Osmanlı dövləti bütün gücünü ingilislərin Bakıya yolunu bağlamağa yönəldərdi.

Bir sıra ciddi səbəb və amillər Batum konfransında, daha sonra isə Zaqafqaziya seymində siyasi qarşıdurmanı sürətləndirdi: Cənubi Qafqaz nümayəndəliyinin təklifləri Osmanlı sülh heyəti tərəfindən rədd edildi; Osmanlı hərbi hissələri Ermənistanın içərilərinə doğru irəlilədi; Xəlil bəy alman vasitəçiliyindən imtina etdi və Almaniya nümayəndəliyi (Otto fon Lossov) Batumdan çıxdı; müsəlman fraksiyası Zaqafqaziya hökumətinin bolşeviklərin Bakıdan çıxarılması üçün tədbirlər görməyəcəyi halda, seymi tərk edəcəyi barədə bəyanat verdi; Türkiyə tərəfi mayın 26-da konfransa memorandum təqdim etdi.

Bütün bunlar Qafqazın ictimai-siyasi həyatında keyfiyyətcə yeni mərhələyə keçidin yaxınlaşdığını göstərirdi. Vəziyyətdən çıxış yolları arayan tərəflər vahid dövlət şəklində birləşmək imkanlarının tükənməsində həmrəy idilər. Bu şəraitdə Azərbaycan nümayəndələrinin gürcülərə vahid dövlət yaratmaq təklifi də baş tutmadı. Gürcülər, artıq, almanların himayəsində ayrıca gürcü dövləti yaratmaq qənaətinə gəlmişdilər.

Dövlətçiliyə və xarici ölkələrin himayəsinə fərqli baxışların gerçəkləşməsi Zaqafqaziya seymi və höku¬mətinin dağılması, müstəqil Cənubi Qafqaz dövlətlərinin yaranması ilə nəticələndi. Yeni siyasi durum Batum konfransının yarımçıq qalması təhlükəsini yaratdı. Lakin müsəlman fraksiyasının Batum danışıqlarının davam etdirilməsinə dair qərarını (27.5.1918) digər tərəflərin dəstəkləməsi konfransı uğursuzluqdan xilas etdi.

Yeni yaranmış Cənubi Qafqaz cümhuriyyətləri Batum danışıqlarının davam etdirilməsi ilə razılaşdılar. Danışıqlar 1918 il iyunun 4-də Osmanlı dövləti ilə Cənubi Qafqaz respublikaları arasında ayrı-ayrılıqda müqavilələr bağlanması ilə yekunlaşdı.

Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) arasında bağlanmış müqaviləni Osmanlı hökuməti tərəfindən ədliyyə naziri və Dövlət Şurasının sədri Xəlil paşa Menteşe, Qafqaz cəbhəsinin komandanı Mehmet Vehib paşa, Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən isə Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə və xarici işlər naziri Məmməd Həsən Hacınski imzalamışdılar. Batum müqaviləsi Azərbaycan Xalq Cümhuriyyətimin xarici dövlətlərlə imzaladığı ilk müqavilə idi və Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi əsasını təşkil edirdi. 11 maddədən ibarət olan müqavilədə Türkiyə ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında sərhədlərin müəyyənləşdirilməsi, Türkiyə tərəfindən AXC-yə hərbi yardım göstərilməsi, sərhədboyu ərazilərdə yaradılmış silahlı erməni daşnak dəstələrini tərk-silah etmək və qovmaq barədə AXC hökumətinin öhdəliyi, dəmir yolu vasitəsilə daşınan yüklərə dair tərəflərin öhdəlikləri, konsulluq konvensiyası, ticarət müqaviləsi və s. aktların hazırlanması, sərbəst gediş-gəliş, poçt-teleqraf əlaqələri, sonuncu maddədə isə müqavilənin bir ay ərzində ratifikasiya olunması və təsdiq edilmiş mətnlərin İstanbulda mübadiləsi nəzərdə tutulurdu. Azərbaycanın şərq qəzalarını bu bölgədə qırğınlar törədən bolşevik-daşnaklardan təmizləmək məqsədilə M.Ə. Rəsulzadə və M. Hacınski Azərbaycana hərbi yardım göstərilməsi üçün müqavilənin 4-cü maddəsinə əsasən Osmanlı dövlətinə müraciət etmiş, cavabında Türkiyə ordusunun 5-ci və 15-ci diviziyaları Azərbaycana göndərilmişdi.

Osmanlı dövləti ilə Gürcüstan arasında bağlanmış 13 maddədən ibarət olan müqavilədə Türkiyə-Gürcüstan arasındakı sərhəd xətti müəyyənləşdirlimiş, Qars, Ərdəhan və Batumun, həmçinin Axalsıxın və Axalkalakinin Türkiyəyə keçməsi təsdiqlənmiş, Gürcüstanda məskunlaşan müsəlmanların buradakı digər vətəndaşlar kimi mülki və siyasi hüquqlara malik olması təsbit edilmişdi.

Osmanlı dövləti ilə Ermənistan arasında bağlanmış 14 maddədən ibarət olan müqaviləyə görə, Ermənistan Brest-Litovsk müqaviləsinin şərtlərini qəbul etdi. Eçmiədzin və Aleksandropol (Gümrü) Türkiyəyə keçir, Türkiyə Aleksandropol-Culfa dəmir yolundan istifadə etmək hüququ alırdı. Ermənistanın sərhədi İrəvan yaxınlığından keçirdi. Bu müqavilədə də müsəlmanların hüquqları ilə bağlı məsələlər əksini tapmışdı. Batum müqaviləsinə görə, Ermənistan Respublikasının ərazisi 10 min kv. km müəyyən edilirdi.

1918-ci il 4 iyun tarixli müqavilələrə əlavə sazişlər də imzalanmışdı.

Batum müqavilələri və ona əlavə sazişlər Cənubi Qafqaz respublikalarının Osmanlı hökuməti tərəfindən tanınması demək idi.

Batumi konfransın Azərbaycan Xalq Cümhuriyyətii üçün mühüm nəticəsi oldu. Batum müqaviləsi Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsi üçün etibarlı hərbi-siyasi dəstək oldu.


Tövsiyə edilən ədəbiyyat:

  1. Balayev, Aydın Hüseynağa oğlu. Azərbaycan Cümhuriyyətinin doğuşu: 1917-1918-ci illər milli mücadilə / A. H. Balayev.- Bakı: JekoPrint ÇE, 2022.- 368 s.
  2. Hacıyeva, Dilarə Abbas qızı. 1917-1922-ci illərdə Azərbaycan-Türkiyə münasibətləri mövzusunda dərs vəsaiti / D. A. Hacıyeva; elmi red. H. N. Məmmədov; Bakı Slavyan Universiteti.- Bakı: Elm və təhsil, 2020.- 168 s.
  3. Əliyarlı, İltifat Musa oğlu. Azərbaycan Polisinin yaranması və təşəkkülü tarixindən: 1918-1920-ci illər: qısa tarixi tədqiqat / İ. M. Əliyarlı; elmi red. Ş. Qasımov.- Bakı: Mütərcim, 2018.- 128 s.
  4. Həsənov, Həsən Əziz oğlu. Birinci respublikaya aparan yolda: 1917-ci ilin fevralından 1918-ci ilin mayına qədər / H. Ə. Həsənov; rus dilindən tərc. M. Süleymanov; elmi red., ön sözün müəl. İ. S. Bağırova; AMEA A.A. Bakıxanov adına Tarix İnstitutu.- Bakı: TEAS Press, 2018.- 448 s.