Cəmo bəy Süleyman oğlu Hacınski 14 iyun 1888-ci ildə Qubada anadan olmuşdur. İctimai-siyasi xadim, publisist, teatr tənqidçisi, sənətşünas olmuşdur. AXC Parlamentinin katibi Mehdi bəy Hacınskinin qardaşıdır. 1912-ci ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir. 1907-1915-ci illərdə "Kaspi" qəzetinin müxbiri və əməkdaşı olmuşdur. 1915-1917-ci illərdə Batum vilayətində və Dənizkənarı rayonda Birinci dünya müharibəsi (1914-1918) dövründə zərər çəkənlərə yardım edən müsəlman qaçqın komitəsinin müvəkkili işləmişdir. "Nicat" mədəni-maarif cəmiyyətinin işində iştirak etmiş, müsəlman dram cəmiyyətinin (1916) və Azərbaycan arxeoloji cəmiyyətinin (1917) yaradıcılarından olmuşdur.
1917-ci ilin iyulunda Cənubi Qafqaz Kəndli Deputatları Şurası İcraiyyə Komitəsi sədrinin müavini seçilmiş, oradan nümayəndə kimi Rusiya Müəssislər məclisinə seçkilər üzrə Cənubi Qafqaz mərkəzi komissiyasının sədri vəzifəsinə təyin edilmişdir.
Zaqafqaziya seyminin Müsəlman fraksiyasının, seym buraxıldıqdan (26 may 1918-ci il) sonra isə yeni yaradılmış Azərbaycan Milli Şurasının (27 may 1918-ci il) üzvü olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasinda qəbul edilmiş Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt - İstiqlal bəyannaməsini imzalayanlardan və müstəqilliyin lehinə səs verən Milli Şura üzvündən biri olmuşdur.
Azərbaycan Milli Şurasının 19 noyabr 1918-ci il "Azərbaycan Məclisi Məbusanının təsisi haqqında qanun"una əsasən Azərbaycan Cümhuriyyəti Parlamentinə daxil edilmişdi.
Hacınski Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsində dövlət nəzarətçisi vəzifəsini icra etmiş, 4-cü və 5-ci hökumət kabinələrində (1919-cu il aprel -1920-ci il mart) poçt və teleqraf naziri vəzifəsində çalışmış, Respublikada rabitə sahəsinin inkişafında xüsusi xidməti olmuşdur.
Hacınski "Türk yurdu" cəmiyyətində Azərbaycan incəsənətindən mühazirələr oxumuş (1918), Azərbaycan və rus mətbuatında "Qubalı" imzası ilə çıxış etmişdir. Üzeyir Hacıbəylinin əsərlərinin tamaşaları, həmçinin Nəcəf bəy Vəzirov və başqaları haqqında məqalə və resenziyalar yazmışdır. "Milli nəğmələr" kitabçalarında (1919-1920) şeirləri dərc olumuşdur.
1920-ci il Aprel işğalından sonra xalq ədliyyə komissarlığında inzibati-maliyyə şöbəsinin rəisi təyin olunmuş, mədəniyyət və maarif sahəsində fəaliyyətini davam etdirmişdir. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin işində yaxından iştirak etmiş, qədim mədəniyyət abidələrinin mühafizəsi məsələləri ilə məşğul olmuşdur.
1922-ci il aprelin 21-də həbsə alınmış, 3 il məhbəsdə saxlandıqdan sonra Solovki (Rusiya, Arxangelsk vilayəti) həbs düşərgəsinə göndərilmişdir. 1928-ci ilin iyununda azad edilərək Bakıya qayıtmış, həmin ilin iyulundan respublika Kənd Təsərrüfatı Kooperasiyası İttifaqında ("Köybirliyi") plan şöbəsinin katibi olmuş, sonra şöbə müdiri vəzifəsini icra etmişdir. Hacınski 1933-cü ilin noyabrından Azərittifaq sistemində işləmiş, bir ildən sonra sənaye kooperasiyasında baş məsləhətçi vəzifəsinə keçirilmişdir. 1937-ci ilin yanvarında həmin vəzifə ləğv olunduğundan işdən çıxarılmış, 1938-ci il noyabrın 24-də yenidən həbs edilərək sürgün olunmuşdur. 1942-ci ildə Kirov vilayətinin Vyatka həbs düşərgəsində vəfat etmişdir.
1956-cı il iyunun 13-də SSRİ Ali Məhkəməsinin hərbi kollegiyası tərəfindən ona bəraət verilmişdir.
Tövsiyə edilən ədəbiyyat: