Müasir dövrümüzdə qida təhlükəsizliyi ilə bağlı məsələlər böyük aktuallıq kəsb etməkdədir. İnsanların sağlam yaşamaları üçün yetərli miqdarda, eyni zamanda təhlükəsiz və keyfiyyətli qida qəbul etməsi olduqca vacib şərtlərdən biridir. Əhalinin zəruri qida məhsulları ilə tələbatının ödənilməsi hər bir ölkə və dövlət üçün mühüm siyasi-ictimai, iqtisadi və tibbi əhəmiyyətə malik olmaqla yanaşı, həmin qidaların təhlükəsizliyinin təmin edilməsi də dövlətin başlıca prioritetlərindəndir. Digər bir tərəfdən qida mənşəli xəstəliklər və zəhərlənmə halları həm əhalinin sağlamlığına və rifahına mənfi təsir göstərir, həm də fərdlər, ailələr, icmalar, təsərrüfat subyektləri və ölkələr üçün ağır iqtisadi nəticələrə gətirib çıxarır. Bu baxımdan qida təhlükəsizliyi cəmiyyətin inkişafında, gələcək nəsillərin sağlamlığında, insan genofondunun qorunmasında, iqtisadi məhsuldarlığın təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən mühüm bir sahədir.
Son illərdə bütün dünyada qida təhlükəsizliyi ilə bağlı yeni çağırışlar meydana gəlməkdədir. Qida və kənd təsərrüfatı məhsulları ticarətinin qloballaşması bu məhsulların daha əlçatan və rəqabətqabiliyyətli olması kimi faydalar verməklə yanaşı, qida mənşəli xəstəliklərin daha geniş miqyasda başvermə və yayılma ehtimalını da artırır. Məhz buna görə də qida məhsulları istehlakçılarının bütün mövcud və potensial risklər barədə obyektiv, müstəqil və elmi cəhətdən əsaslandırılmış şəkildə məlumatlandırılması, qida təhlükəsizliyi sahəsində idarəetmə və nəzarət tədbirlərinin gücləndirilməsi, qida məhsullarının təhlükəsizliyi ilə bağlı istənilən xoşagəlməz hadisələrin insanların sağlamlığına, ticarətə, ümumilikdə bütün dünya iqtisadiyyatına mənfi təsiri nəzərə alınaraq Birləşmiş Millətlər Təşkilatının 20 dekabr 2018-ci il tarixli Qərarı ilə 7 iyun Ümumdünya Qida Təhlükəsizliyi Günü kimi təsis edilib. Beynəlxalq günün təsis edilməsində əsas məqsəd qida təhlükəsizliyinin qloballaşan xüsusiyyətlərinə diqqəti yönəltmək, qida məhsullarının təhlükəsizliyi ilə bağlı arzuedilməz hadisələrin, o cümlədən qida ilə əlaqəli risklərin aşkarlanması, qarşısının vaxtında alınması və düzgün idarə olunmasına diqqət çəkməklə ərzaq təhlükəsizliyinə, iqtisadi rifaha, kənd təsərrüfatı istehsalına, beynəlxalq bazara çıxışa, turizmə və davamlı inkişafa töhfə verməkdir.
Bütün dünyada qida təhlükəsizliyi xüsusi əhəmiyyətli məsələyə çevirmiş və bu sahədə müvafiq qurumlar yaradılmışdır. Bununla yanaşı, qida təhlükəsizliyinin təmin olunmasında beynəlxalq təşkilatların və müvafiq konvensiyaların da böyük rolu olmuşdur. FAO, ÜST, Kodeks Alimentarius Komissiyası, “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiya, Avropa Qida Təhlükəsizliyi Təşkilatı, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı milli qida təhlükəsizliyi orqanları ilə əməkdaşlıq edir, qida təhlükəsizliyi proqramlarının beynəlxalq səviyyədə qəbul edilmiş qərar və tövsiyələrə, habelə beynəlxalq qida standartlarına uyğunlaşdırılmasında onlara köməklik göstərirlər.
Ölkəmizdə qida təhlükəsizliyi məsələsi milli prioritetlər səviyyəsində daim diqqətdə saxlanılmışdır. Belə ki, qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının gücləndirilməsi, əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təminatı, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması əsas vəzifələrdən biri kimi müəyyən edilmişdir. İlkin olaraq yeyinti məhsullarının keyfiyyətinin idarə edilməsinin, istehsalının və bazarının təşkilinin, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarının müəyyən edilməsi məqsədilə 18 noyabr 1999-cu il tarixdə 23 maddədən ibarət “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir ki, bu da Ümummilli lider Heydər Əliyevin hər bir sahəyə olduğu kimi qida təhlükəsizliyi sahəsinə də verdiyi önəmin bariz nümunəsi idi. Məhz ardıcıl olaraq həyata keçirilən tədbirlər nəticəsində bu sahə üzrə də zəngin qanunvericilik bazası formalaşdırılmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 fevral 2018-ci il tarixli Fərmanı ilə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklər edilərək müasir dövrün tələblərinə uyğunlaşdırılmışdır. Bu sahədə fəaliyyətin daha səmərəli təşkili və təkmilləşdirilməsi məqsədilə “Qida təhlükəsizliyi haqqında” yeni qanun layihəsi hazırlanmış, 5 may 2022-ci ildə qəbul edilən yeni qanun 2023-cü ilin 1 yanvar tarixində qüvvəyə minmişdir.
Bu gün ölkəmizdə əhalinin qida məhsulları ilə etibarlı təminatı dövlətin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir və bu sahə üzrə mühüm nailiyyətlər əldə edilmişdir. Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması məqsədilə Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Azərbaycan Respublikasında qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradılıb. Eyni zamanda bu fərmana uyğun olaraq 13 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu yaradılmışdır. AQTA-nın tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun nəzdində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə Bakı və Abşeronda 7, regionlarda 9 olmaqla, ümumilikdə 16 laboratoriya və regional bölmə fəaliyyət göstərir. Müasir maddi-texniki bazaya və peşəkar kadr potensialına malik laboratoriyaların fəaliyyətinin əsas məqsədi respublikamıza idxal olunan və ölkədə istehsal edilən qida məhsullarının təhlükəsizlik və minimum keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması, baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsidir.
Qida təhlükəsizliyi sahəsi üzrə həyata keçirilən mühüm tədbirlərdən biri də 29 aprel 2019-cu il tarixində ölkə Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiqlənməsi olmuşdur. Dövlət Proqramında əsas məqsədlər qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılması, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabətqabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan aqrokimyəvi maddələrə, bitki mühafizəsi vasitələrinə və baytarlıq preparatlarına nəzarət tədbirlərinin gücləndirilməsi, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılmasından ibarətdir. Məhz bu baxımdan Qida Təhlükəsizliyi Agentliyi də bu əlamətdar gün münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan nümayəndəliyi ilə birgə silsilə maarifləndirici və sosial məsuliyyət tədbirləri həyata keçirir. Eyni zamanda həm sosial şəbəkələr, həm kütləvi informasiya vasitələri, həm də digər kommunikasiya vasitələri ilə bu sahədə fəaliyyət göstərən istehlakçılara və sahibkarlara müxtəlif mesajlar ötürülür.
Tövsiyə edilən ədəbiyyat: