Tarixdən səhifələr

Azərbaycan Respublikasında Dənizçi günü

“Dənizçi Günü” peşə bayramı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 iyun tarixli Sərəncamı ilə təsis olunub. Sərancamla hər ilin 25 iyun tarixi Azərbaycan Respublikasında “Dənizçi Günü” peşə bayramının qeyd edilməsi qərara alınıb. Bu, bütün Azərbaycan dənizçilərinin gərgin, lakin şərəfli əməyinə dövlət başçısının verdiyi çox yüksək qiymətdir.

XIX əsrdə Bakıda neft hasilatının sürətli artımı Xəzərdə gəmiçiliyin inkişafına təkan verir. Həmin dövrdə neft və neft məhsullarının daşınması üçün yeni üzən vasitələr tələb olunurdu. Təsadüfi deyil ki, dünyada ilk neftdaşıyan "Aleksandr" barjı 1873-cü ildə Xəzərdə istismar edilib. Dünyada ilk tanker - "Zərdüşt" də (1878-ci ildə inşa edilib) Xəzərdə səfərlər edib. İlk daxiliyanma mühərrikli "Vandal" (1903-cü il), ilk reversivli iki mühərriklə işləyən "Delo" (1908-ci il) gəmilərində üzmək də Xəzər dənizçilərinin qismətinə yazılıb. Xəzər Dəniz Gəmiçiliyinin əsası 1858-ci il mayın 21-də "Qafqaz və Merkuri" Səhmdar Cəmiyyətinin yaradılması ilə qoyulub.

Dənizlə daşınan yüklərin həcmi artdıqca Xəzər dənizinin sahillərində limanların da sayı artır. Yeni körpülər inşa edilir, anbarlar tikilir, kranlar qurulur. Donanmanın genişlənməsi gəmi təmiri bazasının yaradılmasını da zərurətə çevirir və 1866-cı ildə "Qafqaz və Merkuri" Səhmdar Cəmiyyətinin Bakıda mexaniki zavodunun bünövrəsi qoyulur. İnkişaf etməkdə olan donanmanın kadrlara tələbatını ödəmək məqsədilə 1881-ci ildə Bakı dənizçilik sinifləri təşkil edilir. Sonrakı illərdə gəmiçiliyin donanması ölkədə və xaricdə inşa edilmiş yeni tipli gəmilərlə zənginləşir. Xəzər dənizçilərinin ixtiyarına "çay-dəniz" tipli tankerlər, pambıq, taxta-şalban və s. daşıyan gəmilər verilir.

Xəzərdə "Kavkaz i Merkuri" adı altında gəmiçilik şirkəti fəaliyyətə başlayır və fəaliyyətini ötən əsrin 20- ci illərinə qədər uğurla davam etdirir, su nəqliyyatının, gəmiçilik sənayesinin inkişafına öz töhfəsini verir.

Keşməkeşli 1918-ci ildə Bakıda ictimai-siyasi vəziyyət gərginləşir. Bütün sahələrdə olduğu kimi gəmiçilik şirkətlərinin, o cümlədən "Kavkaz i Merkuri"nin işində də ciddi problemlər yaranır. Şəhərdə hakimiyyət əldən-ələ keçir, stabillik pozulur. 1918-ci ilin noyabrında general Tomsonun rəhbərliyi ilə Bakıya daxil olan ingilis hərbi qüvvələri Xəzərdəki gəmiçilik şirkətlərinin işini də öz nəzarətinə götürür.

Lakin 1919-cu ilin avqustunda ingilis qoşunları Bakını tərk etməli olur və bundan sonra Xəzərdə gəmiçilik şirkətlərinin işinin təşkili Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin üzərinə düşür. Müəyyən çətinliklərə baxmayaraq AXC hərbi-dəniz qüvvələrinin təşkilinə 1919-cu ilin sonlarında başladı. 1918-ci ilin sentyabrında Bakının Sentrokaspi diktaturası və ingilis müdaxiləçilərindən təmizlənməsi zamanı buradakı əsas hərb gəmiləri-“Qars”, “Ərdahan” və “Astrabad” Port Petrovska aparılmışdı. 1918-ci ilin noyabrında Bakını zəbt edən ingilis hərbi qüvvələri həmin gəmiləri geri qaytarsa da, onları Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə verməmiş, öz nəzarətində saxlamışdı. 1919-cu il sentyabrın əvvəllərində “Qars”, “Ərdahan”, və “Astrabad” gəmiləri faktiki olaraq Azərbaycan Hökumətinin sərəncamına keçdi. 1919-cu il oktyabrın 1-də “Astrabad” hərb gəmisinin heyəti təsdiq edildi. Gəminin kapitanı vəzifəsinə azərbaycanlı mütəxəssis Kitabçızadə təyin edildi. “Ərdahan” gəmisinin kapitanı vəzifəsi isə kapitan Həsən Çilingərzadəyə tapşırıldı. Dekabrın 5-də “Qars” və “Ərdəğan” gəmiləri heyətlərinin vəziyyətinin yaxşılaşdırılması üçün xüsusi komissiya yaradıldı. 1920-ci ilin əvvəllərində hərbi dəniz qüvvələrinin tərkibində 8 ədəd 75 mm-lik və 100 mm-lik toplarla təchiz edilmiş “Qars” və “Ərdəğan” hərb gəmiləri, “Astrabad”, “Göytəpə”, “Araz”, “Nargin” köməkçi gəmiləri, “Orion” nəqliyyat gəmisi, silahlarla təchiz edilmiş “Puşkin” buxar gəmisi və bir neçə kater var idi.1920-ci ildə xaricdən saatda ən azı 23 dəniz mili sürətilə hərəkət edən 6 ədəd katerin, 47 mm-lik və ya 57 mm-lik topla, 2 ədəd mina qurğusu ilə silahlanmış 12 ədəd katerin, həmçinin sualtı qayıqlarla döyüş üçün nəzərdə tutulmuş, iki topla təchiz edilmiş, saatda 26-36 dəniz mili sürətilə hərəkət edən katerin alınması planlaşdırılmışdı. Düşmən gəmilərinin dənizdən hücumlarının qarşısının alınması üçün mina düzən gəminin, çox da böyük olmayan 6 ədəd sualtı gəminin, mövcud hərb gəmilərinin döyüş imkanlarını artırmaq üçün müxtəlif çaplı 92 ədəd topun alınması da nəzərdə tutulmuşdu. Lakin, 1920-ci ilin əvvəlindən hərbi şəraitin mürəkkəbləşməsi və Aprel işğalı (1920) hərbi-dəniz qüvvələrinin möhkəmləndirilməsi sahəsindəki işləri yarımçıq qoydu.

1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə, bütün sahələr kimi, gəmiçilik də bolşevik qanunları ilə işləməyə başlayır. 1920-ci il iyunun 6-da Müvəqqəti İnqilab Komitəsi N.Nərimanovun imzası ilə Xəzər donanması və sahil təsərrüfatının milliləşdirilməsi haqqında dekret imzaladı. Bu dövrdə Xəzər dənizində 260 min ton yük tutumuna malik 471 gəmi var idi. Yalnız 500 puddan artıq yük tutumuna malik gəmilər, eyni zəmanda türkmən gəmiləri də milliləşdirilmişdi. 1920-ci ilin sonunda Xəzər dənizi donanmasında 11 min nəfər çalışırdı. Donanmanın gəmilərində, gəmi təmiri emalatxanaları və limanlarda 7965 fəhlə var idi. 1923-cü ilədək Sovet Azərbaycanında su nəqliyyatının fəaliyyətini tənzimləmək üçün davamlı struktur dəyişiklikləri aparılır. Nəhayət, həmin ilin oktyabrında “Xəzər Gəmiçiliyi’ Səhmdar Cəmiyyətinin qısaca “KASPAR“’ adlandırılması barədə sərəncam verilir. Bundan sonra Xəzərə yeni gəmilər gətirilir, xüsusən 1928-ci ildən başlayaraq böyük tankerlər və quru yük gəmiləri alınır. Belə ki, 1928-1932-ci illərdə Xəzər donanmasının tərkibinə yük tutumu 9500 tona qədər olan tankerlər verildi. Bu illərdə dəniz nəqliyyatı xüsusi ilə gücləndirildi, quru yükdaşıyan gəmilərin sayı 32- dən 42-yə, neft daşıyan tankerlər isə 51-dən 62-dək artdı.

Bakı neftçiləri, həm də Xəzər dənizçiləri II Dünya müharibəsi illərində (1941-1945) böyük fədakarlıqla işləyir, qarşıya qoyulan bütün tapşırıqları vaxtında icra edirlər. Ümumiyyətlə, Xəzər dənizçilərinin II Dünya müharibəsi illərində fəaliyyətini Azərbaycanın gəmiçilik tarixinin qəhrəmanlıq səhifəsi adlandırmaq olar.

Müharibədən sonrakı dövr Xəzər gəmiçilik donanması üçün yeni gəmilərlə təzələnmə dövrü kimi xarakterizə olunur.

1953-cü ildə olduqca əhəmiyyətli bir hadisə baş verdi. «Xəzərdonanma» ilə «Xəzərtanker» gəmiçilikləri birləşdirilərək vahid Xəzər Dəniz Gəmiçiliyi yaradıldı. 1961-ci ildə Həştarxan dəniz gəmiçiliyi «Reydtanker» də onun tərkibinə daxil edildi. Xəzər vahid gəmiçiliyin yaradılması getdikcə donanmaya əməli rəhbərliyin yaxınlaşdırılmasına, donanmanın daha səmərəli istifadə olunmasına imkan verərək kollektivin iş nəticələrinə müsbət təsir göstərdi.

1969-cu ildə Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci Katibi seçildikdən sonra onun həyata keçirdiyi tədbirlər sayəsində Xəzərdə yük daşınmasında böyük canlanma baş verdi. Nəticədə, Xəzər dənizçiləri 1970-ci ildə 25 milyon ton neft və neft məhsulları, 70 milyon ton quru yük daşıyaraq gəmiçiliyin tarixində rekord göstəriciyə nail oldular. Bundan sonra yeni gəmilər almaq üçün söz deməyə, tələb etməyə əsas yarandı. Məhz Azərbaycan Liderinin təkidi ilə Bolqarıstanda, Volqaqradda, Rumıniyada və başqa ölkələrin tərsanələrində yeni tankerlərin və quru yük daşıyan gəmilərin tikintisinə sifarişlər verildi. Səksəninci illərin ortalarında Yuqoslaviyadan Xəzərə səkkiz gəmi-bərə gətirildi. Ümumiyyətlə, Heydər Əliyevin sovetlər vaxtı respublikamıza rəhbərlik etdiyi illərdə alınan nəqliyyat vahidləri donanmamızın özəyini təşkil edir.

1993-cü ilin yayında xalqın təkidli tələblərindən sonra Heydər Əliyev hakimiyyətə qayıdiqdan sonra ölkədə stabillik bərpa olunur, iqtisadiyyatın inkişafı üçün ilk addımlar atılır. Heydər Əliyev respublikanın beynəlxalq əhəmiyyətli qlobal nəqliyyat- kommunikasiya xətlərinin kəsişdiyi əlverişli coğrafi məkanda yerləşməsini nəzərə alaraq, Azərbaycanda bu sahənin yenidən qurulması və modernləşdirilməsini iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən biri kimi müəyyənləşdirir. Bununla da Xəzər Dəniz Gəmiçiliyinin böhrandan çıxarılmasına və inkişafına nail olur.

Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası ölkənin nəqliyyat sektorunun mühüm sahələrindən biri olan gəmiçiliyi də əhatə edir.

Prezident İlham Əliyevin tapşırıqları əsasında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin formalaşdırılması, onların təhlükəsizliyinin təmini, yük daşımalarında rəqabətədavamlı, çevik bir sistemin yaradılması, dəniz limanlarının, habelə Gəmiqayırma zavodu, gəmi təmiri müəssisələrinin işi daha da təkmilləşdirilib.

Son dövrlər digər sahələrdə olduğu kimi gəmiçilikdə də ciddi islahatlar həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli Sərəncamı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması buna bariz nümunədir. Bu Cəmiyyəti yaratmaqda məqsəd ölkənin tranzit yükdaşımalar sahəsində rəqabət potensialından daha səmərəli istifadə etməklə gəmiçilik sahəsində yerli və beynəlxalq daşımaların həcmini artırmaqdır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tərkibinə nəqliyyat donanması ilə yanaşı, ixtisaslaşdırılmış donanma və gəmi təmiri zavodları daxildir. Nəqliyyat donanmamızın tərkibində 54 gəmi, o cümlədən 20 tanker, 13 gəmi-bərə, 15 universal quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, 2 Ro-Pax tipli gəmi, eləcə də 1 texniki gəmi və 1 üzən emalatxana vardır. İxtisaslaşdırılmış donanma isə 204 gəmidən, o cümlədən 22 kran, 18 təchizat-yedək, 25 sərnişin, 2 borudüzən, 6 yanğınsöndürən, 5 mühəndis-geoloji, 10 dalğıc, 116 xidməti və köməkçi gəmidən ibarətdir.

Beynəlxalq səviyyədə Xəzər dənizindən keçən və Azərbaycanın mühüm halqa təşkil etdiyi Orta Dəhliz - Transxəzər marşrutu üçün yeni fürsətlər yaranıb. Bu marşrutun bir sıra önəmli üstünlüklərini sadalamaq mümkündür. Bütün marşrut boyunca vahid tarif, “bir pəncərə” prinsipi tətbiq olunur. Bu kimi amillər, həmçinin dəhlizin keçdiyi ölkələrdə təhlükəsizliyin təmin olunması Avropada və Asiyada ölkələrin və daşıma şirkətlərinin diqqətini Orta Dəhlizə yönəldir. Mütəxəssislər Orta Dəhlizin Avropa və Asiya regionu üçün önəmini yüksək dəyərləndirirlər. Bildirilir ki, Çindən Avropaya gedən yük qatarı Orta Dəhlizi seçərsə, 12 gün ərzində 10 min kilometr deyil, 7 min kilometr məsafə qət edəcək. Bu da Asiya və Avropa arasında qlobal ticarətdə dəhlizin nə qədər sərfəli və təhlükəsiz olduğunu nümayiş etdirir. Gələcəkdə Orta Dəhlizin Zəngəzur Dəhlizi ilə inteqrasiya edilməsi sayəsində Transxəzər marşrutunun funksionallığı daha da artacaq.
Bu gün Azərbaycan iqtisadiyyatında dəniz nəqliyyatı dövlət sərhədlərinin qorunmasında, sərnişin daşımalarda, dənizdə neft-qaz hasilatı və idxal-ixrac əməliyyatları üzrə yük daşımalarda mühüm rol oynayır.


Tövsiyə edilən ədəbiyyat:

  1. Yadigarov, Təbriz Abdulla oğlu. Azərbaycan iqtisadiyyatında dəniz nəqliyyatı: problemlər və perspektivlər : monoqrafiya / T. A. Yadigarov ; elmi red. F. Ə. Qənbərov ; AMEA İqtisadiyyat İnstitutu. - Bakı : Avropa nəşriyyatı, 2018. - 340 s.
  2. Bağırov, Etibar Əziz oğlu. Dəniz nəqliyyatının iqtisadiyyatı : dərs vəsaiti = Экономика морского транспорта : учебное пособие / E. Ə. Bağırov ; Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Dövlət Dəniz Akademiyası. - Bakı : ADDA, 2023. - 254 s.
  3. Əliyev, Nurulla Arif oğlu. 1918-1920-ci illərdə Azərbaycan hökumətinin fəaliyyətində hərbi-dəniz aspektləri / N. A. Əliyev; elmi red. Q. Hacıyev; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası.- Bakı: Afpoliqraf, 2018.- 80 s.
  4. Həsənov, Müsəllim. Azərbaycanda gəmiçilik : sənədli tarix: Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyinə həsr edilir : [1858-2018] /M. Həsənov ; [red. E. Əliyev]. - Bakı: [n. y.], 2018. - 176 s.
  5. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi -160 il/[layihənin müəl. S. Abdullayeva ; red. R. Tahirov ; mətnin ing. dilinə tərc. R. Hüseynov ; dizayner : H. Rza-zadə, N. Məmmədzadə ; Azərmarka MMC]. - Bakı: [n. y.], 2018. - 141 s.