Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamı ilə hər il iyunun 2-si ölkəmizdə mülki aviasiya işçilərinin peşə bayramı günü kimi qeyd edilir. 1938-ci il iyunun 2-də ilk aviasiya qrupumuzun yaradılması ilə Azərbaycanda mülki aviasiyanın təməli qoyulub.
Ölkəmizdə ilk təyyarə uçuşları 1910-cu ildə Bakıda reallaşmış, rus aviatoru Utoçkin “Farman” tipli aeroplanla Balaxanı “şossesində” dörd gün ardıcıl uçuş həyata keçirmişdir. Bu hadisədən sonra Azərbaycanda təyyarə uçuşlarının sayı artmağa başlamış, Bakıda və Yevlaxda aerodromlar tikilərək istifadəyə verilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə də aviasiyanın inkişafı istiqamətində bir sıra önəmli addımlar atılmışdır. 1919-cu ildə Gürcüstanla bağlanan hərbi əməkdaşlıq müqaviləsinə əsasən, bir qrup əsgər və zabitimiz təcrübə keçmək üçün bu ölkəyə ezam olunmuşdu. Onlardan 9-u hərbi təyyarəçi peşəsi üzrə ixtisaslaşmışdı. Azərbaycan aviasiyanın tarixində uzaq məsafəyə ilk uçuş da məhz Cümhuriyyət dövründə, 1919-cu ildə həyata keçirilmişdi. Bakı aerodromundan səmaya qalxan “Farman-30” tipli təyyarə Xəzər dənizi üzərindən uçaraq Türkmənistanın Krasnovodsk şəhərində uğurla eniş etmişdi. Ölkənin müdafiə qüdrətinin artırılmasında aviasiyanın rolunu düzgün qiymətləndirən Xalq Cümhuriyyəti hökumətinin 1919-cu ildə orduda hərbi aviadəstənin yaradılması barədəki qərarı həmin dövr üçün mühüm əhəmiyyət kəsb edirdi.
1920-ci ilin aprelindən sonra mülki aviasiyamız SSRİ aviasiyasının tərkib hissəsi kimi fəaliyyət göstərməyə başladı. Bu dövrdə Azərbaycan aviasiyası bir sıra məhdudiyyətlərlə qarşılaşsa da, müəyyən irəliləyişlərə də nail ola bilmişdi. Belə ki, 1921-ci ildə Azərbaycanda ilk poçt-yük təyyarəsi havaya qalxmış, 1923-cü ildə “Muğan Meliorasiya Tikintisi”, “Xəzər Dəniz Gəmiçiliyi” və “Azneft”in təsisçiliyi ilə “ZAKAVİA” Zaqafqaziya Mülki Aviasiya Səhmdar Cəmiyyəti yaradılməşdı,1923-cü ildə “Yunkers” tipli təyyarə ilə Bakı-Tbilisi-Bakı marşrutu üzrə ilk sərnişin daşınması həyata keçirilmiş, 1928-ci ildə isə SSRİ məkanında ikinci beynəlxalq reys olan Xarkov-Bakı-Pəhləvi (İran) hava xətti açılmışdı. 1933-cü il iyunun 25-də ilk dəfə Qafqaz dağları üzərindən keçməklə Bakıdan Moskvaya uçuş həyata keçirilmiş, 1937-ci ildə isə Bakı-Moskva-Bakı müntəzəm hava reysi fəaliyyətə başlamışdı. Həmin reyslə hər gün 15 sərnişin daşınırdı ki, bu da o vaxt üçün böyük nailiyyət sayılırdı.
1938-ci il iyunun 2-də Mülki Hava Donanması Baş İdarəsinin əmri ilə Mülki Hava Donanmasının Azərbaycan aviasiya dəstəsi yaradıldı və Bakı hava limanı müstəqil təsərrüfat vahidinə çevrildi. Bu da uçuşların müntəzəmliyinin, təhlükəsizliyinin artırılmasına imkan yaratdı.
1941-1945-ci müharibə illərində Bakının Keşlə qəsəbəsində iki aviazavod fəaliyyət göstərirdi ki, fasiləsiz işləyən bu müəssisələrdə “UTİ-4” və “YAK-3” tipli təyyarələr, habelə hidrotəyyarələr üçün xizəklər istehsal olunurdu. Düşmənin başına od ələyən əfsanəvi “Katyuşa”nın raket-mərmiləri də Bakıda hazırlanırdı. Bu zaman Gəncədə iritutumlu aviatəmir zavodu fəaliyyət göstərirdi. Müharibə illərində bu müəssisədə müxtəlif tipli 782 təyyarə, habelə 1550-dən çox təyyarə mühərriki və digər aviahissələr təmir edilərək, cəbhəyə göndərilmişdi.
Aviasiyamızın qazandığı ən böyük uğurlar isə Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. Ulu öndərin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində mülki aviasiyamızın inkişaf tarixində də keyfiyyətcə yeni dövr başlayıb. Haqqında bəhs olunan dövrdə Gəncədə, Yevlaxda, Naftalanda, Naxçıvanda, Zaqatalada, Lənkəranda, Ağdamda, Ağstafada və Şəkidə süni örtüklü uçuş-enmə zolaqları ilə təchiz olunmuş hava limanları tikilib. Ümummilli lider Heydər Əliyev keçmiş ittifaq miqyasındakı böyük nüfuzundan istifadə edərək respublika mülki aviasiyasının maddi-texniki bazasının möhkəmlənməsinə, maşın parkının yenilənməsinə və genişlənməsinə nail olmuşdu. Ümummilli liderin səyləri nəticəsində Azərbaycanın avialayner parkı Sovet İttifaqının ərazisində “Tu-134” və “Tu-154” reaktiv təyyarələrini, “Mi-2” və “Mi-8” helikopterlərini ilk alanlardan biri olub.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın mülki aviasiyasının inkişafına öz əvəzolunmaz töhfəsini 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə respublikanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra verib. Belə ki, müstəqilliyimizin ilk illərində milli aviasiyamızda yaranan problemlər Ümummilli liderin diqqət və qayğısı sayəsində qısa müddətdə aradan qaldırıldı.
Azərbaycan müstəqillik qazandıqdan sonra aviasiyamızla bağlı ən önəmli məsələlərdən biri də milli aviasiya kadrlarının yetişdirilməsi istiqamətində fəaliyyət göstərəcək ali təhsil ocağının yaradılması ilə bağlı idi. Bu məqsədlə 1992-ci ildə yaradılan Milli Aviasiya Mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 1994-cü il tarixli qərarı ilə Milli Aviasiya Akademiyası (MAA) adlandırıldı və milli aviasiya kadrlarının hazırlanması funksiyasını ən yüksək səviyyədə həyata keçirməyə başladı.
“Azərbaycan Hava Yolları" Dövlət Konserninin istehsalat fəaliyyətini yaxşılaşdırmaq və strukturunu dünya standartlarına uyğunlaşdırmaq məqsədilə 1996-1999-cu illər ərzində yeni müəssisələr yaradıldı. 1996-cı ilin aprel ayında “Azəraeronaviqasiya” müəssisəsi, 1996-cı ilin avqustunda Aviasiya Təhlükəsizlik idarəsi, 1997-ci ilin yanvarında “AZAL” Milli Aviasiya Şirkəti, 1997-ci ilin iyun ayında “AZALOİL” müəssisəsi, 1997-ci ilin noyabrında Beynəlxalq Kommersiya idarəsi, 1998-ci ilin yanvarında “AZAL” yük aviasiya şirkəti, 1999-cu ilin oktyabrında “AZAL” Aviasiya-Texniki Mərkəzi yaradıldı.
Ulu öndərin rəhbərliyi ilə mülki aviasiyamızın inkişafına dair 1998-2003-cü illəri əhatə edən Dövlət Proqramı uğurla reallaşdırıldı. Bu proqram çərçivəsində 1999-cu il oktyabrın 2-də Bakı hava limanında dünya standartlarına tam cavab verən yeni aerovağzal kompleksi tikildi.
Heydər Əliyevin yürütdüyü uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan mülki aviasiyasının tarixində ilk dəfə olaraq sərnişin və yük daşımalarının təşkili işinin keyfiyyətini artırmaq məqsədilə xüsusi kapital cəlb olunması nəticəsində özəl müəssisələr və aviasiya şirkətləri yaradıldı. 1994-cü ilin oktyabrında “İmair” aviasiya şirkəti, 1994-cü ilin dekabrında “Turan-air” aviasiya şirkəti, 1997-ci ilin iyulunda “Sky catering" müəssisəsi, 1999-cu ilin martında “Ground Handling Cormpany” müəssisəsi, 1999-cu ilin dekabrında “Airport-Gate” müəssisəsi, 2001-ci ilin oktyabrında "Silk-Way” aviasiya şirkəti, 2004-cü ilin noyabrında “BCT” müəssisəsinin yaradılmasının nümunəsində özəl sektorun hava nəqliyyatına nüfuz etməsinə geniş imkanlar açılmış oldu.
Azərbaycan bu gün bölgədə və dünyada etibarlı tərəfdaş, dinamik inkişaf edən ölkə imicinə malikdir. Respublilkamızın həm regionda, həm də beynəlxalq arenada artan nüfuzu, dünyada cərəyan edən beynəlxalq proseslərdə yaxından iştirakı Heyder Əliyev siyasi kursunun layiqli davamçısı Prezident ilham Əliyevin gərgin əməyinin bəhrəsidir. İlham Əliyevin rəhbərliyi altında respublikamızın ümumi nəqliyyat sisteminin mühüm tərkib hissəsi olan hava nəqliyyatının inkişafında yeni bir tarixi mərhələ başlanmışdır. Yüksək iqtisadi inkişaf, Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə artması, onun siyasi, iqtisadi, mədəni, turizm əlaqələrinin genişləndirilməsi ölkə həyatında hava nəqliyyatının rolunun və əhəmiyyətinin böyük sürətlə artmasına gətirib çıxarmışdır. Azərbaycanın bölgə və rayonları sürətlə inkişaf etdikcə, onların iqisadi və turizm potensialı yüksəldikcə respublikanın müxtəlif guşələrində yeni müasir tipli hava limanları (Lənkəran, Zaqatala, Qəbələ, Yevlax) tikilmiş, mövcud hava limanları (Bakı, Naxçıvan, Gəncə) yenidən qurulmuş, Heydər Əliyev Beynəlxalq Aeroportu müxtəlif nominasiyalar üzrə təltiflərə layiq görülmüş,‘Azərbaycan Hava Yolları” QSC -nın aviaparkı, uçuş coğrafiyası uğurla genişləndirilmişdir.
Azərbaycan mülki aviasiyası Qarabağa “Böyük qayıdış" planının həyata keçirilməsində də öz tarixi rolunu oynayır. 2021-ci ilin oktyabrın 26-da “Qarabağın hava qapısı” adlandırılan Füzuli Hava Limanı, 2022- ci il oktyabrın 20-də “Şərqi Zəngəzurun hava qapısı” adlandırılan Zəngilan Hava Limanının istifadəyə verilməsi ölkənin aviasiya tarixinə əlamətdar hadisə kimi daxil oldu. Hal-hazırda Laçında beynəlxalq hava limanının tikinti işləri aparılır.
Bu gün Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına tam uyğundur, “Azərbaycan Hava Yolları” aviaşirkəti isə İCAO, İATA, ECAC, Dövlətlərarası Aviasiya Komitəsi kimi tanınmış mülki aviasiya birliklərinin üzvüdür.
Prezident İlham Əliyevin düşünülmüş siyasəti, diqqət və qayğısı nəticəsində Azərbaycan mülki aviasiyasının inkişafı bu gün də yüksələn xətlə davam edir.
Tövsiyə edilən ədəbiyyat: