Tarixdən səhifələr

Beynəlxalq Olimpiya Komitəsi

Olimpiya Oyunları beynəlxalq idman aləminin ən populyar və ən böyük beynəlxalq idman yarışlarıdır.

Antik dövrdən günümüzədək gəlib çatmış bu nüfuzlu yarışlar geniş sosial - fəlsəfi məna kəsb edərək sülh və əmin-amanlığa xidmət edir.

Olimpiya Oyunları, təxminən, 12 əsr boyunca Qədim Yunan təqviminin idman, sosial və mədəni tarixi olub. Olimpiya müntəzəm olaraq dini mərasimlərin keçirildiyi, həm də Qədim Oyunlara ev sahibliyi edən müqəddəs bir yer olaraq yunan sivilizasiyasının mərkəzi idi.

Qədim Olimpiya oyunlarının bərpa olunması təşəbbüsünü XIX əsrin sonlarında fransız ictimai xadimi baron Pyer de Kuberten təklif etmişdi.

Belə ki, fransızlar gənclərin fiziki tərbiyəsi təcrübəsinin öyrənilməsini qərara alırlar. Bu işi isə 1889-cu ildə fransız maarıfçi baron Pyer de Kubertenə tapşırırlar. O, bütün ölkələri gəzir, universitetlərdə, kolleclərdə, liseylərdə olur və xarici ölkələrdəki həmkarlarına məktublar yazır. O, 1892-ci il noyabrın 25-də Fransaya qayıdaraq Sorbon Universitetində özünün məşhur “Olimpiya renessans” adlı mühazirəsini oxuyur. Yalnız bundan sonra XIX əsrin sonunda müasir Olimpiya hərəkatı salnaməsinə ilk sətirlər yazılır. Bir çox ölkələrdə idman təşkilatları və klublar, beynəlxalq idman birliklərinin yaradılması Fransanın ictimai xadimi Pyer de Kubertenə Olimpiya oyunlarını bərpa etmək ideyasını həyata keçirməyə imkan yaratmışdır.

1894-cü ilin iyun ayında Sorbon Universitetinin akt salonunda Pyer de Kuberten 13 ölkənin 79 nümayəndəsi qarşısında Olimpiya oyunlarının təşkili və Beynəlxalq Olimpiya Komitəsi (BOK) yaradılması layihəsi ilə çıxış edir. Təsis Konqresi Kubertenin təklifini bəyənir. Olimpiya hərəkatına rəhbərlik və oyunların təşkili üçün həmin il iyunun 23-də Beynəlxalq Olimpiya Komitəsi yaradılır. Onun tərkibinə konqresdə iştirak edən ölkələrin  nümayəndələri - fransız, yunan, ingilis, rus, isveç, amerikan, ispan və macarlar səs verirlər. Təsis Konqresi Kubertenin Olimpiya oyunlarının əsas prinsiplərini, qayda və müddəalarının xartiyasını bəyənir. Konqres Olimpiya oyunlarını antik ənənələr üzrə - dörd ildə bir dəfə keçirməyi qərara alır.

Qəbul edilmiş qərardan sonra Kuberten müasir dövrün I Olimpiya Oyunlarını 1900-cü ildə Parisdə keçirməyi təklif edir. Hamı buna səs verir. Lakin Yunanıstan nümayəndəsi, məşhur şair və tərcüməçi Demetrios Vikelas olimpiadanı 6 il gözləməyərək ilk oyunları 1896-cı ildə keçirməyi təklif edir. Onun bu təklifi qəbul olunur. BOK-un ilk prezidenti D.Vikelas, baş katib isə baron Pyer de Kuberten seçilir (O həm də 1896-cı ildən 1925-ci ilədək Beynəlxalq Olimpiya Komitəsinin prezidenti olmuşdur).

Beləliklə ilk Olimpiya oyunları 1896-cı ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilir. Bu olimpiadada on üç ölkənin 311 atleti olimpiya proqramının on üç növü üzrə medallar uğrunda mübarizə aparmışdır.

1947-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Stokholmda keçirilən 41-ci sessiyasında BOK-un Çexoslovakiyadan olan üzvü doktor Qruss Dünya Olimpiya günü bayramını keçirmək təklifi ilə çıxış edərək, hər il belə bir günün qeyd olunmasının Olimpiya ideallarının təbliğində mühüm rol oynayacağını əsaslandırmışdır. Onun təklif etdiyi layihə bəyənilərək, BOK-nın 1948-ci ilin yanvarında Sankt-Moritsdə keçirilmiş 42-ci sessiyasında olimpiya gününün keçirilməsi haqqında qərar qəbul olunub. İlk Olimpiya günü 1948-ci il iyunun 23-də, dünyanın 9 ölkəsində - Portuqaliya, Yunanıstan, Avstriya, Kanada, İsveçrə, Böyük Britaniya, Uruqvay, Venesuela və Belçikada qeyd olunub. Bu tarixin seçilməsinin səbəbi Beynəlxalq Olimpiya Komitəsinin yaradılması günü – yəni iyunun 23-də qeyd olunması idi. Azərbaycanda da Beynəlxalq Olimpiya Günü yarışlar və müxtəlif tədbirlər keçirməklə qeyd olunur.

BOK-un mənzil-qərargahı İsveçrənin Lozanna şəhəridir. Rəsmi dilləri isə ingilis və fransız dilidir. Komitə fəaliyyətində Olimpiya xartiyasına əsaslanır.

BOK-un 20-dən çox komissiyası (o cümlədən idman, mədəniyyət və Olimpiya təhsili, etika, inkişaf, maliyyə, marketinq, hüquq, tibb, mətbuat, radio, televiziya və s.), 3 təşkilati, həmçinin icraedici, antidopinq komitələri var. BOK nəinki ölkələrin, həmçinin ayrı-ayrı coğrafi ərazilərin Olimpiya komitələrinin tanınması imkanlarını nəzərdən keçirir; Olimpiya bayrağının, rəmzinin və devizinin (lat. "Citius, altius, fortius" – "Daha sürətlə, daha yüksək, daha güclü" - BOK-un 20 iyul 2021-ci il tarixində Yaponiyanın paytaxtı Tokioda keçirilən iclasında "Birlikdə - daha sürətli, daha yüksək və daha güclü"! (Citius, altius, fortius — communiter) şuarına dəyişdirildi) hüquqi qorunmasına görə məsuliyyət daşıyır, hər hansı idman növünün, həmçinin üsul və qaydalarının Olimpiya proqramına daxil edilməsini müəyyənləşdirir, bir sıra beynəlxalq təşkilatlarla müxtəlif formalarda əməkdaşlıq edir; Olimpiya hərəkatının inkişafında göstərilən xidmətləri Olimpiya ordeni (qızıl, gümüş, bürünc), Olimpiya diplomu və s. ilə mükafatlandırır.

BOK-un Ali orqanı üzvlərinin ümumi yığıncağı – sessiyadır. Sessiya bir qayda olaraq, ən azı ildə 1 dəfə çağırılır. BOK-un fövqəladə sessiyası ya prezident tərəfindən, ya da üzvlərin yazılı xahişi əsasında (35 üzv dən az olmamaq şərtilə) çağırıla bilər. Olimpiya oyunlarının təşkil olunduğu ildə sessiya 2 dəfə keçirilir. 200-dən çox milli olimpiya komitəsi, o cümlədən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (2011-ci ildən) BOK-un üzvüdür.
Azərbaycanda Olimpiya Hərəkatının inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. 1992-ci ildə Milli Olimpiya Komitəsi (MOK) fəaliyyət göstərməyə başladı. Lakin 1997-ci ildən Milli Olimpiya Komitəsinə İlham Əliyev sədr seçiləndən sonra Azərbaycanda Olimpiya Hərəkatı vüsət almağa başladı.

Məhz Prezident İlham Əliyevin yürütdüyü idman siyasəti nəticəsində ölkədə Olimpiya hərəkatı inkişafının yeni və möhtəşəm mərhələsinə qədəm qoymuşdu. Bununla yanaşı, idmanın inkişafı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirən MOK beynəlxaq arenalarda böyük uğurlara imza atmağa başlamışdı.

Prezident İlham Əliyevin fəaliyyətə başladığı gündən idman infrastrukturu genişlənmiş, idmançıların və məşqçilərin iş şəraiti yaxşılaşmış, böyük daxili və beynəlxalq çempionatlar keçirilmişdir. Bunlarla yanaşı, müxtəlif idman növlərinin maddi-texniki bazası da yaxşılaşdırılmışdır və ölkədə bir çox idman klubları və cəmiyyətləri öz fəaliyyətlərini uğurla inkişaf etdirmişlər. Bundan başqa, Azərbaycanda böyük beynəlxalq idman yarışlarının keçirilməsi adi hala çevrilmişdir. Bu müddət ərzində Azərbaycan çox sayda beynəlxalq turnirlərə, dünya və Avropa çempionatlarına evsahibliyi etmiş, ölkəmizdə Olimpiya Oyunlarının lisenziyalı turnirləri keçirilmişdir. Birinci Avropa Oyunları, IV İslam Oyunları, Formula 1 Qran-Prisi və Şahmat Olimpiadası kimi mötəbər yarışların Bakıda keçirilməsi həyata keçirilən çoxplanlı və məqsədyönlü idman siyasətinin nəticəsidir.

Bu günə kimi istər Olimpiya, istər qeyri-olimpiya, istərsə də paralimpiya idman növləri üzrə ölkədə bütün yaş kateqoriyalarında çox sayda yarışlar keçirilir ki, bu da Azərbaycanda idmanın coğrafiyasını daha da genişləndirmişdir. 
Hazırda Azərbaycan Beynəlxalq və Avropa Olimpiya Komitələrinin fəal üzvüdür. Artıq idman dövlətinə çevrilmiş Azərbaycanın uğurları beynəlxalq idman strukturları tərəfindən yüksək qiymətləndirilir. İdmanın və Olimpiya Hərəkatının inkişafının beynəlxalq dəstəyi və qiymətləndirilməsi də çox yüksək səviyyədədir.


Tövsiyə edilən ədəbiyyat:

  1. Hüseynzadə, Çingiz. Heydər Əliyev və Azərbaycanda Olimpiya Hərəkatı : Azərbaycan Milli Olimpiya Komitəsinin 10 illik yubileyinə həsr olunur / Ç. Hüseynzadə, C. Rəhmanov ; layihənin rəh. İ. H. Əliyev. - Bakı : [n. y.], 2002. - 43 s.
  2. Quliyev, Dilqəm Qasım oğlu. Müstəqil Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı : 1991-2011: dərs vəsaiti / D. Q. Quliyev ; Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası. - Bakı : Mütərcim, 2012. - 216 s.
  3. İsayev, Xəzər Ağəli oğlu. Olimpiya tarixi. İdman siyasəti = История олимпийского движения. Спортивная политика = The History of Olimpic Movement. Sports Policy / X. A. İsayev ; tərc.: N. Kameristovna, N. İsmayılov ; red.: C. Abbasova, E. Səmədova ; Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi. - Bakı : Azərbaycan nəşriyyatı, 2016. - 332 s.
  4. Aslanov, Qələndər Asdan oğlu. Olimpiya hərəkatının fəlsəfəsi və idarəetmə siyasəti : tədris-metodiki vəsait / Q. A. Aslanov, K. Z. Bacarani-Qasımova, Ə. S. Qasımov ; red. S. B. Yolçuyev ; Azərbaycan Tibb Universiteti. - Bakı : Təbib, 2023. - 154 s.