Tarixdən səhifələr

Azərbaycan (türk) dilinin Azərbaycan Xalq Cümhuriyyətinin dövlət dili elan edilməsi

Azərbaycanda dil siyasəti Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Həmin dövrə qədər (istər XIX əsrdə, istərsə də xüsusilə XX əsrin əvvəllərində) görkəmli Azərbaycan ziyalıları ana dili, eləcə də Azərbaycanda gedən dil prosesləri barədə müəyyən mülahizələr söyləmiş, təkliflər vermişdilər. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin yarandıqdan cəmisi bir ay sonra 27 iyun 1918-ci ildə türk dilini rəsmən dövlət dili elan etməsi XIX əsrin sonu, XX əsrin əvvəllərində müəyyənləşmiş milli ideologiyanın birbaşa təsirinin nəticəsi idi. Əlbəttə, Mirzə Fətəli Axundzadə, Əli bəy Hüseynzadə, Məhəmməd ağa Şahtaxtlı, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Firidun bəy Köçərli, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli kimi ziyalıların ana dilinin ədəbi, ictimai-siyasi, ideoloji mövqeyi uğrunda illər boyu apardıqları məqsədyönlü mübarizə olmasaydı, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu məsələyə dərhal diqqət yetirməzdi. Hökumətin 27 iyun 1918-ci il tarixli qərarı mövcud vəziyyət nəzərə alınaraq verilmişdi. Belə ki, həmin qərara əsasən ölkədə məhkəmə, inzibati idarəçilik və digər vəzifələrdə çalışanlar dövlət dilini lazımi səviyyədə öyrənənədək hökumət müəssisələrində rus dilinin işlənməsinə də icazə (müsaidə) verilirdi. Həmin qərarı ana dilinin dövlət dili kimi işlədilməsinə dair ilk sənəd hesab etmək olar.

Azərbaycan (türk) dilini dövlət dili elan edən ilk rəsmi sənəd çox böyük tarixi rol oynamaqla yanaşı, Azərbaycanda milli dil siyasətinin formalaşmasının, millətin mənafeyinə uyğun düzgün ideoloji mövqeyin əsasını qoydu. Qeyd etmək lazımdır ki, Azərbaycan hökumətinin qərarı sadəcə deklarativ bir sənəd deyildi. Qərarın qəbulundan irəli gələn məsələlər vaxtaşırı parlamentin iclaslarında müzakirə olunur, Azərbaycan (türk) dilini bilməyənlərin bu dili öyrənməsi üçün kurslar təşkil edilirdi. Bundan başqa, AXC hökuməti həmin məqsədlə dövlət büdcəsindən 351 min manat vəsait də ayırmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti öz dil siyasətini həyata keçirmək üçün təhsilin çox mühüm sahə olduğunu ön plana çəkdi, belə ki, bunun davamı kimi 28 avqust 1918-ci ildə hökumət ibtidai və orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar verdi. Həmin qərarda göstərilirdi ki; 1. Bütün ibtidai təhsil müəssisələrində tədris ana dilində aparılır. 2. Dövlət dili icbari qaydada tədris olunur.

Cümhuriyyətin dil siyasəti yuxarıda qeyd olunan qərarlarla yekunlaşmırdı. Yeni tətbiq olunan dil artıq bütün dairələrdə rəsmi şəkildə istifadə olunmağa başlanmışdı. Aparılan islahatların məntiqi davamı kimi Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarov 11 fevral 1919-cu ildə ordunun dilinin Azərbaycan-türk dili olduğu barədə əmr verdi. Nazir orduda xidmət edən, lakin dövlət dilini bilməyən zabitlərə onu öyrənmək üçün bir ay vaxt müəyyənləşdirdi. Və qərara alındı ki, həmin müddət ərzində heç olmasa hərbi əmrləri azərbaycanca (türkcə) verə bilməyən hərbi qulluqçular ordu sıralarından xaric ediləcəklər. Hökumət 1919-cu il fevralın 11-də Azərbaycan Milli Ordusunda türk dilində süvari qoşunları nizamnaməsinin təsdiqi haqqında qərar qəbul etmişdi.

Hökumətin məktəblərin milliləşdirilməsi haqqında qərarından sonra, bir növ, bu qərarın davamı kimi 18 sentyabr 1919- cu ildə “Xalq məktəblərinin kitabxanaları üçün Azərbaycan (türk) dilində kitablar əldə edilməsi üçün 1 milyon manat ayrılması haqqında” qanun qəbul olunur. Həmin qanunda xalq məktəblərinin kitabxanaları üçün Azərbaycan (türk) dilində yeni kitabların alınmasına dövlət xəzinədarlığı vəsaitlərindən 1 milyon rubl ayrıldığı qeyd olunurdu.

Azərbaycan parlamentinin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi idi. Bununla yanaşı, digər millətlərin nümayəndələrinin də rus dilində çıxış etmələri məqbul hesab edilmişdi.

Cümhuriyyət dövründə dil, əlifba, tədrislə bağlı qəbul olunan qərarlar həmin dövr üçün çox böyük əhəmiyyət kəsb edirdi. Cümhuriyyətin 23 ay öz mövcudluğunu qoruyub saxlaya bilməsinə baxmayaraq, bunun müqabilində həmin dövrdə qəbul olunan qərarlar sonrakı dövrdə dil və təhsillə bağlı bir çox məsələlərdə öz aktuallığını qoruyub saxladı. Azərbaycan (türk) dili ilə bağlı başladılan dil siyasəti cümhuriyyət süqut etdikdən sonra da davam etdi.


Tövsiyə edilən ədəbiyyat:

  1. Azərbaycan Xalq Cümhuriyyəti: ədəbiyyat, dil, mədəniyyət quruculuğu / red.: F. Maqsudov, C. Quliyev, B. Nəbiyev.- Bakı: Elm, 1998.- 298 s.
  2. Fərzəliyeva, Mətanət Çərkəz qızı. M.Ə. Rəsulzadə və Ana dilimiz: monoqrafiya / M. Ç. Fərzəliyeva; elmi red. İ. B. Kazımov.- Bakı: Təhsil, 2003.- 72 s.
  3. Azərbaycan Xalq Cümhuriyyəti: ədəbiyyat, dil, mədəni quruculuq: monoqrafiya / AMEA Nizami adına Ədəbiyyat İnstitutu; red. heyəti: B. Ə. Nəbiyev, N. M. Cabbarlı, A. B. Məmmədov.- Bakı: Qoliot Qkup QSC, 2009.- 335 s.
  4. Seyidov, Yusif Mirəhməd oğlu. Azərbaycan Demokratik Cümhuriyyəti dövründə dil, məktəb və tədris problemləri: magistrantlar üçün dərslik / Y. M. Seyidov, S. N. Abbasova; elmi red. M. Ə. Abdullayeva; Bakı Dövlət Universiteti.- Bakı: Bakı Universiteti Nəşriyyatı, 2010.- 188 s.
  5. Hacıyev, Tofiq İsmayıl oğlu. Azərbaycan ədəbi dilinin tarixi: dərslik / T. İ. Hacıyev; red. Q. A. Abdullayeva II hissə.- Bakı: Elm, 2012.- 392 s.
  6. Məmmədov, Aqşin. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün etnik mənzərəsi və dil siyasəti / A. Məmmədov; Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi.- Bakı: Strateji Araşdırmalar Mərkəzi, 2018.- 88 s.
  7. İbrahimov, Elçin. Azərbaycan Xalq Cümhuriyyəti: dil məsələləri / E. İbrahimov; elmi red. K. Abdullayev; AMEA Nəsimi adına Dilçilik İnstitutu.- Bakı: XAN nəşriyyatı, 2018.- 208 s.
  8. Sadıqova, Sayalı Allahverdi qızı. Azərbaycan Xalq Cümhuriyyəti və milli ədəbi dilin inkişaf tarixi: 1918-2018: monoqrafiya / S. A. Sadıqova, Ş. R. Həsənli-Qəribova; elmi red. M. Z. Nağısoylu; AMEA Nəsimi adına Dilçilik İnstitutu.- Bakı: Avropa nəşriyyatı, 2018.- 488 s.