İyunun 23-ü ölkəmizdə dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Bu bayram Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli “Dövlət Qulluqçularının Peşə Bayramı Gününün təsis edilməsi haqqında” sərəncamı ilə təsis edilmişdir.
Bu bayram ilk dəfə BMT Baş Assambleyasının 20 dekabr 2002-ci il tarixli qətnaməsinə əsasən, 2003-cü ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü kimi qeyd edilmişdir. Həmin qətnamədə BMT-nin üzvü olan dövlətlərə tövsiyə olunmuşdur ki, dövlət qulluğunun dövlətlərin inkişafında əhəmiyyətini daha yaxşı işıqlandırmaq və təbliğ etmək məqsədilə xüsusi gün təsis etsinlər. Dövlət qulluqçusunun dövlətin, cəmiyyətin və hər bir vətəndaşın həyatında önəmini, demokratik, hüquqi və dünyəvi dövlətin qurulması prosesində dövlət qulluğunun rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edildiyini nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin günü “Dövlət Qulluqçularının Peşə Bayramı Günü” kimi təsis etmişdir.
Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri bu gün də özünü göstərməkdədir. Dövlət qulluğu sahəsində köklü islahatlara məhz ulu öndərin ölkəyə rəhbərliyi dövründə başlanılmışdır. Ümummilli liderimizin rəhbərliyi altında hazırlanan və 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası milli maraqların həllinə qadir və müasir tələblərə cavab verən dövlət idarəçilik prinsiplərini təsbit etdi. 1996-cı ildə Hüquq İslahatları Komissiyası, 1998-ci ildə isə Dövlət İdarəçiliyi Sistemində İslahatların Aparılması üzrə Dövlət Komissiyası yaradıldı. Hər iki komissiyanın gördüyü işlər, əsasən, ölkədə demokratik proseslərin inkişafına, qəbul edilən qanunların beynəlxalq standartlara uyğunlaşdırılmasına, dövlət idarəçiliyi sisteminin modernləşdirilməsinə yönəldilmişdir. Bu qanunvericilik aktlarının böyük bir qismi bilavasitə dövlət idarəçiliyi sisteminin inkişafına, dövlət qulluğunun təşkilinə və təkmilləşdirilməsinə, dövlət qulluqçularının sosial müdafiəsinin təmin olunmasına yönəlmişdir. Bununla da ölkəmizdə dövlət qulluğunu tənzimləyən zəruri qanunvericilik bazası formalaşdırılmışdır.
Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. “Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib. “Dövlət qulluğu” və “dövlət qulluqçusu” anlayışları da məhz bu qanunla gündəmə daxil oldu.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət qulluğu siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, dövlət qulluğu sahəsinin inkişafına xüsusi diqqət yetirilir. Ölkə başçısının rəhbərliyi ilə bu sahədə mühüm dövlət proqramları təsdiq olunmuş, dövlət qulluğu sahəsində mütərəqqi normativ hüquqi baza formalaşdırılmış, işin səmərəliliyini artırmağa və mövcud çatışmazlıqları vaxtında aradan qaldırmağa təminat verən icra və nəzarət mexanizmin yaradılmasına diqqət artırılmışdır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq 2019-cu ildə müəyyən edilmiş bir sıra tədbirləri, o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planını qeyd etmək lazımdır.
Dövlət qulluğu sahəsində aparılan islahatlar dövlət qulluqçularının məsuliyyətini gündən-günə artırmaqla yanaşı, onların hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün də müntəzəm iş aparılır. Bu cəhətdən “Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin nümunəsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli Fərmanını qeyd etmək lazımdır. Bu sənəd dövlət qulluqçularının hüquqlarının qorunmasında və məsuliyyətinin artırılmasında mühüm rol oynayır.
Ümumiyyətlə, əhalinin çox az bir hissəsini təşkil edən dövlət qulluqçuları respublikada ictimai-siyasi sabitliyin qorunmasında, demokratik dəyərlərin bərqərar olunmasında, iqtisadi inkişafın sürətləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində, onların gündəlik problemlərinin həllində yaxından iştirak edir, bu şərəfli yükü çiyinlərində ləyaqətlə daşıyırlar.
Tövsiyə edilən ədəbiyyat: